Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-35/2020 22.05.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı, üçüncü şəxs X1 (X3 və X2 qanuni nümayəndəsi) və cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X3 və X2 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və X2 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 22 may 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə 22 may 2020-ci il tarixli ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsinin baxılmadan qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmasından imtina etmişdir. Məhkəmə, iddia ərizəsinin verilməsini və eləcə də ondan imtina edilməsini onun iradə ifadəsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi iddiadan imtina kimi qəbul edilsə də, hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İddiaçıya iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin müddəaları izah edilir. Məhkəmənin həmin qərardadından apelyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X3 və X2 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 81 və 111.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X3 və X2 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-35/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-35/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver