Məhkəmə qərarları › İş №2-1(122)-382/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-382/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-382/2025 07.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2 və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı "Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-805A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X7 mülkiyyətinə verilmiş şəhadətnaməyə və həmin Şəhadətnamə əsasında özgəninkiləşdirilmə əməliyyatı aparılmaqla əldə edilmiş digər mülkiyyəti təsdiq edən hüquqmüəyyənedici sənədlərə düzəliş edilməklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə 6 metr eni, 33 m uzunluğunda gediş-gəliş yolunun həmin şəhadətnamədən və digər hüquq müəyyənedici sənədlərdən çıxılmaqla ümumi istifadədə olan yol kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gediş-gəliş yolunun yenidən açılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyün yoxlanılması məsələsinə baxılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2- 1(122)-1321/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "gediş-gəliş yolunun yenidən açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh qismində prosessual iştirakçılığına xitam verilmiş, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi cavabdeh qismində inzibati işə cəlb edilmiş və İddiaçı cavabdeh Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 metr eni, təqribən 33 m uzunluğu olan həyətə girişçıxış yolunu - yəni 200 m2 torpaq sahəsini X7 mülkiyyətinə verməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Bundan sonra iş üzrə iddianın mümkünlüyünün yoxlanılması məsələsi davam etdirilərək, şifahi icraat qaydasında mümkünlük iclası 07 aprel 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və iddiaçının nümayəndəsi X3 müxtəlif tarixlərdə, ən son isə 04 fevral 2025-ci il tarixdə yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununa əsasən mübahisəli torpaq sahəsinin X7 mülkiyyətinə verilməsinin ləğv edilməsi tələb edilir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 avqust 2024-cü il tarixli məktubunda mübahisəli ərazinin Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarına əsasən JN-805A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə X7 mülkiyyətinə verildiyi qeyd edilmişdir. Həmin məktubda bağışlama müqaviləsi əsasında torpaq sahəsinin X5 adına qeydiyyata alındığı bildirilmişdir. İddia tələbində mübahisəli torpaq sahəsinin X7 mülkiyyətinə verilməsinin ləğv edilməsini tələb edilsə də, həmin torpaq sahəsi hazırda X5 mülkiyyətindədir. Digər tərəfdən X7 adına tərtib edilmiş JN-805A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarı əsasında tərtib edilmişdir. Şəhadətnamə Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarına uyğun olaraq verildiyindən iddiaçı, ilk növbədə, torpağın mülkiyyətə verilməsinə dair JN-805A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidir. Yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərar ləğv edildikdən sonra müvafiq şəhadətnamə inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə bilər. Yuxarıda göstərilənlərə əsasən iddianın mümkünlük şərtləri ortaya çıxdığından qeyd olunanlarla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X6 məhkəməyə 07 fevral 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, iddia tələbinin aşağıdakı formada baxılmaqla iddianın təmin olunmasını xahiş etmişdir: "Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-805A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X7 mülkiyyətinə verilmiş şəhadətnaməyə və həmin Şəhadətnamə əsasında özgəninkiləşdirilmə əməliyyatı aparılmaqla əldə edilmiş digər mülkiyyəti təsdiq edən hüquqmüəyyənedici sənədlərə düzəliş edilməklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə 6 metr eni, 33 m uzunluğunda gediş-gəliş yolunun həmin şəhadətnamədən və digər hüquq müəyyənedici sənədlərdən çıxılmaqla ümumi istifadədə olan yol kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli protokol qərarına əsasən iddiaçı tərəfin vəsatəti təmin edilərək, iddia tələbi 07 fevral 2025ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən formada icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi X6 iddia ərizəsinə və məhkəməyə ünvanlanmış ərizələrə uyğun məzmunda izahat verərək, iddianı müdafiə etdiklərini bildirib, məhkəmədən iddia tələbinin mümkün sayılaraq, təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X4 məhkəməyə ünvanlanmış yazılı münasibətlərə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-805A nömrəli şəhadətnamə əsasında X7 mülkiyyətinə verilmiş 6 metr eni, 33 m uzunluğunda gediş-gəliş yolunun ümumi istifadəyə qaytarılmaqla gediş-gəliş yolu kimi qeyd edilməsini tələb edir. İddiaçıya bununla bağlı müvafiq hüquqa malik olmasını sübut edən və cavabdehin müvafiq səlahiyyətə malik olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Belə ki, iddiaçı özgəsinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin gediş-gəliş yolu kimi istifadə olunmasını tələb etməkdə subyektiv hüquqa malik olmalı və cavabdeh inzibati orqan bu cür səlahiyyətə malik olmalıdır. Lakin məhkəmə tərəfindən qeyd olunanlarla bağlı iddiaçıya yardım məktubları ünvanlanmasına baxmayaraq iddianın mümkünlük şərtləri aradan qaldırılmamışdır. Həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici sənədlərə əsasən aparılmış qeydiyyatın ləğvi və ya düzəliş edilməsi tələb oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarı əsasında verilmiş və mübahisənin predmetini təşkil edən JN-805A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddiaçı, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə nail olmalı idi. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə qaldırılmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı və iddiaçının nümayəndəsi X3 məhkəmə tərəfindən dəfələrlə yardımlar edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi və iddiaçının hüquqlarının cavabdeh inzibati orqan tərəfindən pozulmasını sübut edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin buna baxmayaraq, iddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək, müxtəlif sübutları məhkəməyə təqdim etsələr də, hazırki vəziyyətdə iddianın mümkünlük şərtlərini aradan qaldırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı "Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-805A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X7 mülkiyyətinə verilmiş şəhadətnaməyə və həmin Şəhadətnamə əsasında özgəninkiləşdirilmə əməliyyatı aparılmaqla əldə edilmiş digər mülkiyyəti təsdiq edən hüquqmüəyyənedici sənədlərə düzəliş edilməklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə 6 metr eni, 33 m uzunluğunda gediş-gəliş yolunun həmin şəhadətnamədən və digər hüquq müəyyənedici sənədlərdən çıxılmaqla ümumi istifadədə olan yol kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı "Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-805A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X7 mülkiyyətinə verilmiş şəhadətnaməyə və həmin Şəhadətnamə əsasında özgəninkiləşdirilmə əməliyyatı aparılmaqla əldə edilmiş digər mülkiyyəti təsdiq edən hüquqmüəyyənedici sənədlərə düzəliş edilməklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə 6 metr eni, 33 m uzunluğunda gediş-gəliş yolunun həmin şəhadətnamədən və digər hüquq müəyyənedici sənədlərdən çıxılmaqla ümumi istifadədə olan yol kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar