Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-36/2023 13.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh X5 Hərbi-Həkim Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 Hərbi-Həkim Komissiyasına qarşı "X5 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli qərarı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı almağının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması və qərara düzəlişin edilməsi öhdəliyinin cavabdeh X5 Hərbi-Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə N nömrəli hərbi hissədə "hər iki ayaq və baldırın aşağı 1/3-nin dermatiti", 08.2022xx.xx.2022-ci il tarixlərdə "yüngül gedişli dəri forma hemoqqagik forma" diaqonozları ilə stasionar müalicədə olmuşdur. Hospital HHK-si tərəfindən şəhadətləndirilmişdir. Naxçıvan MR Xəstəxanasında xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ambulator müayinə olunmuş və "yayılmış piqmentli angiit" diaqonozu qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi məqsədi ilə X5 Hərbi-Həkim Komissiyasına göndərilmişdir. Komissiyanın 06 noyabr 2022-ci il tarixli, 1569 saylı arayışına əsasən xəstəliyinin hərbi xidmət dövründə alınması və hərbi xidmətə yararlılığı müəyyən edilmişdir. İddiaçı bildirir ki, o, xəstəliyi hərbi xidmət vəzifələrinin icrası zamanı almışdır və haliyədə hərbi xidmətə yararsızdır. İddiaçı yuxarıda qeyd olunanları rəhbər tutaraq, məhkəmədən X5 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli qərarı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı almağının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması və qərara düzəlişin edilməsi öhdəliyinin cavabdeh X5 Hərbi-Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 16 dekabr 2022ci il tarixə təyin edilmişdir. 16 dekabr 2022-ci il tarixli iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “X5 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş edərək iddia tələbinin dəqiqləşdirilməsinə dair yazdığı 16 dekabr 2022-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 16 dekabr 2022-ci tarixli, 2-1(122)-307/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh X5 Hərbi-Həkim Komissiyası məhkəməyə 10 dekabr 2022-ci il tarixli, 1297 nömrəli və 11 yanvar 2023-cü il tarixli, 37 nömrəli məktublar göndərərək iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı sənədləri xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1027 nömrəli məktubu və 40 nömrəli göndərişi ilə xəstəliyinin səbəb və əlaqəsinin təyin edilməsi məqsədi ilə X5 Hərbi-Həkim Komissiyasına göndərilmişdir. Göndərilmiş sənədlərə müvafiq qaydada baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş hərbi-həkim ekspertizası haqqında "Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmrinə əsasən şəhadətləndirilmiş, "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmrinin 7.2ci bəndinin "ç" yanmbəndinə əsasən İddiaçı tələb etdiyi "xəstəlikdir, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmrinin 7.2-ci bəndinə əsasən mümkün deyildir. Belə ki, iddiaçının tələb etdiyi qərar travma və xəsarətlərə aiddir. Həmçinin İddiaçı təyin olunmuş “yayılmış piqmentli angiit” diaqnozu Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmrinə əsasən hərbi xidmətə yararsızlıq verən xəstəliklər qrupuna düşmür. Məhkəmənin 16 mart 2023-cü tarixli, 2-1(122)-36/2023 nömrəli qərardadı ilə ehtiyatda olan kiçik leytenant İddiaçı cavabdeh inzibati orqan X5 Hərbi-Həkim Komissiyası tərəfindən xəstəliyin xarakterindən asılı olaraq həkim-mütəxəssis cəlb olunmaqla, təkrar tibbi şəhadətləndirilməsinin təşkil edilərək keçirilməsi (şəhadətləndirilməsi) qərara alınmışdır. Məhkəmənin qərardadının icrası təmin olunmuş, İddiaçı X5 Hərbi-Həkim Komissiyası tərəfindən yenidən şəhadətləndirilərək tərtib olunmuş tibbi arayış məhkəməyə təqdim olunmuşdur. X5 Hərbi-Həkim Komissiyasının 12 aprel 2023-cü il tarixli, 529 nömrəli arayışından məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı nadir kəskinləşmələrlə tədricən proqressivləşən, hemorraqik vaskulit dəri forması, natamam remissiya mərhələsində diaqnozu qoyulmuşdur. Xəstəliyi hərbi xidmət dövründə aldığı, "Xəstəliklər cədvəli”nin 11 “c” maddəsinin İİİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sıradankənar hərbi xidmətə yararlı olduğu göstərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 iyun 2023-cü il tarixə təyin olunmuşdur. Tərəflərin izahatı: İddiaçı iddia ərzəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: X5 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli, 1569 nömrəli arayışından məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı yayılmış piqmentli angit diaqnozu qoyulmuşdur. Xəstəliyi hərbi xidmət dövründə aldığı, "Xəstəliklər cədvəli”nin İİİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə yararlı olduğu göstərilmişdir. N nömrəli hərbi hissənin hospitalının N avqust 2022-ci il tarixli, 486 nömrəli arayışından məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı yüngül gedişli dəri forma hemorragik vaskulitdən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Xəstəliyi hərbi xidmət dövründə aldığı, "Xəstəliklər cədvəli”nin 11 “c” maddəsinin İİİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə müvəqqəti yararsız olmaqla, 14 (on dörd) gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad edilməsi məsləhət görülmüşdür. X5 Hərbi-Həkim Komissiyasının 23 avqust 2022-ci il tarixli, 1105 nömrəli arayışından məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı hemorraqik vaskutit, dəri forması diaqnozu qoyulmuşdur. Xəstəliyi hərbi xidmət dövründə aldığı, "Xəstəliklər cədvəli”nin İİİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən stasionar müayinə, müalicə və şəhadətləndirilməsi məsləhət görülmüşdür. Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsi tərəfindən verilmiş Ambulator stasionar xəstənin tibbi kartasından 27007 nömrəli çıxarışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı "yayılmış piqmentli angiit" diaqnozu qoyulmuşdur. 1970 nömrəli çıxarış epikrizinin surətindən aydın olur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı kafi vəziyyətdə hərbi hissəsinə yazılmaqla barəsində XC-nin İİİ qrafasına əsasən “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. 1206 nömrəli çıxarış epikrizinin surətindən aydın olur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı stasionar müalicədən imtina etdiyinə görə kafi vəziyyətdə hərbi hissəsinə həkim nəzarətinə yazılmış, xəstənin HHK-ya təqdim edilməsinə ehtiyac olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 1968 nömrəli arayışdan aydın olur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi diskresion səlahiyyətlərdir. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.7-ci bəndinə əsasən hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbihəkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. 4-cü bəndinə əsasən şəhadətləndirilmə dedikdə, vətəndaşların hərbi xidmətə, hərbi qeydiyyat ixtisası üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə, yazılı rəy çıxarmaqla onların, şəhadətləndirilmə anında səhhətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi başa düşülür. 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ - İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. 8.3-cü bəndinə əsasən «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın «B» — sıradankənar hərbi xidmətə yararlıdır kateqoriyası nəzərdə tutulmuşdur: Qanın və qanyaradıcı orqanların xəstəlikləri Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq kateqoriyası dərəcəsi İ qrafa İİ qrafa İİİ qrafa 11 Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları: c) qanyaradıcı sistemin funksiyalarının C C B mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşən ...Hemorragik vaskulitlərin dəri və oynaq formalarını keçirmiş hərbi qulluqçulara məzuniyyət verilir, xəstəliyin təkrar kəskinləşməsi zamanı funksiyaların pozulma dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq, şəhadətləndirilmə «b» və ya «c» bəndi üzrə keçirilir. Hemorragik vaskulitlərin digər formaları ilə xəstəliyin gedişindən asılı olmayaraq, funksiyaların pozulma dərəcəsindən asılı olaraq şəhadətləndirilmə «b» və ya «c» bəndi üzrə keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı X5 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdeh X5 Hərbi-Həkim Komissiyasının üzərinə qoyulmasını tələb edir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Vİİ bəndində hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsinin əsasları sadalanmışdır. İşin hallarından belə məlum olur ki, X5 Hərbi-Həkim Komissiyasının 23 avqust 2022ci il tarixli, 1105 nömrəli arayışı ilə iddiaçının “hemmoragik vaskulit, dəri forması” diaqnozu ilə stasionar müayinə, müalicə və şəhadətləndirilməsi məsləhət görülmüşdür. Komissiyanın 06 noyabr 2022-ci il tarixli, 1569 nömrəli arayışı ilə iddiaçı “yayılmış piqmentli angiit” diaqnozu ilə “hərbi xidmətə yararlı” hesab edilmiş, xəstəliyi hərbi xidmət dövründə aldığı göstərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(122)-36/2023 nömrəli qərardadı ilə İddiaçı İbrahim oğlunun X5 Hərbi-Həkim Komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirilməsi qərara alınmışdır. HHK-nın 529 saylı arayışından müəyyən edilir ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəbli əlaqəsi haqqında iddiaçının barəsində “nadir kəskinləşmələrlə tədricən proqresivləşən, hemmoragik vaskulit dəri forması natamam remissiya mərhələsində” diaqnozu qoyulmaqla o, “sıradankənar hərbi xidmətə yararlı” sayılmışdır. Göründüyü kimi, iddiaçının orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti təyin edilməmiş, sağlamlıq vəziyyəti onun hərbi xidmətə yararsızlığına səbəb olmamışdır. Beləliklə, iddiaçı hərbi xidmət dövründə travma almış, həmin travma ona xidmətə yararsızlığın təyin edilməsi üçün lazımi meyara uyğun olmamışdır. Başqa sözlə iddiaçının sağlamlıq vəziyyətinə uyğun olan diaqnoz qanunvericilikdə müəyyən edilmiş xidmətə yararsızlığının təyin edilməsinə əsas olan kateqoriya (diaqnoz) sırasına daxil deyildir. Odur ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı qanunvericilklə təsdiqini tapmadığından iddia təmin edilə bilməz. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh X5 Hərbi-Həkim Komissiyasına qarşı "X5 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-36/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-36/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver