Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-408/2023 06.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X2 iştirakları ilə, İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq 2-ci qrup əlillik dərəcəsi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq 2-ci qrup əlillik dərəcəsi təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13 oktyabr 2000-ci ildə ümumi hərbi xidmətə getmişdir. Xidmətini Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə keçirmişdir. Xidmət etdiyi müddətdə özünü narahat hiss etdiyi üçün 2001-ci ilin noyabrından 258 saylı hərbi hospitala göndərilmişdir. Tərxis olunan günədək (xx.xx.2002) müalicə olunmuş və həkimlər onda “sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi” aşkar edərək fiziatriya şöbəsinə qəbul etmişlər. Bu barədə Hərbi Həkim Komissiyası 06 mart 2002-ci il tarixdə xəstəliyi ilə əlaqədar onu şəhadətləndirmişdir. İddiaçı qeyd edir ki, ordudan təxris olunduqdan sonra mütəmadi olaraq Naxçıvan şəhərində yerləşən “Ağciyər xəstəlikləri” dispanserində müalicə olunmuş və dispanserin həkim komissiyası onu təkrar müayinə edərkən xəstəliyinin ağır olduğunu bildirmişdirlər. İddiaçı həmçinin, müvafiq xəstəlik sənədləri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Tibbi Sosial Ekspert Komissiyasına müraciət etdiyini, müayinədən keçdiyini və ona 2-ci qrup əlilliyin verildiyinin bildirildiyini qeyd etmişdir. İddiaçı həmin dövrdə Şahbuz Rayon Yanğın Söndürmə İdarəsində işləmiş, həmin idarə hərbiləşdirildiyindən işdən azad edildiyini bildirmişdir. İddiaçı qeyd edir ki, müalicəsi hələ də davam edir və dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, müraciəti cavabsız qalmışdır. İddiaçı ilk öncə, eyni tələblə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmasını xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı Yaqib oğlunun müraciəti ilə araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçının Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasında 20 noyabr 2003-cü il tarixdə “sağ ağciyərin infiltrativ vərəmi” diaqnozu ilə əyani müalicəsi aparılmış və ona əlillik təyinindən imtina edilmişdir. Həmçinin, ona əlillik təyin olunmadığına görə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən əlilliklə bağlı hər hansı bir müavinət və təqaüd ödənişi həyata keçirilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq 2-ci qrup əlillik dərəcəsi təyin olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 17 mart 2023-cü il tarixli, 2-1(122)-408/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 19 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya qarşı 19 aprel 2023-cü il tarixli, 20/537 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq İİ dərəcə əlillik təyin olunması ilə bağlı müraciəti araşdırılmış və Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasında (bundan sonra TSEK) olan müayinə işinə baxılmış və müəyyən edilmişdir ki, TSEK-in 544 nömrəli aktına əsasən vətəndaşın 20 noyabr 2003-cü il tarixində “Sağ ağciyərin infiltrativ vərəmi" diaqnozu ilə müayinəsi aparılmış və nəticədə həmin akta əsasən vətəndaşa əlillik dərəcəsi təyin edilməmişdir. Eyni zamanda İddiaçı əlillik təyin olunmadığı üçün onun adına rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən əlilliklə bağlı hər hansı bir müavinət və təqaüd ödənişləri həyata keçirilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 16 oktyabr 2023cü il tarixli, 2-1(122)-408/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 06 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq 2-ci qrup əlillik dərəcəsi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin nümayəndəsi X4 iddiaçının 2003-cü ildə komissiyada olmasını, komissiyanın yekun qərarına əsasən iddiaçıya əlillik verilməsindən imtina edildiyini, təyin edilmiş olsa belə, o, təkrar olaraq 3-5 ildən sonra təkrar komissiyadan keçməli olduğunu və iddiaçının bu müddəti ötürdüyünü qeyd etmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iş materiallarına istehsalatda baş vermiş cavabdehin imtina məktubunu, xəstəlik haqqında şəhadətnaməni və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - 258 saylı Hərbi Həkim Komissiyasının 06 mart 2002-ci il tarixli, 16 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, 1982-ci il təvəllüdlü, əsgər rütbəli, atıcı hərbiuçot ixtisaslı İddiaçı 2000-ci ilin oktyabrından Silah Qüvvələrdədir. Diaqnoz və xəstəliyin səbəb əlaqəsi haqqında HHK-ın qərarı “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi” və “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olaraq müəyyən olunmuşdur. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Kəndşahbuz kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 avqust 2023-ci il tarixli, 3-17-9-/2-242/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasında olan müayinə işindən çıxarışların surətindən görünür ki, İddiaçı “Sağ ağciyərin infiltrativ vərəmi" diaqnozu qoyulmuş və əlillik təyin edilməmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 23 oktyabr 2023-cü il tarixli 30/031 nömrəli arayışdan görünür ki, Nağıyev X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 şöbəsi rəisinin 29 noyabr 2002-ci il tarixli 163 ş/h nömrəli əmri ilə Şahbuz rayon X1 Xidmətinin növbətçi yanğınsöndürən xidmətinin yanğınsöndürəni vəzifəsinə təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 şöbəsi rəisinin 31 mart 2003-cü il tarixli 26 ş/h nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad və Şahbuz rayonları X1 xidmətlərinin Hərbiləşdirilmiş X1 Xidmətinə çevrilməsi ilə əlaqədar olaraq yanğınsöndürən vəzifəsindən azad edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı tərəf 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq 2-ci qrup əlillik dərəcəsi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının 20 noyabr 2003-cü il tarixində “Sağ ağciyərin infiltrativ vərəmi" diaqnozu ilə müayinəsi aparılsa da, ona hər hansı əlillik dərəcəsi təyin edilmədiyindən iddiaçının tələbindən imtina edir. Məhkəmə cavabdeh təşkilatın qeyd olunan imtinasını əsaslı hesab edir. Belə ki, əvvəla, bu imtinada, həmçinin iş üzrə yuxarıda sadalanan tibbi sənədlər İddiaçı Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 20 noyabr 2003-cü il tarixdə “Sağ ağciyərin infiltrativ vərəmi" diaqnozu qoyulsa da, ona əlillik dərəcəsinin verilməsindən imtina edildiyini təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının: 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” əsasında müəyyən edilir. Həmin qərarın: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı 2-ci qrup əlillik dərəcəsinin təyin olunması məqsədə uyğun görünmür. Belə ki, iddiaçının sağlamlıq vəziyyəti 2001-ci ilin noyabr ayında qiymətləndirilmiş və müayinə nəticəsində ona əlillik dərəcəsinin verilməsinə əsas olmadığı qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq 2-ci qrup əlillik dərəcəsi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq 2-ci qrup əlillik dərəcəsi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-408/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-408/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver