Məhkəmə qərarları › İş №2-1(122)-37/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-37/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-37/2025 17.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "onun mülkiyyətində olan Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 m2 ümumi sahəsi 14.7 m2 olan mağazanın Cavabdeh tərəfindən söküldüyü üçün həmin mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla qiymətləndirilməsi ümumi dəyəri 130 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şahbuz şəhəri, Heydər Əliyev prospektində tikinti altı 17.9 m2 torpaq sahəsində olan mağaza ona məxsus olub, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 000450 nömrəli texniki pasportu ilə onun mülkiyyətinə verilmişdir. O həmin mağazanı 2007-ci ilə kimi istifadə etmişdir. Lakin 2007-ci ilin avqust ayında səhhəti ilə əlaqədar Bakı şəhərində müalicə aldığı zaman mağazası sökülmüşdür. O, 06 fevral 2023-cü il və 03 iyun 2023-cü il tarixində Cavabdeh başçısı Rəfael Babayevə məktubla müraciət etmiş və ona 5-27-4/2-194 nömrəli məktubla mağaza binasının sökülməsi və ya sökülməsinə görə kompensasiyanın ödənilməsi barədə rəsmi sənəd və ya göstəriş olmadığı bildirilmişdir. İddiaçı qeyd olunanlara əsasən onun mülkiyyətində olan Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 m2 ümumi sahəsi 14.7 m2 olan mağazanın Cavabdeh tərəfindən söküldüyü üçün həmin mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla qiymətləndirilməsi ümumi dəyəri 130 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdehnə tərəfindən iddiaya dair məhkəməyə ünvanlanan 21 fevral 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Şahbuz şəhər sakini İddiaçı Cavabdehnə müraciət edərək onun mülkiyyətində olmuş Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14,7 kv.m olan mağazasının 2007-ci ildə söküldüyünü bildirərək ona dəymiş ziyana görə kompensasiya verilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən araşdırılmış, İddiaçı bir neçə dəfə rayon icra hakimiyyəti başçısının qəbulunda olmuş, ona müvafiq izahlar verilmişdir. Dəfələrlə rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən ona rayonun müxtəlif ərazilərində, eyni zamanda 28 May küçəsi və Heydər Əliyev prospektindən torpaq sahəsinin ayrılması təklif edilmiş, İddiaçı razılaşmayıb ona dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. Komissiya tərəfindən vətəndaşın müraciətinə baxılarkən məlum olmuşdur ki, 2007-ci ildə ona məxsus mağazanın sökülməsinə dair Cavabdeh tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilməmişdir. Vətəndaşın iddia ərizəsində öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə mövqeyi düzgün deyil. Belə ki, vətəndaşın qanunla qorunan mülkiyyət hüquqlarının Cavabdeh tərəfindən pozulmasına dair hər hansı fakt mövcud deyil. Eyni zamanda rayon icra hakimiyyətində və ya arxivdə vətəndaşa məxsus mağazanın sökülməsinə dair hər hansı sənəd yoxdur. Cavabdeh İddiaçı hazırki iddia tələbi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 31 may 2024-cü il, 27 sentyabr 2024-cü il və 18 aprel 2025-ci il tarixli qərardadları ilə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 16 may 2006-cı il tarixli, 000027 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən Şahbuz qəsəbəsi, H.Əliyev prospektində yerləşən, İddiaçı xüsusi mülkiyyəti kimi tanınmış ümumi sahəsi 14,7 kv.m olan mağaza binasının müvafiq olaraq 2007-ci il və hazırki bazar qiymətləri, eləcə də, Cavabdeh tərəfindən İddiaçı söküldüyü iddia etdiyi mağaza binasının əvəzində kompensasiya məqsədilə təklif olunan Şahbuz şəhəri, Heydər Əliyev prospektində **********43 və **********66 kod nömrəli torpaq sahələrinin arasında yerləşən sahəsi 150.29 m2 olan torpaq sahəsinin hazırki bazar qiyməti barədə mütəxəssis rəyinin alınması Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 17 iyun 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Cavabdeh tərəfindən Şahbuz şəhər sakini İddiaçı ünvanlanmış 10 mart 2023-cü il tarixli, 5-27-4-/2-57/2023 nömrəli məktubla bildirilmişdir ki, iddia edilən mağazanın 2006-cı il 02 may tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 000450 nömrəli texniki pasportu ilə onun mülkiyyətinə verildiyi, lakin texniki pasportda torpaq sahəsinin ayrılmasına dair qrafada heç bir qeydiyyatın aparılmadığı, eləcə də Cavabdehndə həmin mağazanın sökülməsi və ya sökülməsinə dair kompensasiyanın ödənilməsinə dair rəsmi sənəd və ya göstərişin olmadığı bildirilmişdir. - 02 may 2006-cı il tarixli texniki pasportun surətindən məlum olur ki, Şahbuz rayonu, Şahbuz qəsəbəsi, H.Əliyev xiyabanında yerləşən mağazanın balans saxlayıcısı və ya mülkiyyətçisi İddiaçıdur. - 16 may 2006-cı il tarixli, 3 reyestr nömrəli, 027 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən məlum olur ki, Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14.7 m2 olan mağaza binası İddiaçı xüsusi mülkiyyətindədir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 noyabr 2023-cü il tarixli, 04/939 nömrəli məktubdan məlum olur ki, qeyd olunan qeyri-yaşayış obyekti (mağaza) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından Xidmətin informasiya bazasında həmin əmlakla bağlı məlumat mövcud deyil. - Cavabdeh tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli məlumatdan görünür ki, Şahbuz şəhər sakini İddiaçı Cavabdehnə müraciət edərək onun mülkiyyətində olmuş Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14,7 kv.m olan mağazasının 2007-ci ildə söküldüyünü bildirərək ona dəymiş ziyana görə kompensasiya verilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən araşdırılmış, İddiaçı bir neçə dəfə rayon icra hakimiyyəti başçısının qəbulunda olmuş, ona müvafiq izahlar verilmişdir. Dəfələrlə rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən ona rayonun müxtəlif ərazilərində, eyni zamanda 28 May küçəsi və Heydər Əliyev prospektindən torpaq sahəsinin ayrılması təklif edilmiş, İddiaçı razılaşmayıb ona dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. Komissiya tərəfindən vətəndaşın müraciətinə baxılarkən məlum olmuşdur ki, 2007-ci ildə ona məxsus mağazanın sökülməsinə dair Cavabdeh tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilməmişdir. Təklif olunan torpaq sahələrinin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin 27 sentyabr 2024-cü il tarixli, 2-1(122)-111/2024 nömrəli qərardadının icrası ilə bağlı göndərdiyi 20 noyabr 2024-cü il tarixli, 04/1230 nömrəli məktubdan məlum olur ki, qərardadda qeyd olunan - İddiaçı məxsus olmuş, Şahbuz şəhərində ümumi sahəsi 14,7 m2 olmuş mağazanın hazırkı bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında Şahbuz şəhəri üzrə uyğun qeyri-yaşayış binalarına və sahələrinə dair 2024-cü ildə notarial qaydada bağlanılmış alqısatqı müqavilələri mövcud deyil. 2023-cü ildə bazar qiymətlərinə dair Şahbuz şəhərində uyğun qeyri-yaşayış binalarının alqı-satqısına dair notariat ofislərində bağlanılmış müqavilələrə əsasən qeyri-yaşayış binalarının 1 m2-nin bazar qiymətinin 620-630 manat arasında olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən qərardadda göstərilən pərakəndə ticarət mağazasının 2023-cü ildə bazar qiymətinin yuvarlaq olaraq 9100 (doqquz min yüz)-9300 (doqquz min üç yüz) manat aralığında olması müəyyənləşdirilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin 20 noyabr 2024-cü il tarixli, 2-1(122)-111/2024 nömrəli qərardadının icrası ilə bağlı göndərdiyi 27 noyabr 2024-cü il tarixli, 04/1265 nömrəli məktubdan məlum olur ki, qərardadda qeyd olunan - İddiaçı məxsus, ümumi sahəsi 14,7 m2 olmuş mağazanın hazırkı bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında Şahbuz şəhəri üzrə uyğun qeyri-yaşayış obyektlərinə dair 2024-cü ildə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. 2023-cü ildə Şahbuz şəhərində uyğun qeyri-yaşayış binalarının alqı-satqısına dair notariat ofislərində bağlanılmış müqavilələrə əsasən qeyri-yaşayış binalarının 1 m2-nin bazar qiyməti 620-630 manat arasında dəyişilir. Qeyd edilənlərə əsasən qərardadda göstərilən mağazanın 2023-cü ildə bazar qiyməti yuvarlaq olaraq 9100 (doqquz min yüz) - 9300 (doqquz min üç yüz) manat aralığında müəyyənləşdirilə bilər. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 11 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-150/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Cavabdeh 2007-ci ilə dair sənədləri mühafizə olunmadığından Şahbuz şəhəri, Heydər Əliyev prospektinde yerləşən tikinti altı torpaq sahəsi 17,9 m² ümumi sahəsi 14,7 m² olan mağazanın dövlət ehtiyacları üçün sökülməsi ilə bağlı məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-37/2025 nömrəli məktubuna cavab olaraq göndərdiyi 26 may 2025-ci il tarixli, 04/751 nömrəli məktubdan məlum olur ki, İddiaçı təklif olunan, Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən, sahəsi 150,29 m2 olan torpaq sahəsinin 2025-ci ilə dair bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında uyğun ərazidə torpaq sahələrinin 2025-ci ildə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. 2024-cü ildə notariat ofislərində bağlanılmış alqı-satqı müqavilələrinə əsasən Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən uyğun torpaq sahələrinin 1 m2-nin bazar qiyməti 3-31 manat arasında dəyişmişdir. Qeyd edilənlərə əsasən İddiaçı təklif olunan, sahəsi 150,29 m2 olan torpaq sahəsinin 2024-cü ilə dair bazar qiyməti yuvarlaq olaraq 450 (dörd yüz əlli) - 4700 (dörd min yeddi yüz) manat aralığında müəyyənləşdirilə bilər. Alqısatqı müqavilələrinin surətləri iş materiallarına əlavə edilmişdir. - Cavabdeh Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli, 3/261 nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə Şahbuz şəhəri, Şahbuz qəsəbəsində doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14.7 m2 olan mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla ümumi dəyəri 130 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14.7 m2 olan mağaza binasının əvvəllər iddiaçının mülkiyyətində olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İddiaçının mülkiyyətində olmuş əmlak kompleksinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 16 ildən artıq uzun müddətdən öncə cavadeh tərəfindən sökülmüş olması öz təsdiqini tapmır. Çünki, həmin Qanunun 3.1-ci maddəsinə görə, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 19.1-ci maddəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. Müəyyən olunmuşdur ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanuna müvafiq olaraq mağaza binasının əvvəllər yerləşdiyi torpaq sahəsi alınmanın təsirinə məruz qalmamış, həmin ərazidə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması işləri aparılmamışdır. İddiaçı sözgedən tikilinin onun mülkiyyətində olmasını sübut etsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. İddiaçının sadəcə mübahisəli mağaza binasına dair söküntünün cavabdeh tərəfindən aparıldığına istinad etməsi cavabdehin hərəkət və ya hərəkətsizliyindən yaranmış hüquq pozuntusuna dəlalət edən hal kimi şərh edilə, və tələb edilən məbləğdə cavabdeh tərəfindən kompensasiya odənilməsini labüd edə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının əldən çıxmış bütün pay ilə bağlı tələbi ilkin tələbdən asılı tələbdir. Yəni, ilk növbədə ilkin tələb müsbət həllini tapdıqdan sonra əldən çıxmış bütün pay ilə bağlı tələb həll edilə bilər. Diqqətə alınmalıdır ki, iddiaçıya əldən çıxmış bütün pay (fayda) kimi zərərin vurulması iddia edilən pozuntular nəticəsində baş verdiyini göstərmək və iddialarını təsdiq edən sənədləri təqdim etmək lazımdır. Lakin hazırkı mübahisəyə münasibətdə əldən çıxmış pay kimi zərərin ödənilməsini şərtləndirən hər hansı halın mövcudluğu da müəyyən olunmamışdır. Bununla belə, oxşar məzmunlu işlər üzrə formalaşdırılmış məhkəmə təcrübəsinə əsasən məhkəmə nəzərə alır ki, hal-hazırda iddiaçıya məxsus olmuş 14.7m2 mağaza üzərində mülkiyyət hüququnun rəsmi reyestrdə qeydiyyatının olmaması onun cavabdehə qarşı hazırkı məzmunda tələbinin faktiki əsaslarına təsir etməməlidir. Belə ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə hər-hansı obyektin sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçının hazırkı tələbi üzrə Şahbuz şəhəri, Heydər Əliyev prospektində, **********43 və **********66 kadastr nömrəli torpaq sahələrinin arasında yerləşən sökülmüş mağaza binasına dair tələbin qrşılığında cavabdeh tərəfindən iddiaçıya ayrılmış ümumi sahəsi 150.29 m2 olan torpaq sahəsi ilə əvəzləşdirilərək, qeyd edilən torpaq sahəsinin və torpaq sahəsinə dair bütün texniki sənədlərin iddiaçının mülkiyyətinə əvəzsiz verilə bilinəcəyi barədə təklif edilmiş, ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər təqdim edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçıya rayon mərkəzində təklif olunan torpaq sahəsi ağlabatandır və həmin torpaq sahəsinin iddiaçıya məxsus olmuş tikintinin əvəzinə veriləcəyi təqdirdə üzləşdiyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla onun üzərinə fərdi və həddən artıq yük qoyulmuş olmur. Mütənasiblik prinsipi uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verməlidir. Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun olmalıdır. Zərurilik meyarına əsasən inzibati orqan tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha az məhdudlaşdırıcı qanunvericilik vasitələrinin olmadığı yerdə, qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün ən yumşaq, zəruri olmalıdırlar. Yararlılıq meyarı qarşıya qoyulmuş məqsədlərə qeyri-mütənasib olan hər hansı həddən artıq inzibati tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur. Venesiya Komissiyasının Konstitusiya ədalət mühakiməsi üzrə Birgə Şurasının 6-cı iclasında mütənasiblik prinsipi müzakirə edilərkən, qeyd olunmuşdur ki, mütənasiblik müəyyən dərəcədə “daha çox” və “daha az” anlayışlar arasında formalaşan amildir. Mütənasiblik prinsipinin əsas məqsədi hüquqla vəzifə, öhdəliklə mülkiyyət, məqsədlə vasitələr arasında vahid məxrəci yaratmaqdır. Ona görə inzibati orqan tərəfindən görülən tədbirlərin həcmi ehtiyac və lazımlılıq tələbatı ilə qiymətləndirilməlidir və belə mübahisəli məsələləri konstitusiya presedent hüququ vasitəsi ilə həll etmək olar. Beləliklə, mülkiyyət hüququnun toxunulmazlığı və mütənasiblik prinsipinin qorunması baxımından dəyən zərərlə tətbiq olunan sanksiya arasında səbəbli əlaqənin tarazlığı təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı "onun mülkiyyətində olan Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 m2 ümumi sahəsi 14.7 m2 olan mağazanın Cavabdeh tərəfindən söküldüyü üçün həmin mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla qiymətləndirilməsi ümumi dəyəri 130 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası qismən təmin edilərək, tələbin əvəzləşdirilməsi yolu ilə Şahbuz şəhəri, Heydər Əliyev prospektində, **********43 və **********66 kadastr nömrəli torpaq sahələrinin arasında yerləşən cavabdeh tərəfindən iddiaçıya ayrılmış ümumi sahəsi 150.29 m2 olan torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı "onun mülkiyyətində olan Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 m2 ümumi sahəsi 14.7 m2 olan mağazanın Cavabdeh tərəfindən söküldüyü üçün həmin mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla qiymətləndirilməsi ümumi dəyəri 130 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası qismən təmin edilərək, tələbin əvəzləşdirilməsi yolu ilə Şahbuz şəhəri, Heydər Əliyev prospektində, **********43 və **********66 kadastr nömrəli torpaq sahələrinin arasında yerləşən cavabdeh tərəfindən iddiaçıya ayrılmış ümumi sahəsi 150.29 m2 olan torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar