Məhkəmə qərarları › İş №2-1(122)-339/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-339/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-339/2025 04.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X18 Heydər oğlunun sədrliyi, X19 oğlunun katibliyi, iddiaçı X2, tərcüməçi X1 və cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsinə qarşı "qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1 000 000 (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan MR-da ona edilən müxtəlif haqsızlıqlar nəticəsində ürək damarlarında yırtılmalar və genişlənmələr olduğu üçün o, konsulluq vasitəsi ilə İran İslam Respublikasına gedərək Təbriz şəhərindəki özəl Behbout xəstaxanasında 4 ay müalicə almışdır. Sonra 20 mart 2021-ci il tarixində Naxçıvana geri qayıtmışdır. Miqrasiya idarəsinə yeni 1 illik oturma icazəsi verilməsi üçün müraciət etmiş, lakin Naxçıvan Miqrasiya rəisi Şahin Nəbiyev haqsız bir qərar ilə onu 5 il deport etdirmişdir. O, 2 il övladlarından ayrı qalmış, Sumqayıtdakı iş yerini aça bilməmişdir. Azərbaycandan deport edildiyi üçün iş yeri sahibsiz qalmışdır. 100 dəfədən artıq Ali Məclisə, Prezident Aparatına, Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Dövlət Miqrasiya idarəsinə müraciət etdiyi halda heç bir cavab ala bilməmişdir. Miqrasiyanın haqsız deportuna görə iş yerini işlədə bilmədiyi üçün hər gün 1000$ (min dollar) gəlirindən olmuş, 150.000$ (yüz əlli min) dollarlıq sexi nəzarətsiz qaldığı üçün talanmışdır. Bu gün etibarı ilə hardasa ******* $ (1 milyon dollar) zərər görmüşdür. O, 2 il ərzində deportasiya olunmuş və 2 ildən sonra haqsız olaraq deportasiya olunduğu sübut olunduğu üçün həmin qərar ləğv olunmuş və Azərbaycana gəlməyinə imkan verilmişdir. Azərbaycana gəldikdən sonra 2 il ərzində iş yeri sahibsiz qaldığından avadanlıqlarının böyük bir hissəsinin talanmış olduğunu və istifadəyə yararsız hala gəldiyini görmüşdür. Yoxlamalar nəticəsində Miqrasiya İdarəsinin rəisi Şahin Nəbiyev vəzifəsindən azad edildiyi halda ona vurulan ziyan bərpa edilməmişdir. Onun hüquqları pozulmuş və bu qanunsuz əməllərə görə ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçı qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş ******* (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsinin iddiaya dair məhkəməyə ünvanlanan 13 avqust 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikası vətəndaşı X23 Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq münasibəti (nikah) əsasında 2010-cu ildən 2021-ci ilədək bir neçə dəfə müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Sonuncu belə yaşama icazəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmişdir. Lakin Naxçıvan MR Ədliyyə Nazirliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli 36/e nömrəli məktubda əcnəbinin xx.xx.2020-ci il tarixli 05 nömrəli aktla nikahının pozulduğu bildirilmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.7ci maddəsinə əsasən əcnəbinin ölkə ərazisində müvəqqəti yaşama icazəsi alması üçün yeni əsasının (Azərbaycan Respublikası vətəndaşı olan övladı) mövcud olması səbəbilə şəxsə əvvəlki icazənin etibarlılıq müddətində - xx.xx.2021-ci il tarixədək yeni yaşama icazəsi vəsiqəsi verilmişdir. Əcnəbilərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazələrə əsas olmuş halların qüvvədə olmasının mütəmadi araşdırılması zamanı Türkiyə Respublikası vətəndaşı X21 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, ümumilikdə 147 gün ölkə hüdudlarından kənarda olması halı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.8-ci maddəsinə əsasən 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Qeyd olunan hal ilə əlaqədar adıçəkilən Məcəllənin tələblərinə uyğun olaraq şəxsə verilmiş müvəqqəti yaşama icazəsi ləğv edilmiş və xx.xx.2021-ci il tarixli 488 nömrəli qərarla şəxsin ölkəyə gəlmək hüququ 5 (beş) il müddətinə məhdudlaşdırılmışdır. Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən əcnəbinin vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərarla həmin əcnəbilərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur və adıçəkilən Məcəllədə mövcud vəziyyəti istina edən hallar nəzərdə tutulmamışdır. Göründüyü kimi, inzibati orqan mövcud qanunvericilik çərçivəsində öz səlahiyyətlərindən istifadə edərək müvafiq qərar qəbul etmişdir. Daha sonra əcnəbinin ailə üzvlərinin çoxsaylı müraciətləri və ailə vəhdətinin pozulmaması nəzərə alınaraq, X24 barəsində qəbul edilmiş xx.xx.2021-ci i! tarixli 488 nömrəli qərara qismən xitam verilərək, xx.xx.2023-cü il tarixli 2-5(f)27 nömrəli qərarla şəxsin ölkəyə gəlişinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılmış və xx.xx.2024-cü il tarixli müraciəti əsasında ona xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Şəxsin iddia tələbinə dair qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda etimad hüququnun qanunla qorunduğu hallar öz əksini tapmışdır. Sözügedən Qanunun 67.9-cu maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir, indiki halda isə şəxsə verilmiş müvəqqəti yaşama icazəsi Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan müvafiq tələbə riayət olunmaması nəticəsində qanunla birbaşa nəzərdə tutulmuş halda ləğv edildiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən etimad hüququnun qanunla qorunduğu hallara aid deyildir və inzibati orqan tərəfindən sözügedən halda hər hansı kompensasiyanın ödənilməsi tələbinə baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Buradan da göründüyü kimi, real zərər və əldən çıxmış faydanın nəzərə alınması barəsində inzibati akt qəbul edilmiş şəxsin birbaşa qanunazidd hərəkətləri ilə əlaqəli olduğundan, cavabdehə qarşı irəli sürülən tələbi mümkünsüz edir. Cavabdeh orqan yuxarda qeyd edilənləri və “'İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq Türkiyə Respublikası vətəndaşı X21 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X5 Baş İdarəsinə qarşı iddiasının mümkünsüzlüyü səbəbindən təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 04 mart 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsinin nümayəndəsi X11 iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 23 aprel 2019-cu il tarixli, 420 nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında qərarın surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı X21 03 aprel 2019-cu il tarixli müraciətinin təmin olunması, onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddəti 05 may 2019-cu il tarixdən 05 may 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 27 aprel 2020-cu il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi haqqında qərarın surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı X24 24 aprel 2020-ci il tarixli müracətinin təmin olunması, ona Azərbaycan Respublikasının ərazisində yeni müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 07 aprel 2021-ci il tarixli, 7756908-L nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında qərarın surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı X23 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi, onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəlyinin qoyulması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 16/488 nömrəli Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarın surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı (U22540567 nömrəli pasport) X24 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Türkiyə Respublikası vətəndaşı (U22540567 nömrəli pasport) X21 Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 24 yanvar 2023-cü il tarixli, 2-5(f) 27 nömrəli qərarının surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı X2 barəsində qəbul edilmiş Dövlət Mioqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 488 nömrəli qərarının qismən ləğv edilməsi, onun Azərbaycan Respublikasına gəlişinə qoyulmuş qadağa götürülməklə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarında aktiv statusunun dəyişdirilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan X7 ünvanlanmış 24 yanvar 2023-cü il tarixli, 06-01/84 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı əsasında İddiaçı ölkəyə gəlişi ilə bağlı tətbiq edilmiş məhdudiyyət aradan qaldırılmışdır. - Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsi tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan Türkiyə Respublikası vətəndaşı X23 ünvanlanmış 14 fevral 2024-cü il tarixli, 3-37/2-0-900-26-3-28-1919/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.8-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 7756908-L nömrəli qərarı ilə X8 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, eyni zamanda sözügedən tarixdə ölkə hüdudlarından kənara çıxarılmaqla gəlmək hüququnun 5 (beş) il müddətinə məhdudlaşdırılması barədə 488 nömrəli qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsində qeyd olunan hallar rəhbər tutularaq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 488 nömrəli qərarı qismən ləğv edilmiş və onun ölkə ərazisinə gəlməyinə dair qoyulmuş məhdudiyyət götürülmüşdür. - Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 638 nömrəli arayışdan məlum olur ki, 03 iyul 1972-ci il təvəllüdlü X24 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. - Dövlət Sərhəd Xidməti tərəfindən 28 yanvar 2025-ci il tarixdə məhkəməyə göndərilmiş X2 2005-2025-ci illər üzrə sərhədkeçmə məlumatları iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir (-) 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.8-ci maddəsinə əsasən 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İstinad edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı barəsində Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmasına dair cavabdeh tərəfindən qanunsuz qərar qəbul edildiyinə istinadla ona dəymiş ******* (bir milyon) dollar məbləğdə zərərin ödənilməsidir. İşin hallarından müəyyən olunmuşdur ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti 17 aprel 2021-ci il tarixdə iddiaçı X22 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə 16/488 saylı qərar qəbul etmişdir. İddiaçının oğlu X3 Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlhiyyətli Nümayəndəsinə 12 yanvar 2023-cü il tarixli müraciəti əsasında iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə məsələnin araşdırılması üçün nümayəndəlik tərəfindən 17 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qeydiyyat-nəzarət vərəqəsi ünvanlanmışdır. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti 24 yanvar 2023-cü il tarixdə özünün qəbul etdiyi 17 aprel 2021-ci il tarixli 488 saylı qərarını qismən ləğv edərək iddiaçı X4 Azərbaycan Respublikasının ərazisinə gəlişinə qoyulmuş qadağanın götürülməsi barədə qərar qəbul etmişdir. İddiaçı Xidmətin 17 aprel 2021-ci il tarixli 488 saylı qərarının əsassız qəbul edildiyi ehtimalından çıxış edərək hazırkı iddianı irəli sürmüşdür. Bunula bağlı məhkəmə qeyd edir ki, X26 tələbində sözügedən qərarın qanunsuz və əsassız olduğu bildirsə də, qanunsuzluğun nədə ifadə olunduğuna dair dəlillər nə iddia ərizəsində, nə də məhkəmə araşdırması zamanı bildirilməmişdir. Cavabdeh qurum isə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni iddiaçının Azərbaycan Respublikasından kənara çıxarılmasını zəruri edən şərtlərin mövcud olmasını sübut etmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırkı halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnməsinə səbəb olduğuna istinad edilən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmamışdır. Bu qərarda istinad olunan İPM-in 89.1-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qəbul etdikləri qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Yenə də bu qərarda istinad olunan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni cavabdehin qəbul etdiyi qərar nəticəsində ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmamış, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair, ən əsası isə ümumiyyətlə onun zərərə məruz qalmasına dair hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır ki, hazırki iş üzrə iddiaçının gətirdiyi dəlillər formal mülahizələrdən və əsassız ehtimallardan ibarət olmuşdur. Bu səbəbdən də, cavabdehin üzərinə qeyd olunan məzmunda məsuliyyət qoyula bilməz. Odur ki, istinad olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsinə qarşı "qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1 000 000 (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X2 cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X5 Baş İdarəsinə qarşı "qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş ******* (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar