Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-370/2025 11.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər olaraq işlədiyi illərin əmək pensiyasına hesablanması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 30 dekabr 1997-ci i tarixdə, 11 nömrəli əmr əsasında Culfa X10 çilingər olaraq iş götürülmüş, öz ərizəsi əsasında xx.xx.2001-ci il tarixidə, 10 nömrəli əmri ilə işdən azad olunmuşdur. 2021-ci il tarixdə pensiya yaşı tamam olduğunda pensiyası hesablananda Culfa rayon X10 1997-ci il tarixdən 2001-ci il tarixədək işlədiyi illər hesablanmamışdır. Buna əsas olaraq şifahi formada arxiv arayışının olmaması əsas gətirilmişdir. O, dəfələrlə yazılı şəkildə ərizə versə də onun ərizəsi cavablanmamışdır. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun naziri Culfa rayonunda əhali ilə söhbət aparan zaman Dövlət Sosial Müdafiə Fondunun ona qarşı etdikləri haqsızlıqları bildirmiş, bundan sonra onun məktubu cavablandırılmışdır. 28 iyun 2024-cii il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna məktubla müraciət etmiş, 09 iyul 2024-cü il tarixdə məktubuna cavab olaraq əmək haqqı arayışı olandan sonra yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla biləcəyi qeyd olunmuşdur. O, 1997-ci il tarixdən 2001-ci il tarixinədək Culfa rayon qaz istismar birliyində çilingər olaraq işləmişdir. Əlavə olaraq qeyd edir ki, Culfa rayon dövlət arxivinə müraciət etmiş, ona Culfa rayon qaz istismar kontorunun sənədlərinin arxivə verilməməsi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər olaraq işlədiyi illərin əmək pensiyasına hesablanması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 06 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia tələbini dəqiqləşdirdiyini bildirərək, onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib, 06 mart 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 06 mart 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 02 oktyabr 2024-cü il tarixli və 11 mart 2025-ci il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1956-cı il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Gülüstan kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Fondun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 noyabr 2021-ci il tarixli, 147 nömrəli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 28 iyun 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, onun əmək kitabçasında qeyd olunan 30 dekabr 1997-ci tarixdən 10 iyul 2001-ci il tarixədək Culfa Rayon X10 işləməyi barədə "Əmək pensiyaları haqqında" Qanunun 31.2- 1-ci maddəsinə əsasən, əmək haqqı arayışları barədə məlumat olmadığından, həmin dövrləri sığorta stajına aid etmək mümkün olmamışdır. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa Rayon X10 çilingər olaraq işlədiyi illərin əmək pensiyasına hesablanması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafie Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 dekabr 1997-ci il tarixdə, 11 nömrəli əmrlə Culfa X10 çilingər olaraq işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixidə, 10 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad olunmuşdur. 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunduqda, onun Culfa Rayon X10 1997-ci il tarixdən, 2001-ci il tarixədək işlədiyi illər nəzərə alınmamışdır. İddiaçı məxsus 30 noyabr 1979-cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlardan görünür ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Culfa Rayon Sanitar-epidemioloji stansiyasında dezinfektor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Nazirliyinin Rabitə qovşağında montyor vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 447 nömrəli arayışına əsasən, 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1981ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Nazirliyinin Rabitə qovşağında montyor, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Culfa Rayon Rabitə qovşağında montyor vəzifəsinə işləmişdir. Beləliklə, iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla əmək kitabçası üzrə 26 il 3 ay 21 gün iş stajı olduğu müəyyən edilmiş və bu əsasla da İddiaçı Fondun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 noyabr 2021-ci il tarixli, 147 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci madəsinin müddəalarına uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş məlumatlara əsasən o, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (3 il 6 ay 10 gün) Culfa Rayon X10 çilingər vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 13/1194 nömrəli arayışda Culfa Rayon Qaz İdarəsinin 1997- 2001-ci illərə dair əmr və əməkhaqqı kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 427 nömrəli arayışda Culfa Rayon Qaz İstismar İdarəsinin 1997- 2001-ci illərə dair sənədlərinin Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1973-cü il 22 avqust tarixli və Azərbaycan Respublikası "Başqaz" İdarəsinin 6 sentyabr 1973-cü il tarixli əmri ilə "X7 Qaz Birliyi" yaradılmışdır. Bunun davamı olaraq ulu öndərimizin təşəbbüsü ilə 1978-1980-ci illərdə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yeraltı yüksək təzyiqli magistral qaz kəməri çəkilmiş və ilk dəfə olaraq 1980-ci ildə Naxçıvan şəhərinə təbii qaz verilmişdir. 1991-ci il tarixdən mənfur qonşumuz tərəfindən torpaqlarımızın işğalı nəticəsində muxtar respublikamıza təbii qazın nəqli dayandırılmışdır. Ölkə prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na (2004-2008-ci illər) uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatının bərpası və təbii qaza olan tələbatını ödəmək məqsədilə 5 avqust 2004-cü ildə "xxxx" QSC və İran Milli Qaz İxrac Şirkəti arasında "Təbii qaz mübadiləsi" haqqında müqavilə imzalanmış və 20 dekabr 2005-ci ildən muxtar respublikaya mavi yanacağın verilməsi bərpa olunmuşdur. Beləliklə, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər olaraq işlədiyini iddia etdiyi dövrlə bağlı təsdiqedici sənədlər olmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunla yolverilməzdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 iyul 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadəsi: 06 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X3 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçını tanıdığını, onunla iş yoldaşı olduğunu, 1986-cı ildən 2005-ci ilədək idarə bağlanana qədər Culfa qaz İstismar İdarəsində çilingər vəzifəsində işlədiyini, işlədiyi dövürlərdə hər ay əmək haqqı aldıqlarını o işə girən zaman iddiaçının hələ orada işləmədiyini, iddiaçının ondan sonra işə girdiyini, əsas fəaliyyətlərinin əvvəlki dövürlərdə evlərə qaz xətləri çəkməkdən ibarət olduğunu, müharibə illərində Naxçıvana qazın gəlişinin dayandırıldığını, qaz kəsiləndən sonra da işə getdiklərini, qaz kəsiləndən sonra evlərədə qaz balonlarına nəzarət etdiklərini və qaz balonlarının quraşdırdıqlarını, qaz olmayan illərdə də əmək haqqı aldıqlarını, işlədiyi dövrdə yanğın baş verdiyindən işçilərə aid bütün sənədlərin yandığını, lakin yanğının tarixini dəqiq xatırlamadığını, yanğın hadisəsindən sonra da orada işləməyə davam etdiyini, 2016-cı ildən və hal hazırda Rabitə İdarəsində işlədiyinini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 ona ünvanlanmış sualları cavablandıraraq iddiaçını tanıdığını, Culfa Rayon Qaz İstismar İdarəsində işlədiyi dövrlərdə onunla iş yoldaşı olduğunu, idarənin adının tam olaraq Culfa Rayon X4, həmin idarədə 1983-1984-cü illərdə işə qəbul olduğunu, ayın tarixini dəqiq xatırlamadığını, o, işə girən dövrdə müdirin Həşim olduğunu, Rüstəmov Əlinin də, Süleymanov Adilin də idarənin müdiri olduqlarını, Adildən sonra müdirin İbrahim olduğunu, idarə bağlanana qədər həmin idarədə işlədiyini, eyni illərdə iddiaçının da həmin idarədə çilingər vəzifəsində işlədiyini, qaz Ermənilər tərəfindən kəsiləndən sonrada idarənin fəliyyət göstərdiyini və işçilərin işə getdiklərini, qaz olmayan illərdə Bakıdan gələn qaz balonlarının satışı və təmiri ilə məşğul olduqlarını, işlədikləri dövrlərdə eyni zamanda Naxçıvana qaz gəlməyən dövrlərdə də əmək haqqı aldıqlarını, idarənin binasının köhnə vəziyyətdə olduğunu, həmin binada yanğın baş verdiyindən bir çox sənədlərinin yandığını, yanğının dəqiq tarixini xatırlamadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanmış 09 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-M-6282/2024 nömrəli məktubdan aydın olur ki, ona 2021-ci il 30 noyabr tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qeyd edilir ki, pensiyanın hesablanması zamanı, əmək kitabçasında qeyd olunan 30 dekabr 1997-ci il tarixdən 10 iyul 2001-ci il tarixədək Culfa rayon X10 işləməyi barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-1-ci maddəsinə (Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) müvafiq olaraq əməkhaqqı arayışları təqdim etmədiyi üçün həmin dövrləri sığorta stajına aid etmək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Culfa rayon X10 işləməyi barədə əməkhaqqı arayışları təqdim etdiyi təqdirdə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Culfa Rayon Sanitar-epidemioloji stansiyasında dezinfektor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Nazirliyinin Rabitə qovşağında montyor, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Nazirliyinin Rabitə qovşağında montyor, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Rabitə qovşağında, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər, xx.xx.2002-ci il tarixdən Culfa Rayon Rabitə qovşağında montyor vəzifələrində işləmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 67 nömrəli arayışdan aydın olur ki, Culfa Rayon Dövlət Arxivinə Culfa rayon qaz istismar idarəsinin 1997-2001-ci illər sənədləri təhvil verilmədiyindən İddiaçı adına staj müəyyən edilməmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli, 1090 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşamaqla adları aşağıda göstərilən ailə tərkibi vardır: arvadı- X5 (1957) - Culfa Rayon Polis Şöbəsi tərəfindən 20 fevral 2008-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1956-cı il tarixdə Naxçıvan rayonu, Culfa şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 17 oktyabr 2024cü il tarixli, 3-17-9-1/2-10665/2024 nömrəli məktubla Fondun arxivində saxlanılan İddiaçı aid 012716 nömrəli pensiya işində olan müvafiq sənədlərin surətləri məhkəməyə göndərilmişdir. - Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 noyabr 2021-ci il tarixli, 147 nömrəli qərarı ilə İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci madəsinin müddəalarına uyğun olaraq xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq 231.41 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 oktyabr 2024-cü il tarixli, 598/04 nömrəli məktubdan məlum olur ki, hal-hazırda Naxçıvan Muxtar Respublikası Qaz istismar Xidmətinin tabeliyində Culfa rayon Qaz istismar Kontoru adlı idarə yoxdur. Culfa rayon Qaz istismar Kontor idarəsinə aid Naxçıvan Muxtar Respublikası Qaz istismar Xidmətində heç bir sənəd mövcud deyil. - Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 noyabr 2024-cü il tarixli, 02/1129 nömrəli məktubdan məlum olur ki, Culfa Rayon Qaz istismar Kontorunun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 noyabr 2024-cü il tarixli, 1881/2024 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında Culfa rayon Qaz İstismar kontorunun ləğv edilməsinə və həmin kontorda çilingər vəzifəsində işləmiş İddiaçı dair məlumat mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövürlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: - 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: - 6.1.4-cü bəndinə əsasən əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; - 6.1.6-cı bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; - 6.6-cı maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırki iş üzrə əsas mübahisəli məsələ 30 dekabr 1997-ci il tarixdən 10 iyul 2001-ci il tarixədək Culfa rayon X10 işləməyi barədə əmək haqqı arayışlarının təqdim edilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçasında olan qeydlərlə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 noyabr 2024-cü il tarixli, 02/1129 nömrəli məktubdan məlum olur ki, Culfa Rayon Qaz istismar Kontorunun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının 1997-ci il tarixdən 2001-ci il tarixədək dair iş stajına malik olmaması barədə cavabdehin dəlilləri ilə məhkəmə razılaşmayaraq, formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, belə xarakterli işlərdə əmək haqqı cədvəllərinin, əmrlərin və digər sənədlərin dövlət arxivinə təhvil verilməməsi, iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərin iddiaçının stajı hesablanarkən nəzərə alınmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi 1997-2001-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə uyğun olaraq, məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X3 və X12 ünvanlanan suallara verilən cavablarda da iddiaçının Qaz İstismar İdarəsində çilingər kimi işlədiyini, əmək haqqını hər ay üçün aldıqlarını, onlara qazın Ermənistandan gəldiyini, müharibə illərində Naxçıvana qazın gəlişinin dayandırıldığını, qaz kəsiləndən sonra da işə getdiklərini, qaz kəsiləndən sonra qaz balonlarının satışı və təmiri ilə fəaliyyətlərini davam etdirdiklərini qaz olmayan illərdə də əmək haqqı aldıqlarını, işlədikləri dövrdə yanğın baş verdiyini, işçilərə aid bir çox sənədlərinin də orada yandığını, Naxçıvana qaz xəttinin kəsilməsindən sonra idarənin fəaliyyət göstərdiyini bildirmişdirlər. Şahidlərə məxsus əmək kitabçalarında eyni dövrlərdə onların Culfa qaz kontorunda işləmələri barədə müvafiq qeydlər aparılmışdır. Cavabdehin iddiaya etirazında qeyd etdiyi 1991-ci il tarixdən Naxçıvan MR-na qaz verilişinin Ermənilər tərəfindən dayandırılması arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə Naxçıvana qazın nəqli dayandırılsa da, cavabdeh orqan tərəfindən məhkəməyə Naxçıvan MR-da Qaz kontorlarının (qaz idarələrinin) ləğv edilməsi və ya fəaliyyətlərinin dayandırılması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X10 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-370/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-370/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver