Məhkəmə qərarları › İş №2-1(122)-371/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-371/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-371/2023 24.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı “16 mart 2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-ci i tarixdə Şərur rayonunda anadan olmuşdur. 1984, 2001-2005-ci illərdə Dmitrov adına sovxozda Şərur rayon Mərkəzi Xəstəxanasında işləmişdir. xx.xx.1991-ci il tarixdən Şərur rayon mərkəzi xəstəxanasına həkim laborant təyin olunmuş, 1998-ci ilin may ayında 2007-ci ilin dekabr ayınadək Şərur rayon "Əfsanə" özəl diaqnostik müəssisəsində həkim laborant vəzifəsində işləmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Şərur rayon Uşaq xəstəxanasında 0.5 oklad həkim laborant vəzifəsində, 2020-2023 illərdə Şərur RMXnin Laboratoriya şöbəsində 0.5 oklad həkim laborant vəzifəsində işləmişdir. 1992-2000-ci illərdə işləməsinə baxmayaraq həmin illər üzrə əmək haqqı hesablanmamış və 2019-cu ildən Uşaq və Mərkəzi Xəstəxanasında işləməsi barədə əmək haqqı hesablanmamışdır. Həmin illərə dair sənədlər arxiv idarəsinə verilməmişdir. Qeyd edir ki, 1992-2000-ci illərdə işlədiyi illərin sənədlərinin arxivə verilməməsi və itirilməsi onun təqsiri deyil. İddiaçı göstərilənlərə əsasən əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30 may 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı qaldırdığı əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi dəqiqləşdirərək tələbə 16 mart 2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılıb nəticə verilməsini xahiş edib bu barədə yazdığı 30 may 2023-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(122)-371/2023 nömrəli qərardadı ilə iddia tələbinə həmin çərçivədə baxılması qərara alınmışdır. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçası və arxiv arayışları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə (31.2-1 Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) əsasən araşdırılmış və 30 il 2 ay faktiki sığorta satjı, 26516.20 manat pensiya kapitalı olduğu müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.1-1-ci maddəsinə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti tərəfindən İddiaçı fərdi hesabının sığoıta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 01 aprel 2023-cü il tarxixə 18811.72 manat, həmçinin qanunun 27.1 maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı təqdim etdiyi arxiv sənədlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan sosial sığorta stajı 13 il 11ay və 12888.35 manat pensiya kapitalı olmaqla 01 aprel 2023-cü tarixə ümumilikdə 31700.07 manat pensiya kapitalı hesablanmışdır. Vətəndaşın əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona əlilliyə görə əmək pensiyası təyin olunması qanuna müvafıq deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 iyun 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Şərur Rayon Uşaq X7 Şəxs tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı rayon Uşaq xəstəxanasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 0.5 oklad həkim laborant vəzifəsində işləmişdir. Şərur Rayon Uşaq X7 Şəxs tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Şərur RMX-nın Laboratoriya şöbəsində 0.5 oklad həkim laborant vəzifəsində işləmiş və 2020-2023-cü illər üzrə əmək haqqı almışdır. “Əfsanə” özəl müalicə və diaqnostika müəssisəsinin arayışından görünür ki, İddiaçı həmin müəssisədə laborant vəzifəsində işləmiş və 1998-2007-ci illər üzrə əmək haqqı almışdır. Şərur Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli 215 nömrəli əmrlə Şərur RMX-na həkim laborant vəzifəsinə təyin olunması və xx.xx.1997-ci il tarixli 98 nömrəli əmrlə işdən azad olunaraq Uşaq Xəstəxanasına həkim laborant vəzifəsinə təyin olunması arxiv sənədlərində qeyd olunmuşdur. Arxiv arayışından görünür ki, İddiaçı Şərur RMX-da işləmiş, 1984 və 2001-2005-ci illər üzrə əmək haqqı almışdır. Həmçinin arayışda 1992-2000-ci illərə aid əmək haqqı kitablarının Şərur rayon Dövlət Arxivinə verilmədiyi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyası Qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. УВ-İ №113085 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1990-cı ildə Sanitariya ixtisası üzrə tam kursu bitirmiş Dövlət İmtahan Komissiyasının 23 iyun 1990-cı il tarixli qərarı ilə ona Sanitariya həkimi ixtisası verilmişdir. Azərbaycan SSR Səhiyyə Nazirliyi N.Nərimanov adına X9 ordenli Azərbaycan Dövlət Tibb İnstitutu tərəfindən verilmiş 480 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 27 iyun 1990-cı ildən, 01 avqust 1991-ci ilə kimi Naxçıvan Respublika Xəstəxanasında internaturanı keçmişdir. Şərur Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli 215 nömrəli əmrlə Şərur Rayon Mərkəzi Xəstəxanasına həkim laborant təyin olunması və xx.xx.1997-ci il tarixli 98 nömrəli əmrlə işdən azad olunaraq Uşaq Xəstəxanasına həkim laborant vəzifəsinə təyin olunması arxiv sənədlərində qeyd olunmuşdur. Arayışda həmçinin qeyd olunur ki, 1991-2000-ci illərə aid əmək haqqı kitabları Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən, xx.xx.2022-ci il tarixədək 16 il 02 ay sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 15658.40 manat pensiya kapitalı vardır. xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Şərur Rayon Mərkəzi Xəstəxanasına həkim laborant vəzifəsinə təyin olunmuş, xx.xx.1997ci il tarixdə işdən azad olunaraq Uşaq Xəstəxanasına həkim laborant vəzifəsinə təyin olunmuşdur. Həmçinin qeyd olunur ki, Şərur Rayon Mərkəzi Xəstəxanasının 1992-1997-ci ilə aid əmək haqqı kitabları Şərur Rayon Dövlət Arxivinə təhvil verilməyib. xx.xx.2023-cü il tarixli Arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli, 215 nömrəli əmrlə Şərur rayon Mərkəzi Xəstəxanasına həkim laborant vəzifəsinə, xx.xx.1997ci il tarixli, 98 nömrəli əmrlə işdən azad olunaraq Uşaq Xəstəxanasına həkim laborant vəzifəsinə təyin olunması arxiv sənədlərində qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı Naxçıvan MR Səhiyyə Nazirliyinin Naxçıvan MR Xəstəxanasında (köhnə adı N.Nərimanov adına Respublika xəstəxanası) işləmiş və 1990-1991-ci illər üzrə əmək haqqı almışdır. xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin Naxçıvan MR Xəstəxanasının (köhnə adı N.Nərimanov adına Respublika xəstəxanası) sənədlərinə baxdiqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1990-cı il tarixli, 58 nömrəli əmrlə “həkim-interna laborant” qəbul edilməsi, xx.xx.1991-ci il tarixli 256 nömrəli əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. Əmrlər Kitabından çıxarışlar Arxiv arayışlarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. -13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdə 215 nömrəli əmrlə X2 Blokunda 01 oklad həkim-laborant vəzifəsinə işə qəbul edilməsi, xx.xx.1997-ci il tarixdə 98 saylı əmrlə Uşaq Xəstəxanasına keçirilməsi və xx.xx.2007-ci il tarixədək həmin xəstəxanada fasiləsiz işləməsi iş materialları ilə təsdiq olunur. Həmçinin “Əfsanə” özəl müalicə və diaqnostika müəssisəsinin arayışından iddiaçının 2001-ci ildən 2007-ci ilədək həmin müəssisədə əmək haqqı alması öz təsdiqini tapır. İddiaçı verilmiş arxiv arayışında 1992-2000-ci illərə dair (digər arayışda 1992-1997) əmək haqqı kitablarının Şərur Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Həmin dövrlər əmək stajına daxil edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının iş illərinə dair əmək haqqı və əmr kitablarının arxivə təhvil verilməməsi onun təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)- 1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları). İddiaçının Tibb Universitetində təhsil aldığı müddət və əmək kitabçasında qeyd olunan iş yerləri nəzərə alınaraq hesablanıldıqda, onun pensiyası minimum əmək pensiyasının (xx.xx.2022-ci il üzrə 240 manat) üzərində olduğundan pensiya hüququ yaranır. Buna görə də, cavabdeh inzibati orqan vətəndaşın pensiya təyinatı barədə müraciətindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın etirazında vətəndaşın əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona əlilliyə görə əmək pensiyası təyin olunmaması barədə gətirdiyi dəlilini məqbul saymır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı “16 mart 2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 14.3, 33, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı “16 mart 2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar