Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-340/2023 31.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatına qarşı “Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının 25 fevral 2020-ci il tarixli iclasının (potokol N2) qərarının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərarın ləğv olunması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatına qarşı Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının 25 fevral 2020-ci il tarixli iclasının (potokol N2) qərarının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək şifahi icraat qaydasında mümkünlük iclası 31 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin İddiaçı 03 mart 2023-cü il tarixli yardım məktubu göndərilərək bildirilmişdir ki, inzibati məhkəmə icraatında inzibati orqanların qanunsuz hərəkətləri (hərəkətsizliyi) və ya inzibati aktları nəticəsində pozulmuş hüquqların müdafiəsini təmin etmək məqsədilə inzibati mübahisələrə baxılır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən müəyyənləşdirilmişdir. Hazırkı iddia tələbində cavabdeh qismində Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı qeyd edilmişdir. Nazirlər Kabinetinin müvafiq siyahısında cavabdeh qismində qeyd edilmiş təşkilatın adı öz əksini tapmamışdır. Bununla da hazırkı iddianın predmetinin inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilənliliyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının 30 yanvar 2023-cü il tarixli, 06 nömrəli məktubundan görünür ki, Yeni Azərbaycan Partiyası Kəngərli rayon X1 yığıncağının 25 fevral 2020-ci il tarixli protokolundan çıxarış iddiaçıya göndərilmişdir. Bununla da, hüquqlarınızın və qanunla qorunan maraqlarınızın hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hüquqlarının və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən pozulduğunu əsaslandıran sübutların və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizənin 5 (beş) gün ərzində (məktubu aldıqdan sonra) məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 31 mart 2023-cü il tarixədək müddət təyin edilmiş, həmçinin iddia tələbinizin dəqiqləşdirilməsi təklif edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmənin 03 mart 2023-cü il tarixli yardım məktubunu 13 mart 2023-cü il tarixdə imza edərək almasına baxmayaraq, məktubda qeyd olunan məsələlərə hər hansı münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və cavabdeh Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı məhkəməyə 10 mart 2023-cü il tarixli, 09 nömrəli məktub göndərərək iddia ilə əlaqədar mümkünlük iclasında işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının 25 fevral 2020-ci il tarixli iclasının (potokol N2) qərarının ona verilməsini və həmin qərarın ləğv edilməsini tələb edir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh qismində tanınmış Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı inzibati orqanların siyahısında təsnif edilməmişdir. Belə ki, inzibati məhkəmə icraatında inzibati orqanların publik hüquq sahəsində irəli gələn hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsi ilə bağlı iddialara baxılır. Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda təsnif edilmədiyi kimi, hazırkı mübahisə də publik hüquq sahəsinə aid olan mübahisələrin tənzimlənməsinə xidmət etmədiyindən, məhkəmə hesab edir ki, hazırkı iş inzibati məhkəmə icraatı qaydasında mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən siyasi partiyalar könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq, qanunçuluq və aşkarlıq prinsipləri əsasında təsis edilir və fəaliyyət göstərirlər. Qanunun mənasından da aydın olduğu kimi siyasi partiyalarla fiziki şəxslər arasında yaranmış mübahisələr inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçının tələbinin birinci hissəsində öz əskini tapmış Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının 25 fevral 2020-ci il tarixli iclasının (potokol N2) qərarının ona verilməsi və tələbin ikinci hissəsində qeyd edilmiş həmin qərarın ləğv olunmasına münasibətdə isə qeyd edilməlidir ki, hazırkı mübahisə inzibati məhkəmə icraatının predmeti hesab edilmədiyindən, məhkəmə tərəfindən digər mümkünlük şərtlərinin aydınlaşdırılması zərurəti yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq olunmuş “İnzibati orqanların Təsnifatı”nda Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları inzibati orqan kimi təsnif edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil edilir. - 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. - 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati məhkəmə icraatı qaydasında aparılan inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 4.1-ci bəndində qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. - 17-ci bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunmalıdır ki, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması, irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olub-olmaması, mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqe ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması və belə iradə ifadəsinin iddiaçının hüquqlarına toxunmasının və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2012-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. Hazırkı iddia tələbi üzrə mümkünlük məsələləri ilə bağlı İddiaçı yardım məktubu ünvanlanaraq müvafiq sübutların məhkəməyə təqdim edilməsi, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin yardım məktubunda göstərilən məsələlərlə bağlı hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya hazırkı tələb ilə bağlı aidiyyəti üzrə səlahiyyətli məhkəmədə iddia qaldırmaq hüququ izah edilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatına qarşı “Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının 25 fevral 2020-ci il tarixli iclasının (potokol N2) qərarının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərarın ləğv olunması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatına qarşı “Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının 25 fevral 2020-ci il tarixli iclasının (potokol N2) qərarının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qərarın ləğv olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-340/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-340/2023
31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver