Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-41/2021 14.04.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X3, əri X4, qızı X6 və nəvəsi X13 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, əri X4, qızı X6 və nəvəsi X13 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdidiaçı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək X3, X4, X6 və X13 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı xx xxxxxx 2021-ci il tarixli, 7/339- H102 nömrəli məktubdan görünür ki, X3, X4, X6 və X13 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından ərizənin icra edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, əri X4, qızı X6 və nəvəsi X13 onun mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair xx xxxxxx 2021-ci il tarixli, 7/603 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, X3, X4, X6 və X13 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndinə uyğun olmadığından İddiaçı ərizəsinin icra edilməsindən imtina edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2- 1(122)-41/2021 nömrəli qərardadı ilə X7, X8, X10 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin xx xxxx 2021-ci il tarixli, 2-1(122)-41/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, xx xxxxx 2015-ci il tarixdə X2 alqı-satqı müqaviləsi əsasında ünvan 1-də yerləşən fərdi yaşayış evini aldığını, xx xxxxxx 2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət xidmətində **********79-10301 reyestr və ********* qeydiyyat nömrəli çıxarış aldığını, evin əvvəlki sakinlərinə dəfələrlə müraciət etməsinə baxmayaraq qeydiyyatdan çıxmadıqlarını, hal-hazırda onların harada yaşaması barədə məlumatının olmadığını, həmin şəxslərin evin pasport qeydiyyatında qalmasının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə xx xxxxx 2021-ci il tarixli, 7/1321 nömrəli məktub göndərərək xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Üçüncü şəxslər X3, X4, X6 və X13 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmiş və üçüncü şəxslər həmin ünvanda yaşamadıqlarından məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərini, qeydiyyatla bağlı arayışları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında 0.0515 ha torpaq sahəsi üzərində yerləşən 210.08 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/06 nömrəli reyestr kitabının 1055 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi-**********9-10301). - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 01/323 nömrəli arayışa əsasən İddiaçı, 01/309 nömrəli arayışa əsasən X7, 01/310 nömrəli arayışa əsasən X8, 01/308 nömrəli arayışa əsasən X10, 01/307 nömrəli arayışa əsasən X5 şəhəri, 35-ci məhəllə, döngə 3, ev 17 ünvanında qeydiyyatdadırlar. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1984-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş x xxxxx 2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhər 35-ci məhəllədə mülkiyyətində olan 0.0515 ha torpaq sahəsində yerləşən ev 128 ünvanında yerləşən ümumi sahəsi 120.52 kv/m, yaşayış sahəsi 47.52 kv/m, yardımçı sahəsi 89.56 kv/m olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı əmlakı 130000 (bir yüz otuz min) manat qiymətinə satmışdır. Beləliklə, məhkəmə iş materiallarının araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq onların orada yaşamamaları müəyyən edilmişdir. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılmaları tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də, X3, X4, X6 və X13 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmalarından cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3, X4, X6 və X13 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 34, 68, 69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. X3, X4, X6 və X13 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İddia tələbi təmin olunduğundan prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-41/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-41/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver