Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-36/2025 22.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X3 və X4, mütəxəssislər X1 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin müdiri Orxan Rzayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanuni olaraq ödənilməli olan 60.000 manat pensiya məbləğinin ödənilməsini cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.11-ci bəndinə əsasən pensiya almaq hüququ əldə etmişdir. Vəzifədən kənarlaşdırıldıqdan sonra pensiyası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən 27 ay 50%, 5 ay isə tam şəkildə dayandırılmışdır. Nəticədə pensiyanın tutulan hissəsinin bir qismi (yəni 31.350.95 manatı) aylara bölünməklə ödənilmişdir. Pensiyasından tutulan (dayandırılan) 60.000 manat pulun əsassız olaraq ödəməkdən boyun qaçırmışdır. Ona qanuni olaraq ödənilməli olan 60.000 manat pensiya məbləğinin ödənilməsini cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 11 avqust 2023cü il tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə 11 avqust 2023-cü il tarixli iddia ərizəsi təqdim edilərək, cavabdeh qismində Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsi göstərilmiş, iddia tələbi isə göstərilən məbləğin öhdəlik olaraq Culfa rayon şöbəsinin üzərinə qoyulması kimi qeyd edilmişdir. Məhkəmənin 11 avqust 2023-cü il tarixli protokol qərarı ilə iddia ərizəsi iş materiallarına əlavə edilərək, iddia tələbi və cavabdeh iddia ərizəsində qeyd edilən formada icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-1(122)-721/2023 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2- 1(122)-102/2024 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, “2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantda icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 02 sentyabr 2024-cü il tarixli, 2-1(122)-102/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 22 yanvar 2025ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ona 01 yanvar 2007-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.7.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edildiyini, lakin 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək pensiya məbləğinin 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək pensiya məbləğinin tamamının, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək pensiya məbləğinin 50 faizinin ona ödənilmədiyini, ümumilikdə 83.021,36 məbləğində pensiyanın ödənilmədiyini, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci tarixədək isə 53.584,81 manat məbləğində artıq pensiya məbləği ödənildiyinə istinad edilərək müvafiq əvəzləşdirmə aparıldığını, bunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı və ya belə razılıq olmadıqda məhkəmə qaydasında tutulmalı olduğunu, lakin Qanunda qeyd edilən hallardan heç biri mövcud olmadığından əvəzləşdirmənin qanunauyğun olmadığını, həmin dövrləri mübahisələndirmədiyini, iddia tələbindən kənara çıxmayaraq mübahisəyə hüquqi qiymət verilməli olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X6 və X7 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən mütəxəssis X2 məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə uyğun izahat verərək, iddia tələbində qeyd edilən illər ərzində iddiaçıya ümumilikdə 151245,08 manat pensiya ödənilməli olduğunu, lakin 66309,32 manat pensiya ödənildiyini, 84935,76 manat borc məbləğinin yarandığını, həmçinin 2007ci ilin yanvar ayından 2020-ci ilin may ayınadək İddiaçı ümumilikdə 153230,95 manat pensiya ödənilməli olduğu halda 206815,76 manat pensiya məbləği ödənildiyini, nəticədə 53584,81 manat pensiya məbləği artıq ödənildiyini, 2007-2020-ci illərdə artıq ödənilmiş 53584,81 manat pensiya məbləğinin 2020-2023-cü illərdə ödənilməmiş 84935,76 manat borc məbləği ilə əvəzləşdirildiyini, bu barədə iddiaçıya hər hansı xəbərdarlıq edilmədiyini və ya bildiriş göndərilmədiyini, ödənilməmiş 31350,95 manat pensiya məbləği 2023-cü ilin mart ayından başlayaraq 2025-ci ilin yanvar ayının pensiyası da daxil olmaqla pensiyanın üzərinə əlavə olunmaqla ümumilikdə 19497,85 manat ödənildiyini, qalan 11852,15 manat pensiya məbləğinin növbəti aylarda pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödəniləcəyini bildirmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən mütəxəssis X10 digər mütəxxəsisin izahatını təsdiq edərək, hər hansı əlavəsinin olmadığını bildirmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina mıktubunu, ərizənin surətini və teleqramları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış 19 iyun 2023-cü il tarixli, 06/179 nömrəli məktubdan görünür ki, Fondun Culfa rayon şöbəsi tərəfindən 19 noyabr 2010-cu il tarixdə hüququnun yarandığı 1 yanvar 2007-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Həmin Qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən müəyyən edilir. Vətəndaşın müraciətinə əsasən pensiya sənədlərinə yenidən baxılmış və məlum olmuşdur ki, Fondun Culfa rayon şöbəsi tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19-cu maddəsinə zidd olaraq pensiya hüququnun yarandığı (01 yanvar 2007-ci il) tarixdən geriyə son 24 ay və ya ardıcıl gələn 60 ayın orta aylıq məbləği nəzərə alınaraq hesablama aparılmalı olduğu halda müraciət etdiyi (19 noyabr 2010-cu il) tarixdən geriyə son 24 aylıq əmək haqqının orta aylıq məbləği nəzərə alınaraq hesablama aparılmışdır. Bu səbəbdən ona ödənilməli olan pensiya məbləğində artıq və kəsir ödəmələrə yol verilmişdir. Məlumat üçün bildirilmişdir ki, ona Fondun Culfa rayon şöbəsi tərəfindən ödənilən əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiya hüququ yaranan 01 yanvar 2007-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək aldığı və almalı olduğu pensiya məbləği əvəzləşdirilmişdir. Nəticədə ona 01 mart 2023-cü il tarixdən pensiyanın aylıq məbləği 6079,03 manat olmaqla, 31350,95 manat (keçmiş dövr üçün) vəsait, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə (Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir) uyğun olaraq ödənilir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən Culfa rayonu, Ləkətağ kəndində yaşayan İddiaçı ünvanlanmış 02 fevral 2023-cü il tarixli, 01/122 nömrəli məktubdan görünür ki, Fondun Culfa rayon şöbəsi tərəfindən 19 noyabr 2010-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Qeyd edilmişdir ki, Fondun Culfa rayon şöbəsi tərəfindən ödənilən əmək pensiyası heç bir tutqu aparılmadan 2023-cü ilin yanvar tarixindən tam olaraq ödənilmişdir. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyasından tutulmuş tutqu ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 26 dekabr 2022-ci il tarixli, 01/607 nömrəli müraciət ünvanlanmışdır. Məktub cavablandıqdan sonra vətəndaşın əmək pensiyasının hesablanmasına yenidən baxılacaqdır. - Naxçıvan şəhəri, 36-cı məhəllə, döngə 2, ev 4 ünvanında yaşayan İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin müdiri Orxan Rzayevə ünvanlanmış 05 iyun 2023-cü il tarixli ərizənin surətindən görünür ki, rəhbəri olduğu qurum 2020-ci ilin may ayından başlayaraq ona çatası pensiyanın 50%-ni dayandırmış, bu öz fəaliyyət 2023-cü ilin əvvəlinə qədər davam etmişdir. Onun pensiyasının dayandırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə ziddiyyət təşkil edir. Əldə etdiyi sənədlərə və hesablamalara əsasən ona ödənilən pensiyadan tutulan məbləğ 31.350 manat (keçmiş dövr üçün) dürüst hesablama deyil. Qanunla ona verilməli olan məbləğin ödənilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış 29 dekabr 2023-cü il tarixli və 03 fevral 2024-cü il tarixli etirazlardan görünür ki, 23 may 1970-ci il tarixdə anadan olmuş, Culfa rayon, Ləkətağ kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 19 noyabr 2010-cu il tarixli, 85 nömrəli qərarına əsasən, 01 yanvar 2007-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq 1989,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinə yaşa görə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 29 avqust 1990-cı il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1988-ci il tarixdə əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisələrdə çalışmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2001 -ci il tarixədək Daxili İşlər orqanlarında xidmət etmiş, xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri vəzifəsində işləmişdir. İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ondan qanunsuz olaraq tutulmuş 60.000 manat pensiya məbləğinin geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilir ki, İddiaçı Fondun Culfa rayon şöbəsi tərəfindən 19 noyabr 2010-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq 01 yanvar 2007ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bu Qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bildirilir ki, İddiaçı Fondun Culfa rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19-cu maddəsinə zidd olaraq pensiya hüququnun yarandığı 01 yanvar 2007-ci il tarixdən geriyə son 24 ay və ya ardıcıl gələn 60 ayın orta aylıq məbləği nəzərə alınaraq hesablama aparılmalı olduğu halda, iddiaçının müraciət etdiyi 19 noyabr 2010-cu il tarixdən geriyə son 24 aylıq əmək haqqının orta aylıq məbləği nəzərə alınaraq hesablama aparılmışdır. Bu səbəbdən də iddiaçıya ödənilməli olan pensiya məbləğində 2020-ci ilin aprel ayınadək artıq məbləğdə ödəməyə və həmin tarixdən sonrakı dövr üçün isə kəsir məbləğdə ödəməyə yol verilmişdir. Bundan sonra Fondun Culfa rayon şöbəsi tərəfindən ödənilən əmək pensiyası məbləği yenidən hesablanmış və iddiaçının pensiya hüququ yarandığı 01 yanvar 2007-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək aldığı və almalı olduğu pensiya məbləği əvəzləşdirilmişdir. Nəticədə İddiaçı 01 mart 2023-cü il tarixdən pensiyanın aylıq məbləği 6079,03 manat məbləğində olmaqla, 31350,95 (otuz bir min üç yüz əlli manat doxsan beş qəpik) manat məbləğındə pul vəsaiti (keçmiş dövr üçün) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “göstərilən (60.000) məbləğin öhdəlik olaraq cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Dövlət qulluqçusunun pensiyasının hesablama qaydası haqqında cədvəl etiraza əlavə edilmişdir. - 07 iyul 2023-cü il tarixli ərizə ilə məhkəməyə ünvanlanmış Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli, 1078 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Əliyev X8 şəhəri, 36-cı məhəllə, döngə 2, ev 4 ünvanında yaşayır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23 may 1970-ci ildə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli, 06/209 nömrəli məktubdan görünür ki, 23 may 1970-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Ləkətağ kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 19 noyabr 2010cu il tarixli, 85 nömrəli qərarına əsasən 01 yanvar 2007-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq 1989,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinə yaşa görə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 29 avqust 1990-cı il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1988-ci il tarixdə əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisələrdə çalışmışdır. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Daxili İşlər orqanlarında xidmət etmiş, xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri vəzifəsində işləmişdir. İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ondan qanunsuz olaraq tutulmuş 60.000 manat pensiya məbləğinin geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilir ki, İddiaçı Fondun Culfa rayon şöbəsi tərəfindən 19 noyabr 2010-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq 01 yanvar 2007-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bu Qanunun 20.19-cu maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bildirilir ki, İddiaçı Fondun Culfa rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən, “Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununun 20.19-cu maddəsinə zidd olaraq pensiya hüququnun yarandığı 01 yanvar 2007-ci il tarixdən geriyə son 24 ay və ya ardıcıl gələn 60 ayın orta aylıq məbləği nəzərə alınaraq hesablama aparılmalı olduğu halda, iddiaçının müraciət etdiyi 19 noyabr 2010-cu il tarixdən geriyə son 24 aylıq əmək haqqının orta aylıq məbləği nəzərə alınaraq hesablama aparılmışdır. Bu səbəbdən də iddiaçıya ödənilməli olan pensiya məbləğində 2020-ci ilin aprel ayınadək artıq məbləğdə ödəməyə və həmin tarixdən sonrakı dövr üçün isə kəsir məbləğdə ödəməyə yol verilmişdir. Bundan sonra Fondun Culfa rayon şöbəsi tərəfindən ödənilən əmək pensiyası məbləği yenidən hesablanmış və iddiaçının pensiya hüququ yarandığı 01 yanvar 2007-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək aldığı və almalı olduğu pensiya məbləği əvəzləşdirilmişdir. Nəticədə İddiaçı 01 mart 2023-cü il tarixdən pensiyanın aylıq məbləği 6079,03 manat məbləğində olmaqla, 31350,95 {otuz bir min üç yüz əlli manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti (keçmiş dövr üçün) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 135 nömrəli arayışdan görünür ki, Əliyev X8 Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsində xx.xx.2010-cu il tarixdən yaşa görə pensiya qeydiyyatında durur və hər ay 3828.80 manat pensiya alır. Lakin aldığı pensiyadan 1914.40 manat tutqu tutulur. - İddiaçı tərəfindən məhkəməyə 20 sentyabr 2023-cü il tarixli və 08 iyul 2024-cü il tarixli cavabdehin etiraz məktubuna münasibət olaraq etirazlar ünvanlanaraq cavabdeh inzibati orqanın etirazı əsassız hesab edilmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış 14 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-7753/2024 nömrəli arayışdan görünür ki, 23 may 1970-ci il tarixdə anadan olmuş İddiaçı Fondun Culfa Rayon Şöbəsi tərəfindən 19 noyabr 2010-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq 01 yanvar 2007-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci tarixədək 53.584,81 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. İddiaçının 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizini, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq ona ödənilməsinə münasibətdə qeyd edilir ki, göstərilən aylar üzrə iddiaçıya Fond tərəfindən kəsir olaraq 83.021,36 manat məbləğində pensiya ödənilməli idi. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci tarixədək isə 53.584,81 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. Beləliklə, iddiaçıya kəsir ödənilmiş 83.021,36 manat pensiya məbləğinin 53.584,81 manat artıq ödənilmiş pensiya məbləği əvəzləşdirilmişdir. Nəticədə Fond tərəfindən iddiaçıya 29.436,55 (83.021,36 - 53.584,81) manat məbləğində pensiya məbləği ödənilməlidir ki, bunun 15.675,30 manatı 2023-cü il tarixdən bu günədək aylar üzrə bölünərək iddiaçının aldığı əmək pensiyası məbləğinə əlavə edilərək pensiya kartına köçürülmüş, qalan 13.761,25 manat məbləğində vəsait 2026-cı il tarixədək aylar üzrə bölünərək iddiaçının aldığı pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödəniləcəkdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 22 yanvar 2025-ci il tarixli, 3-17-9-1/2- 658/2025 nömrəli məktubla məhkəməyə ünvanlanmış 21 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı pensiya işinə və inzibati mübahisələrə dair məhkəmə işinə baxış keçirilmiş və qarşılıqlı olaraq araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı mübahisəli olan 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək 57432 manat pensiya ödənilməli olduğu halda 29721,82 manat pensiya ödənilmiş, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək 19144 manat pensiya ödənilməli olduğu halda ödənilməmiş, 2022-ci ilin yanvar ayından 2023-cü ilin mart ayınadək 74669,08 manat pensiya ödənilməli olduğu halda 37037,50 manat pensiya ödənilmişdir. Ümumilikdə isə müvafiq dövr üzrə İddiaçı 151245,08 manat pensiya ödənilməli olduğu halda 66309,32 manat pensiya ödənilmişdir. Həmçinin 2007-ci ilin yanvar ayından 2020-ci ilin may ayınadək İddiaçı ümumilikdə 153230,95 manat pensiya ödənilməli olduğu halda 206815,76 manat pensiya məbləği ödənilmiş və nəticədə 53584,81 manat pensiya məbləği artıq ödənilmişdir. İddiaçı əvvəlki illərdə artıq ödənilmiş 53584,81 manat pensiya məbləği ona ödənilməli olan 84935,76 manat pensiya məbləği ilə əvəzləşdirilmiş, yuxarıda qeyd olunan tarixlərdə ödənilməmiş 31350,95 manat pensiya məbləği 2023-cü ilin mart ayından başlayaraq 2025-ci ilin yanvar ayının pensiyası da daxil olmaqla pensiyasının üzərinə əlavə olunmaqla ümumilikdə 19497,85 manat ödənilmiş və qalan 11852,15 manat pensiya məbləği növbəti aylarda pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödənilməlidir. Həmin məktuba əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 29 dekabr 2024-cü il tarixli, 2235 nömrəli məktubdan görünür ki, İddiaçı kart hesabına avqust ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəsait daxil olmamışdır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək və 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ona ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsini xahiş edir. Cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan və məhkəməyə ünvanlanmış müvafiq məktublardan aydın olur ki, cavabdeh inzibati orqan iddiaçıya həmin dövrlər üzrə kəsr ödənilmiş pensiya məbləğlərinin olmasını qəbul etsə də, xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci tarixədək isə 53.584,81 manat məbləğində artıq pensiya məbləği ödənildiyini bildirərək, müvafiq əvəzləşdirmə aparmış, ödənilməli olan 29.436.95 məbləğində vəsait isə 2026-cı il tarixədək aylar üzrə bölünərək ödəniləcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ona ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq ona ödənilməsini xahiş etmiş, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının tələbi tam olaraq icra edilməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair münasibətini onunla əsaslandırılmışdır ki, göstərilən aylar üzrə iddiaçıya Fond tərəfindən kəsir olaraq 83.021,36 manat məbləğində pensiya ödənilməli idi. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci tarixədək isə 53.584,81 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. Beləliklə, iddiaçıya kəsir ödənilmiş 83.021,36 manat pensiya məbləğinin 53.584,81 manat artıq ödənilmiş pensiya məbləği əvəzləşdirilmişdir. Nəticədə Fond tərəfindən iddiaçıya 29.436,55 (83.021,36 - 53.584,81) manat məbləğində pensiya məbləği ödənilməlidir ki, bunun 15.675,30 manatı 2023-cü il tarixdən bu günədək aylar üzrə bölünərək iddiaçının aldığı əmək pensiyası məbləğinə əlavə edilərək pensiya kartına köçürülmüş, qalan 13.761,25 manat məbləğində vəsait 2026-cı il tarixədək aylar üzrə bölünərək iddiaçının aldığı pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödəniləcəkdir. Yuxarıda qeyd olunanlarla eyni məzmun təşkil edən mütəxəssis rəyi 22 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında təqdim edilərək, iş materiallarına əlavə edilmişdir. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq tələb hüququnda haqlı olmuşdur. Belə ki, 23 may 1970-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Ləkətağ kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 19 noyabr 2010-cu il tarixli, 85 nömrəli qərarına əsasən 01 yanvar 2007-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə müvafiq olaraq 1989,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilməsi barədə qərar ləğv edilməmiş, iddiaçının pensiyası dayandırılmamışdır və iddiaçı hazırda da 2007-ci il tarixdən ona təyin edilmiş pensiyanı almaqda davam edir. 2020-2022-ci illər aralığında müəyyən aylarda pensiya ödənişinin kəsir həyata keçirilməsi, müəyyən aylarda isə ümumiyyətlə pensiya ödənilməməsi iddiaçının pensiya hüququnun pozan hal qismində qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən də göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müvafiq dövr üzrə ümumilikdə 151245,08 manat pensiya ödənilməli olduğu halda 66309,32 manat pensiya ödənilmişdir. Bununla da, iddiaçıya 84935,76 manat kəsir pensiya ödənişi həyata keçirilmişdir. Bu hal isə özlüyündə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Mütəxəssis rəyinə əsasən iddiaçıya 2007-ci ilin yanvar ayından 2020-ci ilin may ayınadək ümumilikdə 153230,95 manat pensiya ödənilməli olduğu halda 206815,76 manat pensiya məbləği ödənilmişdir ki, bu da 53584,81 manat artıq pensiya məbləğinin ödənilməsi deməkdir. Cavabdeh inzibati orqan 2020-2023-cü illər ərzində ödənilməli olan 84935,76 manat pensiya məbləğinin ödənilmədiyini etiraf etsə də, borc məbləğinin 53584,81 manat məbləğini 2007-2020-ci illərdə artıq ödənilmiş pensiya məbləği ilə əvəz etmişdir. Əvəz edilməmiş 31350,95 manat pensiya məbləği 2023-cü ilin mart ayından başlayaraq 2025-ci ilin yanvar ayının pensiyası da daxil olmaqla pensiyanın üzərinə əlavə olunmaqla ümumilikdə 19497,85 manat ödənilmiş və qalan 11852,15 manat pensiya məbləği növbəti aylarda pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödənilməsi həyata keçiriləcəkdir. Belə ki, 2023-cü ilin mart ayından 2025-ci ilin yanvar ayınadək pensiya ödənişini əks etdirən qrafikdən də göründüyü kimi, iddiaçıya 148668,74 manat pensiya ödənilməli olduğu halda, 168166,59 manat pensiya ödənilmişdir. Bu isə 19497,85 manat əlavə ödəniş edildiyini sübut edir. Cavabdeh inzibati orqanın iddiaya dair münasibətinə istinadən isə bildirilməlidir ki, iddiaçıya 2007-2020-ci illər ərzində artıq pensiya məbləğinin əvəzləşdirilməsi hər hansı bir hal ilə əsaslandırılmamış, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı və ya belə razılıq olmadıqda məhkəmə qaydasında tutulma ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçının bu cür razılığı olmamış və cavabdeh inzibati orqan bu halı məhkəməyə qaydasında mübahisələndirməmişdir. Cavabdeh inzibati orqan heç bir icraat aparmadan, xəbərdarlıq etmədən iddiaçının pensiyasından artıq məbləğin tutulması qənaətinə gəlmiş, hətta bəzi aylar üzrə ümumiyyətlə pensiya ödənişini dayandırmışdır. Bu hal isə iddiaçının hüquqlarının pozuntusuna səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən edilən hərəkət (hərəkətsizlik) iddiaçının hüquqlarını pozan hal qismində qiymətləndirildiyindən iddiaçıya müvafiq dövrlər ərzində ödənilməli olan və ödənilməmiş məbləğlər hesablanaraq cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməlidir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 52, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin, 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin, 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilməmiş 50 faizinin yenidən hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-36/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-36/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver