Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-332/2025 20.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 296 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024cü il tarixli, 296 saylı qərarının ləğv edilməsi, xx.xx.2014-cü il tarixli, 02 №-li bank qəbzinə əsasən fərdi təsərrüfatla məşğul olmağına görə 19.80 manat məbləğində məcburi dövlət sığorta haqqı ödədiyi ilin əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayon Xanlıqlar kəndində anadan olmuş və bu günə kimi Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bildirir ki, o, əmək fəaliyyətinə xx.xx.1975-ci tarixdə Naxçıvan MSSR 40 illiyi adına üzümçülük sovxozunda fəhlə olaraq başlayaraq xx.xx.1996-cı il tarixədək Şərur rayon ərazisində müxtəlif dövlət idarə və müəssisələrində işləməyi xx.xx.1979-cu il tarixdə onun adına verilmiş İT-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir. Haliyədə isə fərdi təsərrüfatla məşğul olur və X20 Komissiyasının 13 iyun 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə Şərur rayon Xanlıqlar kəndi ərazisində JN-377 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətinə yerilmiş 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərməklə məşğul olaraq hər il fərdi təsərrüfatla məşğul olduğuna görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. O, xx.xx.2022-ci il tarixdən etibarən tələb olunan yaş (65 yaş) həddinə çatmağı ilə əlaqədar müvafiq sənədləri toplayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-un Pensiya təyinatı şöbəsinə müraciət etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-un Pensiya təyinatı şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-S-5208/2024 nömrəli məktubla “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22.1-ci maddələrinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bildirir ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Şərur rayon üzümçülük sovxozunda 02 il 01 ay 29 gün, hərbi xidmət dövrü xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 01 il 11 ay 22 gün, Şərur rayon Üzümçülük sovxozunda xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək 04 il 00 ay 17 gün, Şərur rayon kolxoz tikinti idrarəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək 07 il 00 ay 14 gün, Şərur rayon Xanlıqlar sovxozunda xx.xx.1991-ci il tarixdən xx.xx.1996-ci il tarixədək 05 il 07 ay 27 gün olmaqla, ümumilikdə 20 il 10 ay 19 gün sığorta stajının olduğu, xx.xx.2014cü tarixli 02 №-li bank qəbzinə əsasən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün ödədiyi 19.80 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı X2 İnformasiya sistemində öz əksini tapmadığından həmin il əmək stajına əlavə olunmadığından 25 il əmək stajının tamam olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, xx.xx.2014-cü il tarixli, 02 №-li bank qəbzinə əsasən fərdi təsərrüfatla məşğul olmağına görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi il onun pensiya stajına əlavə olunmalı və ona yaşa görə əmək pensiyası müəyyən edilməlidir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 296 saylı qərarının ləğv edilməsi, xx.xx.2014-cü il tarixli, 02 №-li bank qəbzinə əsasən fərdi təsərrüfatla məşğul olmağına görə 19.80 manat məbləğində məcburi dövlət sığorta haqqı ödədiyi ilin əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 27 sentyabr 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMFnin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 296 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 sentyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxxxx 1957-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur Rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 05 sentyabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə X1 yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. X18 Şöbəsinin 19 yanvar 2024-cü il tarixli, 296 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən, tələb olunan azı 25 il sığorta stajına qarşı onun ümumilikdə sığorta stajının 20 il 10 ay 19 gün olduğu və ya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320.00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması və ya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 296 saylı qərarının ləğv edilməsini, xx.xx.2014-cü il tarixli, 02 nömrəli bank qəbzinə əsasən, fərdi təsərrüfatla məşğul olmağına görə 19.80 manat məbləğində məcburi dövlət sığorta haqqı ödədiyi ilin əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayon, Xanlıqlar kəndində anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1975-ci tarixdən Naxçıvan MSSR 40 illiyi adına üzümçülük sovxozunda fəhlə olaraq başlamış, xx.xx.1996-ci il tarixədək Şərur rayon ərazisində müxtəlif dövlət idarə və müəssisələrində işləmişdir. İddiaçı ərizəsində qeyd edir ki, haliyədə Şərur rayon, Xanlıqlar kəndində yerləşən və onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərməklə məşğul olur. İddiaçı bildirir ki, kənd təsərrüfatı ilə məşğul olduğuna görə hər il məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən 65 yaşına çatması ilə əlaqədar yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şöbəsinə müraciət etsə də, sonuncunun xx.xx.2024-cü il tarixli, 296 saylı qərara əsasən, ona yaşa görə əmək pensiya təyin olunmasından imtina edildiyini bildirmiş və hesab edir ki, xx.xx.2014-cü il tarixli, 02 nömrəli bank qəbzinə əsasən, fərdi təsərrüfatla məşğul olmağına ğörə, məcburi dövlət sosial sığorta haqqı ödədiyi il onun pensiya stajına əlavə olunmalı və ona yaşa görə əmək pensiyası müəyyən edilməlidir. İddiaçı məxsus 10 noyabr 1979-cu il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 1 ay 29 gün) Naxçıvan MSSR 40 illiyi adına üzümçülük sovxozunda fəhlə işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək həmin sovxoza yenidən fəhlə qəbul edilmiş, daha sonra sürücü işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 227 nömrəli arayışına əsasən, 1957-cı il təvəllüdlü İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 2 ay) müddətli hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1991 -ci il tarixədək (7 il) İliç Rayon təsərrüfatlararası tikinti idarəsində sürücü, xx.xx.1991 -ci il tarixdən xx.xx.1996-cı il tarixədək (5 il 7 ay 27 gün) sovxozda sürücü işləmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddətdə, eyni zamanda xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək İliç Rayon təsərrüfatlararası tikinti idarəsində işlədiyi müəyyən olunmuşdur. Beləliklə, iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla, qanunvericiliklə tələb olunan azı 25 il sığorta stajına qarşı ümumilikdə 18 il 29 gün sığorta stajı olduğundan və ya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320.00 manat pensiya kapitalına qarşı onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş JN-377 nömrəli, 10218018 KOD ilə “Torpağa Mülkiyyət Hüququ”na dair Dövlət Aktının surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 iyun 1999-cu il tarixli, 06 nömrəli qərarına əsasən 1.52 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Şərur Rayon, Xanlıqlar kənd sakini İddiaçı və onun ailə üzvləri X8, X9, X10, X7 mülkiyyətinə verilmişdir. İddiaçının təqdim etdiyi X24 Rayon filialının 23 oktyabr 2014-cü il tarixli, 62 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 2014-cü il üzrə pay torpağına görə 19 manat 80 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı tərəfindən 2014-cü il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hüsabatlara” (Forma B2) əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) Fondun Şərur rayon şöbəsinə təqdim edilmədiyndən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat sığortaolunanın fərdi şəxsi hesabında əks olunmadığı üçün ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şöbəsinin xx.xx.2024-cü il tarixli, 296 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 19 yanvar 2024-cü il tarixli, 296 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsində tələb olunan pensiya kapitalı və 25 il sığorta stajı olmaması səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - JN-377, KOD 10218018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli, 06 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvləri X12, X13, X14, X3 təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.52 hektar torpaq sahəsi verilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli, 261 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda durur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. - İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 62 nömrəli qəbzə əsasən 19.80 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-11843/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyicisi olmasına dair Fondun arxivində heç bir mədaxil qəbzinə rast gəlinmədi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin: - 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. - 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı pensiya hüququ yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İlk öncə qeyd edilməlidir ki, işin faktiki hallarına, İddiaçı məhkəmə iclaslarında verdiyi izahata, həmçinin əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının tələb olunan 25 illik sosial sığorta stajına qarşı 20 ildən az sosial sığorta stajı mövcud olduğundan məhkəmə tərəfindən həmin halın araşdırılması zərurəti yaranmamışdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.52 hektar torpaq sahəsi verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pulunun ödənilməsi iş materiallarında olan bank qəbzi əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçıya məxsus ödəniş qəbzindən aydın olur ki, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2014-cü ildə 62 nömrəli qəbzə əsasən 19.80 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Cavabdeh orqanın etirazının əsası kimi həmin ödəniş məlumatlarının sığortaolunanın fərdi şəxsi hesabında (X6 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutu (ödəniş qəbzi) məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənəd mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Odur ki, məhkəmə cavabdeh orqanın qərarında qeyd olunan dəlillərini əsaslı saymır. Yuxarıda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 296 saylı qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 296 saylı qərarı ləğv edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-332/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-332/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver