Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-4/2023 26.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 20 aprel 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/N-21 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 20 aprel 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmiş və bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş, onun ərizəsinə cavab olaraq “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin ünvanladığı 04 fevral 2022-ci il tarixli, 01/N-21 saylı məktubda ona təyin edilmiş müvafiq pensiyanın kəsilməsinə səbəb olaraq xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmadığı, buna görə də pensiya işinin ləğv edildiyi, həmçinin 2003-2005-ci illər üzrə işlədiyi dövrə aid əmək haqqı barədə arxiv arayışının təqdim edilmədiyi göstərilmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmənin 30 mart 2022-ci il tarixli, 2-1(122)-81/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmiş və cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilmişdir. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 06 aprel 2022-ci il tarixli, 06/91 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı X8 X3 işlədiyi 1996-cı il tarixə aid olan əmək haqqı cədvəlində 4 ay, həmin depoda 1997-ci il tarixə aid olan əmək haqqı cədvəlində isə 7 ay əməkhaqqı almadığı göstərilmişdir. Bundan başqa, iddiaçı X2 ekspedisiyasında işlədiyi 1998-ci il tarixdən 2003-cü il tarixədək olan dövrə aid əməkhaqqı alması, eləcə də 01 iyun 2003-cü il tarixdən 23 avqust 2005-ci il tarixədək olan dövr ərzində "Müstəqil Ramin" kiçik müəssisəsində əmək fəaliyyəti ilə məşğul olması, bu iş yerlərindən əməkhaqqı alması və əməkhaqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı sənəd təqdim etməmişdir. Beləliklə, iddiaçıdan tələb edilən ümumi iş stajı olan 25 il və güzəştli iş stajı olan 12 il 6 ay tamamlamadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan iddiçıya pensiya təyinatının aparılmasının qanunvericiliyin tələbinə görə mümkün olmadığı bildirilərək, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanlanan 04 fevral 2022-ci il tarixli, 01/N-21 nömrəli məktubdan məlum olur ki, onun 01 yanvar 2006-cı il tarixədək tələb olunan ümumi 25 il sığorta stajına çatmadığından və xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarından məlum olur ki, komissiya xx xxxxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 4 ünvanında yaşayan İddiaçı 30 avqust 2019-cu il tarixdə 121 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsini və 30 avqust 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 9656 manat 89 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında İddiaçı 01 yanvar 2006-cı il tarixədək nəzərdə tutulmuş iş stajlarına əsasən xx.xx.1977- xx.xx.1979-cu illərdə Yaycı kənd “M.S. Ordubadi” adına sovxozda fəhlə, xx.xx.1979-cu il tarixdən-xx.xx.1980-cı il tarixədək SSU-6 Tikinti Trestində 4-cü dərəcəli suvaqçı işləməsi, xx.xx.1980-xx.xx.1982-ci illər hərbi xidmətdə olması, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSU-6 Tikinti Trestində yenidən 4-cü dərəcəli suvaqçı, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Rusiyanın Orenburq vilayətində Perevolsk “Neftqazkəşfiyyat” ekspedisiyasının tikinti sahəsində 4-cü dərəcəli suvaqçı, xx.xx.1983-xx.xx.1985-ci illərdə MPMK-da 5-ci dərəcəli suvaqçı, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Rusiyanın Orenburq vilayətinin Perevolotsk “Neftqazkəşfiyyat” ekspedisiyasında 4-cü dərəcəli suvaqçı, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 5 № li trestin SMU-052 idarəsində 3-cü dərəcəli suvaqçı, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Rusiyanın Orenburq vilayətinin QORTOLSOBİT idarəsində suvaqçı, xx.xx.1989-xx.xx.1997-ci illərdə X3 müxtəlif dərəcələrdə çilingər, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək klubda 0.5 oklad (yarımştat) kino-mexanik vəzifəsində, xx.xx.1998-xx.xx.2003-ci illərdə Naxçıvan Geoloji-Kəşfiyyat Ekspedisiyasında 2-ci dərəcəli yardımçı fəhlə, 2-ci dərəcəli axtarış fəhləsi vəzifələrində, xx.xx.2003-xx.xx.2005-ci illərdə Müstəqil "xxxx" kiçik müəssisəsində gözətçi vəzifəsində işləməsi qeyd olunmuşdur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 1961-ci il tarixdə doğulmuşdur. - “Naxçıvan Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 11 may 2022-ci il tarixli, 06/160 nömrəli və 04 noyabr 2022-ci il tarixli 06/375 nömrəli məktublarından aydın olur ki, xx xxxxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 avqust 2019-cu il tarixli, 121 nömrəli qərarına əsasən 20 aprel 2018ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178,11 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı 2006-cı il yanvar ayının 1-dək sığorta stajı 26 il 1 ay 11 gün təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 23 iyul 2019-cu il tarixli, 13/663 saylı arayışında İddiaçı X8 X3 işlədiyi 1996-cı il tarixə aid olan əmək haqqı cədvəlində 4 ay, həmin depoda 1997-ci il tarixə aid olan əməkhaqqı cədvəlində isə 8 ay əməkhaqqı almadığı göstərilmişdir. Bundan başqa, iddiaçı X2 ekspedisiyasında işlədiyi 1998-ci il tarixdən 2003-cü il tarixədək olan dövrə aid əməkhaqqı alması, eləcə də 01 iyun 2003-cü il tarixdən 23 avqust 2005-ci il tarixədək olan dövr ərzində "xxxx" Kiçik Müəssisəsində əmək fəaliyyəti ilə məşğul olması, həmin iş yerindən əməkhaqqı alması və əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və ya müəssisənin qanuni əsaslarla fəaliyyət göstərməsinə dəlalət edən hər hansı sənədi təqdim edə bilməmişdir. Məktublarda həmçinin İddiaçı iş stajını əks etdirən cədvəl göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 may 2022-ci il tarixli, **********319100 nömrəli məktubdan aydın olur ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı hüquqi ünvan AZ1217, Beyləqan rayonu, Dünyamalılar kəndi olan "xxxx" X5 Müəssisəsinin (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə 6/562 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2017-ci il tarixdən fəaliyyətinin dayandırılması barədə məlumat mövcuddur. - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 avqust 2022-ci il tarixli, **********678400 nömrəli məktubdan məlum olur ki, “Müstəqil Elmin" kiçik müəssisəsi adlı hüquqi şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 avqust 2022-ci il tarixli, 02/1218 nömrəli məktubdan məlum olur ki, “Müstəqil Elmin" kiçik müəssisəsi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsində sığorta ödəyicisi kimi qeydiyyatda olmamışdır. - “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 avqust 2022-ci il tarixli, D/215 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1989-1997-ci illər ərzində X3 aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan dəmir yolunun X4 teplovoz təmiri sexində çilingər dərəcəsi üzrə çilingər vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan dəmir yolunun X4 təmir sexində çilingər dərəcəsi üzrə çilingərelektrik vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan dəmir yolunun X4 təmir sexində lokomotivlərin təmiri üzrə çilingər vəzifəsində. İddiaçı 1989- 1997-ci illər ərzində işləmiş olduğu vəzifələrin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunan peşə və vəzifələrin 2 №-li Siyahısında nəzərdə tutulmuş, 23001000-18540 kod ilə zərərli əmək şəraitli işlərə aiddir. - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin 30 sentyabr 2022-ci il tarixli, 19 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.1998-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Geoloji Axtarış və Kəşfiyyat İdarəsində (əvvəlki adları müvafiq olaraq X2 Ekspedisiyası və X6 Ekspedisiyası) işlədiyi fəhlə vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “2010100a-11709 - “istehsalat sahələrində, həmçinin, nümunələr seçilməsi və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olan bütün adlarda dağ-mədən fəhlələri” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aiddir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 06/146 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (ssn**********374) DSMF Culfa rayon şöbəsində 01 yanvar 2006-cı il tarixdən 01 aprel 2018-ci il tarixədək 5 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 135.40 manat pensiya kapitalı vardır. - Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 avqust 2019-cu il tarixli, 121 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə müddətsiz pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 30 avqust 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işləmədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli, 539 nömrəli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı 22 aprel 1980-ci il tarixdən 30 iyun 1982ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə infilyasiya faizləri əlavə olunmuşdur. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. - 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin tələbinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. Kişilərə münasibətdə - iddiaçının 57 yaşına çatması;
2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il, 6 ay güzəştli iş stajının mövcud olması. Qeyd olunmalıdır ki, iddia tələbi iki hissədən ibarətdir:
1. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi;
2. Təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İş materiallarına əlavə edilmiş qərarın mətnindən aydın olur ki, mübahisələndirilən qərarda iki məsələ öz əksini tapmışdır:
1. İddiaçı xx.xx.2019-cu il tarixdə 121 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;
2. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 9656 manat 89 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması. İddiaçı 01 yanvar 2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajına çatmadığından və xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından ona 30 avqust 2019-cu il tarixdə 121 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasını ləğv etməkdə haqlı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Belə ki, İddiaçı 2003-2005-ci illərdə "Müstəqil Elmin” Kiçik Müəssisəsində işləməsi, əmək haqqı alması, ümumilikdə həmin müəssisənin fəaliyyət göstərib-göstərməməsi barədə arxiv arayışı və ya hər hansı sübut təqdim etməmiş, məhkəmə tərəfindən də bu istiqamətdə aparılan araşdırma müsbət nəticə verməmişdir. Bu səbəbdən iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixədək (25 il) natamam olduğundan vətəndaşın güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın ləğv edilməsinə səbəb kimi göstərilən arqumentlər iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajının tamamlanmaması və minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmamasıdır. Belə ki, iş materiallarından və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarından da aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək cəmi 23 il 10 ay öz təsdiqini tapmış ümumi iş stajına malik olmuşdur. Bu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinin İ elementinin ödənilməməsi deməkdir. Qanunvericiliyin mənası baxımından qeyd edilməlidir ki, iddiaçı qanunvericiliyin tələb etdiyi xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajını toplaya bilməmişdir. Bu baxımdan iddiaçının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarı “İddiaçı xx.xx.2019-cu il tarixdə 121 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi” hissəsində əsaslı olduğundan həmin qərar tam ləğv edilə bilməz. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər arqument isə iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum əmək pensiyası təminatına imkan verməməsi ilə bağlıdır. Həmin məsələ ilə bağlı qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya hüququ yaranmış olsaydı, qeyd olunan məsələnin məhkəmə tərəfindən şərh olunması zərurəti yaranmış olardı. Lakin iddiaçının ümumi iş stajına dair tələb ödənilmədiyindən bu hal onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu həyata keçirməsinə imkan vermir. Buna görə də pensiya kapitalı ilə bağlı məhkəmənin hüquqi mövqeyini bildirməsi zərurəti ortaya çıxmır. Mübahisələndirilən qərarda həmçinin 30 avqust 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 9656 manat 89 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırki halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin cavabdeh tərəfindən qanunun bu tələbinə əməl olunmamış, mübahisələndirilən qərarda artıq ödənilmiş pensiya məbləğinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarı 30 avqust 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 9656 manat 89 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində əsassız olduğundan ləğv edilməlidir. İddia tələbinin ikinci, yəni təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissənin həlli birinci hissənin həllindən asılı olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarı qismən ləğv edildiyindən və İddiaçı xx.xx.2019-cu il tarixdə 121 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində əsaslı hesab edildiyindən iddia tələbi iddiaçıya təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilməlidir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tələbin birinci hissəsinə münasibətdə İddiaçı 30 avqust 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 9656 manat 89 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində ləğv edilməli, İddiaçı xx.xx.2019-ci il tarixdə 121 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində ləğv edilməməli və tələbin təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi hissəsi əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia qismən təmin edilsin. Cavabdehin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 9656 manat 89 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində ləğv edilsin. İddia qalan hissədə (cavabdehin 08 fevral 2022-ci il tarixli, 17 nömrəli qərarının İddiaçı xx.xx.2019-cu il tarixdə 121 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov