Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-359/2023 06.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X17 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, iddiaçı X3 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X2 X3 mülkiyyətində olan Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 X3 mülkiyyətində olan Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanında yerləşən daşınmaz əmlakı 23 aprel 2014-cü il tarixdə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata aldırmaqla tam mülkiyyət hüququ ilə ona məxsusdur. Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatında heç bir qohumluq münasibəti olmayan, keçmiş gəlini X8 dayanır. Əlaqə saxlayıb qeydiyyatdan çıxmasını bildirsə də hələ də pasport qeydiyyatından çıxmamışdır. Öz adına olan əmlakı öz isdədiyi kimi istifadə edə bilmir, həmin əmlakla bağlı bir sənəd lazım olanda qeydiyyatda olanlar barədə arayış istəyirlər. Bu da bir sıra çətinliklər yaradaraq hüquqlarını pozur. İddiaçı X2 yaşayış yerini dəyişməsinə baxmayaraq ona məxsus olan Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanında yerləşən evin qeydiyyatından çıxmadığını bildirərək, X2 mülkiyyətində olan Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi 10 aprel 2023-cü il tarixli, 3-13-43-6/2- 1369/2023 nömrəli məktubla məhkəməyə ünvanlanan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, X2 Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından X3 ərizəsi icra edilə bilməz. Məhkəmənin 14 aprel 2022-ci il tarixli, 2-1(122)-359/2023 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 iyul 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı X9, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi, Üçüncü şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - ünvan 3 ünvanında yaşayan X5 ünvanladığı 02 fevral 2023-cü il tarixli, 7/1180-Z157 nömrəli məktubdan görünür ki, X2 Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanında yerləşən 109.56 kv.m. yaşayış, 132.91 kv.m. köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/18 nömrəli reyestr kitabının 3458 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, 326 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 04 avqust 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş X1 şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixlı, 2(078)-21/2023 nömrəli Qətnaməsinin surətindən görünür ki, X10 ilə X8 arasında 21 oktyabr 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 499 nömrəli nikah pozulmuşdur. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 19 aprel 2023-cü il tarixli, 101 nömrəli məktubundan görünür ki, X3 X4 istifadə hüququnun verilməsi ilə bağlı notariat əməliyyatı aparılmamışdır - Naxçıvan Şəhər Vətəndaşlıq X6 Şöbəsi tərəfindən verilmiş 30 may 1984-cü il tarixli, Xİİİ-ЖГ seriyalı, 270353 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X10 30 mart 1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı X13, ana adı X9 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30 may 1984-cü il tarixdə 524 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03 may 2023-cü il tarixli, 1796 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə üzlər vardır: X13 (həyat yoldaşı 1959), Zellabdinov Sərxan (oğlu 1990), Zellabdinova Sevda (qızı 1987), Zellabdinov Nəciməddin (oğlu 1985), Zellabdinov Habil (oğlu 1984). - X8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, ünvan 6 ünvanının qeydiyyatından çıxarılmağına etiraz etmir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev X3 xüsusi mülkiyyətindədir. Üçüncü şəxs hazırda həmin evdə yaşamadığından onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşımaqla, mülkiyyətçi X3 öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.4-cü maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq müəyyən edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxs X2 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmaması qanunazidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Eyni zamanda X8 həmin ünvandan qeydiyyatdan çıxarılmasına etiraz etmir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 X3 mülkiyyətində olan Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanının qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X2 X3 mülkiyyətində olan Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 46 ünvanın qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-359/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-359/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver