Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-38/2022 10.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evinə qarşı “27.01.1965-ci il tarixdə tərtib olunmuş 18 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında yazılmış “Tahirə” adının əvəzinə “Qahirə” adının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.01.1965-ci il tarixdə tərtib olunmuş 18 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında yazılmış “Tahirə” adının əvəzinə “Qahirə” adının yazılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan rayonu, Qaraçuq kəndində anadan olmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamədə onun barəsində "İddiaçı" kimi qeydiyyat aparılmışdır. Bundan əlavə ona verilmiş bütün səlahiyyətverici sənədlərdə (şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə, attestatda və s.) onun adı "Qahirə" kimi yazılmışdır. Lakin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə doğum akt qeydindən çıxarış almaq üçün müraciət etdikdə həmin Şöbədən ona bildirilmişdir ki, 27.01.1965-ci il tarixdə tərtib olunmuş 18 nömrəli doğum aktında soyadı Məmmədova, adı Tahirə, ata adı Gülməmməd, doğum tarixi xx.xx.1965-ci il, ata adı X6, ana adı isə X5 olaraq qeyd edilmişdir. Sonra ərizə ilə Qeydiyyat Şöbəsinə müraciət edərək həmin səhvin düzəldilməsini xahiş etsə də, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin 06.12.2021-ci il tarixli, 02/750 nömrəli məktubu ilə onun xahişinə imtina cavabı verilmiş və bu barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrinə əsasən məhkəmədən 27.01.1965-ci il tarixdə tərtib olunmuş 18 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında yazılmış “Tahirə” adının əvəzinə “Qahirə” adının yazılması öhdəliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 16 fevral 2022-ci il tarixli, 2-1(122)-38/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 10 mart 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı cavabdeh “Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi”nin adının dəyişdirilərək “Naxçıvan Şəhər 2 saylı Nikah Evi” ilə əvəz edildiyini bildirib, cavabdeh inzibati orqanın adının “Naxçıvan Şəhər 2 saylı Nikah Evi” kimi oxunmasını xahiş etmiş və bu barədə Naxçıvan Şəhər 2 saylı Nikah Evinin 10 mart 2022ci il tarixli, 05/Q-113/16 nömrəli arayışını məhkəməyə təqdim etmişdir. Məhkəmənin 10 mart 2022-ci il tarixli protokol qərarına əsasən İddiaçı vəsatəti təmin edilərək cavabdeh inzibati orqanın adının “Naxçıvan Şəhər 2 saylı Nikah Evi” kimi oxunmasına qərar verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum və nikahın bağlanması haqqında şəhadətnamələrin surətlərini, attestatın, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərini, qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən Naxçıvan şəhər, Bulqan kəndində yaşayan İddiaçı ünvanlanan 06 dekabr 2021-ci il tarixli, 02/750 nömrəli məktubdan görünür ki, Cavidabad Kənd İcra Nümayəndəliyi tərəfindən tərtib olunan 18 saylı, 27.01.1965-ci il tarixli doğum haqqında akt qeydinə əsasən vətəndaşın soyadı Məmmədova, adı Tahirə, ata adı Gülməmməd, doğum tarixi xx.xx.1965-ci il, ata adı X6, ana adı isə X2r. Onun şəxsiyyət vəsiqəsində adının "Qahirə" yazılmasının səbəbi məlum deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır, eyni zamanda, təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydində yazılanlara əsasən verildiyindən ona "Qahirə" adı ilə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydinə düzəliş olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - 16 oktyabr 2015-ci il tarixdə verilmiş, AZ-İİİ 530822 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Naxçıvan rayonu, Qaraçuq kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1965-ci ilin yanvar ayının 27-ci günündə 18 № ilə qeyd edilmişdir. X1, anası X5, milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 08 avqust 1985-ci il tarixli, İİİ-ЖГ 421972 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə İddiaçı 08 avqust 1985-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1985-ci ilin avqust ayının 08-ci günündə 41 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - 01 iyul 1982-ci il tarixli attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1982ci ildə Babək rayonu, Cavidabad kənd orta məktəbin tam kursunu bitirmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Naxçıvan rayonu, Qaraçuq kəndində anadan olmuş və Naxçıvan şəhəri, Bulqan kəndində yaşayır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli, 2817 nömrəli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Məhkəmənin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanan 14 fevral 2022-ci il tarixli, 06-01/692 nömrəli məktubdan görünür ki, xx xxxxxx 1965-ci il təvəllüdlü İddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Həmçinin məktubla məhkəməyə ünvanlanan şəxsiyyət vəsiqəsi və pasporta aid çıxarışlardan görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə anadan olmuşdur. - Məhkəmənin sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən 16 fevral 2022ci il tarixli, 68 nömrəli məktubla məhkəməyə ünvanlanan AZ 693358 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X3 xx xxxxxx 1965-ci ildə Naxçıvan rayonu, Qaraçuq kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında 24.01.1965-ci il, səhifə 18-də qeydiyyat aparılmışdır. X1, anası X5, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Naxçıvan Şəhər 2 saylı Nikah Evinin 10 mart 2022-ci il tarixli, 05/Q-113/16 nömrəli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10.12.2021-ci il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər 2 saylı Nikah Evi ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 27 yanvar 1965-ci il tarixdə tərtib olunmuş 18 saylı doğum haqqında akt qeydində iddiaçının ad qrafasında yanlışlıqla “Qahirə” əvəzinə “Tahirə” olaraq yazılmışdır. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, iddiaçının adı “Qahirə”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor doğum haqqında akt qeydinə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı doğum haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və 27.01.1965-ci il tarixli, 18 saylı doğum akt qeydləri kitabında ad qrafasındakı yanlışlıq düzəldilməli və "Tahirə" adı "Qahirə" olaraq qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 27.01.1965-ci il tarixdə tərtib olunmuş 18 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında yazılmış “Tahirə” adının əvəzinə “Qahirə” adının yazılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. 27.01.1965-ci il tarixdə tərtib olunmuş 18 nömrə ilə qeydə alınmış doğum aktı qeydində ad qrafasında yazılmış “Tahirə” adının əvəzinə “Qahirə” adının yazılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər 2 saylı Nikah Evinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-38/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-38/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver