Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-39/2024 16.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X11 Heydər oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri 59-cu məhəllə 93 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Naxçıvan şəhər XDM İK-nin 31 mart 1994-cü il tarixli, 113A nömrəli qərarı əsasında X3 verilmişdir. Sahənin dövlət qeydiyyatına alınması üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Xidmətin 16 fevral 2023-cü il tarixli, 17 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasında imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, əmlak üzərində texniki inventarlaşdırılmasının aparılması və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 2.2-ci bəndinə əsasən şəhər, rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci ilin noyabrın 9dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Lakin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar təqdim edilmədiyi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. xx.xx.2023-cü il Naxçıvan MR Dövlət Arxiv İdarəsinin arayışında bildirilmişdir ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan şəhər XDM İK 31 mart 1994-cü il tarixli, 113A №-li qərarı ilə vətəndaşlara verilmiş torpaq sahəsinin siyahısında X3 torpaq sahəsi verilməsi haqqında məlumata rast gəlinməmişdir. Həmin sahədən 1994-cü il tarixdən indiyə qədər istifadə etməklə sahə hasarlanmışdır. Arxivdə siyahıda adının olmaması onun təqsiri deyildir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 12 yanvar 2024-cü il tarixli ərizə təqdim edərək, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia qaldırıldığını bildirib, iddia tələbini dəqiqləşdirərək tələbə Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması kimi baxıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmənin 12 yanvar 2024-cü il tarixli, 2-1(122)-39/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 19 may 2023-cü il tarixli, 04/337 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Lakin İddiaçı iddia etdiyi torpaq sahəsinin ayrılmasına dair müvafiq qərarı təqdim etmədiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq ərizəsinin icrasından imtina edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 16 aprel 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasıına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 16 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə və iddiaçının vəkili Vəkil məhkəməyə 16 aprel 2024-cü il tarixli ərizə təqdim edərək cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmasına razılıqlarını bildirdilər. Məhkəmənin 16 aprel 2024-cü il tarixli, 2-1(122)-39/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 16 fevral 2023-cü il tarixli, 17 nömrəli bildirişdən məlum olur ki, Naxçıvan şəhəri, 59-cu məhəllə ünvanında yerləşən torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Əmlak üzərində texniki inventarlaşdırılmasının aparılması və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci bəndinə əsasən şəhər, rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Lakin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar təqdim edilmədiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2023cü il tarixli, 13/175 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan şəhər XDM İK 31 mart 1994-cü il tarixli, 113a №-li qərarı ilə vətəndaşlara verilmiş torpaq sahələrinin siyahısında X3 torpaq sahəsi verilməsi haqqında məlumata rast gəlinməmişdir. - Şahbuz Rayon İcra Hakimiyyətinin Badamlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2021-ci il tarixli, 33 nömrəli arayışdan görünür ki, İddiaçı Şahbuz rayonu, Badamlı kəndində pasport qeydiyyatında dayanır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 iyun 2023-cü il tarixli, 04/399 nömrəli məktubdan məlum olur ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar təqdim etmədiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq ərizəsinin icrasından imtina edilmişdir. İnzibati işlə əlaqədar iddiaçının vəsatəti əsasında xx.xx.2023cü il tarixdə mübahisəli əraziyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Məktuba Naxçıvan şəhəri, 59-cu məhəllənin yerquruluşu planından çıxarış və xx.xx.2023-cü il tarixli akt əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli aktdan aydın olur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi heç kimin hüququna toxunmur. Hüquqi sahəsi 1000 m2 olmaqla ümumi sahəsi 2089 m2 təşkil edir. Artıq ərazinin mülkiyyət növü bələdiyyə mülkiyyətidir. Qonşunun ifadələrindən belə anlaşılır ki, bu ərazidə 1964-cü ildən anadan olub, burada yaşayır. 1995-1996-cı illərdə iddiaçının ailə üzvləri ilə birlikdə ev tikdiklərinin və burada fasiləsiz və maneəsiz istifadə etdiklərinin şahididir. - Naxçıvan Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 iyun 2023-cü il tarixli, 294 nömrəli məktubdan görünür ki, İddiaçı Naxçıvan şəhəri, 59-cu məhəllə, 93 ünvanında torpaq sahəsi ayrılıb-ayrılmaması barədə Naxçıvan Bələdiyyəsində məlumat yoxdur. - Yaşayış sahəsinin plan-sxemində aparılmış qeyddən görünür ki, Naxçıvan Şəhər XDM İK-nin 31 mart 1994-cü il tarixli, 113A nömrəli qərarına əsasən vətəndaş X1 şəhəri, 59 nömrəli məhəllədə, 93 nömrəli torpaq sahəsi ilə təmin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 oktyabr 2023-cü il tarixli, 02/561 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1994-cü ilə dair sənəd materiallarında X3 Naxçıvan şəhər, 59-cu məhəllə, 93 ünvanında torpaq sahəsinin ayrılması barədə hər hansı bir məlumat mövcud deyil. - Naxçıvan Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 noyabr 2023-cü il tarixli, 598 nömrəli məktubdan aydın olur ki, Naxçıvan şəhəri, 59-cu məhəllə, 93 ünvanında yerləşən torpaq sahəsi Naxçıvan Bələdiyyəsində qeydiyyata alınmamışdır. Hal-hazırda həmin torpaq sahəsi Allahverdiyeva (Mürşüdova) Nəzakət Əyyub qızının istifadəsindədir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 fevral 2024-cü il tarixli, 5-5/2-61/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən torpaq sahəsinin dövlət mülkiyyəti olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0 və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0 və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim etməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi istifadəsində olan Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Naxçıvan Şəhər XDM İK-nin 31 mart 1994-cü il tarixli, 113A nömrəli qərarına əsasən X2 Naxçıvan şəhəri, 59 nömrəli məhəllədə, 93 nömrəli torpaq sahəsi ilə təmin edilməsi, habelə bu əsasdan irəli gələrək iddiaçı tərəfindən uzun illər ərzində həmin torpaq sahəsində mənzil inşa edərək orada maneəsiz yaşaması iddiaçının sahiblik hüququnu təsdiq edən əsas sübutlardır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin Naxçıvan Şəhər XDM İK-nin 31 mart 1994-cü il tarixli, 113A nömrəli qərarına münasibətdə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair İddiaçı adına hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət və mənzil hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan şəhəri, 59-cu məhəllə 93 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-39/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-39/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver