Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-4/2024 26.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixində Babək rayonu, Zeynəddin kəndində anadan olmuşdur və hazırda orada yaşayır. xx.xx.1982-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Naxçıvan Şüşə-qablar zavodunda maşinist vəzifəsində işləmişdir. xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci ilədək Azərbaycan Milli X5 bölməsində və xx.xx.2008-ci il tarixindən xx.xx.2022-ci ilədək isə "xxxx" MMC-də işləmişdir. Onun ümumilikdə 32 ildən çox ümumi əmək stajı vardır. Bu əmək stajından 14 ili güzəştli şərtlər tətbiq olunacaq əmək stajına daxildir. Arxiv arayışından və əmək kitabçasından aydın olduğu kimi o, xx.xx.1982-ci il tarixindən xx.xx.1996-cı ilədək Naxçıvan Şüşə-qablar zavodunda maşinist vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxildir və bu səbəbdən də ona pensiya verilməlidir. Lakin 2022-ci ilin mart ayından ona təyin olunmuş pensiyanın ödənişi əsassız və qanunsuz olaraq kəsilmişdir. Ona 10 may 2017-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin 2022-ci ilin əvvəlindən ona təyin olunmuş pensiyanın ödənişi kəsilmişdir. Bununla əlaqədar olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciət etmiş və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsindən 03/799 nömrəli, 02 dekabr 2022-ci il tarixində ona verilən cavab məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1, 9.8-ci maddələrinə əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşında tamam olduğu üçün 02 iyun 2017-ci il tarixdə yaransada, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmır və bu səbəbdən də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin mövqeyi ilə razı deyil. Beləliklə, iddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 07 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi iddiaya qarşı 07 fevral 2023-cü il tarixli, 03/54 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxx 1960-ci il tarixdə anadan olmuş, Babək rayon, Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 02 iyun 2017-ci il tarixli 185 nömrəli qərarına əsasən 57 yaşı tamam olduğu 10 may 2017-ci il tarixdən etibarən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinin “a” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinin xx.xx.2017-ci il tarixli, 235 nömrəli araryışına əsasən İddiaçı xx.xx.1979-cı il tarixdən xx.xx.1981-ci il tarixədək (2 il 1 ay) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı tərəfindən Fondun Babək Rayon İdarəsinə təqdim edilmiş 01 mart 1982-ci il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, 01 mart 1982ci il tarixdən xx.xx.2003-cü il tarixədək (21 il 2 gün) Naxçıvan Şüşə-qablar Zavodunda maşinist, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (2 il 9 ay 29 gün) X5 Bölməsində gözətçi, xx.xx.2008-ci il tarixdən pensiya hüququ yarandığı xx.xx.2017-ci il tarixədək (8 il 9 ay) "xxxx" İstehsalat Birliyində təmirçi çilingər vəzifələrində işləmişdir. Beləliklə, İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 25 il 10 ay 29 gün, 01 yanvar 2006-cı il tarixdən 01 may 2017-ci il tarixədək isə 8 il 9 ay olmaqla cəmi 34 il 7 ay ümumi iş stajı vardır. İddiaçının 2006-cı il yanvar ayının 1-dək 25 il 10 ay 29 gün ümumi, 2 il 2 gün xüsusi iş stajı vardır. X12 şöbəsi tərəfindən Babək rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı 57 yaşının tamam olduğu 10 may 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə, kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Araşdırma zamanı iddiaçının əmək stajını təsdiq edən sənədlərə baxıldıqda məlum olmuşdur ki, Naxçıvan Şüşə-Qablar Zavoduna işləməsi faktı 18 may 2017-ci il tarixli 03/742 №-li arxiv arayışından tam olaraq öz əksini tapmadığından əmək kitabçasında göstərilən ümumi əmək stajı 25 il 10 ay 29 gündən 10 il 6 ay azalaraq 15 il 4 ay 29 gün, xüsusi əmək stajı 13 il 4 aydan 4 il 6 ay azalaraq 8 il 10 ay müəyyən edilmişdir. Nəticədə iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş staj 25 il, xüsusi iş stajı isə 12 il 6 aydan az olduğundan və X13 Zavodunda 1991-ci ildə (növbə ustası), 1992-ci ildə (sahə rəisi), 1993-cü ildə (sahə rəisi), 1995-ci ildə (vəzifəsi qeyd olunmayıb), 1996-cı illlərdə (vəzifəsi qeyd edilməyib) işlədiyi dövrün peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən peşə sahələri ilə uyğunluq təşkil etmədiyi üçün onun pensiya işi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarına əsasən ləğv edilmişdir. Cavabdeh yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 24 avqust 2023-cü il tarixli, 2-1(122)-62/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 28 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(122)-62/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon idarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuş və iş şifahi məhkəmə baxışından hazırlıq mərhələsinə qaytarılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən iş üzrə şifahi məhkəmə baxışı iclası 26 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, arxiv arayışılarını, əmək haqqı barədə arayışları, qeydiyyatla bağlı arayışı, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 yanvar 2022ci il tarixli, 19 nömrəli qərarından görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş, Babək rayon, Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 02 iyun 2017-ci il tarixli, 185 nömrəli qərara əsasən 10 may 2017-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövrlər ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ümumi əmək stajı (25 il) və xüsusi əmək stajı (12 il 6 ay) tələb olunan əmək stajından az olduğundan və X13 zavodunda 1991-ci ildə (növbə ustası), 1992-ci ildə (sahə rəisi), 1993-cü ildə (sahə rəisi), 1995-ci ildə (vəzifəsi qeyd olunmayıb) 1996-cı illlərdə (vəzifəsi qeyd olunmayıb) işlədiyi dövrün peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə göstərilən peşə sahələri ilə uyğunluq təşkil etmədiyi üçün pensiya işinin ləğv edilməsi və artıq ödənilmiş pul məbləğinin geri qaytarılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 15 mart 2022-ci il tarixli, 13/382 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli 36k №-li əmrlə 3-cü dərəcəli maşınist vəzifəsinə qəbul olunmuş və xx.xx.1996-cı il tarixli 121 №-li əmrlə işdən azad olunmuş, 1988-1996-cı illərdə X13 zavodunda işləmiş, 1994-cü illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. - Azərbaycan Milli Elmlər X3 05 mart 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixli № 86 31/01 nömrəli əmrlə AMEA Bioresurslar İnstitutunun genefond şöbəsinə gözətçi vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci il tarixli, 01/59 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad olunmuşdur. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 mart 1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Naxçıvan Şüşə-qablar Zavodunda maşinist, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (X5 Bölməsində gözətçi, xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-in Tikinti şöbəsində çilingər, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Servis MMC-də müddətli əmək müqaviləsi əsasında usta vəzifəsində işləmişdir. - Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 1392 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Zeynəddin kəndində yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxx 1960-cı ildə Naxçıvan rayonu, Zeynəddin kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 02 iyun 2017-ci il tarixli, 185 nömrəli qərarının surətindən görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə X4 10 may 2017-ci il tarixdən 197 manat 40 qəpik məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 16 may 2017-ci il tarixli, 235 nömrəli arayışından görünür ki, 1960-cı il təvəllüdlü X7 18 oktyabr 1979-cu il tarixdən 17 noyabr 1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsi tərəfindən verilmiş 15 may 2017-ci il tarixli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, X2 xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək pensiya hüququnun yarandığı tarixədək 10 il 2 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5724.10 manat pensiya kapitalı vardır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 10 aprel 2023-cü il tarixli, 13/677 nömrəli arayışdan görünür ki, (Bayramov) İddiaçı 1982-1987-ci illərdə və 1988- 1996-cı illərdə X13 zavodunda işləmişdir. 1982-1987-ci illərə dair əmək haqqı cədvəllərində soyadı Bayramov, 1988-1996-cı illərə dair əmək haqqı cədvəllərində soyadı Bayraməliyev olaraq yazılmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xİdmətinin 22 may 2023-cü il tarixli, **********170000 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 15 avqust 1994-cü il tarixdə 978 nömrəli şəhadətnamə ilə “X13 Zavodu” adı ilə Dövlət qeydiyyatına alınmış, lakin Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf Nazirliyinin 17 may 2006- cı il tarixli 78 nömrəli sərəncamı ilə X13 Zavodu ləğv edilərək onun bazasında Naxçıvan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) təsis edilmişdir. Cəmiyyət 08 avqust 2022-ci il tarixdə ləğv edilmiş və həmin tarixdən Azərbaycan Respublikasının kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 23 may 2023-cü il tarixli, 987/2023 nömrəli məktubundan görünür ki, X13 Zavodu 1980-ci ildə istismara verilmiş, 1992-ci ildən fəaliyyətini dayandırmış və 2006-cı ilədək qismən fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 17 may 2006-cı il tarixli, 78 saylı sərəncamına əsasən X13 Zavodu ləğv olunaraq onun bazasında “X13” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Ötən müddət ərzində cəmiyyətin səhmləri pullu hərracda satışa çıxarılaraq X11 tərəfindən 2014-cü ildə 100 % özəlləşdirilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, İddiaçı 10 may 2017-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövrlər ərzində ümumi əmək stajı (25 il) və xüsusi əmək stajı (12 il 6 ay) tələb olunan əmək stajından az olduğundan və işlədiyi dövrün peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə göstərilən peşə sahələri ilə uyğunluq təşkil etmədiyindən pensiyasının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 64.3-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.9-ci maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxx 1960-cı ildə anadan olmuş, xx.xx.1979-cı il tarixdən xx.xx.1981-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmiş, 1982-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının 57 yaşı tamam olduğundan ona “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 02 iyun 2017-ci il tarixli, 185 nömrəli qərarına əsasən 10 may 2017-ci il tarixdən hesablanmaqla 197 manat, 40 qəpik məbləğində güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il 10 ay 29 gün ümumi, 13 il 4 ay xüsusi iş stajının olması müəyyən edilmiş və ona əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən pensiya təyin edilmişdir. Sonradan cavabdeh orqan tərəfindən müvafiq araşdırma aparılmış, İddiaçı 10 may 2017-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövrlər ərzində ümumi əmək stajı (25 il) və xüsusi əmək stajı (12 il 6 ay) tələb olunan əmək stajından az olduğu və işlədiyi dövrün peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə göstərilən peşə sahələri ilə uyğunluq təşkil etmədiyi üçün mübahisələndirilən qərar qəbul edilmişdir. Digər tərəfdən, mübahisələndirilən qərarın mətnindən aydın olur ki, qərarda iki məsələ öz əksini tapmışdır:
1. İddiaçı xx.xx.2022-ci il tarixli, 19 nömrəli qərara əsasən yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;
2. Artıq ödənilmiş 26400,45 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması. İddiaçının pensiya işinin ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 19 nömrəli qərarın birinci hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, qarşılıqlı iddia üzrə cavabdeh eyni zamanda həm pensiya təminatı haqqında qanunvericiliyin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan, həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsə təyin olunmuş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı məsələ yalnız yuxarıda qeyd olunmuş qaydada aparılan müvafiq inzibati icraat çərçivəsində həll olunmalıdır. Yəni qeyd olunan icraat zamanı əmək pensiyasının dayandırılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin, xüsusilə də bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların müəyyən olunduğu təqdirdə, inzibati icraat üzrə yekun qərar qəbul edilənə kimi inzibati orqan tərəfindən şəxsə pensiyanın ödənişinin dayandırılması barədə aralıq qərar qəbul edilə bilər. Yalnız inzibati orqan tərəfindən şəxsə pensiyanın ödənişinin dayandırılması barədə aralıq qərar (aralıq inzibati akt) qəbul edildikdən sonra pensiyanın ödənişi faktiki olaraq dayandırıla bilər. Məhkəmə qeyd edir ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində dayandırma barədə aralıq qərar qəbul olunmadan pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin, mübahisələndirilən qərarın ikinci hissəsinə (artıq ödənilmiş 26400,45 məbləğində pul vəsaitinin geri qaytarılması) münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsa da, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərar ləğv edilməli və İddiaçı pensiyasının yenidən bərpa olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 19 nömrəli qərarı ləğv edilir. İddiaçı pensiyasının yenidən bərpa olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV