Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-412/2023 20.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı “cavabdehin üzərinə onun 24 yanvar 2005-ci il tarixli, 01 №-li doğum akt qeydində "Qasımov" soyadının düzəliş edilərək "Kəngərli" kimi qeyd olunması öhdəliyinin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə onun 24 yanvar 2005-ci il tarixli, 01 №-li doğum akt qeydində "Qasımov" soyadının düzəliş edilərək "Kəngərli" kimi qeyd olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olmuşdur. Culfa rayon Saltaq kənd İcra Nümayəndəliyi tərəfindən 24 yanvar 2005-ci il tarixdə bununla bağlı ona AZ-İ 472550 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, bu barədə doğum haqqında akt qeydləri kitabında 24 yanvar 2005-ci il tarixli, 01 № ilə qeyd edilmişdir. Ona verilən doğum haqında şəhadətnamədə onun soyadı “Kəngərli” kimi qeyd olunmuşdur. Lakin Culfa Rayon Qeydiyyat Şöbəsinin arxiv qeydində soyadının “Qasımov” olaraq qeyd olunması iddiaçıya məlum olmuşdur. O, doğum akt qeydində “Qasımov” kimi qeyd olunmuş soyadının hal-hazırda bütün digər rəsmi sənədlərində olduğu kimi, düzəliş edilərək “Kəngərli” kimi qeyd olunması məqsədilə xx.xx.2023-cü il tarixdə ərizə ilə Culfa Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Culfa Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/Q-19/15 saylı məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Ad, ata adının və soyadının dəyişdirilməsinin qeydə alınması” və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsi əsas gətirilərək onun müraciətindən imtina edilmiş və müvafiq məhkəməyə müraciət edilməli olduğu ona bildirilmişdir. İddiaçı qeyd edir ki, onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, ünvan qeydiyyatında, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsində, tələbə biletində və digər rəsmi sənədlərində soyadı “Kəngərli” kimi qeyd olunmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə onun 24 yanvar 2005-ci il tarixli, 01 №-li doğum akt qeydində "Qasımov" soyadının düzəliş edilərək "Kəngərli" kimi qeyd olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanan 26 aprel 2023-cü il tarixli, 05/Q-69/13 nömrəli və 16 may 2023-cü il tarixli, 05/Q-86/11 nömrəli məktublarla iddiaya dair yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, Culfa rayon Saltaq KİN tərəfindən xx.xx.2005-ci il tarixli, 01 nömrəli doğum akt qeydi tərtib olunarkən soyadı “Qasımov” olaraq yazılmışdır. Müəyyən olunmuşdur ki, həqiqətən də, yuxarıda göstərilən doğum akt qeydində uşağın doğum aktı doğum şəhadətnaməsi ilə fərqlidir. Uşağın doğum haqqında şəhadətnaməsində soyadı “Kəngərli” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 №-li qərarı ilə təsdiq edilmiş “Adın, soyadın və ata adının dəyişdirilməsi” haqqında qanuna əsasən şöbə tərəfindən soyadın dəyişilməsi üçün tələb olunan sənədlər təqdim edilmədiyindən vətəndaşa bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ilə bağlı imtina məktubu yazılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 iyun 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsi məhkəməyə 13 iyun 2023-cü il tarixli, 05/Q-109/13 nömrəli məktub göndərərək 20 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakları olmadan baxılıb müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən Naxçıvan şəhəri, məhəllə 35, ev 52-də qeydiyyatda olan İddiaçı ünvanlanmış 06 mart 2023-cü il tarixli, 05/Q-19/15 nömrəli məktubdan məlum olur ki, Culfa rayon Saltaq KİN tərəfindən xx.xx.2005-ci il tarixli, 01 nömrəli doğum akt qeydi tərtib olunarkən onun soyadı “Qasımov” olaraq yazılmışdır. Müəyyən olunmuşdur ki, həqiqətən də, yuxarıda göstərilən doğum akt qeydində uşağın doğum aktı doğum şəhadətnaməsi ilə fərqlidir. Uşağın doğum haqqında şəhadətnaməsində soyadı “Kəngərli” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 №-li qərarı ilə təsdiq edilmiş “Ad, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması” və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında adın dəyişməsi üçün şöbəyə bununla bağlı lazım olan heç bir sənəd təqdim edilmədiyi bildirilmişdir. Bu səbəbdən doğum haqqında akt qeydinə qeydiyyat şöbəsi tərəfindən dəyişiklik edilməsi qanunazidd olduğundan mümkün deyil. Bunun üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. - İlkin hərbi qeydiyyata alınma haqqında 212792 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci ildə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı sayılmışdır. - Culfa Rayon İcra Hakimiyyətinin Saltaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2005-ci il tarixli, AZ-İ seriyalı, 472550 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə Culfa rayonu, Saltaq kəndində doğulmuşdur. Ata adı X1, ana adı X3 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24 yanvar 2005-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 430 nömrəli arayışdan görünür ki, Kəngərli X2 şəhəri, 35-ci məhəllə, ev 52 ünvanında qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən X6 ünvanlanmış 03 aprel 2023-cü il tarixli, 14/143 nömrəli arxiv arayışından məlum olur ki, onun ata babası Həsənxan bəy Qasımxan bəy oğlu, ana babası Məsimxan bəy, əmi oğlanları Nəcəf bəy, Həsənxan bəy, Qulamağa, Əsgərxan bəy, Hüseynxan bəy, dayıları İsfəndiyar və Cavadxan sənədlərdə Kəngərli soyadına mənsub olmuşlar. - Culfa Rayon Qeydiyyat Şöbəsinin 18 aprel 2023-cü il tarixli, 05/Q-66/13 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş 24 yanvar 2005-ci il tarixli, 01 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən aydın olur ki, X4 xx xxxxxx 2005-ci il tarixdə Culfa rayonu, Saltaq kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeyd kitabında 24 yanvar 2005-ci il tarixdə 01 nömrə ilə qeyd aparılmışdır. Doğum akt qeydində ata adı X1, ana adı X3, valideynlərinin milliyəti azərbaycanlı yazılmışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 aprel 2023-cü il tarixli, 3-13-43/2-2429/2023 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx.xx.2005-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və məhkumluğu barədə məlumat yoxdur. İddiaçının məhkəmə təqdim etdiyi ümumi orta təhsil haqqında attestatın, təhsil kartının, pasportun, diplom və sertifikatların surətlərindən aydın olur ki, bütün sənədlərdə iddiaçının soyadı “Kəngərli” kimi qeyd olunmuşdur. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İş materialları ilə müəyyən olunur ki, 24 yanvar 2005-ci il tarixdə tərtib olunmuş 01 saylı doğum haqqında akt qeydində İddiaçı soyad qrafasında yanlışlıqla “Kəngərli” əvəzinə “Qasımov” yazılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən 24 yanvar 2005-ci il tarixli, 01 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasında gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının adının dəyişməsi üçün şöbəyə bununla bağlı lazım olan sənədlərin təqdim edilməməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı ada yox, soyada dəyişiklikliyin edilməsidir. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı “cavabdehin üzərinə onun 24 yanvar 2005-ci il tarixli, 01 №-li doğum akt qeydində "Qasımov" soyadının düzəliş edilərək "Kəngərli" kimi qeyd olunması öhdəliyinin qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə 24 yanvar 2005-ci il tarixli, 01 №-li doğum akt qeydində "Qasımov" soyadının düzəliş edilərək "Kəngərli" kimi qeyd olunması öhdəliyi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-412/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-412/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver