Məhkəmə qərarları › İş №2-1(122)-326/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-326/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-326/2025 06.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı "Şahbuz Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeyd kitablarında onun barəsində aparılmış xx.xx.1979-cu il tarixli, 02b nömrəli bərpa doğum akt qeydində düzəliş edilərək “Niqam” adının “Niqaməddin” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz rayon Qeydiyyat şöbəsinin akt qeyd kitablarında onu adının “Niqam” yox, “Niqaməddin” kimi qeyd olunub, İddiaçı Zahir oğlu kimi yazılması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1975-ci il tarixdə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ata adı İddiaçı Zahir oğlu kimi, şəxsiyyətini təsdiq edən sənəddə isə ata adı İddiaçı qeyd olunmuşdur. O, Şahbuz rayon Polis Şöbəsinə müraciət edib şəxsiyyət vəsiqəsində ata adının doğum haqqında şəhadətnamədə olduğu kimi Zahir adına dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Ona Şahbuz rayon X12 rayon Qeydiyyat şöbəsinə müraciət edib doğum akt qeydinin arxiv sənədinin kötüyünün təqdim olunması bildirildi. O, Şahbuz rayon Qeydiyyat şöbəsinə müraciət edərkən məlum oldu ki, doğum akt qeyd sənədlərində onun adı “Niqaməddin” yox, “Niqam” olaraq qeyd olunmuşdur. O, adının düzəldilərək “Niqaməddin” kimi yazılıb və sonrada onun əsasında ata adının şəxsiyyət vəsiqəsində “Zahid” yox, “Zahir” kimi qeyd olunması üçün Şahbuz Rayon Polis Şöbəsinə təkrar müraciət etməyi üçün, ərizə ilə Şahbuz rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Şahbuz rayon Qeydiyyat şöbəsinin 04 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-119/2024 nömrəli məktubunda ona bildirilmişdir ki, Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən 04 aprel 1979-cu il tarixli, 02 nömrəli bərpa doğum akt qeydi tərtib olunarkən onun adı “Niqam” olaraq yazılmışdır. Lakin sonradan doğum haqqında şəhadətnamədə vətəndaşın adına qanuna zidd olaraq dəyişiklik edilərək “Niqaməddin” adına düzəliş olmuşdur. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Şahbuz rayon Qeydiyyat şöbəsinin akt qeyd kitablarında onu adının “Niqam” yox, “Niqaməddin” kimi qeyd olunub, İddiaçı Zahir oğlu kimi yazılması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. 12 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı Şahbuz rayon Qeydiyyat şöbəsinin akt qeyd kitablarında onu adının “Niqam” yox, “Niqaməddin” kimi qeyd olunub, İddiaçı Zahir oğlu kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirərək, "Şahbuz Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeyd kitablarında onun barəsində aparılmış xx.xx.1979-cu il tarixli, 02b nömrəli bərpa doğum akt qeydində düzəliş edilərək “Niqam” adının “Niqaməddin” kimi yazılması öhdəliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” tələbi kimi oxunmasını və həmin tələb üzrə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 12 dekabr 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)- 1185/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 fevral 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi məhkəməyə 04 fevral 2025-cü il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktub göndərərək 06 fevral 2025-ci il tarixdə məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən Şahbuz rayon Aşağı Qışlaq kənd sakini İddiaçı ünvanlanmış 04 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-119/2024 nömrəli məktubdan görünür ki, Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1979-cu il tarixli, 02 nömrəli bərpa doğum akt qeydi tərtib olunarkən onun adı “Niqam” olaraq yazılmışdır. Ərizəsində göstərilən xüsusatlar tərəfimizdən araşdırılmış və müəyyən olunmuşdur ki, həqiqətən də yuxarıda göstərilən doğum akt qeydində və şəhadətnaməsində də adı “Niqam” olaraq yazılmışdır. Lakin sonradan doğum haqqında şəhadətnamədə vətəndaşın adına qanuna zidd olaraq dəyişiklik edilərək “Niqaməddin” adına düzəliş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 №-li qərarına əsasən “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na görə qeydiyyat şöbəsi tərəfindən vətəndaşın adına dəyişiklik edilməsinə həmin şəxsin ərizəsi əsasında qeydiyyat şöbəsinin rəyi ilə yol verilir. Onun əlində olan şəhadətnamədə adına “Niqaməddin” olaraq düzəliş edilsə də, bunun heç bir qanuni əsası yoxdur və doğum haqqında akt qeydinə bu barədə heç bir düzəliş aparılmamışdır. Bu səbəbdən doğum haqqında akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi qanuna zidd olduğundan mümkün deyildir. Doğum haqqında akt qeydinə düzəliş olunması üçün aiddiyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə doğulmuşdur. - Şahbuz rayon Aşağı Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli, 99 nömrəli arayışdan görünür ki, İddiaçı Şahbuz rayon Aşağı Qışlaq kəndində qeydiyyatda dayanır və orada yaşayır. - 22 iyun 1992-ci il tarixli, Vİ-ЖГ seriyalı, 335640 nömrəli bərpa doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə Şahbuz rayon Aşağı Qışlaq kəndində doğulmuşdur. Ata adı X8, ana adı X4 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 aprel 1979-cu il tarixdə 2 nömrə ilə qeyd edilmişdir. - 21 oktyabr 2009-cu il tarixli, AZ-İ seriyalı, 419569 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, xx xxxxxx 1975-ci il təvəllüdlü İddiaçı ilə 13 noyabr 1979-cu il təvəllüdlü X9 21 oktyabr 2009-cu il tarixdə nikah bağlamışlar. Nikah şəhadətnaməsinə əsasən ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 nömrə ilə qeyd edilmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 335640 nömrəli verilmiş doğum akt qeydindən çıxarışdan məlum olur ki, X10 xx xxxxxx 1975-ci il tarixdə Şahbuz rayon Aşağı Qışlaq kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1979-cu il tarixdə 02b səhifəsində qeydiyyat aparılmışdır. Doğum akt qeydində ata adı X8, ana adı X4, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 08 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-13-186/2024 nömrəli məktubla məhkəməyə göndərilmiş: - 14 aprel 1979-cu il tarixli, 2 nömrəli bərpa doğum akt qeydinin surətindən məlum olur ki, X10 xx xxxxxx 1975-ci il tarixdə Şahbuz rayon Aşağı Qışlaq kəndində anadan olmuşdur. Bu barədə həmin tarixdə doğum haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. - 21 oktyabr 2009-cu il tarixli, 09 nömrəli nikah akt qeydinin surətindən məlum olur ki, xx xxxxxx 1975-ci il təvəllüdlü İddiaçı ilə 13 noyabr 1979-cu il təvəllüdlü X9 21 oktyabr 2009-cu il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə qeydiyyat aparılmışdır. - 17 may 2011-ci il tarixli, 07 nömrəli doğum akt qeydinin surətindən məlum olur ki, X2 25 aprel 2011-ci il tarixdə Şahbuz rayon Aşağı Qışlaq kəndində anadan olmuşdur. Bu barədə həmin tarixdə doğum haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. - 29 noyabr 2012-ci il tarixli, 117 nömrəli doğum akt qeydinin surətindən məlum olur ki, X3 14 oktyabr 2012-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə həmin tarixdə doğum haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 oktyabr 2024-cü il tarixli, 3-13-43/2-16002/2024 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında xx.xx.1975-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 noyabr 2024-cü il tarixli, 3-13-43-3/2-2-470/2024 nömrəli məktubdan aydın olur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) xx.xx.1975-ci il təvəllüdlü İddiaçı bu günədək Şahbuz Rayon Polis Şöbəsi tərəfindən ilk dəfə xx.xx.2003-cü il tarixdə ad, soyad və ata adı məlumatları “İddiaçı” göstərilməklə “AZE-00572011” nömrəli, xx.xx.2009-cu il tarixdə “AZE- 06019401” nömrəli, xx.xx.2010-cu il tarixdə “AZE-07434355” nömrəli və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə hal-hazırda aktiv statusda olan “AA*******” nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunduğu müəyyən edilmişdir. Hüseynov X1 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsi tərəfindən isə ilk dəfə xx.xx.1999-cu il tarixdə ad, soyad və ata adı məlumatları “İddiaçı Zahir oğlu” göstərilməklə “XP0608690” nömrəli, xx.xx.2005-ci il tarixdə şəxsiyyət vəsiqəsi məlumatlarına uyğun olaraq ata adı “Zahid” göstərilməklə “Pİ611308” nömrəli, xx.xx.2011-ci il tarixdə “P4247180” nömrəli və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə hal-hazırda aktiv statusda olan “C03009680” nömrəli ümumvətəndaş pasportları ilə sənədləşdirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 03 avqust 2007-ci il tarixli, BB-İİ seriyalı, 05576 nömrəli diplomun, 017990 nömrəli vəsiqənin, 01 mart 2004-cu il tarixdə tərtib edilmiş əmək kitabçasının, sürücülük vəsiqəsinin, hərbi biletin, ümumvətəndaş pasportunun və dövlət sosial sığorta şəhadətnaməsinin təsdiq edilmiş surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Niqaməddin” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. - 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: - 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1979-cu il tarixli, 02b nömrəli bərpa doğum akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Niqaməddin” əvəzinə “Niqam” yazılmışdır. İş materiallarında olan iddiaçıya məxsus doğum haqqında akt qeydindən çıxarışda iddiaçının adı “Niqam” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsində, 21 oktyabr 2009-cu il tarixli, AZ-İ seriyalı, 419569 nömrəli nikah haqqında şəhadətnamədə, 03 avqust 2007-ci il tarixli, BB-İİ seriyalı, 05576 nömrəli diplomda, 01 mart 2004-cü il tarixdə tərtib edilmiş əmək kitabçasında, ümumvətəndaş pasportunda, hərbi biletdə, sürücülük vəsiqəsində və dövlət sosial sığorta şəhadətnaməsinin iddiaçının adı “Niqaməddin” kimi göstərilmişdir. Müəyyən olunmuşdur ki, bərpa doğum akt qeydində iddiaçının adının “Niqam” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum haqqında akt qeydində (iddiaçının adına münasibətdə) düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı "Şahbuz Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeyd kitablarında onun barəsində aparılmış xx.xx.1979-cu il tarixli, 02b nömrəli bərpa doğum akt qeydində düzəliş edilərək “Niqam” adının “Niqaməddin” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Şahbuz Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeyd kitablarında İddiaçı barəsində aparılmış xx.xx.1979-cu il tarixli, 02b nömrəli bərpa doğum akt qeydində düzəliş edilərək “Niqam” adının “Niqaməddin” kimi yazılması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar