Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-324/2025 23.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan Şəhər Bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçının vəkili və nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, 28 mart 1991-ci il tarixdə Naxçıvan şəhər XDS İK-nin 135 nömrəli qərarı ilə Order- Baş Plan əsasında İddiaçı yaşayış evi tikmək üçün 600 m2 torpaq sahəsi ilə təmin edilmişdir. Qeyd olunan təsdiqlənmiş Order-Baş Plana və sxemə uyğun olaraq torpaq sahəsini yerləşdiyi yer işarələnmiş və həmin yerə 216 nömrə verilmişdir. Həmin torpaq sahəsi 1991-ci ildən İddiaçı problemsiz istifadəsindədir və üzərində də müəyyən tikililər aparılmışdır. Naxçıvan şəhər XDS İK-si tərəfindən torpaq sahəsi İddiaçı təqdim edilərkən məlum qərar əsasında təsdiqlənmiş Order-Baş Plan və sxem şəxsən onun özünə verilmiş və gələcəkdə lazımi sənədləşmənin aparılmasının həmin Order-Baş Plan əsasında olacağı bidirilmişdir. Ona ayrılmış 216 nömrəli torpaq sahəsi 1991-ci il tarixdən hazırkı vaxtadək onun istifadəsindədir. Hətta istifadə etdiyi həmin torpaq sahəsinə onun adına su-kanalizasiya xətti də çəkilmişdir. Eyni zamanda iddiaçı həmin torpaq sahəsində bir sıra tikililər aparmış, 1 otaq, 1 dəhliz və 1 yardımçı tikili də tikmişdir. Hal-hazırda da iddiaçı həmin tikililərdən və torpaq sahəsində istifadə edir və sahiblik edir. İddiaçı ona məxsus olan qeyd olunan torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaq üçün müraciət etsə də, müvafiq Xidmət 28 mart 1991-ci il tarixli Naxçıvan şəhər XDS İK-nin 135 nömrəli qərarında adının göstərilməməsi səbəbindən qeydiyyatdan imtina edilmişdir. Sözügedən qərar inzibati orqan tərəfindən qəbul olunmuş, torpaq sahəsi ilə təmin olunmuş şəxslərə isə həmin Qərar əsasında Order-baş plan verilmişdir. Həmin order-baş planda İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin sxemi (plan-cizgi) və nömrəsi (216) də göstərilmişdir. Həmin torpaq sahəsinin istifadəsi ilə bağlı Naxçıvan Şəhər Bələdiyyəsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən hər hansı bir xəbərdarlıq və irad bildirilməmişdir. Buradan da məlum olur ki, İddiaçı Naxçıvan şəhər XDS İK-si (hüquqi varisi olan Naxçıvan Şəhər İcra Hakimiyyəti) tərəfindən 600 m2 torpaq sahəsi ilə təmin edilsə də, adı səhvən Naxçıvan şəhər XDS İK-in 35 nömrəli qərarına salınmamışdır. Lakin qərarda adın qeyd olunmaması iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina olunmasına əsas ola bilməz. İddiaçı göstərilənləri nəzərə alaraq cavabdehin 20 iyun 2024-cü il tarixli, 05-ə-A-13/1- 1/2024 saylı imtina məktubunun əsassız sayılması, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, baş plan və plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi iddiaya dair məhkəməyə ünvanlanan 23 iyul 2024-cü il tarixli, 04/86 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçı ərizəyə əlavə olunmuş orderdə 28 mart 1991-ci il tarixli Naxçıvan şəhər XDS İK-nin 135 nömrəli qərarı ilə verilməsi göstərilmişdir. Lakin qeyd olunan qərar qüvvədə olan fərmanın əhatə etdiyi müddətdən əvvəl olmuşdur. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 18 yanvar 2023-cü il tarixli arayışında torpaq sahəsi ilə təmin edilməsi haqqında Order-Baş planda qeyd olunan 28 mart 1991-ci il tarixli Naxçıvan XDS İK-nin 135 nömrəli qərarında adına rast gəlinmədiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. İddiaçı iddia etdiyi torpaq sahəsinin ayrılmasına dair adının qeyd olunduğu müvafiq qərarı təqdim etmədiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən hüquqların dövlət qeydiyyatına alınması barədə ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmənin 13 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1177/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “cavabdehin 20 iyun 2024-cü il tarixli, 05-ə-A-13/1- 1/2024 saylı imtina məktubunun əsassız sayılması, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, baş plan və plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə inzibati məhkəmə icraatına Naxçıvan Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 23 oktyabr 2024-cü il tarixli ərizə göndərərək, İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 20 iyun 2024-cü il tarixli, 05-ə-A-13/1-1/2024 saylı imtina məktubunun əsassız sayılması, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, baş plan və plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirərək iddia tələbinə “ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan Şəhər Bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, baş plan və plan-cizgi) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması” kimi baxıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmənin 29 noyabr 2024-cü il tarixli, 2-1(122)-1177/2024 nömrəli potokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 04 fevral 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbindən mötərizədə qeyd edilmiş “və plan-cizgi” ifadəsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 04 fevral 2025-ci il tarixli, 2-1(122)-324/2025 nömrəli potokol qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan Şəhər Bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, baş plan) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 may 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən Naxçıvan şəhəri, Nizami ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanlanmış 20 iyun 2024-cü il tarixli, 05/Ə-A-13/1- 1/2024 nömrəli məktubdan məlum olur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Lakin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar təqdim edilmədiyi üçün hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyildir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 18 yanvar 2023cü il tarixli, 13/120 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan şəhər XDM İK 28 mart 1991-c1 il tarixli qərarında vətəndaşlara verilmiş torpaq sahələrinin siyahısında İddiaçı torpaq sahəsi verilməsi haqqında məlumata rast gəlinməmişdir. - Naxçıvan Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 iyul 2024-cü il tarixli, 498 nömrəli məktubdan məlum olur ki, İddiaçı ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsi ayrılmayıb və bu barədə Naxçıvan Bələdiyyəsində heç bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 iyul 2024-cü il tarixli, 02/696 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 28 mart 1991ci il tarixli,135 nömrəli qərarında İddiaçı Naxçıvan şəhəri, 36-cı məhəllə, döngə 3 ünvanında torpaq sahəsi verilməsi barədə məlumata rast gəlinməmişdir. Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 28 mart 1991-ci il tarixli,135 nömrəli qərarının təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Qaz-İstismar Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubdan məlum olur ki, ünvan 6 ünvanında İddiaçı adına qaz istehlakçılarına aid müqavilə bağlanmamışdır və onun adına həmin ünvanda bir qaz təchizatı yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 avqust 2024-cü il tarixli, 668/2024 nömrəli məktubdan məlum olur ki, ünvan 8 ünvanında İddiaçı adına X1 Sistemində elektrik sayğacının quraşdırılması və onunla elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılması haqqında heç bir məlumat aşkar edilməmişdir. - Naxçıvan Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 avqust 2024-cü il tarixli, 617 nömrəli məktubdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 avqust 2024-cü il tarixli, 04/160 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhəri, 36-cı məhəllə, döngə 3/16 ünvanında yerləşən 600 m2 torpaq sahəsi Xidmətin informasiya bazasında bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 noyabr 2024-cü il tarixli, 5-5/2-1356/2024 nömrəli məktubdan məlum olur ki, verilmiş sorğunun icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə 03 oktyabr 2024-cü il tarixdə verilmiş sorğuya cavab olaraq vətəndaş İddiaçı yaşayış evi tikdirmək üçün sahəsi 600 m2 olan 216 nömrəli torpaq sahəsi ayrılması barədə Naxçıvan XDS İK-in 28 mart 1991-ci il tarixli Qərarında adına və 135 nömrəli orderin verilməsinə əsas olan heç bir məlumata rast gəlinmədiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 dekabr 2024-cü il tarixli, 04/301 nömrəli məktuba qoşma edilmiş ünvan 10 ünvanında ayrılmış torpaq sahəsinin ətrafındakı qonşu şəxslərin mülkiyyətinə verilməsinə dair ilkin sənədlərin təsdiq olunmuş surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli, 1907 nömrəli arayışdan görünür ki, Hüseynov X4 şəhəri, Nizami ünvan 2 ünvanında qeydiyyatdadır, lakin ev satılmışdır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1959-cu il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0 və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0 və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şahid ifadələrinə, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan Şəhər Bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, baş plan) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin imtinasının əsasını isə İddiaçı 28 mart 1991-ci il tarixli Naxçıvan şəhər XDS İK-nin 135 nömrəli qərarında adına rast gəlinməməsi təşkil edir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər XDS İK-nin 28 mart 1991-ci il tarixli, 135 nömrəli qərarı əsasında verilmiş order-baş planın surətindən görünür ki, İddiaçı sahəsi 600 m2 olan 216 nömrəli nömrəli torpaq sahəsi ilə təmin olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. Naxçıvan şəhər XDS İK-nin 28 mart 1991-ci il tarixli, 135 nömrəli qərarı əsasında torpaq sahəsi ilə təmin olunan subyektlərin siyahısında İddiaçı adının qeyd olunmaması iddiaçının təqsirindən baş verməmişdir. Həmin qərar əsasında İddiaçı order-baş plan verilmişdir. Qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinin nə iddiaçıya, nə də cavabdehə hər hansı aidiyyəti yoxdur. Mübahisə predmeti olan torpaq sahəsinin 34 ildən artıqdır ki, iddiaçının sahibliyində və istifadəsində olması şahid ifadələrindən də öz təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair İddiaçı adına hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan Şəhər Bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin onun adına müvafiq sənədlər (order, baş plan) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın uçot qeydləri kitabında Naxçıvan Şəhər Bələdiyyəsinin adına aparılmış uçot qeydinin ləğv olunması, həmin torpaq sahəsinin İddiaçı adına müvafiq sənədlər (order, baş plan) əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-324/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-324/2025
23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver