Məhkəmə qərarları › İş №2-1(122)-342/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-342/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-342/2025 21.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək ona veteran adı və vəsiqəsi verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-7828/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, ***-**** saylı cavab məktubu ilə ona veteran adı verilməsi üzrə müraciətinə imtina edilmişdir. Polis şöbəsinin nəzdində yaranmış könüllü dəstədə Sədərək istiqamətində döyüşməyi haqqında Polisin xx.xx.1994-cü il tarixli arayışını, ona məxsus olan hərbi biletin surətini, Veteranlar Birliyinin 38537 saylı vəsiqənin surətini iddia ərizəsinə əlavə etmişdir. İddiaçı qeyd olunanlara əsasən ona veteran adı və vəsiqəsi verilməsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə qardaşı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona veteran adı və vəsiqəsi verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə cavabdeh qismində qeyd edilən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə əvəz edilməsi, eləcə də iddia tələbini dəqiqləşdirərək, iddia tələbinin “İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazdığı 03 iyun 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 03 iyun 2025-ci il tarixli, 2-1(122)-342/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə əvəz edilmiş, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 29 iyul 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, cavabdeh qismində qeyd edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 13 avqust 2025-ci il tarixli iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1- dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyəti ümumiyyətlə "Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları"nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməmişdir. X3 Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 26/2-584/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünü müdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə məlumat Sədərək Rayon İcra Hakimiyyətində və Dövlət Arxivində aşkar olunmamışdır. Cavabdeh göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 21 oktyabr 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə prosesində iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 24 iyun 2022-ci il tarixli, ***-**** nömrəli məktubdan məlum olur ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət keçməsi barədə heç bir məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Azərbaycan DİN Naxçıvan MR Sədərək Rayon Xalq deputatları Soveti İcraiyə Komitəsi Polis Şöbəsi 06 yanvar 2024-cü il tarixli, 06/01 arayışından görünür ki, Dəmirçi kənd sakini İddiaçı bir neçə il Sədərək rayon Polis Şöbəsi nəzdində yaranmış könüllü dəstədə erməni işğalçılarına qarşı vuruşmalarda fəal iştirak etmişdir. - Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin 03 noyabr 1997-ci il tarixli, 36537 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvüdür. - H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxx 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1978-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi biletin 7-ci səhifəsində “1992-ci ildə Sdədərək döyüşlərində iştirak edib” qeydi yazılmışdır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1959cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 avqust 2024-cü il tarixli, 2720 nömrəli məktubdan görünür ki, X4 Komitəsinin Arxivdə saxlanılan 1992-ci ilin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. - Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 oktyabr 2024-cü il tarixli, 5-26/2-584/2024 nömrəli məktubdan görünür ki, İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünü müdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə məlumat Sədərək Rayon icra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində aşkar olunmadı. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 oktyabr 2024-cü il tarixli, 3-13-43/2-15207/2024 nömrəli məktubdan görünür ki, Sədərək rayonunun Dəmirçi kənd sakini İddiaçı Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında xidmət etməsi, Sədərək Rayon Polis Şöbəsi nəzdində yaranmış könüllü dəstədə erməni işğalçılarına qarşı vuruşmalarda fəal iştirak etməsi barədə nazirliyin arxivində heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 oktyabr 2024-cü il tarixli, 3565 nömrəli məktubdan görünür ki, X4 Komitəsinin Arxivdə saxlanılan 1992-ci ilin “Nizami hissə üzrə əmrlər kitabınnda İddiaçı haqqında məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 14-cü maddəsinə əsasən, aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün—hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün—hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün— hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün— hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” AR Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının əsas hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən ibarətdir. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından, iddiaçı “müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. İş materiallarında olan arxiv arayışından aydın görünür ki, İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünü müdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə məlumat Sədərək rayon Dövlət Arxivində məlumat yoxdur. İddiaçıya məxsus hərbi biletdə onun döyüşlərdə iştirakı barədə qeyd aparılmışdırsa da, bu hal arxiv arayışları ilə təsdiqlənmədiyindən təkbaşına hər hansı sübut əhəmiyyəti daşıya bilməz. Belə ki, hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir. Hazırkı mübahisəyə münasibətdə hərbi biletdəki məlumatları təsdiq edən hərbi hissələrin nizami hissə üzrə Əsasnamə ilə tələb olunan məzmunda əmrləri və ya arxiv arayışları iş üzrə materiallarda mövcud deyildir və iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletə əlavə edilmiş Xidmət-Uçot Kartoçkasının Hərbi xidmət keçmə barədə İİ hissəsinin 17-ci qrafasında döyüşlərdə iştirak etməsinə dair bölməsində də hər-hansı qeyd aparılmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi polis şöbəsinin nəzdində yaranmış könüllü dəstədə Sədərək istiqamətində döyüşməsi haqqında xx.xx.1994-cü il tarixli arayışa, ona məxsus olan hərbi biletin surətinə, Veteranlar Birliyinin 38537 saylı vəsiqəsində qeyd edilən məlumatlara istinad etsə də, həmin sənədlərdən onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparan hansı hərbi hissəyə, və ya orqana ezam olunduğu eləcə də onun özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşməsi müəyyən olunmur. Halbuki yuxarıda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə müharibə veteranı adı o hərbi qulluqçulara verilir ki, onların iştirakı müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında sübuta yetirilsin. Bununla da, hazırkı iddia üzrə verilmiş arxiv arayışlarından iddiaçının döyüşən hərbi hissənin tərkibində iştirak etməsi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərtinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Buna görə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar iddiaçının “müharibə veteranı” statusunu əldə etməsinə mane olur. Qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığına görə də, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar