Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-389/2025 01.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, 2006-cı ilin 01 yanvar tarixindən 01 iyul 2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-2009-cu illərdə Babək rayon, Qaraçuq kəndində yerləşən 0.58 ha torpaq sahəsinə 3 manat 60 qəpik, 6 manat, 7 manat 10 qəpik və 3 manat 20 qəpik məbləğində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu ödənişləri təsdiqləyən ödəniş qəbzləri əlində olsa da, bunlar sistemə işlənmədiyi üçün ona əmək pensiyası təyin olunmur. Əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şöbəsinə müraciət etmişdir. X15 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarında bildirilmişdir ki, qanuna müvafiq tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat faktiki sığorta stajı yoxdur, pensiya kapitalı yoxdur. Fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə pensiya kapitalı yoxdur. O, 2006-cı ildən 2009-cu ilə qədər olan dövrdə kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödəmişdir. Buna əsasən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qərarı ilə razı deyil və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, 2006-cı ilin 01 yanvar tarixindən 01 iyul 2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 14 oktyabr 2024-cü il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, 23 avqust 1959-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının, Qaracuq kəndində yaşayan İddiaçı 26 avqust 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 03 sentyabr 2024-cü il tarixli, 39 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən, 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci tarixədək onun fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2006-cı ilin 01 yanvar tarixindən 01 iyul 2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-2009-cu illərdə Babək Rayon, Qaracuq kəndində yerləşən 0.58 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 3.60 manat, 6.0 manat, 7.10 manat və 3.20 manat məbləğlərində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu ödənişləri təsdiqləyən qəzbləri olsa da, onun adına qeyd edilən məbləğlər sistemə işlənilməmişdir. Nəticədə ona yaşa görə əmək pensiyası təyin olunmasından Fond tərəfindən imtina edilmişdir. İddiaçı təqdim etdiyi JN- 0096 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən, 0,58 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Babək Rayon, Cavidabad kənd sakini İddiaçı və onun ailə üzvləri X5, X7, X2, X3 və X4 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən Fonda əmək kitabçası təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin (VÖEN **********) məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin surətlərindən görünür ki, İddiaçı adına kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 08 iyun 2009-cu il tarixli, CİP seriyalı, 133532 nömrəli qəbzlə 2004-cü ilin ödəniş dövrü üçün 6.0 manat, eyni tarixli, eyni seriyalı, 133531 nömrəli qəbzlə 2006-cı ilin ödəniş dövrü üçün 3.20 manat, eyni tarixli, eyni seriyalı, 133533 nömrəli qəbzlə 2008-ci ilin ödəniş dövrü üçün 7.10 manat və eyni tarixli, eyni seriyalı, 133534 nömrəli qəbzlə 2009-cu ilin ödəniş dövrü üçün 3.60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. X13 Naxçıvan Muxtar Respublikasının Baş İdarəsinin 12 fevral 2014-cü il tarixli, 213 nömrəli qəbzinin surətindən görünür ki, pay torpağları üçün İddiaçı tərəfindən 30.0 manat, 14 yanvar 2015-ci il tarixli, 38 nömrəli qəbzlə 45.0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Bildirilir ki, iddiaçı tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Bu səbəbdən də ona avtomatlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin mümkünsüz hesab edilmişdir. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslər tərəfindən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlara görə sosial sığorta haqqının ödənilməsi həmin torpaqlardan istifadə ilə şərtləndirilib. Bu maddəyə əsasən, fiziki şəxslər öz mülkiyyətlərində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə bələdiyyə orqanından, yerli icra orqanlarından təsdiqedici arayış əldə edilməli və müvafiq orqana təqdim olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, 2006-cı ilin 01 yanvar tarixindən 01 iyul 2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil ediləməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə 19 dekabr 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, iddia tələbini aşağdakı formada dəyişərək aşağıdakı redaktənin qəbul edilməsini, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 fevral 2025-ci il tarixli, 2-1(122)-389/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Qaraçuq kəndində yaşayan İddiaçı ünvanladığı 04 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-M-8573/2024 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (40320 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Tələb olunan şərtlər ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, qanunla nəzərdə tutulan 25 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, ona 2024-cü il 23 avqust tarixindən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikə) əsasən yaşa görə 220 manat sosial müavinət təyin edilmiş və adına rəsmiləşdirilmiş plastik kart vasitəsilə ödənilməkdədir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 03 sentyabr 2024-cü il tarixli, 39 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 22-1-ci maddəsinə əsasən, qanunamüvafiq tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat faktiki sığorta stajı, pensiya kapitalı olmaması, fərdi şəxsi hesabında xx.xx.2006-cı ıl tarixdən xx.xx.2018-ci il tarixə pensiya kapitalı olmaması səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - JN-0096, KOD 10304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.58 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 23 avqust 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 avqust 1959-cu il tarixdə Naxçıvan rayonu, Qaraçuq kəndində doğulmuş Məmmədov X8 şəhər Qaraçuq kəndində pasport qeydiyyatındadır. - İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixli, 133531, 133532, 133533, 133534 nömrəli qəbzlərə əsasən 2006-cı il üçün 3.20, 2007-ci il üçün 6, 2008-ci il üçün 7.10, 2009-cu il üçün 3.60 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 213 nömrəli qəbzə əsasən 30 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, 38 nömrəli qəbzə əsasən 45 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 9 yanvar 2025-ci il tarixli, 3-17-9-1/2-265/2025 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (40320 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 2024-cü il 26 avqust tarixində İddiaçı təqdim etdiyi sənədlərə əsasən (1 vərəq şəxsiyyət vəsiqəsinin surəti, 4 vərəq torpaq aktının surəti, 6 vərəq ödəniş qəbzlərinin surəti) ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciəti daxil olmuşdur. Müraciətin icrası ilə əlaqədar olaraq müvafiq elektron sistem üzərindən araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı təqdim etdiyi 2009-cu il 8 iyun tarixli, 133534 nömrəli qəbz ilə 3.60 manat, 2009-cu il 8 iyun tarixli, 133533 nömrəli qəbz ilə 7,10 manat, 2009-cu il 8 iyun tarixli, 133532 nömrəli qəbz ilə 6 manat, 2009-cu il 8 iyun tarixli, 133531 nömrəli qəbz ilə 3,20 manat, 2014-cü il 12 fevral tarixli, 213 nömrəli qəbz ilə 30 manat, 2015-ci il 14 yanvar tarixli, 38 nömrəli qəbz ilə 45 manat mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi üçün ödədiyi məcburi dövlət sosial sığorta haqları Mərkəzləşdirilmiş elektron informasiya sistemində öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı qanunla nəzərdə tutulan 25 il sığorta stajı və fərdi şəxsi hesabın sığorta hissəsində 2006cı il 1 yanvar tarixindən 2018-ci il 1 iyul tarixinədək pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin: - 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. - 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı pensiya hüququ yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı 23 avqust 1959-cu ildə anadan olub və xx.xx.2024-cü ildə onun 65 yaşı tamam olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-cİ il tarixdə əmək fəaliyyətinə başlayıb, xx.xx.1998-cİ il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı məhkəmə iclaslarında verdiyi izahata, həmçinin əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının tələb olunan 25 illik sosial sığorta stajına qarşı 20 ilədək sığorta stajı mövcud olduğundan məhkəmə tərəfindən həmin halın araşdırılması zərurəti yaranmamışdır. Lakin iddiaçı tərəfindən xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 22-1.2.1.-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi nəzərdə tutulmuşdur. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.58 hektar torpaq sahəsi verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pulunun ödənilməsi iş materiallarında olan bank qəbzləri əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2009, 2014 və 2015-ci illərdə müxtəlif məbləğlərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ona görə də məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.2.1.-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Cavabdeh orqanın etirazının əsası həmin ödəniş məlumatlarının sığortaolunanın fərdi şəxsi hesabında (X6 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutu (ödəniş qəbzlərinin əsli) məhkəməyə təqdim edilərək məhkəmə iclasında təqiq edilmiş və məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarının pozduğunu müəyyən etmişdir. Belə ki, iddiaçının ailə başçısı olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik şəxs kimi mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2009, 2014 və 2015-ci illərdə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənişinin cavabdeh tərəfindən nəzərə alınmaması qanunun məqsədinə uyğun olmamaqla iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Nəticədə cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənəd mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir Məhkəmə cavabdeh orqanın qərarında qeyd olunan dəlillərini əsaslı saymayaraq qeyd edir ki, yuxarıda sadalanan normaların təhlilinə əsasən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır. Yuxarıda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarı ləğv edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-389/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-389/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver