Məhkəmə qərarları › İş №2-1(122)-40/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-40/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-40/2021 05.05.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçının vəkili Vəkil iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X2 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrinin ləğv edilməsi, ******* nömrəli ona məxsus hərbi biletin 20-ci səhifəsində əmrin ləğv edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılması, müvafiq əmr verilməmişdən əvvəlki xidməti vəzifəsinə (hərbi hospitala - feldşer vəzifəsinə) bərpa olunmağı və 09 iyul 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı, rütbə maaşı və s.) hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin avqust ayının 23-də Naxçıvan MR X1 N saylı hərbi hissəsində əsgər rütbəsində tibb bacısı vəzifəsində işə başlamışdır. 1 il müddətində yuxarıda qeyd olunan rütbə və vəzifədə xidmət etmişdir. Daha sonra isə 29 noyabr 2017-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, X2 29 noyabr 2017-ci il tarixli, 071 saylı əmri ilə “gizir hazırlığı kursu”na qəbul olunmuşdur. Bu hazırlıq kursunu 23 yanvar 2018-ci ildə uğurla başa vuraraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, X2 müavini, 23 yanvar 2018-ci il tarixli, MNM- ƏÜOK-nın 010 gm nömrəli əmri ilə “gizir” hərbi rütbəsi almış və N saylı hərbi hissədə (hərbi hospitalda) “kordiovaskulyar cərrahiyənin feldşeri” vəzifəsində işə başlamışdır. Bundan sonra 20 noyabr 2019-cu il tarixində müvafiq əmrlə xidməti zərurətlə əlaqədar olaraq N saylı hərbi hissəyə göndərilmiş və “aptek rəisi, feldşer” vəzifəsində işinə davam etmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, X2 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ona barəsində verilmiş əmrin surəti təqdim edilməmişdir. İddaçı hesab edir ki, qanunvericiliyin tələbinə görə barəsində verilmiş əmrin surəti ona təqdim edilməli idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsində əgər işçi işdən çıxarılırsa, işdən çıxdığı gün müvafiq əmrin surəti və əmək kitabçası ona təqdim olunmalıdır. İddiaçı qeyd edir ki, AR Əmək Məcəlləsi hərbi qulluqçulara şamil olunmur, lakin hərbi qanunvericiliyin tələbinə görə də ehtiyata buraxılan hərbi qulluqçu barəsində çıxarılmış əmrdən xəbəri olmalı və əmrin surəti ona verilməli idi. İlk olaraq onun hüquqları müvafiq komandanlıq tərəfindən və hərbi hissə tərəfindən pozulmuşdur. Bugünədək əmrin surəti ona hələ də verilməmişdir. İkinci bir hal ondan ibarətdir ki, o, X4 “müalicə işi fakültəsini” feldşer ixtisası üzrə bitirmiş, N saylı hərbi hissədə aptek rəisi vəzifəsində işləmişdir. Onun yuxarı rəisi qanunun tələbinə görə müvafiq hərbi hissənin tibb məntəqə rəisi hesab olunur. O, əczaçılıq üzrə ixtisası bitirməmiş və ixtisasına uyğun olmayan vəzifəni yerinə yetirmişdir. Əlavə olaraq onu qeyd edir ki, barəsində verilmiş təqdimatda qeyd olunmuşdur ki, “gündəlik dərman preparatlarının qeydiyyatı kitabını icazəsiz olaraq tibb məntəqəsinin aptekindən çıxararaq evdə məhv etmək məqsədi ilə hərbi hissənin nəzarət buraxılış məntəqəsinə göndərmişdir”. Həmçinin müvafiq təqdimatda onun səhlənkarlığından və sənədləri saxtalaşdırdığından bəhs olunmuşdur. İddiaçı bildirir ki, bu tamamilə yalandır, dərman preparatlarının qeydiyyatı kitabı məxfi sənəd deyil və onun tərkibində hər hansı bir hərbi sirrdən söhbət gedə bilməz. O, müvafiq vəzifədə işə başladıqdan bir müddət sonra məntəqə rəisi şifahi tapşırığı ilə müvafiq qeydiyyat kitabını yenisi ilə əvəz etməyi ona tapşırmış, o da yuxarı rəisinin əmrini və ya göstərişini icra edərək müvafiq qeydiyyat kitabını yenisi ilə əvəz etmişdir. Qanunvericiliyin tələbinə görə müvafiq qeydiyyat kitabı dəyişdirilirsə, onun yuxarı rəisi hesab olunan məntəqə rəisi “inzibati bölməyə” həmin qeydiyyat kitabını təhvil verməli idi. Lakin məntəqə rəisi ona həmin qeydiyyat kitabını özü ilə aparmağı və məhv etməyi tapşırmış, o isə həmin vaxt əməliyyata getməli olduğundan həmin kitab hərbi hissənin nəzarət buraxılış məntəqəsində qalmışdır. Sonradan isə ona bildirilmişdir ki, o, yuxarıda qeyd olunan müvafiq əmrlə ehtiyata buraxılmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, müvafiq qeydiyyat kitabı sadəcə dərman vasitələrinin qeydiyyatı kitabı idi, yəni həmin qeydiyyat kitabında heç bir qadağan olunmuş psixotrop maddə yox idi. Köhnə qeydiyyat kitabları ilə eynilik təşkil etmiş, sadəcə müvafiq tapşırıq əsasında o, köhnəlmiş olan qeydiyyat kitabını yenisi ilə əvəz etmişdir. İddiaçı qeyd edir ki, onun yerinə yetirdiyi vəzifə ilə hazırki barəsində çıxarılmış əmr tamamilə bir-birinə ziddiyyət təşkil etmiş, belə ki, o, vəzifə olaraq feldşer vəzifəsini icra etmiş və həmçinin aptek rəisi vəzifəsində çalışmışdır. Onun aptek rəisi olaraq vəzifəsi dərmanları resept və sifarişlər əsasında düzgün və vaxtında hazırlamaq, yararlılıq müddəti məhdud olan preparatları vaxtında istifadə etməkdir. Yəni müvafiq qeydiyyat kitablarının yenilənməsi və ya əvəz olunması qanunla da onun vəzifəsi deyil və o, bunu özbaşına edə bilməz. İddiaçı bildirir ki, o, bununla bağlı ərizə ilə yazılı surətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Müvafiq inzibati orqanın N yanvar 2021-ci il tarixli, 150 saylı cavab məktubunda qeyd olunan xahişdən imtina olunmuş və xidmətdə yol verilmiş nöqsanlara görə xidmətə təkrar qəbul edilməyi məqsədəuyğun hesab edilməmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, o, xidmətə uyğunsuzluğa görə müvafiq maddə ilə işdən çıxmağına səbəb olacaq hər hansı bir nöqsana yol verməmişdir. Müvafiq cavabda da həmin əsasnamənin müvafiq bəndi ilə işdən çıxarılmağına səbəb olacaq bəndi hüquqi cəhətdən izahı olunmamış və həmçinin hansı əsasla onun ehtiyata buraxılmağı əsaslandırılmamışdır. O, tamamilə haqsız yerə müvafiq bənd ilə işdən azad olunmuşdur. Buna görə məcbur qalaraq o, həmin əmri məhkəmə qaydasında mübahisələndirir. İddiaçı yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X2 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrinin ləğv edilməsi, ******* nömrəli ona məxsus hərbi biletin 20-ci səhifəsində əmrin ləğv edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılması, müvafiq əmr verilməmişdən əvvəlki xidməti vəzifəsinə (hərbi hospitala - feldşer vəzifəsinə) bərpa olunmağı və 09 iyul 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı, rütbə maaşı və s.) hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. 15 mart 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə 15 mart 2021-ci il tarixli ərizə təqdim edərək məhkəmədən ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X2 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrinin ləğv edilməsi, ******* nömrəli ona məxsus hərbi biletin 20-ci səhifəsində əmrin ləğv edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılması, müvafiq əmr verilməmişdən əvvəlki xidməti vəzifəsinə (hərbi hospitala - feldşer vəzifəsinə) bərpa olunmağı və 09 iyul 2020-ci il tarixdən 01 fevral 2021ci il tarixədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı, rütbə maaşı və s.) hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərini, iddia tələbini dəyişdirərək hazırki tələbin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib məhkəmədən həmin tələb üzrə işin davam etdirilməsini xahiş etmişdirlər. Məhkəmənin 15 mart 2021-ci il tarixli, 2-1(122)-40/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 aprel 2021-ci il tarixli, 2-1(122)-40/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 may 2021-ci il tarixə təyin edilmişdir. İddiaçının vəkili Vəkil ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın mümkün sayılaraq təmin edilməsini xahiş edib, bu barədə yazılı qeydlərini məhkəməyə təqdim etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İş materiallarından aydın olur ki, iddaçı İddiaçı hərbi xidmət zamanı yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İddiaçı adına tərtib olunmuş 01 sentyabr 2016-cı il tarixli, SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, o, hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan əmrlə ehtiyata buraxılmasını bilmiş, lakin 5 (beş) aydan artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı ilə müzakirə etmiş və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar