Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-340/2025 12.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri X3 və X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 27 iyun 2024 tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2024 tarixli **********185449 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC-nin direktoru tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2007-ci il tarixdə 1207-05-204 VÖEN nömrəsi ilə və xx.xx.2008-ci il tarixdə isə yeni ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Bugünə qədər heç bir vergi qanunvericiliyinin tərəflərindən pozulmadığını, sosial və tibbi sığortaların vaxtında ödənildiyini bildirərək, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024 tarixli **********185449 saylı qərarı və **********287700 saylı tələbnaməsinin ləğv edilməsi, onlardan tutulmalı olan 898534,26 azn sığorta haqları və 508975,03 azn maliyyə sanksiyasının ləğv edilməsi və bunların yerinə yetirilməsi barədə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə öhdəliklərin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ərizəsi göndərərək, iddia tələbinə “Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 27 iyun 2024 tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2024 tarixli **********185449 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 13 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1224/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 05 sentyabr 2024-cü il tarixli, **********716700 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1 və 222.1-ci maddələri ilə ibtidai istintaq aparılan ********* nömrəli cinayət işi üzrə növbədənkənar sayyar vergi yoxlamasının keçirilməsi barədə 24 noyabr 2023-cü il tarixli qərarı 24 noyabr 2023-cü il tarixli 3-4-12/2-1158/2023 nömrəli məktubla Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Daxil olmuş qərarda "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və X5 (VÖEN **********) təsisçisi olan ve həmin məhdud məsuliyyətli cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirən X4 1 yanvar 2017-ci il tarixdən 1 noyabr 2023-cü il tarixədək olan dövr ərzində sahibkarlıqdan gəlirlərinin vergilərinin düzgün hesablanıb-hesablanmamasının, vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının və vergilərin tam ödənilib-ödənilməməsi vəziyyətinə dair yoxlama təyin edilməsi ilə bağlı müvafiq göstəriş verilmişdir. "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama dövrünü Yanvar 2017-Oktyabr 2023-cü il, yenidən yoxlama dövrünü isə Yanvar 2017-Fevral 2017-cü illər əhatə etmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********180214 nömrəli akt vergi ödəyicisinə təqdim edilmiş və vergi ödəyicisi tərəfindən akt imzalanmaqdan imtina edilərək, səyyar vergi yoxlaması zamanı tərtib olunmuş aktda Vergi Məcəlləsinin 175.1-ci ve 58.1-ci maddələrinə istinadən hesablanmış vergi məbləğlərinin və tətbiq edilmiş maliyyə sanksiyalarının düzgün müəyyən edilmədiyini bildirilərək yuxarıda göstərilən məsələyə yenidən baxılmasının zəruri olduğu qeyd edildiyindən Vergi Məcəlləsinin 49.1.3cü maddəsinə ve "səyyar vergi yoxlamasının keçirilməsi qaydalarının 50.2.3-cü bəndinə əsasən əlavə vergi yoxlaması tədbirinin keçirilməsinə icazə verilməsi haqqında xidməti məruzə edilmiş və xx.xx.2024-cü il tarixdə "əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi" haqqında qərar qəbul olunmuş və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 60 iş günü müəyyən edilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlanılmış ve xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. xx.xx.2024-cü il tarixdə "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında **********185449 nömrəli qərar qəbul olunmuşdur. Qərara əsasən mənfəət vergisi üzrə: yoxlama ilə 2018-ci il üzrə 5945.86 manat, 2019-cu il üzrə 6945.15 manat, 2020-ci il üzrə 1699.58 manat, 2021-ci il üzrə 1509.24 manat va 2022-ci il üzrə 1966.14 manat mənfəət vergisinin artıq hesablanması müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə mənfəət vergisinin cəmi 18065.97 manat artıq hesablanması müəyyən olunmuşdur. Yoxlama ilə əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi pozulduğuna görə 916895.62 manat azaldılması və 295.39 manat artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 916895.62 manat vergi məbləğinə 50% miqdarında, yəni 458447.81 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinin pozulması üzrə: yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə 285272 manat məbləğində malların elektron qaiməfaktura təqdim edilmədən satılması aşkar edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 %-i miqdarında, yəni 28575.20 manat məbləğində maliyya sanksiyası tətbiq olunur. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbi pozulmaqla (təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi) 250000 manat nağd ödənişlərin aparıldığı aşkar edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən aparılan əməliyyatların ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10% məbləğində, yəni 22000 manat ((25000-30000) * 10 % = 22000)) maliyyə sanksiyası tətbiq olunur. Ümumilikdə "xxxx" MMC vergi qanunvericiliyin pozulmasına görə 1407509.29 manat miqdarında məsuliyyətə cəlb edilmişdir. Cavabdeh göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC-nin iddiası əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X8 və X6 etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 22 iyul 2024-cü il tarixli **********185449 saylı Qərarından məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli **********178744 saylı Qərarından məlum olur ki, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2017-oktyabr 2023-cü illər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Səyyar Vergi yoxlamasının keçirilməsi müddətinin uzadılması haqqında” 17 yanvar 2024-cü il tarixli **********180250 saylı Qərarından məlum olur ki, "xxxx" MMC üzrə keçirilən Səyyar Vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Səyyar Vergi yoxlamasının keçirilməsi müddətinin uzadılması haqqında” 29 fevral 2024-cü il tarixli **********181509 saylı Qərarından məlum olur ki, "xxxx" MMC üzrə keçirilən Səyyar Vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - Səyyar Vergi yoxlaması aktına baxılma haqqında 24 may 2024-cü il tarixli protokoldan məlum olur ki, vergi ödəyicisi tərəfindən alınmış mal-materialların dəyəri və ƏDV-si satıcının bank hesabına ödənildiyindən ƏDV məbləği qarşı tərəfin ƏDV depozit hesabına ödənilmədiyi üçün əvəzləşmələr nəzərə alınmamış və ödənilən ƏDV məbləğləri Mənfəət vergisi bəyannaməsində mal-materialların ilə dəyəri ilə birlikdə xərc kimi nəzərə alınmışdır. 2018-ci il vergi tutma məqsədləri üçün mənfəətə 157091.20 manat azalma verilmişdir. 2018-ci il mənfəət vergisi üzrə 5 945.86 manat artıq hesablanması müəyyən olunmuşdur. 2019-cu il vergi tutma məqsədləri üçün mənfəətə 163889.59 manat azalma verilmişdir. 2019-cu il mənfəət vergisi üzrə 6945.15 manat artıq hesablanması müəyyən olunmuşdur. 2020-ci il vergi tutma məqsədləri üçün mənfəətə 164512.63 manat azalma verilmişdir. 2020-ci il mənfəət vergisi üzrə 1699.58 manat artıq hesablanması müəyyən olunmuşdur. 2021-ci il vergi tutma məqsədləri üçün mənfəətə 152223.13 manat azalma verilmişdir. 2021-ci il mənfəət vergisi üzrə 1509.24 manat artıq hesablanması müəyyən olunmuşdur. 2022-ci il vergi tutma məqsədləri üçün mənfəətə 158567.54 manat azalma verilmişdir. 2022-ci il mənfəət vergisi üzrə 1966.14 manat artıq hesablanması müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə mənfəət vergisinin cəmi 18065.97 artıq hesablanması müəyyən olunmuşdur. Əlavə dəyər vergisi üzrə ödəyicisi tərəfindən mal, iş və xidmətlərə görə ödənilməli olan ƏDV məbləği, satıcının bank hesabına köçürülmüş və əvəzləşdirilimişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulduğuna görə cəmi 916814.41 manat məbləğində əvəzləşmələr ləğv edilmişdir. Yoxlama ümumilikdə ƏDV üzrə vergi məbləğinin 916814.41 manat azaldılması və 295.39 manat artıq hesablanması aşkar edilmişdi. Azaldılmış 916814.41 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 458407.23 manat maliyyə sanksiyası təklif olunmuşdur. - Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 27 may 2024-cü il tarixli, **********2183724 saylı Qərardan məlum olur ki, keçirilmiş Səyyar Vergi yoxlaması materiallarına yenidən baxılması məqsədilə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. - 27 iyun 2024-cü il tarixli, **********180214 nömrəli Səyyar Vergi yoxlaması aktından məlum olur ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən alınmış mal-materiallarının dəyəri və ƏDV-si satıcının bank hesabına ödənmiş, ƏDV məbləği satıcının bank hesabına köçürülmüş və əvəzləşdirilmiş, Vergi hesab fakturaları və elektron qaimə fakturaları üzrə cəmi 916 895.62 manat məbləğində əvəzləşmələr ləğv edilmiş, elektron qaimə fakturaları təqdim edilməli olduğu halda malların elektron qaimə faktura verilmədən təqdim edilməsi aşkar olunmuşdur. Bununla da maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. - "xxxx" MMC-in 2017-2024-cü illər üzrə şəxsi hesab vərəqəsi iş materiallarına əlavə edilmişdir. - SOCAR PETROLEUM QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 sentyabr 2024-cü il tarixli, 14-2-24/2-1232/2024 nömrəli məktubdan məlum olur ki, MMC ilə QSC arasında xx.xx.2023-cü il tarixdən 31 12.2023-cü il tarixədək SP- SNT-0797-2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə üzrə neft məhsulları alınmamışdır. MMC ilə QSC arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək SP-SNT0705-2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 13-23 saylı Naxçıvan neft baza sahəsi vasitəsilə neft məhsulları verilmiş, dəyəri isə tam şəkildə MMC tərəfindən ödənilmişdir. Müştərinin cari hesabı haqqında hesabatdan aydın olur ki, hansı məbləğdə və hansı tarixlərdə əlavə dəyər vergisi MMC tərəfindən ödənilmişdir. Əlavə olaraq qeyd edirik ki, MMC ilə QSC arasında 2017-2022-ci il tarixlərində hər hansı müqavilə bağlanmamışdır. - Naxçıvan MR Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 06 dekabr 2024-cü il tarixli məktubla göndərilmiş 05 avqust 2024-cü il tarixli, 886 nömrəli məhkəmə mühasibatlıq rəyindən məlum olur ki, "xxxx" MMC-də 27 iyun 2024-cü il tarixli, **********180214 saylı səyyar vergi yoxlaması aktının və əlavə iş materiallarında göstərilənlərin düzgünlüyü nəzərə alındıqda aşkarlanmış mənfəət vergisinin cəmi 18065,97 manat artıq hesablanma, ƏDV üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi pozulduğuna görə 916895,62 manat az hesablanma və 295,39 manat artıq hesablanma müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə 285272,00 manat məbləğdə malların elektron qaimə faktura təqdim edilmədən satılması və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbi pozulmaqla 250000,00 manat nağd ödəniş aparılması səyyar vergi yoxlamasında düzgün hesab edilmişdir. Qoyulmuş suallar üzrə səyyar vergi yoxlaması aktlarında göstərilmiş rəqəmlərlə iş materiallarında əks olunmuş rəqəmlər üstünlük təşkil etmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 dekabr 2024-cü il tarixli, **********522200 nömrəli məktubdan məlum olur ki, Vergi nəzarəti tədbirləri çərçivəsində "xxxx" MMC-yə 7 dekabr 2023-cü il tarixli **********786500 nömrəli məktubla göndərilmiş 5 dekabr 2023-cü il tarixli **********178837 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamələr iş materiallarına əlavə edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 dekabr 2024-cü il tarixli, **********717400 nömrəli məktubdan məlum olur ki, Naxçıvan MR Ali Məclisi sədrinin 29 dekabr 2023-cü il tarixli 225-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.5.9-cu bəndi ilə Xidmətin rəisinə əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul etmək səlahiyyəti verilmişdir. 30 noyabr 2023-cü il tarixli **********262700 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi məzuniyyətdə olduğundan rəis vəzifələrinin müvəqqəti icrası X2 həvalə edilmiş və xx.xx.2023-cü il tarixli **********717300 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar onun tərəfindən qəbul edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 iyun 2025-ci il tarixli, 3-21-2-24/2- 17864/2025 nömrəli məktubdan məlum olur ki, Vergi Məcəlləsinin 13.2.40-cı maddəsinə əsasən ƏDV-nin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmişdir. "ƏDV-nin depozit hesabı" altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulur. Bu sistem vasitəsilə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsi təmin olunur. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) xx.xx.2009-cu il tarixdən vergi məcəlləsinin 156.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyatdadır və qeyd olunan vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinə ƏDV-nin mədaxili, uçot hərəkəti və dövlət büdcəsinə ödənilməsi ilə bağlı yaradılmış texniki imkanlar barəsində heç bir şikayət daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.2.Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.5. vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil etməyə və qiymətləndirməyə, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə; 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 20.6. Yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 32.1. Yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmənin əsaslandırması: Məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 27 iyun 2024 tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2024 tarixli **********185449 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, neft məhsullarının alqı-satqısı barədə müqavilələrdə alınmış malın dəyəri və eyni zamanda malın dəyərinə hesablanmış ƏDV satıcının depozit hesabına həmin müqavilədə göstərilən satıcının bank rekvizitlərinə əsasən ödənilməsi şərti yerinə yetirildikdən sonra malın buraxılışının həyata keçirilməsi mümkün olmuşdur. Həmçinin cavabdehin Səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticəsi üzrə verilmiş Rəydən görünür ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən alınmış malmaterialların dəyəri və ƏDV-si satıcının bank hesabına köçürülmüş və əvəzləşdirilmişdir. Cavabdehin iddia tələbinə dair gətirdiyi əsas arqumentlər iddiaçının ödədiyi ƏDV məbləğinin qarşı tərəfin ƏDV depozit hesabına ödənilmədiyi üçün əvəzləşmələrin nəzərə alınmaması və həmin ƏDV məbləğlərinin mənfəət vergisi bəyannaməsində malmaterialların dəyəri ilə birlikdə xərc kimi nəzərə alınması kimi olsa da, tərəflər məhkəməyə verdikləri izahatlarında hal-hazırda da, əvvəlki qaydada, yəni alınmış mal-materialların dəyərinin və ƏDV-nin satıcının bank hesabına köçürülüb əvəzləşdirilmək yolu ilə malların alqı-satqısı həyata keçirildiyini bildirmişlər. Vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə-fakturadan da aşkar görünür ki, Naxçıvan Neft və X7 Müəssisəsi neft məhsullarının alqı-satqısı üzrə analoji fəaliyyətlə məşğul olan bütün vergi ödəyiciləri ilə həmin qaydada fəaliyyət göstərir. Göründüyü kimi, vergi orqanı tərəfindən barəsində qərar qəbul edəcəyi vergi ödəyicisinin ödəməli olduğu ƏDV məbləğlərini ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə, ƏDV-nin ödənilib-ödənilmədiyini göstərən sənədlərə müvafiq müəyyən etməli olduğu halda bunu etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən və onun üçün hüquqi nəticələr yaradan qəbul edilmiş inzibati aktlar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki əksi büdcə zərərinin olmaması ilə yanaşı iddiaçının ƏDV məbləğlərinin ikiqat ödənilməsinə məruz qalması ilə nəticələnəcəkdir ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Digər yandan ƏDV-nin depozit hesabına ödənilməsi qaydası (Vergi Məcəlləsinin 175.1-ci maddəsi) pozulsa belə, əgər əməliyyatın vergi tərəfi, yəni ƏDV-nin büdcəyə daxil olması təmin edilibsə, formal tələbin pozulması mütləq şəkildə eyni məbləğin ikinci dəfə ödənilməsinə gətirib çıxarmamalıdır. Bu həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsindən irəli gəlir. Belə ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə qeyd etməyi vacib sayır ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək, vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər vermək vergi orqanlarının bilavasitə vəzifəsi kimi müəyyən edilmişdir (VM 24.1.1, 24.1.2, 24.1.5). Bu mənada inzibati orqanın özünün məsuliyyət sferasına aid olan məsələləri həll etmədən qəbul etdiyi istənilən qərar formal-hüquqi baxımdan qüsurlu sayılır. Nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Həmçinin məhkəmə hesab edir ki, Vergi Orqanı tərəfindən 2017-ci ildən (yəni 3 ildən kəskin artıq) başlayan dövrün yoxlanılması Cəmiyyətin qanuni gözləntilərini pozmuş və hüquqi yəqinlik prinsipini sarsıtmışdır. AİHM-in presedentləri Konvensiyanın 6-cı maddəsinin tətbiqini məhkəmə proseslərinin ədalətli olmasına yönəlsə də, bu, vergi orqanlarının inzibati qərar qəbul etmə prosesinin ədalətliliyini də dolayı yolla əhatə edir. Budişin və Digərləri Rumıniyaya qarşı iş: (2016) Ədalətli İcraat və Araşdırma Öhdəliyi: Dövlət orqanları qərar qəbul edərkən işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verilməmiş, nəticədə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə yuxarıda istinad olunan qanunvericiliyin tələbləri pozulmaqla qüsurlu inzibati aktlar qəbul edilmişdir. Ona görə də, aktlar bütövlükdə qanuni əsaslandırmaya malik deyil. Odur ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 27 iyun 2024 tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2024 tarixli **********185449 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi tələbi"nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 27 iyun 2024 tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2024 tarixli **********185449 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-340/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-340/2025
12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver