Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-404/2025 11.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçı Alverdizadə (Alverdiyev) İsmayıl Alverdi oğlunun, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Alverdizadə (Alverdiyev) İsmayıl Alverdi oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Culfa şəhəri, Təbriz küçəsində yerləşən 25 kv.m sahədən ibarət olan otağın-qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Culfa şəhəri, Təbriz küçəsində 25 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini mülkiyyət hüququ əsasında əldə etmişdir. Qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Naxçıvan MR Əmlak Komitəsi tərəfindən 21 yanvar 1996-cı il tarixli, 8 nömrəli “Mülkiyyətə Sahiblik haqqında Şəhadətnamə” verilmişdir. Müvafiq daşınmaz əmlaka sahiblik haqqında şəhadətnamənin surəti həmin dövrdə Naxçıvan MR Əmlak Komitəsinin Culfa rayon şöbəsinin müdiri Qəşəm Əliyev tərəfindən ona verilmişdir. Həmçinin qeyd edilən daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı müvafiq ödənişlər, eləcə də lazımi sənədlərin təqdim edilməsi, sənədlərə imza edilməsi Naxçıvan MR Əmlak Komitəsinin Culfa rayon şöbəsinin müdiri X5 göstərişinə əsasən tərəfindən icra edilmişdir. Mülkiyyətində olan Culfa şəhəri, Təbriz küçəsində 25 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini Naxçıvan MR Əmlak Komitəsi tərəfindən verilmiş 21 yanvar 1996-cı il tarixli, 8 nömrəli "Mülkiyyətə Sahiblik haqqında Şəhadətnamə” əsasında 1996-cı il tarixdən bu günədək mülkiyyət hüququ əsasında sərbəst və maneəsiz istifadə edir. Mağazadakı fəaliyyəti ilə bağlı 2007-2012-ci illər ərzində Vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2013-cü ildə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayevin yol kənarında yerləşən mağazaların bağlanması barədə verdiyi göstərişi əsasında bir neçə il mağaza bağlı qalmışdır. Qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi üçün o, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Culfa şəhəri, Təbriz küçəsində 25 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini qanuni əsaslarla 1996-cı ildə özəlləşdirmişdir. Həmin daşınmaz əmlaka 28 ildir ki, mülkiyyət hüququ ilə tam sərbəst və maneəsiz sahiblik edir və bu müddət ərzində həmin daşınmaz əmlak barəsində hər hansı dövlət qurumunun və ya şəxsin hər hansı səbəb və əsasla iddiası, tələbi olmayıb. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Culfa şəhəri, Təbriz küçəsində yerləşən 25 kv.m sahədən ibarət olan otağın-qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 16 oktyabr 2024-cü il tarixli, 04/1033 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı Alverdizadə (Alverdiyev) ismayıl Alverdi oğlu Culfa şəhəri, Təbriz küçəsində yerləşən, sahəsi 25 m2 olan qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı üçün Xidmətə müraciət etmiş, təqdim etdiyi sənədlər qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün (iddiaçı hüquqların qeydiyyatı üçün yalnız “Mülkiyyətə sahiblik haqqında" Şəhadətnamənin surətini təqdim etmişdir.) hüquqların qeydiyyatı aparılmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 mart 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Alverdizadə (Alverdiyev) İsmayıl Alverdi oğlu və iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Culfa şəhəri, Xətai küçəsi 1 ünvanında yaşayan İddiaçı ünvanlanan 16 avqust 2024-cü il tarixli, 06/7-A-91/1-1/2024 nömrəli məktubda qeyd edilir ki, o, qeyd olunan əmlak üzərində hüququnu təsdiq edən sənədin əslini təqdim etmədiyindən hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyildir. - Naxçıvan Muxtar Respublikası Əmlak Komitəsi tərəfindən 21 noyabr 1996-cı il tarixli, 8 qeydiyyat nömrəli Mülkiyyətə Sahiblik haqqında Şəhadətnamənin surətindən məlum olur ki, X3 Əmlak Komitəsinin 21 noyabr 1996-cı il tarixli qərarı ilə Culfa şəhər MTİS-in balansında olan Təbriz küçəsində yerləşən 25 m2 otağı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Culfa Rayon Elektrik Şəbəkəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 21 may 2024-cü il tarixli, 279 nömrəli məktubdan məlum olur ki, Culfa şəhər sakini İddiaçı Culfa şəhər Təbriz küçəsində yerləşən ticarət obyektinə 2013-cü ildə ********* №-li kod verilərək Naxçıvan MR DEX-nin MHM sistemində yerləşdirilmişdir. Sonrakı dövrdə abonent elektrik enerjisindən istifadə etmədiyinə görə passiv olaraq qalmışdır. 2023-cü ilin avqust ayının 16-da vətəndaşın müraciətinə əsasən elektrik xətti bərpa edilmiş və kod aktivləşdirilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Culfa şəhəri, Xətai küçəsi 1 ünvanında qeydiyyatda olan İddiaçı verilmiş 30 aprel 2024-cü il tarixli, **********865600 nömrəli arayışdan məlum olur ki, vergi ödəyicisinin Culfa şəhəri, Təbriz küçəsində yerləşən 25 m2 sahəsi olan “**********-06001”nömrəli obyekti xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Culfa Rayon Vergilər Şöbəsində qeydiyyatda olmuşdur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 noyabr 2024-cü il tarixli, 157 nömrəli məktubundan məlum olur ki, Xidmətin tabeliyində olan DƏDKR PHŞ-nin Culfa rayon şöbəsinin mütəxəssisi tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş, Culfa şəhəri, Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki vəziyyətə uyğun sxematik planı tərtib olunmuşdur. Tərtib olunmuş sxematik plan ərazinin orto-foto xəritəsi iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 İdarəsinin 18 dekabr 2024-cü il tarixli, 3-18-89/2-A-10xx-xx/2024 nömrəli Culfa şəhəri, Təbriz küçəsində yeriəşən İddiaçı məxsus qeyri-yaşayış (Mağaza) obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verilməsi haqqında aktın surətindən məlum olur ki, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın texniki müayinədən obyektin qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09- 84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.04.05-95 “Təbii və süni işıqlandırma” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsiziliyi” Dövlətlərarası Tikinti Norma və Qaydalarının tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 yanvar 2025-ci il tarixli, **********752500 nömrəli məktubdan məlum olur ki, İddiaçı (VÖEN: **********) vergi orqanında vergi ödəyicisi kimi 27 aprel 2005-ci il tarixdən vergi uçotuna alınmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-1427/2025 nömrəli məktubla göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”ndə mövcud olan məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) fiziki şəxs qismində ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat iş materiallarına əlavə edilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli, 142 nömrəli arayışdan məlum olur ki, İddiaçı məxsus olan, Təbriz küçəsində yerləşən 25 m2 ölçüsü olan qeyri-yaşayış obyekti 1996-cı ildən 2013-cü il tarixədək mağaza kimi fəaliyyət göstərmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1959-cu ildə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1 və139-1.1.8-ci maddələrinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0 və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0 və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Culfa şəhəri, Təbriz küçəsində yerləşən 25 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə dair hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin imtinasının əsasını isə Alverdizadə (Alverdiyev) ismayıl Alverdi oğlu tərəfindən təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə cavab verməməsi, yəni iddiaçı tərəfindən hüquqların qeydiyyatı üçün yalnız “Mülkiyyətə sahiblik haqqında" Şəhadətnamənin surətinin təqdim edilməsi təşkil edir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmlak Komitəsi tərəfindən 21 noyabr 1996-cı il tarixli, 8 nömrəli Mülkiyyətə Sahiblik haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 Əmlak Komitəsinin qərarı ilə 1996-cı il tarixdə Culfa şəhər MTİSin balansında olan Təbriz küçəsində yerləşən 25 m2 otağı almışdır. Nəzərə alınmalıdır ki, şəhadətnamədə qeyd olunan Əmlak Komitəsinin 21 yanvar 1996-cı il tarixli qərarı ləğv edilməmiş, mübahisələndirilməmiş, dəyişdirilməmişdir və hazırda qüvvədədir. Həmçinin müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsi ayrıldığı vaxtdan, yəni 29 ildir ki, iddiaçının faktiki istifadəsindədir, iddiaçı müvafiq təbii inhisar subyektləri ilə müqavilə bağlamış, ona tam, sərbəst və maneəsiz sahiblik edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və həmin sənədin məzmununa uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının həmin şəhadətnaməyə istinad etməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iddiası qanuni və əsaslı hesab edilməlidir. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Alverdizadə (Alverdiyev) İsmayıl Alverdi oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Culfa şəhəri, Təbriz küçəsində yerləşən 25 kv.m sahədən ibarət olan otağın-qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Culfa şəhəri, Təbriz küçəsində yerləşən 25 kv.m sahədən ibarət olan otağın-qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-404/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-404/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver