Məhkəmə qərarları › İş №2-1(122)-328/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-328/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-328/2025 22.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3-33/581Ş nömrəli əmrinin ləğv olunaraq işə bərpa olunmağı və işdən kənarlaşdırıldığı dövrlərdə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3-33/581Ş nömrəli əmrinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 20 iyun 2024-cü il tarixli, 3-33/581 nömrəli əmri ilə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasına istinad edilməklə, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 56-cı maddəsinə əsasən tutduğu vəzifədən, yəni Naxçıvan Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru vəzifəsindən müvəqqəti olaraq kənar edilmişdir. İddiaçı hesab edir ki, barəsində qəbul olunmuş əmr əsaslı və qanuni olmadığından ləğv edilməlidir. 2013-cü ildən Naxçıvan Gömrük orqanına müxtəlif vəzifələrdə işləmiş, 2022-ci ilin dekabr ayında struktur dəyişikliyi ilə əlaqədar olaraq skanlaşdırma şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Yuxarıda sözügedən əmrlə müvəqqəti olaraq vəzifədən kənarlaşdırılanadək sözügedən vəzifəni icra etmişdir. İşlədiyi müddətdə hər hansı məsuliyyətə cəlb olunmağına əsas olan cinayət, inzibati və iltizam xətasına yol verməmişdir. 20 iyun 2024-cü il tarixli, 3-33/581 Ş nömrəli əmrdə istinad olunan ********* nömrəli cinayət işi barəsində deyil, fakt üzrə başlanmış cinayət işidir. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90-cı və 91-ci maddələrinə müvafiq olaraq barəsində şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında bu və ya digər qərar qəbul olunmamışdır. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3-33/581Ş nömrəli əmrinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. Sonradan 09 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı cavabdehin 20 iyun 2024-cü il tarixli, 3-33/581Ş nömrəli əmrinin ləğv olunması tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırdığını bildirib, iddia tələbinin həcmini artıraraq, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3-33/581Ş nömrəli əmrinin ləğv olunaraq işə bərpa olunmağı və işdən kənarlaşdırıldığı dövrlərdə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 09 yanvar 2025-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 09 yanvar 2025-ci il tarixli, 2-1(122)-328/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 aprel 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı artıq 9 aydan artıq müddətdir ki, işsiz olduğunu, bu müddətdə yaşlı anası və atasına, eyni zamanda ailəsinə baxdığını, uzun müddət işsiz qaldığı üçün maddi cəhətdən çətinlik yarandığını və bu dövr ərzində bir dəfə qeyri-rəsmi şəkildə dəvət olunaraq şahid qismində ifadəsi alındığını bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin görünür ki, İddiaçı xx xxxx 1986-cı ildə doğulmuşdur. - 01 aprel 2013-cü il tarixdə tərtib edilmiş, ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.2013-cü il tarixdən 111/007Ş nömrəli əmrlə Naxçıvan terminal kompleks birliyinin Gömrük Brokeri və Texniki xidmətin göstərilməsi üzrə bölmənin kompyuter operatoru vəzifəsinə təyin edilmiş və 06 yanvar 2023-cü il tarixdək həmin orqanda müxtəlif vəzifələrdə işləmişdir sonuncu dəfə 06 iyul 2023-cü il tarixli 1000/489Ş nömrəli əmrə əsasən Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. - Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərardan aydın olur ki, qərarın təsviri hissəsində göstərilən fakt üzrə toplanmış material əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru X2, inspektoru İddiaçı və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin ibtidai istintaqın davam etdirilməsi üçün prokurorluğa verilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərar barədə Dövlət Gömrük Komitəsinin Gömrük inzibatçılığı Baş idarəsinə və Daxili Təhlükəsizlik idarəsinə məlumat verilməsi qərara alınmışdır. - Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlıya ünvanlanmış Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti generalleytenantı Şahin Bağırova ünvanlanmış raportdan görünür ki, fakt üzrə toplanmış material əsasında Əməliyyat-İstintaq Baş idarəsində Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru X3, inspektoru İddiaçı və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə 8 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi başlanması və ibtidai istintaqın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul edilmişdir. Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru X1 və həmin Şöbənin inspektoru İddiaçı barələrində aparılan cinayət təqibi başa çatana qədər tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilmələri və nəticəsi barədə istintaq orqanına məlumat təqdim olunması üçün aidiyyəti struktur bölməyə göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3- 33/581Ş nömrəli əmrin surətindən aydın olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Skanlaşdırma şöbəsinin inspektoru İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasını nəzərə alaraq, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 56-cı maddəsinə əsasən tutduğu vəzifədən, yəni Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru vəzifəsindən müvəqqəti olaraq kənar edilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 oktyabr 2024cü il tarixli, 2-2-023/2-158994/2024 nömrəli və 07 noyabr 2024-cü il tarixli, 2-2-023/2- 172242/2024 nömrəli məktublardan məlum olur ki, 08 aprel 2024-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” və “Sədərək” gömrük postlarında gömrük nəzarətindən keçmiş 76AAS100/76DG203 qeydiyyat nişanlı avtomobilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyi tərəfindən 17 aprel 2024-cü il tarixdə tətbiq edilmiş gömrük nəzarəti nəticəsində avtomobilin yük yerində olan 80 ədəd döşəyin içərisində gizlədilmiş 618 bükümdə, külli miqdarda 402 kiloqram 702 qram “heroin” narkotik vastəsi aşkar edilərək götürülməsi faktı üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində xx.xx.2024-cü il tarixdə CM-nin 314.2-ci maddəsi ilə başlanmış və xx.xx.2024-cü il tarixdə istintaq davam etdirilməsi üçün Baş İdarəyə göndərilmişdir. İstintaq zərurəti ilə əlaqədar İddiaçı şahid qismində ifadəsi alınmışdır. İş üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət işi üzrə yekun qərarın qəbul edilməsi məqsədilə Türkiyə və Bolqarıstan Respublikalarının aidiyyəti orqanlarına beynəlxalq tapşırıqlar verilmişdir. Cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərarla dayandırılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsi, döngə 2/3 ünvanında yaşayan İddiaçı ünvanlanmış 24 dekabr 2024-cü il tarixli, 3-33/2-Ə-002710/1-42/2024 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü ü tarixli 3-33/581Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 56-cı maddəsinə əsasən tutduğunuz vəzifədən müvəqqəti kənar edilmişdir. Onun diqqətinə çatdırılmışdır ki, müraciəti ilə əlaqədar e-2-1(122)-1194/2024 saylı iş Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatındadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Hazırda müraciətdə qeyd edilən məsələyə məhkəmə icraatında baxıldığı üçün Dövlət Gömrük Komitəsində baxılmır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 fevral 2025-ci il tarixli, 3-33/2-001693/2025 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli "Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında" qərarı ilə Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru İddiaçı Elşən oğlu və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün prokurorluğa verilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunmuşdur. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 fevral 2025-ci il tarixli, 2- 2-2-023/2-021981/2025 nömrəli və 18 mart 2025-ci il tarixli, 2-2-023/2- 060088/2025 nömrəli məktublardan məlum olur ki, 08 aprel 2024-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” və “Sədərək” gömrük postlarında gömrük nəzarətindən keçmiş 76AAS100/76DG203 qeydiyyat nişanlı avtomobilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyi tərəfindən 17 aprel 2024-cü il tarixdə tətbiq edilmiş gömrük nəzarəti nəticəsində avtomobilin yük yerində olan 80 ədəd döşəyin içərisində gizlədilmiş 618 bükümdə, külli miqdarda 402 kiloqram 702 qram “heroin” narkotik vastəsi aşkar edilərək götürülməsi faktı üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində xx.xx.2024-cü il tarixdə CM-nin 314.2-ci maddəsi ilə başlanmış və xx.xx.2024-cü il tarixdə istintaq davam etdirilməsi üçün Baş İdarəyə göndərilmişdir. İstintaq zərurəti ilə əlaqədar İddiaçı şahid qismində ifadəsi alınmış, digər zəruri istintaq hərəkətləri aparılmışdır. İş üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət işi üzrə yekun qərarın qəbul edilməsi məqsədilə Türkiyə Respublikasının aidiyyəti orqanlarına təkrarən beynəlxalq tapşırıqlar verilmişdir. Halhazırda istintaq davam etdirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: - 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. - 2-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. - 56-cı maddəsinə əsasən barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilir. - 57-ci maddəsinə əsasən vəzifədən müvəqqəti kənar edilən gömrük orqanının vəzifəli şəxsinin həmin müddət ərzində əmək haqqı saxlanılmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 62-ci maddəsinin c bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. - 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3-33/581Ş nömrəli əmrinin ləğv olunaraq işə bərpa olunmağı və işdən kənarlaşdırıldığı dövrlərdə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3- 33/581Ş nömrəli əmrin surətindən aydın olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Skanlaşdırma şöbəsinin inspektoru İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasını nəzərə alaraq, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 56-cı maddəsinə əsasən tutduğu vəzifədən, yəni Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru vəzifəsindən müvəqqəti olaraq kənar edilmişdir. Məhkəmə tərəfindən inzibati işin araşdırılması məqsədilə İddiaçı barəsində başlanılan cinayət işinin istintaqının hal-hazırda davam edib-etməməsini, başlanılmış cinayət işi üzrə İddiaçı şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunubolunmamasını və ya cinayət işinə (iddiaçıya aid hissədə) xitam verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış sorğulara cavab olaraq göndərilmiş məktublardan məlum olmuşdur ki, 08 aprel 2024-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” və “Sədərək” gömrük postlarında gömrük nəzarətindən keçmiş 76AAS100/76DG203 qeydiyyat nişanlı avtomobilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyi tərəfindən 17 aprel 2024-cü il tarixdə tətbiq edilmiş gömrük nəzarəti nəticəsində avtomobilin yük yerində olan 80 ədəd döşəyin içərisində gizlədilmiş 618 bükümdə, külli miqdarda 402 kiloqram 702 qram “heroin” narkotik vastəsi aşkar edilərək götürülməsi faktı üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində xx.xx.2024-cü il tarixdə CM-nin 314.2-ci maddəsi ilə cinayət işi başlanmış və xx.xx.2024-cü il tarixdə istintaq davam etdirilməsi üçün Baş İdarəyə göndərilmişdir. İstintaq zərurəti ilə əlaqədar İddiaçı şahid qismində ifadəsi alınmış, iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi məqsədilə adiyyəti üzrə beynəlxalq tapşırıqlar verilmişdir. Cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərarla dayandırılmışdır. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı barəsində 08 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması haqqında qərardan 9 aydan artıq müddətin keçməsinə baxmayaraq, İddiaçı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınması (cəlb etmə barədə) barədə qərar qəbul edilməmiş, əksinə cinayət işinin istintaqını həyata keçirən orqanın məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi yuxarıda qeyd olunan məzmunda məktublarına əsasən İddiaçı cinayət işində bir dəfə şahid qismində dindirilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış, cinayət törətməkdə şübhələndiyinə görə tutulmuş, haqqında həbs ev dustaqlığı istisna olmaqla qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış fiziki şəxs tanınır. CPM-nin 91.1-ci maddəsinə əsasən müvafiq olaraq müstəntiqin, prokurorunun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən barəsində cinayət təqibi həyata keçirilən şübhəli və ya təqsirləndirilən şəxs cinayət prosesinin müdafiəni həyata keçirən tərəfi kimi iştirakçısı olduğu halda, şahid cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxildir. Yəni, şahid Azərbaycan Respublikasının CPM-nin 7.0.18-ci maddəsi ilə dairəsi müəyyən edilən cinayət prosesinin iştirakçısı hesab edilmir. Şahid Azərbaycan Respublikasının CPM-nin 7.0.29-cu maddəsinə görə cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarında qeyd edilir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndində işçinin işdən kənar edilməsi kimi müvəqqəti xarakterli preventiv tədbirin tətbiqinin şəxsin təqsirliliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı (həmçinin inzibati xətalara dair işlər üzrə səlahiyyətli dövlət orqanının (vəzifəli şəxsin) qərarı) ilə şərtləndirilməsi qanunverici tərəfindən həmin maddədə nəzərdə tutulmuş məqsədlərlə uyğunsuzluq təşkil edir. Belə ki, işçinin işdən kənar edilməsi müvəqqəti xarakterli tədbir olmaqla tətbiqində qanunvericinin məqsədi qısa müddətə baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq, əmək intizamını təmin etmək və bununla da mülkiyyətçinin və işçilərin mənafeyini qorumaqdan ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinə əsaslanmaqla vurğulayır ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda tətbiq edilə bilər. Eləcə də, işçinin işdən kənarlaşdırılmasının zəruriliyi aradan qalxdıqda işəgötürən işçinin işdən kənarlaşdırılması barədə qərarını ləğv etməlidir. İşçi bu tədbirin tətbiqi zərurəti aradan qalxdıqda məsələnin qəti həllinə qədər özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı işdən kənarlaşdırılmasının zəruriliyini təsdiq edən hallar mövcud deyildir. İddiaçı bu tədbirin tətbiqi zərurəti mövcud olmadığından özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəzərə almaq lazımdır ki, şəxsin inzibati orqandan diskresion səlahiyyətlərin qanunun məqsədlərinə uyğun və düzgün şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Qanunverici şəxsin belə tələb hüququnun təminatı qismində inzibati orqanın üzərinə qəbul etdiyi inzibati aktı əsaslandırmaq öhdəliyi qoyur. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən niyə məhz mübahisələndirilən əmr formasında hərəkət edildiyi “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, istinad olunan normaya görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3-33/581Ş nömrəli əmrinin ləğv olunaraq işə bərpa olunmağı və işdən kənarlaşdırıldığı dövrlərdə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 iyun 2024-cü il tarixli, 3- 33/581Ş nömrəli əmri ləğv olunaraq İddiaçı işə bərpa olunsun və ona işdən kənarlaşdırıldığı dövrlərdə ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar