Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-390/2023 20.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1962-ci ildə Kəngərli rayonunun Şahtaxtı kəndində doğulmuşdur. Şahtaxtı kənd tam orta məktəbini bitirmişdir. xx.xx.1980ci ildən xx.xx.1982-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuş, 1983-cü ildən 2002-ci ilədək İliç Tikinti Materialları Zavodunda işləmişdir. 2007-ci ildən bu günə qədər isə Kəngərli rayon Rabitə idarəsində elektrik-montyor vəzifəsində işləyir, onun 19 il 11 ay 6 gün xüsusi sığorta stajı, ümumilikdə 33 il 11 ay ümumi stajı olmasına baxmayaraq, Kəngərli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışında 1992-ci ildə 5 ay, 1994-cü ildə 1 ay, 1995-ci ildə 8 ay adına əmək haqqı göstərilmiş, 1993, 1995, 1997ci illərin əmək haqqı kitablarında adına rast gəlinmədiyi qeyd olunmuş, 1998, 1999, 2000, 2001 və 2002-ci illərdə işləməyi, əmək haqqı almağı və işdən azad olmağı barədə heç bir məlumat qeyd olunmamışdır. Onun artıq 60 yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına buraxılmağı üçün 06 fevral 2023-cü il tarixdə “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən 28 fevral 2023-cü il tarixli məktubla imtina olunmuşdur. İliç Tikinti Materialları Zavodunda işlədiyini və hər ay əmək haqqı aldığını təsdiq edəcək sənədlər arxivdə olmadığından onları başqa yolla ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə vəsatət verərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh qismində qəbul edilərək iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin sözünün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sözü ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə verdiyi izahatında eyni nazirliyin tabeliyində olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin pensiya təyinatına və digər pensiya əməliyyatlarına dair səlahiyyətli olduğunu bildirib cavabdehin adının dəyişdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin protokol qərarı ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh qismində qəbul edilməklə iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin sözü Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sözü ilə əvəz edilmişdir. Cavabdeh orqanın yazılı etirazlarının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 11 aprel 2023cü il tarixli, 85/61 nömrəli və 27 iyul 2023-cü il tarixli, 85/131 nömrəli yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə əmək kitabçasında olan qeydlərə əsasən 32 il 1 ay ümumi, 16 il 10 ay 5 gün xüsusi iş stajı yaranmış olur. Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışda həmçinin Fondun Kəngərli rayon şöbəsi və Kəngərli rayon Dövlət Arxivi tərəfindən qarşılıqlı tərtib etdiyi aktda İddiaçı xx.xx.1983-cü il tarixli 52 nömrəli əmrlə İliç rayon Tikinti Materialları zavodunda 3-cü dərəcə yükləyici qəbul edilməsi, lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinmədiyi göstərilmişdir. Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışda İddiaçı adına 1992-ci ildə 5 ay, 1994-cü ildə 1 ay, 1995-ci ildə 8 ay əmək haqqı yazılması göstərilmiş və qeyd edilmişdir ki, 1993,1996,1997-ci illərin əmək haqqı kitablarında adına rast gəlinmədiyi, 1998,1999,2000-ci illərin əmək haqqı kitabları Kəngərli rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərin əmək haqqı cədvəllərinə baxmağın mümkün olmadığı göstərilmişdir. Beləliklə iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasənda təsdiqləndiyi halda əmək pensiyası təyin edilir. İddiaçı əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün həmin dövrlərin sosial siğorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il ümumi, 12 il 6 ay xüsusi sosial sığorta stajı tamamlanmadığı üçün ona pensiya təyin edilməmişdir. Arxiv arayışlarına əsasən İddiaçı 22 il 3 ay 7 gün ümumi, 9 il 7 ay 17 gün xüsusi sosial sığorta stajı vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı qaldırdığı “onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən Kəngərli rayonu, Şahtaxtı kəndində yaşayan İddiaçı ünvanlanmış 28 fevral 2023-cü il tarixli, 85/41 nömrəli məktubdan məlum olur ki, Fondun Kəngərli rayon şöbəsi tərəfindən təqdim edilən müvafiq sənədlərinə baxıldıqda hərbi xidmətdə olduğu müddət, əmək kitabçasında qeyd edilən iş illəri və təhsil müddəti də nəzərə alındıqda ümumi iş stajı araşdırılmış və məlum olmuşdur ki, əmək kitabçasına əsasən 19 il 11 ay 6 gün xüsusi sığorta stajı, ümumilikdə 33 il 11 ay ümumi stajı olmasına baxmayaraq, Kəngərli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışında 1992-ci ildə 5 ay, 1994-cü ildə 1 ay, 1995-ci ildə 8 ay adına əmək haqqı göstərilmiş, 1993, 1996, 1997-ci illərin əmək haqqı kitablarında adına rast gəlinmədiyi qeyd olunmuş, 1998, 1999, 2000, 2001, 2002-ci illərdə işləməyi və əmək haqqı almağı, həmçinin işdən azad olunmağı ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən tələb olunan 25 il ümumi sığorta stajı və 12 il 6 ay xüsusi sığorta stajı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək qanunvericiliyə uyğun olaraq mümkünsüz hesab edilmişdir. Əlavə olaraq bildirilir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavə kimi nəzərdə tutulmuş “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlər Siyahısı”nın 2.4.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Onun təqdim etdiyi sənədlər içərisində güzəştli şərtlərlə işləməyinə dair iş yerindən arayış yoxdur. Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilən 13 yanvar 2023-cü il tarixli, 08 nömrəli arayışından aydın olur ki, Babayev X3 Tikinti Materialları Zavoduna xx.xx.1983-cü il tarixli, 52 №-li əmrlə 3-cü dərəcə yükləyici kimi işdə hesab edilmişdir. Lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinməmişdir. Arayışın qeyd hissəsində əmək haqqı kitablarında İddiaçı ata adı qeyd edilmədiyi, 1993, 1996, 1997-ci illərin əmək haqqı kitablarında adına rast gəlinmədiyi, 1998, 1999, 2000-ci illərin əmək haqqı kitabları Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərə baxmağın mümkün olmadığı göstərilmişdir. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İliç rayon Tikinti Materialları zavodunda yükləyici, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İliç rayon Tikinti Materialları zavodunda sürücü, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək İliç rayon Tikinti Materialları zavodunda qazmaçı, xx.xx.1984-cü il tarixdən xx.xx.2000-ci il tarixədək İliç rayon Tikinti Materialları zavodunda fəhlə, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naxçıvan MR Əmlak Nazirliyinin 8 saylı xx.xx.2000-ci il tarixli əmrinə əsasən TMZ ləğv edildiyindən yeni yaranmış Naxçıvan TMİC-nin Şərur sahəsində kraz sürücüsü, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Kəngərli rayon Rabitə idarəsində elektro-montyor, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin binasında müqavilə əsasında ocaqçı, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin binasında müqavilə əsasında ocaqçı, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də fəhlə, xx.xx.2015-ci il tarixdə Kəngərli rayon Rabitə idarəsində elektro-montyor vəzifəsinə qəbul edilmiş xx.xx.2017-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 3-43-73/3- 2-46/2023 nömrəli arayışdan görünür ki, Kəngərli rayon Şahtaxtı kənd sakini 1962-ci il təvəllüdlü İddiaçı, həqiqətən, 10 noyabr 1980-ci il tarixdən 01 dekabr 1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. Kəngərli Rayon İcra Hakimiyyətinin Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 42 nömrəli arayışdan görünür ki, Babayev X4 rayon Şahtaxtı kəndində qeydiyyatda durur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə doğulmuşdur. Kəngərli Rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq 12 iyun 2023cü il tarixli, 38 nömrəli və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 16 iyun 2023-cü il tarixli, 02/319 nömrəli məktubları ilə məhkəməyə göndərilmiş arxiv arayışlarında İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda xx.xx.1983-ci il tarixli, 52 №-li əmrlə 3-cü dərəcə yükləyici kimi işdə hesab edildiyi, lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinmədiyi qeyd olunmuşdur. Məktuba həmçinin İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi dövrə dair aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasənqanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Göstərilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki, iddiaçının 2000-ci ilədək güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı yaranmışdır. Belə ki, əmək kitabçasından (əmək kitabçasının tərcümə edilmiş surətindən də) müəyyən olunur ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək dağ-mədən işlərində AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 2.1.1-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan peşələrə uyğun vəzifələrdə çalışmışdır. İddiaçının 17 ildən artıq xüsusi və 22 il ümumi stajı vardır. 2011-2021-ci illər üzrə isə MEİS-də aparılan fərdi uçot məlumatlarına və əmək kitabçasinda aparılmış qeydlərə əsasən 10 il, 01 ay əmək stajı vardır. Ümumilikdə isə əmək kitabçasında aparılmış qeydlərdən iddiaçının 32 ildən artıq iş stajının olması öz təsdiqini tapır. 2022-ci il iyun ayından qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(m. 7) Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraitı xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il, 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (m 9.1) Yenə də qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3-cü hissəsinin 3.1ci bəndində göstərilirdi ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qanunun qüvvəyə nindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (bənd 3.1.1). Qanun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanların fərdi uçot məlumatları əsasında müəyyən olunur (bənd 3.1.2). İddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə, mötəbər hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov