Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-367/2023 25.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "cavabdehin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunması barədə 17 may 2023-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin onun qanunsuz olaraq işdən azad olunduğu vaxtlarda Naxçıvan Muxtar Respublikasında amansız, qeyri-demokratik siyasət yürüdüldüyündən və bu hərcmərclik Naxçıvan MR Ali Məclisinin sabiq sədri tərəfindən həyata keçirildiyindən hüquqlarının hər hansı bir şəkildə müdafiəsinə çalışmaq ya azadlıqdan məhrum edilməyə, ya da psixotrop maddələrdən istifadə etməklə şərlənərək ruhi dispanserə yerləşdirilməyə səbəb ola bilərdi. İşin belə olduğunu görüb həyat və sağlamlığını qorumaq məqsədi ilə, müraciətlərini saxlayaraq yaşamını davam etdirmək məqsədi ilə Naxçıvan MR-da özünə başqa işlər axtarmağa çalışmışdır. Yüksək dərəcəli idman ustası olmağına baxmayaraq, ona idman məşqçisi işləməyinə belə qadağa qoyulmuşdur. Bu səbəbdən də məcbur olaraq, ata ocağını tərk edərək, Bakı şəhərinə getmişdir. Naxçıvan Muxtar Respublikasında aparılan son islahatlardan sonra hüquqlarının müdafiəsi və bərpası yenidən aktuallaşdığıından müraciətlərini davam etdirməyə başlamışdır. Qanunsuz olaraq işdən çıxarılması barədə qanunvericiliyin tələbinə uyğun olaraq bir ay içərisində məhkəməyə müraciət etməsinin qeyri-mümkün olduğunu bildirərək Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrindən şikayət etmə müddətinin buraxılması halını üzrlü hesab edilməklə əmrin ləğv edilməsi, dövlət qulluğuna dair stajının bərpa olunması və dəymiş mənəvi ziyan simvolik olaraq 01 AZN (1 manat) məbləğində mənəvi ziyanın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 25 may 2023-cü il tarixə təyin olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı məhkəməyə təqdim edilən 17 may 2023-cü il tarixli ərizəni müdafiə edərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X2 iddiaçının qanunla müəyyən edilmiş prosessual müddəti buraxması səbəbindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Hazırki iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv olunmasıdır. İddiaçının 02 may 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, əmrin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də, belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Belə ki, işin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən əmrdən xəbərdar olmuşdur. Belə ki, həmin əmr barədə özünün də etiraf etdiyi kimi məlumatlı olmuş, iddiaçı bu əmrlə tutduğu vəzifədən azad edildiyini bilmişdir. Lakin mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 21 il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2002-ci il tarixdə baş vermişdir. Bununla da, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, inzibati akt yeni qanuna görə də mübahisələndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan əmrlə onun hüququnun məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxıldığından İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "cavabdehin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı prosessual müddətin bərpa olunması barədə 17 may 2023-cü il tarixli ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "cavabdehin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-367/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-367/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver