Məhkəmə qərarları › İş №2-1(122)-38/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-38/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-38/2023 03.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 10 avqust 1971-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində əmək fəaliyyətinə başlamışdır. 13 yanvar 2011-ci il tarixdə ərizəsi əsasında işdən azad olunmuşdur. Nazirlikdə müxtəlif vəzifələrdə çatışmışdır. İşlədiyi yer və vəzifələr dövlət qulluğuna aid olmuşdur. O, pensiya çıxan zaman dövlət qulluqçusu kimi pensiya təyin edilməmişdir. Bununla bağlı olaraq Fonda etdiyi şifahi müraciətlərə verilən cavabda Bakı ilə əlaqə saxladıqdan sonra ona cavab verəcəklərini bildirmişlər. Dövlət qulluqçusu kimi pensiyasının bərpa olunması ilə əlaqədar olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə etdiyi müraciətə verilən 18 noyabr 2022-ci il tarixli, Q 211623 nömrəli cavabda 01 dekabr 2013-cü il tarixdə tutduğu vəzifə dövlət qulluğu siyahısından çıxarıldığından və başqa vəzifə ilə uyğunlaşdırılmadığı üçün pensiya məbləğinin sabit olaraq qalması qeyd olunmuşdur. Yəni əsassız olaraq pensiyası bərpa edilməmişdir. İddiaçı qeyd olunanlara əsasən dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 02 dekabr 2022-ci il tarixli, 2-1(122)-309/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi iddiaya qarşı 12 yanvar 2023-cü il tarixli, 02/44 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 16 may 1951-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 11 avqust 2008-ci il tarixli, 13371 nömrəli qərarına əsasən 16 may 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 14 yanvar 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, işləmədiyi üçün qulluq stajını nəzərə alıb ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsinə qərar verilməsini xahiş etmişdir. İddiaçı ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 21 yanvar 2011-ci il tarixli, 14882 nömrəli qərarına əsasən ona dövlət qulluqçusu kimi yaşa görə 194,40 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 14 oktyabr 1966-cı il tarixli əmək kitabçasında olan məlumatlarda onun, xx.xx.1966-cı il tarixdə Naxçıvan Avtomotoklubda kitabxanaçı, xx.xx.1969-cu il tarixdə Kommunal Təsərrüfat şöbəsində təmizləyici, xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək həmin şöbədə işlər müdiri vəzifələrində işlədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək X9 İçkilər Zavodunda fəhlə, xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, xx.xx.1972-ci il tarixdə həmin nazirlikdə iş icraçısı, xx.xx.1975-ci il tarixdən xx.xx.1984-cü il tarixədək isə kadr üzrə baş inspektor vəzifələrində işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Naxçıvan Şəhər Polis Şöbəsində pasportçu, həmin tarixdən, yəni xx.xx.1987-ci ildən, yenidən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ünvan bürosunda qeydiyyatçı, daha sonra xx.xx.1994-cü il tarixdən kadrlar şöbəsində qeydiyyat üzrə inspektor vəzifəsində işləmiş və xx.xx.2011-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Beləliklə, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən onun 01 yanvar 2006-cı il tarixədək 38 il 6 ay 26 gün, 01 yanvar 2006-cı il tarixdən 13 yanvar 2011-ci il tarixədək isə 5 il 12 gün olmaqla, cəmi 44 il 2 ay 14 gün ümumi iş stajı vardır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi 2010-2013-cü illər ərzində komissiya tərəfindən təyin edilmiş əmək pensiyaçıların pensiya işlərini təkrar araşdırarkən müəyyən etmişdir ki, İddiaçı 16 may 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən işdən azad olunduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə zidd olaraq dövlət qulluqçusu kimi onun pensiyanın sığorta hissəsinə qulluq stajına görə əlavə təyin edilmişdir. Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına pensiyasına əlavələrin məbləği həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi aldıqda nəzərə alınır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində mülki işçi olaraq tutduğu vəzifə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmamışdır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi tərəfindən 9 dekabr 2022-ci il tarixli, *** **** nömrəli məktubla Naxçıvan Muxtar Respublikasının X7 və həmin tarixli 02/1736 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bununla bağlı sorğu məktubu göndərilmişdir. Sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasının X5 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktubunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələri dövlət qulluğu vəzifələrinə aid edilmədiyindən və X1 proqramında öz əksini tapmadığından həmin vəzifələrin dövlət qulluğu vəzifələrinə aid edilməsi ilə bağlı rəy vermək mümkün olmadığı qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 29 dekabr 2022-ci il tarixli, 6/4816 nömrəli məktubunda isə 1971-ci il tarixdən 2022-ci ilin sonunadək olan dövr ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələrində işləyən mülki işçilərin tarif cədvəlinə uyğun olaraq “Dövlət qulluqçusu” kateqoriyasına aid əmək haqqı almadıqları qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 27 fevral 2023cü il tarixli, 2-1(122)-38/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 03 aprel 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına cavabdehin məktubunu, əmək kitabçasının təsdiq edilmiş surətlərini, qeydiyyat yeri barədə arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 18 noyabr 2022-ci il tarixli, 02/1623 nömrəli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2011-ci il tarixdə "Daxili İşlər Nazirliyi"ndə işdən azad olduğu üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq onun pensiyasının sığorta hissəsinə əlavə olaraq qulluq əlavəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə onun tutduğu vəzifə dövlət qulluğu siyahısından çıxarıldığı və başqa vəzifə ilə uyğunlaşdırılmadığı üçün pensiya məbləği sabit olaraq qalmışdır. - 14 oktyabr 1966-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Naxçıvan Avtomotoklubda kitabxanaçı, xx.xx.1969-cu il tarixdə Kommunal Təsərrüfat şöbəsində təmizləyici, xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək həmin şöbədə işlər müdiri vəzifələrində işlədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək X9 İçkilər Zavodunda fəhlə, xx.xx.1971ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, xx.xx.1972-ci il tarixdə həmin nazirlikdə iş icraçısı, xx.xx.1975-ci il tarixdən xx.xx.1984-cü il tarixədək isə kadr üzrə baş inspektor vəzifələrində işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Naxçıvan Şəhər Polis Şöbəsində pasportçu, həmin tarixdən, yəni xx.xx.1987-ci ildən, yenidən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ünvan bürosunda qeydiyyatçı, daha sonra xx.xx.1994-cü il tarixdən kadrlar şöbəsində qeydiyyat üzrə inspektor vəzifəsində işləmiş və xx.xx.2011-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 2390 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikasının X5 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələri dövlət qulluğu vəzifələrinə aid edilmədiyindən və X1 proqramında öz əksini tapmadığından həmin vəzifələrin dövlət qulluğu vəzifələrinə aid edilməsi ilə bağlı rəy vermək mümkün deyil. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 29 dekabr 2022-ci il tarixli, 6/4816 nömrəli məktubundan görünür ki, 1971-ci il tarixdən 2022-ci ilin sonunadək olan dövr ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələrində işləyən mülki işçilərin tarif cədvəlinə uyğun olaraq “Dövlət qulluqçusu” kateqoriyasına aid əmək haqqı almamışdır. - İddiaçı vəkili və nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 23 yanvar 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanladığı 12 yanvar 2023-cü il tarixli, 02/44 nömrəli iddia ərizəsinə münasibətinə etiraz ərizəsindən görünür ki, İddiaçı iddiasına qarşı cavabdehin etiraz ərizəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının X5 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktublarına istinad olunaraq iddiaçının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində çalışdığı vəzifələrin dövlət qulluğuna aid olmadığını əsas gətirərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində mülki işçi kimi iş icraçısı, kadr üzrə baş inspektor, qeydiyyatçı. kadrlar şöbəsində qeydiyyat üzrə inspektor və sair vəzifələrdə çalışmış, pensiyaya dövlət qulluqçusu kimi çıxmış və sonradan ona dövlət qulluqçusu kimi pensiyanın verilməsi dayandırılmışdır. İddiaçının vəkili və nümayəndəsi bir sıra qanunvericilik normalarına istinad edərək və qeyd olunanları nəzərə alaraq tələbin təmin olunmasını xahiş etmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçıya ilkin olaraq dövlət qulluğu pensiyası təyin edilmişdir. Lakin sonradan araşdırma nəticəsində onun işlədiyi vəzifələrin dövlət qulluğu pensiyasına uyğunluğu müəyyən edilməmişdir. İddiaçı tərəf isə həmin vəzifələrin dövlət qulluğu ilə pensiyaya çıxmaq hüququna əsas verdiyini iddia edərək, dövlət qulluğu pensiyasının bərpa edilməsini tələb edirlər. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçının işlədiyi vəzifə dövlət qulluğu ilə pensiyaya çıxmaq hüququ verən vəzifələrin siyahısında öz əksini tapmadığından ona dövlət qulluna görə pensiyanın bərpa edilməsi mümkün deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun - 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. - 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. - 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. - 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. - 23.1 və 23.2-ci maddələrinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.11-ci maddəsinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı 1966-cı ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif illərdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 1971-ci il tarixdən öz ərizəsi əsasında işdən azad edildiyi 2011-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. Göründüyü kimi, iddiaçının dövlət qulluğu stajı kimi nəzərə alınaraq dövlət qulluğu pensiyasının bərpasını tələb etdiyi dövr təqribən 40 ilə yaxın bir dövrü əhatə edir. İddiaçının həmin vəzifələrdə işləməsi əmək kitabçasında öz əksini tapmışdır və bu hal işi mübahisəsiz hallarına aiddir. İş üzrə mübahisəli hal iddiaçının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində işlədiyi vəzifələrin dövlət qulluğu stajı kimi nəzərə alınaraq dövlət qulluğu pensiyasının bərpa edilməsi ilə bağlıdır. Belə ki, hazırkı iş üzrə araşdırmalı yeganə məsələ iddiaçının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində işlədiyi vəzifələrin halhazırda mövcud olan dövlət qulluğunun inzibati vəzifələrinə uyğunlaşdırılması ilə bağlıdır. Bu istiqamətdə iş üzrə məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmışdır .Belə ki iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının X5 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktubundan da göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələri dövlət qulluğu vəzifələrinə aid edilmədiyindən və X1 proqramında öz əksini tapmadığından həmin vəzifələrin dövlət qulluğu vəzifələrinə aid edilməsi ilə bağlı rəy vermək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılınası aparılmış, lakin mübahisələndirilən vəzifələr Təsnifat Toplusunda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmamışdır. X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportçu, ünvan bürosunda qeydiyyatçı, kadrlar şöbəsində qeydiyyat üzrə inspektor vəzifələri nəzərdə tutulmadığı və həmin vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmadığı üçün iddiaçının 1971- 2011-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. Göründüyü kimi, iddiaçının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində işlədiyi müddət dövlət qulluğunda iş stajı kimi nəzərdə tutulmadığından onun dövlət qulluğu pensiyasının bərpa edilməsi mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının dövlət qulluğu pensiyasının bərpa edilməsindən imtinası əsaslı olmuşdur. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 12.1, 33, 58, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar