Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-416/2025 09.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona əlil olduğuna görə sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3171/2-N175913/2023 saylı məktubun qeyri-qanuni sayılması və ona sığorta pulunun ödənilməsi vəzifəsinin vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1981-ci il tarixdən SSRİ-nın silahlı qüvvələrində xidmətə başlamışdır. Bir müddət Daxili işlər Nazirliyində xidmət etdikdən sonra 1995-ci il tarixdən Azərbaycan Respublikası Dovlət Sərhəd Xidmətində xidmətə başlamış, 13.04.13-cü il tarixdə hərbi xidmətə yararsız hesab edilmişdir. Dövlət Sərhəd Xidməti Hərbi Həkim Komissiyasının X5 əsasən o, xidmətə yararsız hesab edilmişdir. TSEK-nın rəyinə əsasən o, 3-cü qrup əlil statusu almış, amma bu günə qədər ona hərbi xidmətə yararsız olduğuna görə kompensasiya ödənilməmişdir. Bununla bağlı ona kompensasiya ödənilməsi üçün paralel olaraq həm Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya şirkətinə, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin sözügedən idarədən aşağıdakı məzmunda xx.xx.2023-ci il tarixdə məktubu almışdır. Onun müraciətinə Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya şirkətində baxılmışdır, bildirilir ki, ərizəyə əlavə edilmiş sığorta hadisəsi hesab edilən halın baş verməsi faktını təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan məlum olduğu üzrə ona xx.xx.2023-cü il tarixində 3-cü dərəcəli əlillik təyin edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundu tərəfindən həyata keçirilir. Daha sonra 29 avqust 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan 3171/2-N175913/2023 il tarixdə imtina məktubu almışdır. İddiaçı göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3171/2-N175913/2023 saylı məktubun qeyri-qanuni sayılması və ona sığorta pulunun ödənilməsi vəzifəsinin vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-2752/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. Məhkəmənin 23 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1385/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3171/2- N175913/2023 saylı məktubun qeyri-qanuni sayılması və ona sığorta pulunun ödənilməsi vəzifəsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması tələbi"nə dair hazırki inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 07 iyul 2025-ci il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxx 1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan İddiaçı 2024-cü il 25 oktyabr tarixli, 3-17-9-1/1-N-10930/2024 nömrəli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial və Dövlət İcbari şəxsi sığorta Departamentinin Dövlət icbari şəxsi sığorta şöbəsinə sığorta ödənişi ilə bağlı müraciət etmişdir. Vətəndaşın müraciəti araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 məlumata əsasən, İddiaçı 01 yanvar 2011-ci il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Fondun 28 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-N-11168/2024 cavab məktubu ilə İddiaçı tələbinin təmin edilməsindən imtina edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Muxtar Respublikası Tibbi Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 2 il müddətinə üçüncü dərəcəli əlillik (orqanizmin funksiyalarının 50% pozulması) təyin edilmişdir. Göründüyü kimi hadisənin sığorta hadisəsi hesab olunması şərtləri qanunvericilikdə müəyyən edilmişdir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişinin verilməsi göstərilmişdir. Beləliklə, İddiaçı üçüncü dərəcə əlilliyin müəyyən olunması həbibi hərbi xidmətdən ehtiyata buraxıldığı gündən üç ildən artıq müddət ötdükdən sonraya aid olduğundan sözügedən Qanunun 5-ci maddəsinin "ç" bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona əlil olduğuna görə sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 26 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3171/2-N175913/2023 saylı məktubun qeyri-qanuni sayılması və ona sığorta pulunun ödənilməsi vəzifəsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması tələbi" barədə iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirərək “ona əlil olduğuna görə sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi oxunmasını xahiş edərək bu barədə yazdığı 26 dekabr 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 26 dekabr 2024-cü il tarixli, 2-1(122)-1385/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 09 iyul 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanlanmış 04 avqust 2023-cü il tarixli, 3-17-1/2-N-175913/2023 nömrəli məktubdan aydın olur ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli, 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciəti araşdırılarkən məlum olmuşdur ki, xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik” altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2023-cü il tarixində üçüncü dərəcəli əlilliyi müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin "ç" bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanlanmış 29 avqust 2023-cü il tarixli, 95/05-337/23 nömrəli məktubdan məlum olur ki, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Fərmanının (bundan sonra - Fərman) 2-ci hissəsinə əsasən, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: "sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir;". Fərmanın 3-cü hissəsinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: "sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir." Bildirilir ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan məlum olduğu üzrə ona xx.xx.2023-cü il tarixində 3-cü dərəcəli əlillik təyin edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün ona aidiyyati üzrə Fonda müraciət etməyi tövsiyə olunmuşdur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1963-cü il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 612 nömrəli arayışın surətindən aydın olur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsində xx.xx.2012-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyaçısı kimi qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 1395 nömrəli arayışın surətindən görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu mayor X6 DSX Kadrlar İdarəsinin xx.xx.2011-ci il tarixli, 4/3-976 saylı göndərişinə əsasən şəhadətləndirilməsi DSX MHHK-da aparılıb. DSX MHHK-nın xx.xx.2011-ci il tarixli qərarı: a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 13 “с”, 13 “d” maddələrinin İİİ qrafasına əsasən: Sıradankənar hərbi xidmətə yararlıdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Diaqnoz: İlk dəfə aşkar olunmuş şəkərli diabet İİ tip. İkinci dərəcəli alimentar piylənmə. Xroniki qastrit. Hepatosteatoz. - 13 aprel 2013-cü il tarixli, 949 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən məlum olur ki, 1963-cü il təvəllüdlü, sabiq mayor Nəcəfov X7 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik S.Salmanovun xx.xx.2013-cü il tarixli, 260 saylı göndərişinə əsasən DSX MHHK-sı tərəfindən şəhadətləndirilmişdir. Şəkərli diabet, ikinci tip, orta ağır gedişli, endokrin funksiyaların mülayim dərəcədə pozulması ilə. OU-diabetik angiopatiya. Orta-ağır dərəcəli yayılmış parodontoz diaqnozu qoyulmuşdur. DSX Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 fevral 2008-ci il tarixli, 59 saylı əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 13 “b”, 13 “d”, 55 “b” maddələrinin İİİ qrafasına əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-N-11168/2024 nömrəli məktubdan aydın olur ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli, 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciəti araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (bundan sonra - MEİS) olan məlumata əsasən 01 yanvar 2011-ci il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmçinin MElS-də olan məlumata əsasən hərbi xidmət dövrü ilə əlaqədar 03 may 2023-cü il tarixində üçüncü dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 50% pozulması) müəyyən olunmuşdur. Odur ki, üçüncü dərəcə əlilliyin müəyyən olunması həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı gündən üç ildən artıq müddət ötdükdən sonraya aid olduğundan sözügedən Qanunun 5-ci maddəsinin "ç" bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş 18 mart 2025-ci il tarixli, 3-17-9-4/2-548/2025 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Şəkərli diabet => Şəkərli diabet çoxsaylı fəsadlarla => Orqan və sistemlərin mülayim çoxsaylı pozuntuları ilə əlilliyin müəyyən olunması meyarı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək tarixədək iki il müddətinə orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 mart 2025-ci il tarixli, 3-43-75/2-271/2025 nömrəli məktubdan aydın olur ki, xx.xx.1963-cü il təvəllüdlü, istefada olan mayor İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əlavə olaraq bildiririlir ki, mayor İddiaçı xx.xx.1985ci il tarixdən xx.xx.1988-ci il tarixədək kursant, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabit qismində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2011-ci il tarixdə ehtiyata buraxılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. - 4-cü maddəsinə əsasən bu Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. - 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli, 1340 nömrəli Fərmanının: - 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. - 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2023-cü il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. 1.3-ci bəndinə əsasən Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – qanunlar) ilə müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona əlil olduğuna görə sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı 13 dekabr 2011-ci il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılması və NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə ona hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2023-cü il tarixindən iki il müddətinə orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar ilkin əlillik təyin edilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 mart 2025-ci il tarixli, 3- 43-75/2-271/2025 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə ehtiyata buraxılmışdır. Əlavə olaraq məhkəmə araşdırması zamanı əldə edilmiş NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarından görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Şəkərli diabet => Şəkərli diabet çoxsaylı fəsadlarla => Orqan və sistemlərin mülayim çoxsaylı pozuntuları ilə əlilliyin müəyyən olunması meyarı ilə xx.xx.2023-cü il tarixindən tarixədək iki il müddətinə orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. Hər iki hal İddiaçı tərəfindən məhkəmə iclasları zamanı mübahisələndirilmədən təsdiq edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, hərbi xidmət vəzifələrinin icrası ilə bağlı və ya hərbi xidmət dövründə baş vermiş hansı hadisələrin sığorta hadisəsi qismində çıxış etməsi və bu hadisənin hansı halda sığorta ödənişinin ödənilməsi üçün əsas hesab olunması imperativ norma kimi müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, hərbi xidmət dövrü ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxslərin hansı halda sığorta ödənişini almaq hüququ dəqiq və imperativ norma kimi müəyyən edilmişdir. Belə ki, yuxarıda istinad olunan qanunun normaısnın tələbinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi verilir. Göründüyü kimi, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs o halda sığorta ödənişi almaq hüququna malik olur ki, onun əlilliyi məhz ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində müəyyən edilmiş olsun. Lakin hazırki iş üzrə İddiaçı xx.xx.2011-ci il tarixdə ehtiyata buraxıldığı gündən 11 il 4 ay keçdikdən sonra NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə iki il müddətinə orqanizmin funksiyalarının 50% pozulması ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. Faktiki olaraq bu hal Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsinə dəlalət edir. Çünki qanunvericiliyin müddəaları ilə təsbit olunan üç illik müddət konkretdir və hazırki iş üzrə bu müddətin ötürüldüyü aydın görünür. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş üç illik müddət ərzində əlilliyin təyin edilməsi tələbi mövcud olmadığından, nəticə etibarilə iddiaçının bununla bağlı sığorta ödənişi almaq hüququ da mövcud olmamışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona əlil olduğuna görə sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona əlil olduğuna görə sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-416/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-416/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver