Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-37/2021 15.03.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1998-ci ildə tərtib olunmuş 36 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad, ad və ata adı qrafasında Gülsənəm adının əvəzinə Samid, cinsiyyət qrafasında isə kişi sözünün yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci ildə tərtib olunmuş 36 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad, ad və ata adı qrafasında Gülsənəm adının əvəzinə Samid, cinsiyyət qrafasında isə kişi sözünün yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə İddiaçı kimi qeydiyyat aparılmışdır. Cavabdehnə doğum aktı qeydindən çıxarış almaq üçün müraciət etdikdə həmin şöbədən ona bildirilmişdir ki, xx.xx.1998-ci il tarixdə tərtib olunmuş 36 nömrəli doğum aktında onun adı Gülsənəm, cinsiyyəti isə qadın olaraq qeyd edilmişdir. Sonra iddiaçı ərizə ilə Qeydiyyat şöbəsinə müraciət edərək həmin səhvlərin düzəldilməsini xahiş etsə də, Qeydiyyat şöbəsi imtina etmiş və bu barədə onun məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.1998-ci ildə tərtib olunmuş 36 nömrə ilə qeydə alınmış doğum aktı qeydində soyad, ad və ata adı qrafasında Gülsənəm adının əvəzinə Samid, cinsiyyət qrafasında isə kişi sözünün yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxx 2021-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx xxxx 2021-ci il tarixli, 67 nömrəli məktub göndərərək işə iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında şəhadətnamənin, hərbi biletin təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, Şahbuz Rayon İcra Hakimiyyəti Yuxarı Qışlaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli, 02-14 nömrəli arayışını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPMnin 34.2-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarında olan: - Cavabdeh İddiaçı ünvanladığı xx xxxxxx 2021-ci il tarixli, 22 nömrəli məktubundan görünür ki, Şahbuz rayon, A.Qışlaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1998-ci il tarixdə akt №36-li doğum aktı tərtib olunarkən adı “Samid” olaraq deyil “Gülsənəm” olaraq, cinsiyyəti isə qadın olaraq qeyd edilmişdir. Vətəndaşlıq Vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasına əsasən keçmişdə yazılan akt qeydinə Qeydiyyat şöbəsi tərəfindən heç bir düzəliş edilməsinin mümkün olmadığı bildirilmişdir. - xx xxxxxxx 1998-ci il tarixli, XX-ЖГ 482913 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1998-ci il tarixdə Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində anadan olmuşdur. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1998-ci il tarixdə Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində doğulmuş və Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində qeydiyyatdadır. - Şahbuz rayon İcra Hakimiyyəti Yuxarı Qışlaq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 02-14 nömrəli arayışdan görünür ki, İddiaçı Yuxarı Qışlaq kəndində pasport qeydiyyatında durur və həmin kənddə yaşayır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası Şahbuz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən aydın olur ki, xx xxxxxxxx 1998-ci il tarixdə anadan olmuş İddiaçı hərbi xidmətə yararsızdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxxx 1998-ci il tarixli, 36 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X1 xx xxxxxxxx 1998-cı il tarixdə Şahbuz rayonu, Y.Qışlaq kəndində anadan olmuşdur. Cinsiyyət qrafasında qadın yazılmışdır. Beləliklə, məhkəmə iş materiallarının araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 164-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, xx.xx.1998-ci ildə tərtib olunmuş 36 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında Gülsənəm adının əvəzinə Samid, cinsiyyət qrafasında isə kişi sözünün yazılmasından Cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, İddiaçı xx xxxxxxxx 1998ci ildə Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində doğulmuşdur. Lakin səhvlik nəticəsində doğum akt qeydində onun adı Gülsənəm, cinsiyyəti isə qadın kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum akt qeydindəki səhvlik aradan qaldırılmalı və xx.xx.1998-ci ildə tərtib olunmuş 36 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında Gülsənəm adının əvəzinə Samid, cinsiyyət qrafasında isə kişi sözü yazılmalıdır. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və xx.xx.1998-ci ildə tərtib olunmuş 36 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında Gülsənəm adının əvəzinə Samid, cinsiyyət qrafasında isə kişi sözünün yazılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 14.3, 23.1, 52, 58.7, 68-69, 73.1, 75, 78, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. xx.xx.1998-ci ildə tərtib olunmuş 36 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında Gülsənəm adının əvəzinə Samid, cinsiyyət qrafasında isə kişi sözünün yazılması öhdəliyi Cavabdehnə həvalə edilir. İddia tələbi təmin olunduğundan prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-37/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-37/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver