Məhkəmə qərarları › İş №2-1(122)-344/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-344/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-344/2025 28.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mərhum əri X2 mülkiyyətinə verilmiş Babək rayon Uzunoba kəndi ətrafında yerləşən torpaq sahəsinin ona geri qaytarılması və ya həmin torpaq sahəsinin dəyəri olan 20 000 ( iyirmi min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 mülkiyyətinə verilmiş Babək rayon Uzunoba kəndi ətrafında yerləşən torpaq sahəsinin ona geri qaytarılması və ya həmin torpaq sahəsinin dəyəri olan 20 000 ( iyirmi min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq qeyd olunan torpaq sahəsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli, 35 və 36 nömrəli sərəncamlarının olduğu, əvvəlcə həmin sərəncamların mübahisələndirilməsinin daha məqsədəmüvafiq olduğu bildirilmiş və iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi tövsiyə olunmuşdur. İddiaçının vəkili və nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. -3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. -16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmənin əsaslandırması: Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsi ilə bağlı “Uzunoba” və “Sirab” gölü ətrafında yerləşən 93.0 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi və Babək rayon inzibati ərazisinə daxil edilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli, 35 və 36 nömrəli sərəncamları mövcuddur və həmin sərəncamlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli Qərarı ilə təsdiq edilmişdir. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır Göründüyü kimi yuxarıda qeyd olunan şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlardan heç biri cavabdeh tərəfindən qəbul edilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi X7 sərhədləri daxilində, dövlət mülkiyyətində olan su fondu torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf həmin sərəncam barədə əvvəlcədən məlumatlı olmuşdur. Lakin iddiaçı tərəf inzibati aktın onlara məlum olduğu vaxtdan 15 il müddət keçdikdən sonra, həmin iddiaya cavab verməli olmayan orqana yönəltməklə, məhkəmədə iddia qaldırmış, həmçinin qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüş və prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə xüsusilə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilmişdir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1 və 64.2-ci maddələri nəzərdə tutur ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də, sadalanan normaların tələblərinə və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının hazırkı tələb üzrə çatmaq istədiyi məqsədə qaldırılmış və ya gələcəkdə qaldırılacaq iddialarla nail olmaq mümkün deyil. Odur ki, məhkəmə İddiaçı Cavabdehnə qarşı “mərhum əri X2 mülkiyyətinə verilmiş Babək rayon Uzunoba kəndi ətrafında yerləşən torpaq sahəsinin ona geri qaytarılması və ya həmin torpaq sahəsinin dəyəri olan 20 000 ( iyirmi min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar