Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-40/2025 28.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X1 Heydər oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ona dəymiş zərərin tam həcmdə cavabdehdən alınaraq ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 noyabr 1998-ci il tarixdə Şərur Şəhər İcra nümayəndəliyinin 55 №-li sərəncamı ilə müraciətinə əsasən ona ticarət obyekti tikmək üçün Şərur şəhəri, Şah İsmayıl küçəsindəki boş torpaq sahəsindən Baş memarın rəyi nəzərə alınaraq 84 kvm torpaq sahəsi ayrılmışdır. O, bir ildən artıq zaman ərzində ailə büdcəsində olan bütün imkanlarını tikintiyə yönəldərək qanuni əsasla iki mərtəbəli ticarət obyektinin tikintisini başa çatdırmış və tikintinin tam hazır vəziyyətdə başa çatdırılması üçün təqribən 100.000 ABŞ dolları həcmində vəsait xərcləmişdir. Layihə smeta sənədlərinə əsasən smetanın dəyəri 134.633.016 min manat təşkil etmişdir.Ticarət obyekti istifadəyə verilməmiş o, Cavabdeh təhdidi ilə üz-üzə qalmışdır. O, Cavabdeh başçısı tərəfindən təhdid olunaraq adına olan ticarət obyektinin sökülməsi tələb edilir və bunun Naxçıvan MR Ali Məclisinin sədrinin göstərişi olduğu deyilirdi. O isə tikintinin qanuni əsaslarla tikilməsini deyərək özünü qorumaq istəyirdi. Naxçıvan Respublika prokurorluğuna çağırılaraq ona icra başçısına obyekti uçurtmasına mane olmağı irad olaraq bildirilmiş və tələb edilmişdir ki, ticarət obyektini necə tikdirmişsə eləcə də özü uçurmalıdır. Bununla da onun Konstitusiya ilə təsbit olunan mülkiyyət hüququ pozulmuş və ona 112.000 ABŞ dollarından artıq zərər dəymişdir. O, Naxçıvanda olan tələblərdən, qohum əqrəbasının təqib olunmasından qorxub məhkəməyə müraciət etməmişdir. Ona dəymiş maddi və mənəvi zərər tam həcmdə cavabdehdən alınaraq ödənilməlidir. Bununla əlaqədar o, xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət etsə də, şikayəti təmin olunmayaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı qeyd olunanlara əsasən ona dəymiş zərərin tam həcmdə cavabdehdən alınaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 28 fevral 2025-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Cavabdeh tərəfindən Sədərək rayon Dəmirçi kənd sakini İddiaçı ünvanlanmış 13 iyun 2023-cü il tarixli, 5-28/1-Q-23/2-36/2023 nömrəli məktubla bildirilmişdir ki, təqdim edilən sənədlərin heç bir hüquqi əsası yoxdur. Əmlak obyektlərinin üzərində mülkiyyət o zaman etibarlı hüquqi əsas yaradır ki, mülkiyyət rəsmiləşdirilsin. Sənədlər mülkiyyətə dair qanunvericiliyə uyğun olmadığından ərizədəki məsələyə kömək göstərilməsi Cavabdeh səlahiyyətləri daxilində deyil. - Şərur Rayon İcra Nümayəndəliyinin 02 noyabr 1998-ci il tarixli, 55 nömrəli sərəncamın surətindən məlum olur ki, İddiaçı Şərur şəhəri, Şah İsmayıl küçəsində “Bahar” kino teatr ilə məktəb tikintisinin arasında 84 m2 boş torpaq sahəsində maqazin tikilməsinə icazə verilmişdir. - 1999-cu il tarixli İddiaçı məxsus Şah İsmayıl küçəsində ticarət mərkəzinin tikintisinin smeta sənədləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq 06 dekabr 2023-cü il tarixli, 02/705 nömrəli məktubla göndərilmiş Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur Şəhər İcra Nümayəndəliyinin 02 noyabr 1998-ci il tarixli 55 nömrəli sərəncamı, sərəncama əlavələrin təsdiq edilmiş surətləri və Şərur Rayon Dövlət Arxivinin 01 dekabr 2023-cü il tarixli 36 nömrəli məktubunun surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 dekabr 2023-cü il tarixli, 04/1004 nömrəli məktubdan məlum olur ki, Xidmətin informasiya bazasında İddiaçı məxsus daşınmaz əmlak barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq 12 dekabr 2023-cü il tarixli, 02/1257 nömrəli məktubla göndərilmiş Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 25 yanvar 1992-ci il tarixli, 36 nömrəli Qərarının surətindən məlum olur ki, “Əlincə” kommersiya kooperativinin sədri İddiaçı yoldaşa mağazanın layihəsinin hazırlanıb şəhərin baş memarı ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılması tapşırılmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 dekabr **********847500 nömrəli məktubdan məlum olur ki, İddiaçı vergi ödəyicisi olması barədə uçot-baza sistemində hər hansı məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 dekabr 2024-cü il tarixli, 04/1369 nömrəli məktubdan məlum olur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ticarət obyekti qeydiyyata alınmamışdır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1950-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı Şərur şəhəri, Şah İsmayıl küçəsində yerləşmiş ticarət obyektinin sökülməsi nəticəsində ona dəymiş zərərin tam həcmdə cavabdehdən alınaraq ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Müəyyən olundu ki, Şərur Rayon İcra Nümayəndəliyinin 02 noyabr 1998-ci il tarixli, 55 nömrəli sərəncamı ilə İddiaçı Şərur şəhəri, Şah İsmayıl küçəsində “Bahar” kino teatr ilə məktəb tikintisinin arasında 84 m2 boş torpaq sahəsində mağaza tikilməsinə icazə verilmişdir. İddiaçı istər sözügedən mağaza binasının tikilməsini, istərsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsini mötəbər dəlillərlə sübut edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı iddia etdiyi mağaza binasınını cavabdeh tərəfindən söküldüyünü iddia edir. Lakin tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi öz təsdiqini tapsa da, sözügedən mağaza binasının tikilməsi barədə: - tikintiyə sərf edilmiş maliyyə xərclərinin əks olunduğu sənədlər, sifarişçisi qismində tikinti və mühəndis işlərini yerinə yetirilməsini təsdiq edən podratçı ilə müqavilə, tikinti obyektinin istismarına icazə verilməsi və s. sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər yandan mövcud olduğu halda belə, iddiaçı qeyd olunan ticarət obyektinin Cavabdeh tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal qeyd olunan tikilinin cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququna dair normalar baxımından (13, 29) da, inzibati orqanlar yalnız qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ticarət obyektinin sökülməsi barədə istinad etdiyi qeyd olunan səlahiyyətlərin Cavabdeh iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilə və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu anlamında qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bu səbəbdən mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı “ona dəymiş zərərin tam həcmdə cavabdehdən alınaraq ödənilməsi tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “ona dəymiş zərərin tam həcmdə cavabdehdən alınaraq ödənilməsi tələbi"nə iddiası rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-40/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-40/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver