Məhkəmə qərarları › İş №2-1(122)-331/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-331/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-331/2025 26.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına "X4 ASC-nin" əmlakının satışından daxil olan vəsaitdən ona dəymiş zərərə görə 73000 (yetmiş üç min) manat birdəfəlik ödənc ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4” ASC əmlakının satışından daxil olan vəsait hesabına dəymiş zərərə görə ödəncin ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X1 uzun müddət X4 Açıq Səhmdar Cəmiyyətində işləmiş, 1987-ci il tarixdə həmin ASC-də baş vermiş bədbəxt hadisə zamanı həyat yoldaşı vəfat etmiş və yetim qalmış uşaqlarına qulluq etdiyindən təqsirkar müəssisə tərəfindən ona zərərə görə aylıq ödənc ödənilmişdir. Uşaqlarına qulluq etdiyi müddətdə xəstələnmiş və İİ qrup əlil olmuş, Azərbaycan Respubilikası Nazirlər Kabinetinin 9 yanvar 2003-ü il tarixli, 3 saylı qərarının 3-cü bəndinə əsasən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxsə zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121 maddəsi ilə tənzimlənir. O, ölənin (ərinin) uşaqlarına qulluq etdiyi müddətdə İİ qrup əlil olduğundan ərinin ölümündə təqsirkar olan müəssisə yəni, X4 ASC zərərin əvəzini uşaqlarına qulluq müddətinin qurtarmasına baxmayaraq, yenə də ona ödəmişdir, 22 yanvar 2009-cu il tarixdə X4 ASC ləğv etdikdən sonra həmin ödəniş dayandırılmışdır. X4 Açıq Səhmdar Cəmiyyətinin həyat və sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilməsi üçün Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. Hakim M.Cəfərovun sədrliyi ilə 23 avqust 2006-cı il tarixdə baş tutan məhkəmə iddianı təmin etmiş, X4 Açıq Səhimdar Cəmiyyətinin təqsirkar müəssisə olduğunu təsdiq edərək onun xeyrinə qətnamə qəbul etmişdir. Bu məsələ ilə bağlı o, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 04 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "X4-1" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 dekabr 2008-ci il tarixdən 30 dekabr 2008-ci il tarixədək səhmlərin əmək kollektivinə güzəştli şərtlərlə satışı həyata keçirilmişdir. 30 dekabr 2008-ci il tarixdə təsdiq olunmuş güzəştli satışın yekun protokoluna esasən cəmiyyətin səhmlərinin 10,35%-i əmək kollektivi tərəfindən alınmışdır. Babək rayonu Qahab kənd sakini İddiaçı 10 ədəd özəlləşdirmə çəki təqdim edərək nominal dəyəri 1860 manat olan 930 ədəd səhm əldə etmiş və özəlləşdirilmə komissiyası tərəfindən müvafiq bildiriş təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixli 02 saylı sərəncamına əsasən "X4” Açıq Səhmdar Cəmiyyəti üzrə investisiya müsabiqəsi keçirilmişdir. Müsabiqənin yekun protokoluna əsasən Babək rayonu Nehrəm kənd sakini X6 qalib elan olunmuş və İqtisadi İnkişaf Nazirliyi ilə X6 arasında 24 yanvar 2009-cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26 avqust 2010-cu il tarixli 29 saylı sərəncamı ilə səhmlər üzərində mülkiyyət hüququ X2 adına rəsmiləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən "X4-1" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə hərracın yekun protokolu və alqı-satqı müqaviləsi ümumi reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli X3 Muxtar Respublikasındakı filialına göndərilmişdir. X7 ilə "Gəmiqaya" şirkəti arasında investisiya qoyuluşuna lazım olan vəsaitin ayrılması və digər öhdəliklərin icrası istiqamətində müvafiq müqavilə bağlanıldığından müəssisə "X8 Kompleksi” MMC kimi fəaliyyətə başlamışdır. Hal-hazırda həmin müəssisənin ərazisində "Arkoz Travertin-Mərmər Zavodu MMC fəaliyyət göstərir. "X4-1" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi prosesi tam başa çatdırıldığından və xüsusi mülkiyyətdə olduğundan müraciətdə qeyd edilən məsələyə köməklik göstərilməsi Nazirliyin səlahiyyəti xaricindədir. İddiaçı bildirir ki, həmin ASC ləğv olunarkən Cəmiyyətin əmlakının satışından daxil olan vəsait hesabına kapitallaşma aparılmamış və ona dəymiş zərərə görə ödənc ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 06 sentyabr 2024-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-1200/2024 saylı iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(122)-1200/2024 nömrəli qərardadı ilə inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Sonradan İddiaçı məhkəməyə 10 oktyabr 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, 12 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək zərərçəkmiş olduğunu nəzərə alıb Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına "X4 ASC-nin" əmlakının satışından daxil olan vəsaitdən ona birdəfəlik ödəncin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini, həmin iddia ərizəsinə aşağıda qeyd etdiyi məbləğin əlavə edilərək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına "X4 ASC-nin" əmlakının satışından daxil olan vəsaitdən ona dəymiş zərərə görə 73000 (yetmiş üç min) manat birdəfəlik ödənc ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(122)-331/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 26 fevral 2026-cı il tarixə təyin edilərək məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubu ünvanlanaraq, xx.xx.2009-cu il tarixli "xxxx" ASC-nin investisiya müsabiqəsində satılmış səhmlərinin alqısatqı müqaviləsinin 4.2.1-ci bəndində müqavilənin imzalandığı tarixdən 90 (doxsan) təqvim günü müddətində Səhmdar Cəmiyyətinin haqqı və ona bərabər tutulan borcların ödənilməsinin alıcı X6 tərəfindən təmin edilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılmış, belə olan təqdirdə hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etməyin mümkün olmadığı bildirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə onlara göndərilən yardım məktublarından xəbərdar olduqlarını, "X4” Açıq Səhmdar Cəmiyyətinin Babək rayonu Nehrəm kənd sakini X6 tərəfindən alındığını bildiklərini bildirib, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respubilikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaları, şərtləri və məbləğinin: - 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. - 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın: - 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. - 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. - 5.3-cü bəndinə əsasən bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. - 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. - 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. - 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi iddiaçının hüquqi marağının təmin edilməsinə yönəlməmişdir. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-12099/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı 2003-cü il 01 oktyabr tarixdən 2013-cü il 31 iyul tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncə görə müavinət ödənilmişdir. Hazırda İddiaçı Fond tərəfindən heç bir növ müavinət və təqaüd ödənilmir. Qeyd edilir ki, Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsi tərəfindən İddiaçı 2000-ci il 21 aprel tarixdən müddətsiz İİ dərəcəli əlilliyə görə 372,94 manat əmək pensiyası ödənilməkdədir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 23 yanvar 2025-ci il tarixli, 3-17-9-1/2-776/2025 nömrəli məktubla Babək rayon Qahab kənd sakini İddiaçı (FİN: xxxxxxx) Fondun arxivində saxlanılan özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində həlak olmuş işçisinin ailə üzvünə aylıq ödənc əvəzinə aylıq müavinət işində olan istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt, aylıq ödəncin işəgötürən tərəfindən hansı tarixədək ödənilməsi barədə arayışlar, işçinin ölüm haqqında şəhadətnaməsinin surəti, özəlləşdirilmənin başa çatması barədə siyahı məhkəməyə təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 may 2025ci il tarixli, 04/727 nömrəli məktubdan aydın olur ki, “X4-1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 dekabr 2008-ci il tarixdən 30 dekabr 2008-ci il tarixədək səhmlərin əmək kollektivinə güzəştli şərtlərlə satışı həyata keçirilmişdir. 30 dekabr 2008-ci il tarixdə təsdiq olunmuş güzəştli satışın yekun protokoluna əsasən cəmiyyətin səhmlərinin 10.35% əmək kollektivi tərəfindən alınmışdır. İddiaçı 10 ədəd özəlləşdirmə çeki təqdim edərək nominal dəyəri 1860 manat olan 930 ədəd səhm əldə etmiş və özəlləşdirilmə komissiyası tərəfindən İddiaçı müvafiq bildiriş təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixli 02 saylı sərəncamına əsasən “X4-1” Açıq Səhmdar Cəmiyyəti üzrə investisiya müsabiqəsi keçirilmiş və səhmlərin 89.65 faizi investisiya müsabiqəsində satılmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilmə Qaydaları”nın 2.3-cü bəndinə uyğun olaraq müsabiqənin keçirilməsi haqqında məlumat müsabiqənin keçirildiyi gündən ən azı 30 (otuz) gün əvvəl mediada və ya xüsusi nəşrlərdə dərc edilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən “X4-1” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə hərracın yekun protokolu və alqı-satqı müqaviləsi ümumi reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli X3 Muxtar Respublikasındakı filialına göndərilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-ci maddəsinə əsasən səhmdar cəmiyyətlərin ali idarəetmə orqanı cəmiyyətin səhmdarlarının ümumi yığıncağıdır. Səhmdar cəmiyyətin yenidən təşkili və ləğv edilməsi, o cümlədən digər məsələlər ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Xidmətin informasiya bazasında “X4-1” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə prosesi başa çatdıqdan sonrakı dövrə dair heç bir məlumat mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının Dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nın 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə ödənilir. Özəlləşdirmədən əldə olunan vəsaitdən İddiaçı birdəfəlik ödəncin ödənilməsi ilə bağlı Xidmətin informasiya bazasında məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 30 oktyabr 2024-cü il tarixli, 04/1103 nömrəli məktubla Naxçıvan "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə investisiya müsabiqəsinin keçirilməsi barədə Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixli 02 nömrəli sərəncamının və Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə X6 arasında bağlanılmış alqı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim olunmuşdur. - xx.xx.2009-cu il tarixli "xxxx" ASC-nin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqı müqaviləsinin 4.2.1-ci bəndində müqavilənin imzalandığı tarixdən 90 (doxsan) təqvim günü müddətində Səhmdar Cəmiyyətinin haqqı və ona bərabər tutulan borcların ödənilməsinin alıcı X6 tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçının həyat yoldaşının işlədiyi "xxxx" ASC “Azərbaycan Respublikasında Dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, “Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixli 02 saylı sərəncamına əsasən hərrac vasitəsilə özəlləşdirilmişdir. Göründüyü kimi, İddiaçı 2003-cü il 01 oktyabr tarixdən 2013-cü il 31 iyul tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncə görə müavinət ödənilmişdir. Müəssisə özəlləşdirildiyinə görə qanunauyğun olaraq iddiaçıya ödənilmiş aylıq müavinət dayandırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşının xəsarət aldığı müəssisə özəlləşdirildiyindən və xx.xx.2009-cu il tarixli "xxxx" ASC-nin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqı müqaviləsinin 4.2.1-ci bəndində müqavilənin imzalandığı tarixdən 90 (doxsan) təqvim günü müddətində Səhmdar Cəmiyyətinin haqqı və ona bərabər tutulan borcların ödənilməsinin alıcı X6 tərəfindən təmin edilməsi nəzərdə tutulduğundan hazırkı iddia mümkün sayıla bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına "X4 ASC-nin" əmlakının satışından daxil olan vəsaitdən ona dəymiş zərərə görə 73000 (yetmiş üç min) manat birdəfəlik ödənc ödənilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına "X4 ASC-nin" əmlakının satışından daxil olan vəsaitdən ona dəymiş zərərə görə 73000 (yetmiş üç min) manat birdəfəlik ödənc ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar