Məhkəmə qərarları › İş №2-1(122)-347/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-347/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-347/2024 27.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla ona təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən, xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illər əlavə olunmaqla əmək stajına hesablanması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə yazaraq xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlar arası təchizat bazasında işlədiyi stajın göstərilməsini xahiş etsə də, 30 avqust 2023-cü il tarixli, 3-17-9-1/2-K-90/2023-cü il tarixli məktubda qeyd olunan müddətlərə münasibət bildirilməmişdir. Bundan sonra yenidən 05 sentyabr 2023-cü il tarixində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna məktub yazaraq onun yaşa görə pensiya hüququ 10 iyul 2023-cü il tarixində yaranmışdır. Həmin zaman əmək kitabçasını təqdim etmiş, 2006-cı il tarixədək əmək kitabçasında 30 il 10 ay əmək stajı olmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 avqust 2023cü il tarixli, 3-17-9-1/2-K-90/2023-cü il tarixli məktubda 28 il 8 ay sığorta stajının 8 il 1 ayı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli, 13/1169 nömrəli arxiv arayışında öz əksini tapdığı qeyd olunur. Sonradan həmin məktubda pensiya kapitalının məbləği 26206.46 manat olaraq qeyd edilmiş və aylıq 342 manat 78 qəpik yaşa görə əmək pensiyası hesablanmışdır. Qeyd etmək istəyir ki, əmək stajı 32 il olduğu halda, 28 il olaraq qeyd olunmuş və pensiya kapitalının məbləği (2006, 2014 və 2017-ci illər istisna olmaqla) 27942.32 qəpik olduğu halda pensiya kapitalının məbləği 26206.16 manat göstərilmişdir. 30 avqust 2023-cü il tarixli, 3-17-9-1/2-K-90/2023-cü il tarixli məktubda işlədiyi idarələrin hansı illər arxiv arayışının olmaması barədə məlumat verilməsinin xahiş etsə də, qeyd olunan nüansa münasibət bildirilməmişdir. İddiaçı göstərilənlərə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən, xx.xx.2001ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illər əlavə olunmaqla əmək stajına hesablanması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 20 fevral 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1958-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı, 05 sentyabr 2023cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin iş stajının göstərilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən onun 1974-cü il tarixdən 2006-cı il tarixədək 30 il 10 ay 15 gün sığorta stajı vardır. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 2023-cü il 13 iyul 13/1169 nömrəli arxiv arayışında İddiaçı Naxçıvan Sənaye Tikinti Nazirliyinin istehsalat və X3 edilməsi Trestində xx.xx.1981-ci il tarixli, 170 nömrəli əmrlə İİ dərəcəli “armaturçu” qəbul edilməsi, xx.xx.1982-ci il tarixli, 10 nömrəli əmrlə işdən azad olunması, X10 Fabrikində xx.xx.1982-ci il tarixli, 7 LS nömrəli əmrlə anbara işə qəbul edilməsi, xx.xx.1982-ci il tarixli, 95 LS nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərildiyini, eləcə də Naxçıvan Rayonlararası Mənzil İstismar Sahəsinin 1980-1981-ci illərə dair sənədlərində və Baş-Başı rayonlararası kimya məhsulları təchizat bazasının 1982-1997-ci illərə dair sənədlərində İddiaçı adına rast gəlinmədiyi qeyd edilmişdir. İddiaçının əmək kitabçası üzrə yuxarıda qeyd edilən sığorta stajının yalnız 8 il 1 ayı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Qeyd olunduğu kimi sığorta stajının tanınması üçün mühüm şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Hazırkı halda isə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi dövrlərdə əmək haqqı alması və onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktı öz təsdiqini tapmır. Bu isə öz növbəsində iddiaçının həmin dövrlərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini mümkünsüz edir. İddiaçının pensiyasının hesablanması zamanı onun 01 yanvar 2006-cı il tarixədək sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə müvafiq oteraq 25 il nəzərə alınaraq 23.152.75 manat məbləğində pensiya kapitalı və 01 yanvar 2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək isə fərdi hesabında qeyd olunmuş 26.206.46 manat məbləğində pensiya kapitalına uyğun olaraq aylıq 342.78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna pensiya kapitalının yenidən hesablanması ilə bağlı müraciətindən sonra 01 yanvar 2006-cı il tarixindən hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 27.942.19 manat pensiya kapitalına əsasən, onun pensiyası yenidən hesablanmış və aylıq məbləğ 12.04 manat artırılaraq pensiya məbləği 354.83 manata çatdırılmış, keçmiş dövr üçün ödənilməyən 32.65 manat məbləğ 2023-cü ilin oktyabr ayının pensiya ödənişində pensiyasının üzərinə əlavə olunaraq ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illər əlavə olunmaqla əmək stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 01 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək, hazırki iddia tələbinin "xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla ona təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 mart 2024-cü il tarixli, 2-1(122)-347/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadələri: 20 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X6 ona ünvanlanmış suallları cavablandıraraq İddiaçı tanıdığını, onunla iş yoldaşı olduğunu, iddiaçının onunla birgə işləməsini təsdiq etdiyini, Naxçıvan rayonlararası təchizat bazasında 1982-ci ildən 1989-cu ilə qədər işlədiyini, Naxçıvan rayonlararası təchizat bazasında anbar mühasibi vəzifəsində işlədiyini, işə daxil olanda iddiaçının orada həm kassir, həm də anbar mühasibi vəzifəsində işlədiyini, işlədiyi dövrdə direktorun Tahir Babayev olduğunu, o, işdən çıxanda iddiaçının orada işləməyə davam etdiyini, iddiaçının idarə ləğv olunana qədər orada işlədiyini, onun əmək haqqının 90 manat olduğunu, hazırda 520 manat pensiya aldığını, ümumilikdə 40 il stajı olduğunu, Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin pensiyası hesablanarkən nəzərə alınıbalınmaması barədə dəqiq məlumatının olmadığını bildirmişdir. 20 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X8 ona ünvanlanmış suallları cavablandıraraq İddiaçı tanıdığını, onunla keçmişdə iş yoldaşı olduğunu, iddiaçının onunla birgə işləməsini təsdiq etdiyini, Naxçıvan rayonlararası təchizat bazasında 1983-cü ildən 2001-ci ilə qədər işlədiyini, Naxçıvan rayonlararası təchizat bazasına işə qəbul ediləndə texnikaların yığılması və sökülməsi üzrə mühəndis vəzifəsində olduğunu, kran işlətdiyini, daha sonra anbar müdiri olduğunu, Naxçıvan rayonlararası təchizat bazasında işə daxil olduğu dövrdə İddiaçı həmin təşkilatda işlədiyini, vəzifəsinin həm kassir, həm də anbar mühasibi olduğunu, o, işdən çıxanda da iddiaçının həmin təşkilatda işlədiyini, o, işə girəndə direktorun Tahir Babayev olduğunu, işdən çıxdığı dövrdə direktorun Yaşar Quliyev olduğunu, Naxçıvan rayonlararası təchizat bazasının təxminən 25-30 işçisi olduğunu, Naxçıvan rayonlararası təchizat bazası ləğv olunanda bütün sənədlərin Kimya Birliyinə təhfil verildiyini, Kimya Birliyinin də ləğv olunuduğunu, hazırda özünün pensiya aldığını, 2009-cu ildən 2019-cu ilə qədər icra nümayəndəliyində işləyib, pensiyaya çıxdığını, Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin ona pensiya təyin olunarkən nəzərə alındığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan şəhəri, məhəllə 59, ev 52 ünvanında yaşayan İddiaçı ünvanlanmış 30 avqust 2023-cü il tarixli, 3-17-9-1/2-K-90/2023 nömrəli və 02 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/2-K-220/2023 nömrəli məktubdan aydın olur ki, 01 yanvar 2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərd hesabının sığorta hissəsində toplanmış 27942,19 manat pensiya kapitalına əsasən pensiya yenidən hesablanmış və aylıq məbləği 12 manat 4 qəpik artırılaraq 354 manat 83 qəpiyə çatdırılmışdır. Eyni zamanda, ona keçmiş dövr üçün ödənilməyən 32 manat 65 qəpik məbləğ 2023-cu ilin oktyabr ayının pensiya ödənişində pensiyanın üzərinə əlavə olunmaqla ödəniləcəkdir. Həmçinin, onun 01 yanvar 2006-cı il tarixinədək (hərbi xidmət və təhsil müddətiniz daxil olmaqla) əmək kitabcasına əsasən 30 il 10 ay iş stajın 8 il 1 ayı (01 09.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək (3 il 6 ay) təhsil müddəti, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı tarixədək (2 il 1 ay) hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək. (5 ay, 17 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (3 ay), xx.xx.1982-ci il tanxdən xx.xx.1982-ci il tarixədək (5 ay 2 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (14 ay 25 gün) arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Onun 2018-ci il üzrə pensiya kapitalı pensiya təyin olunan X1 Sistemində öz əksini tapmadığından 01 yanvar 2006-cı il tarixdən hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində 26205,46 manat pensiya kapitalına əsasən hesablama aparılmışdır. 2006-cı, 2014-cü, 2017-ci illərə aid fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması, qeyd olunan illərin pensiya kapitalları X5 Sistemində öz əksini tapdıqdan sonra aparılacaqdır. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1980-ci il tarixdə bir ay sınaq müddəti ilə iş ustası vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixində başqa işə keçməsi əsası ilə vəzifəsindən azad edilmişdir, xx.xx.1981-ci il tarixdə Naxçıvan yerli (sənaye) kombinatı üzlük piltələr zavoduna əmək haqqının taarif dərəcəsi üzrə işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə öz ərizəsi əsasında həmin müəsissədə işdən azad edilmişdir,xx.xx.1981-ci il tarixdən Armatur sexinə ikinci dərəcəli armaturçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir,xx.xx.1982-ci il tarixdə Naxçıvan şəhərinin Alt tirkotaj Fabrikinə ikinci dərəcəli əyrici vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir, xx.xx.1982-ci il tarixdə Naxçıvan Rayonlararası Təhcizat Bazasında hesabdar-xəzinədar vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmiş, xx.xx.1992-ci il tarixdən bazada baş mühasibin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli, 2418 nömrəli arayışdan aydın olur ki, Kərimov X4 şəhəri, məhəllə 59, ev 52 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1958-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Kərimov X4 şəhəri, məhəllə 59, ev 52 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hüquq və Kadrlar şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 04 mart 2024-cü il tarixli məktubla İddiaçı pensiya sənədlərin surəti məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 aprel 2024-cü il tarixli, 02/313 nömrəli məktubdan məlum olur ki, Naxçıvan rayonlararası təchizat bazasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından vətəndaş İddiaçı işləməsi və əməkhaqqı alması barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hüquq və Kadrlar şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 aprel 2024-cü il tarixli, 01/02 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Naxçıvan rayonlararası təchizat bazası qeydiyyatda durmamışdır və təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənişinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Sığorta” altsistemində heç bir məlumata rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 iyul 2024-cü il tarixli, **********967400 nömrəli məktubdan görünür ki, Naxçıvan rayonlararası təchizat bazası hüquqi şəxs kimi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında aşkar olunmadığından hər hansı bir məlumatın təqdim olunması imkan xaricindədir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6068/2024 nömrəli məktubdan aydın olur ki, Naxçıvan rayonlararası təchizat bazasının 1982-2001-ci illər üzrə məcburi dövlət sosial sığorta ödəyicisi olmasına dair Fondun arxivində heç bir sənədə (hesablama-ödəniş hesabatları) rast gəlinmədi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (hazırda qüvvədə olan redaksiyada). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş redaksiyada) - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə gorə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. 5.4-ci bəndinə gorə Qanunun 14.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, sosial müavinət alan şəxslərin əmək pensiyası hüququ yarandıqda, əmək pensiyası şəxsin əmək pensiyası hüququ yarandığı tarixdən hesablanmaqla Qanunun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilir. 6.1-ci bəndinə gorə əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: (…) 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla ona təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunmasıdır. İşin hallarından müəyyən edilir ki, idiaçıya xx.xx.2023-cü il tarixdən 342.78 manat məbləğində yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçının Naxçıvan MR Əmək və X7 Nazirliyinin tabeliyində DSMF-na pensiya kapitalının yenidən hesablanması ilə bağlı müraciətindən sonra 01 yanvar 2006-cı il tarixdən hüququnu yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 27.942,19 manat pensiya kapitalına əsasən onun pensiyası yenidən hesablanaraq 354.83 manat müəyyən edilmiş və 2023-cü ilin oktyabr ayında ödənilir. Hazırki mübahisənin predmetini iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təhcizat bazasında işlədiyi dövrlərin arxiv sənədləri ilə təsdiq edilməməsi səbəbindən, həmin dövrlərin əmək stajı kimi nəzərə alınmaması təşkil edir. Məhkəmə ilk öncə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrlərin xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir, həmin qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın birinədək sğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.2.1-ci maddəsinə əsasən əmək kitabçası 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı İşdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 08 aprel 2024-cü il tarixli, 02/313 nömrəli məktubundan məlum olur ki, Naxçıvan rayonlararası təchizat bazasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından vətəndaş İddiaçı işləməsi və əməkhaqqı alması barədə məlumat mövcud deyil. İdiaçının əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunan illərə dair arxiv sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməməsinə münasibətdə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, bu hal onun ziyanına şərh edilə bilməz. Başqa sözlə adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. 20 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X8 və X6 məhkəmə tərəfindən onlara ünvanlanmış suallları cavablandıraraq onlara məxsus əmək kitabçalarının təsdiq edilmiş surətini məhkəməyə təqdim etməklə 1982- 2001-ci illərdə İddiaçı ilə birlikdə Naxçıvan Rayonlararsı təhcizat bazasında işlədiklərini bildirmiş, bununla da İddiaçı həmin idarədə mühasib vəzifəsində işlədiyini bir daha təsdiq etmişdirlər. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci bəndinin tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların və təqdim edilən arayışların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut hazırkı iş üzrə mövcud deyil. Vurğulanmalıdır ki, inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla ona təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla İddiaçı təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar