Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-41/2024 27.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin xx.xx.2023cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,1987-ci il tarixdən 1989-cu il tarixədək İmişli rayon Lenin adına kolxozda işləmişdir. xx.xx.1987-ci il tarixdə 90 nömrəli OPLM-nə qadın bərbəri qrupuna daxil olub, 1988-ci ildə bitirmişdir. 1990-cı ildən 1997-ci il tarixədək Poletilen kuruk müəssisəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan MR X3ndə işləmişdir. 2009-cu il tarixdən bu günədək isə Naxçıvan 1 saylı Mənzil-İstismar idarəsində qaynaqçı vəzifəsində çalışır. Lakin iddiaçının işlədiyi müəssəsilərlə bağlı Naxçıvan MR Dövlət Arxiv idarəsinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Məişət xidmətinin sənədləri 1988-ci ilə qədər olduğundan və Naxçıvan MR X3 Babək rayon elektrik şəbəkəsinin sənədləri 1998-ci ilə qədər olduğundan onun işləməsi barədə məlumat mövcud deyil, lakin onun işlədiyi müəssisələr əmək kitabçasında əmr nömrələri ilə birlikdə qeyd olunmuşdur. İddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət etmiş və tələb olunan ümumi 25 il sığorta stajının olmadığına görə ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Beləliklə, iddiaçı məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 02 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin iddiaya qarşı 02 may 2023-cü il tarixli, 02/467 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Fondun Naxçıvan Şəhər İdarəsinə təqdim edilmiş, AZE seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (2 il) İmişli rayon Lenin adına kolxozda işləmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1989- cu il tarixədək (3 ay 4 gün) Naxçıvan məişət xidmətində işləmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (4 ay 6 gün) 57 nömrəli Voentorkda, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (7 il 11 ay 13 gün) Poletilen kuruk müəssəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək (1 ay 6 gün) Naxçıvan MR X3ndə, xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (13 il 6 ay) Naxçıvan Mənzil istismar idarəsində qaynaqçı vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasındakı olan qeydlərə əsasən onun xx.xx.1987-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 6 ay xüsusi, 24 il 1 ay 29 gün ümumi iş stajı vardır. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmır. Həmçinin, əmək kitabçasında olan qeydlərin yazılma ardıcıllığı düzgün aparılmamışdır. Nəticədə, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 6 ay ümumi, 13 il 6 ay xüsusi iş stajı müəyyən olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 15 avqust 2023-cü il tarixli 2-1(122)-411/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 20 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(122)-411/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuş və iş şifahi məhkəmə baxışından hazırlıq mərhələsinə qaytarılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən iş üzrə şifahi məhkəmə baxışı iclası 27 mart 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddiaçının tələb olunan xüsusi iş stajına malik olmasına baxmayaraq, tələb olunan ümumi 25 il siğorta stajı olmadığını qeyd etmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, arxiv arayışını, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 07 mart 2023-cü il tarixli, 20 nömrəli qərarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 31.2-1-ci maddələrinin şərtləri daxilində tələb olunan ümumi 25 il siğorta stajı olmadığı və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 27 dekabr 2022-ci il tarixli, 13/1700 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan Məişət xidmətinin sənədləri 1988-ci ilə qədər olduğundan və Naxçıvan MR X3 Babək rayon Elektrik şəbəkəsinin sənədləri 1998-ci ilə qədər olduğundan İddiaçı işləməsi barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası 1 saylı Mənzil-İstismar İdarəsinin 19 dekabr 2022ci il tarixli, 30 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2022ci il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bəndinə əsasən güzəştli şərtli əmək pensiyasına çıxma hüququ verir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu 1№-li Mənzil- İstismar İdarəsi sahəsinin 13 mart 2023-cü il tarixli, 965 nömrəli arayışından görünür ki, İddiaçı Müdafiə Nazirliyinə məxsus Naxçıvan şəhəri, 2 nömrəli qapalı hərbi şəhərcikdə (mənzilin özəlləşdirilməsinə, bağışlanmasına, girov qoyulmasına və pasport qeydiyyat işləri aparılmasına həbs qoyulmuşdur) 17 nömrəli xidməti mənzildə yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə, İmişli rayonu, Suvarovka kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon Lenin adına kolxozda işləmiş, xx.xx.1989cu il tarixdən xx.xx.1989-cu il tarixədək (3 ay 4 gün) Naxçıvan məişət xidmətində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 57 nömrəli Voentorkda, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Poletilen kuruk müəssəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan MR X3ndə, xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Mənzil-İstismar İdarəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin 04 iyul 2023-cü il tarixli, 371 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı 22 aprel 1980-ci ildən14 iyun 1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş, xx.xx.1987-ci il tarixdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu və 31.2-ci maddələrinə əsasən tələb olunan ümumi 25 il siğorta stajı olmadığı və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan sonra mübahisələndirilən qərar qəbul edilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi və hüquqi marağı ona Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 07 mart 2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 7-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddinin olması;
2. İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2022-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı ilə bağlı məsələ mübahisələndirildiyindən yuxarıda sadalanan 2-ci elementin mövcudluğunun araşdırılması zəruridir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1987-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24 il 1 ay 29 gün ümumi, 13 il 6 ay xüsusi iş stajı vardır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin 04 iyul 2023-cü il tarixli, 371 nömrəli arayışına əsasən İddiaçı 22 aprel 1980-ci ildən 14 iyun 1982-ci il tarixədək (2 il 1 ay 22 gün) SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Beləliklə, iddiaçı 25 ildən artıq ümumi, 13 il 6 ay xüsusi iş stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, bəzi illərdə əmək fəaliyyəti ilə məşğul olması arxiv arayışları ilə təsdiqlənmədiyinə və əmək kitabçasında olan qeydlərin yazılma ardıcıllığı düzgün aparılmadığına istinad edərək, həmin ayların ümumi iş stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının ümumi iş stajının 13 il 6 ay olmasına və qanunvericiliklə tələb edilən staj tələbinin ödənilməməsinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, İddiaçı adına 1987-1999-cu illərə aid olan əmək fəaliyyəti ilə məşğul olmasının arxiv arayışları ilə təsdiqlənməməsi və əmək kitabçasında olan qeydlərin yazılma ardıcıllığının düzgün aparılmaması iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Beləliklə, iddiaçının AZE seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon Lelin adına kolxozda işləmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1989- cu il tarixədək Naxçıvan məişət xidmətində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 57 nömrəli Voentorkda, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Poletilen kuruk müəssəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan MR X3ndə, xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Naxçıvan Mənzil istismar idarəsində qaynaqçı vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasındakı olan qeydlərə əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 6 ay xüsusi, 24 il 1 ay 29 gün ümumi iş stajı vardır. İddiaçının hərbi xidmət illəri də onun iş stajına əlavə olunduğu halda, o, 25 ildən artıq ümumi, 13 il 6 ay xüsusi iş stajına malik olmuş olur. Həmçinin məhkəmə 3-cü elementə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (Ümumi peşələr) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsi öz əksini tapmış və bu fakt da İddiaçı güzəştli şərtli əmək pensiyasına çıxma hüququ verir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də aydın olur ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında yazılı şəkildə əsaslandırılmalı olduğu halda, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Qanunvericiliyə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə əsaslandırma aparılmalıdır. Lakin inzibati orqan tərəfindən mübahisələndirilən qərarda hər hansı bir sübutla əsaslandırma aparılmadığı kimi, inzibati icraat da aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 20 nömrəli qərarı ləğv edilməli və İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 20 nömrəli qərarı ləğv edilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV