Məhkəmə qərarları › İş №2-1(122)-34/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-34/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-34/2023 31.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Babək Rayon Polis İdarəsinə qarşı “X2 ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə onların birgə mülkiyyətində olan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.1401 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə onların birgə mülkiyyətində olan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.1401 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Babək Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçılara məxsus Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.1401 ha torpaq sahəsində fərdi yaşayış evi vardır. Həmin evdə onlar ailəlikcə yaşayırlar. Əvvəllər həmin evdə (təsərrüfatlarında) İddiaçı1 Məhəmməd oğlu, həyat yoldaşı X1, qızları İddiaçı4 və Həsənli (Bağırova) Şəlalə Qüdrət qızı qeydiyyatda olmaqla yaşamışdırlar. Sonradan, yəni 2017-ci ildə Bakı şəhərində qeydiyyatda olan X7 qızları İddiaçı4 ilə nikaha düşmək bəhanəsi ilə onların evinə (təsərrüfata) qeydiyyata düşmüşdür. Vüsal Həsənov evə qeydiyyata düşəndən sonra bu günədək onların evində 5-10 gün yaşayıb, sonra Bakı şəhərinə getmiş, heç vaxt həmin evdə daimi yaşamamışdır. Sadəcə olaraq şəxsiyyət vəsiqəsi əldə etməsi üçün onların evinə qeydiyyata düşmüşdür. O, daimi olaraq Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayır. Artıq onun fərdi yaşayış evlərində (təsərrüfatlarında) formal qeydiyyatı iddiaçılara müəyən əngəllər, problemlər yaradır. Bu səbəbdən də onların mülkiyyətləri üzərində sərəncam vermək hüququ məhdudlaşmışdır. Vüsal Həsənovun həmin mənzildən qeydiyyatdan çıxmasını tələb etsələr də, bu günədək çıxmamışdır. Yuxarıda sadalanan halları qeyd etməklə X2 iddiaçıların evinin (təsərrüfatının) qeydiyyatından çıxarılması ilə bağlı Babək Rayon Polis İdarəsinə teleqram ilə müraciət etsələr də, Babək Rayon Polis İdarəsindən verilən xx.xx.2022-ci il tarixli, 7/2653-B-202 nömrəli cavabda qeydiyyatdan çıxarılmadan imtina edilmişdir. Ona görə də X2 evin qeydiyyatından çıxarılması ilə bağlı Babək Rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulmasını istəyirlər. Göstərilənləri nəzərə alaraq iddiaçılar məhkəmədən X2 ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə onların birgə mülkiyyətində olan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.1401 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Babək Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Babək Rayon Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Babək Rayon Polis İdarəsi 05 dekabr 2022-ci il tarixli, 7/2856 nömrəli məktubla məhkəməyə ünvanlanan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, X2 Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evinin qeydiyyatından çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ərizələri icra edilə bilməz. Məhkəmənin 14 dekabr 2022-ci il tarixli, 2-1(122)-302/2022 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 31 yanvar 2023-cü il tarixə təyin edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdeh Babək Rayon Polis İdarəsi və üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəməyə çağırılan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Babək Rayon Polis İdarəsinin Babək rayon Nehrəm qəsəbə sakini İddiaçı1 ünvanladığı 16 noyabr 2022-ci il tarixli, 7/2653-B-202 nömrəli məktubdan görünür ki, X2 Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Babək rayon Nehrəm qəsəbəsində 0.1401 kv.m. torpaq sahəsində yerləşən 141.34 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində 23/13 nömrəli reyestr kitabının 2540 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, 2387 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq olunmuş surətindən aydın olur ki, Babək rayon Nehrəm qəsəbəsində yerləşən fərdi yaşayış evi **********30-10301 reyestr nömrəsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına qeydiyyata alınmışdır. - JN-1424A, KOD 10300058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, həmin şəhadətnamə ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarına əsasən Babək rayon Nehrəm kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 0.15 ha torpaq sahəsi verilmişdir. - Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 4073 nömrəli arayışdan görünür ki, İddiaçı1 həqiqətən, Nehrəm qəsəbəsində yaşayır. - Babək Rayon Hakimiyyətinin Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 4074 nömrəli arayışdan məlum olur ki, Babək rayon Nehrəm qəsəbəsində yaşayan İddiaçı1 aşağıdakı ailə üzvləri vardır: İddiaçı2 (1967), İddiaçı4 (1990), X7 (1987) - Babək Rayon Polis İdarəsi tərəfindən 10 iyun 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 1964-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı1 Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. - Babək Rayon Polis İdarəsi tərəfindən 16 oktyabr 2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, 20 avqust 1967-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı2 Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. - Babək Rayon Polis İdarəsi tərəfindən 02 aprel 2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı3 Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. - Babək Rayon Polis İdarəsi tərəfindən 09 sentyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı4 Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətindədir. Üçüncü şəxs hazırda həmin evdə yaşamadığından onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçilərin öz mülkiyyətləri barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.4-cü maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq müəyyən edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxs X2 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmaması qanunazidd olmaqla, iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Babək Rayon Polis İdarəsinə qarşı “X2 ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə onların birgə mülkiyyətində olan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.1401 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X2 ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə onların birgə mülkiyyətində olan Babək rayon Nehrəm qəsəbəsində yerləşən 0.1401 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Babək Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar