Məhkəmə qərarları › İş №2-1(122)-36/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-36/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-36/2020 24.06.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin 13 dekabr 2019-cu il tarixli, 1/M-17797 nömrəli imtina məktubunu əsassız hesab edərək “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə baxaraq, müəyyən e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13 dekabr 2019cu il tarixli, 1/M-17797 nömrəli imtina məktubunu əsassız hesab edərək “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddiaçı 24 iyun 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, iddia ərizəsi geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Hesab edirəm ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsinin baxılmadan qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmasından imtina etmişdir. Məhkəmə, iddia ərizəsinin verilməsini və eləcə də ondan imtina edilməsini onun iradə ifadəsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi iddiadan imtina kimi qəbul edilsə də, hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İddiaçıya iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin müddəaları izah edilir. Məhkəmənin həmin qərardadından apelyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə hesab edirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin 13 dekabr 2019-cu il tarixli, 1/M-17797 nömrəli imtina məktubunu əsassız hesab edərək “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Odur ki, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 81 və 111.3-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i m: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin 13 dekabr 2019-cu il tarixli, 1/M-17797 nömrəli imtina məktubunu əsassız hesab edərək “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. HAKİM: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar