Məhkəmə qərarları › İş №2-1(122)-417/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-417/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-417/2025 18.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarı ilə ona ayrılan 0.06 hektar torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 16 oktyabr 1992-ci il tarixli, 170 nömrəli və 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarları ilə ona ayrılan 0.06 hektar torpaq sahəsi adına daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, Ordubad şəhər XDM İcraiyyə komitəsinin xx.xx.1992-ci tarixli, 170 nömrəli qərarı ilə təsərrüfatdan ayrılmışdır və bunun əsasında Ordubad şəhər XDM İcraiyyə komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarı ilə Ordubad şəhərində yerləşən ümumi sahəsi 0.06 kv.m torpaq sahəsin fərdi yaşayış üçün onun mülkiyyətinə verilmişdir. O, həmin torpaq sahəsindən bugünədək səmərəli istifadə etmiş, əkin-biçinlə məşğul olmuş və həmin həyətyanı torpaq sahəsində lazım olan bütün şərait yaratmışdır. Faktiki olaraq həmin torpaq sahəsinə 32 il ərzində fasiləsiz və etirazsız sahiblik etmiş, istifadəsində olmuşdur. O, bu günə qədər elə bilmişdir ki, torpaq islahatı aparılan zamanı Daşınmaz Əmlakın Dövlət reyestirinə qeydə alınıb. Lakin torpaq islahatı aparılan zamanı Ordubad Rayon Aqrar İslahat Komissiyasının əməkdaşlarının səhlənkarlığı və diqqətsizliyi nəticəsində onun adına ayrılmış 0.06 hektar torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestirinə qeydə alınmamışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs 05 sentyabr 2024-cü il tarixli, ********** nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası MMnin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o yetkinlik yaşına, yəni 18 yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Ona isə təsərrüfatdan ayrılan zaman, Ordubad şəhər XDM İcraiyyə Komitəsi tərəfindən onun adına torpaq sahəsinin ayrılması haqqında 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərar verilən zaman yuxarıda göstərilənlər nəzərə alınmamışdır. Bu səbəbdən hüquqların qeydiyyata alınması və plan ölçünün verilməsi mümkün olmamışdır. Bu səbəbə görə ərizə baxılmasından imtina edilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 16 oktyabr 1992-ci il tarixli, 170 nömrəli və 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarları ilə ona ayrılan 0.06 hektar torpaq sahəsi adına daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 24 sentyabr 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 16 oktyabr 1992-ci il tarixli, 170 nömrəli və 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarları ilə ona ayrılan 0.06 hektar torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs iddiaya dair məhkəməyə ünvanlanan 25 dekabr 2024-cü il tarixli, 04/33 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən sənədlərin həqiqiliyinə ciddi şübhə olduğu üçün qeydiyyat dayandırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı təsərrüfatdan ayrılan zaman yetkinlik yaşında, yəni 18 yaşında olmamış, Ordubad Şəhər XDM İcraiyyə Komitəsi tərəfindən onun adına torpaq sahəsinin ayrılması haqqında 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərar verilən zaman yuxarıda göstərilənlər nəzərə alınmamışdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinə əsasən hüquqların qeydiyyatının aparılması və plan ölçünün verilməsindən imtina olunmuş, hüquqların qeydiyyatının aparılması və plan ölçünün verilməsi mümkün olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 21 noyabr 2024-cü il tarixli ərizə göndərərək işlədiyi işlə əlaqədar mövcud vəziyyəti nəzərə alıb üzrlü hesab edərək məhkəmə proseslərinin onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 18 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarı ilə ona ayrılan 0.06 hektar torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X3 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən Ordubad səhəri, 4-cü küçə, döngə 3, ev 1 ünvanında yaşayan İddiaçı ünvanlanan 05 sentyabr 2024-cü il tarixli, ********** nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni 18 yaşına çatdıqda tam həcmdə əmələ gəlir. İddiaçı təsərrüfatdan ayrılan zaman, eyni zamanda Ordubad şəhər XDM İcraiyyə Komitəsi tərəfindən onun adına torpaq sahəsinin ayrılması haqqında 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərar verilən zaman yuxarıda göstərilənlər nəzərə alınmamışdır. Bu səbəbdən hüquqların qeydiyyatının aparılması və plan ölçünün verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. - Ordubad Şəhər XDM İcraiyyə Komitəsinin 16 oktyabr 1992-ci il tarixli, 170 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Ordubad şəhərinin Z.Nəqqaş küçəsində yaşayan İddiaçı atası Nümayəndə ayrılması haqqında ərizəsini nəzərdən keçirərək şəhərin Z.Nəqqaş küçəsində yaşayan Nümayəndə özünün əmək qabiliyyətli olub oğlunun gəlirinə ehtiyacı olmamasını nəzərə alaraq oğlu İddiaçı atasından ayrılmasının təsdiq edilməsi qərara alınmışdır. - Ordubad Şəhər XDM İcraiyyə Komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarının təsdiq edilmiş surətindən aydın olur ki, şəhərin Z.Nəqqaş küçəsində yaşayan İddiaçı fərdi mənzil tikintisi üçün 0.06 hektar torpaq sahəsinin verilməsi qərara alınmışdır. - ASAN2-1 tərəfindən 08 iyun 2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. - Ordubad Bələdiyyəsi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 75 nömrəli arayışdan aydın olur ki, İddiaçı torpaq vergisini 2024-cü il də daxil olmaqla Ordubad bələdiyyəsinin müvafiq hesabına ödəmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli, 1150 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad şəhərinin Z.Nəqqaş küçəsindəki 11 №-li evdə müvəqqəti yaşayır. - Ordubad Rayon İcra Hakimiyyətinin Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 fevral 2025-ci il tarixli, 5-25-1/2-19/2025 nömrəli məktubdan məlum olur ki, Ordubad şəhər XDM İcraiyyə Komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.06 hektar torpaq sahəsi vətəndaşın istifadəsindədir. - Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 4 mart 2025-ci il il tarixli, 5-25/2-131/2025 nömrəli məktubdan aydın olur ki, Ordubad rayon XDM İcraiyyə Komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarının ləğv edilməsi, qüvvədən düşməsi və ya dəyişdirilməsi barədə Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən hər hansısa bir inzibati akt (qərar və sərəncam) verilməmişdir. Bu barədə Ordubad Rayon Dövlət Arxivinə verilmiş sorğuya alınmış cavab məktuba əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 17 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-415/2025 nömrəli məktubla göndərilmiş Ordubad Rayon Dövlət Arxivinin 07 mart 2025-ci il tarixli, 08 nömrəli arxiv arayışından görünür ki, lbrahimov Samir Mubariz oğluna məxsus fərdi yaşayış evinin tikilməsi üçun 0.06.ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Ordubad Rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 225 nömrəli qərarın ləğvi (qüvvədən düşməsi, dəyişdirilməsi) barədə Ordubad Rayon XDM İcraiyya Komitəsi və Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir inzibati qərarın (sərəncamın) verilməsi aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 aprel 2025-ci il tarixli, 04/490 nömrəli məktubdan görünür ki, Ordubad şəhərinin yerquruluşu planı tərtib olunarkən iddia olunan ərazi fiziki şəxslərin istifadəsində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 aprel 2025-ci il tarixli, 04/240 nömrəli məktubdan məlum olur ki, Ordubad şəhərinin yerquruluşu planı tərtib olunarkən iddia olunan ərazi fiziki şəxslərin istifadəsində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi uçota alınmışdır. İddia olunan ərazi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri R.Məmmədov, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin baş məsləhətçisi B.Hüseynov, KYLTM MMC-nin mütəxəssisi B.Süleymanov, Ordubad şəhər sakinləri Nümayəndə və Ə.Qədimovun iştirakları ilə tərtib edilmiş 05 iyun 2025-ci il tarixli aktdan görünür ki, Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-417/2025 saylı inzibati işlə əlaqədar Ordubad şəhərində mübahisəli əraziyə yerindən baxış keçirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə plansxem olmadığı üçün yerini müəyyən etmək mümkün olmamışdır. İddia olunan əraziyə baxış keçirilərək ölçülər müəyyən olunmuşdur. Həmin ərazinin arxa tərəfində iddiaçının qardaşı X2 aid torpaq sahəsi yerləşir. İddia olunan ərazidə tikili və ya hasar mövcud deyil. Müəyyən olunan faktları qonşu X5 öz imzası ilə təsdiq etdi. Akta baxış zamanı tərtib olunmuş plan-sxem əlavə olunmuşdur. - Ordubad Rayon İcra Hakimiyyətinin Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, 381 nömrəli məktubdan məlum olur ki, İddiaçı ünvan 4 ünvanında 600 (altı yüz) m² torpaq sahəsinin olması barədə Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Ev Təsərrüfatlarının uçotu kitablarında qeydiyyatı aparılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən uzun illər (1996-cı ildən bugünədək) ərzində həmin torpaqdan istifadəyə görə vergi ödənişləri həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına- yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da daxil edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarı ilə ona ayrılan 0.06 hektar torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Ordubad Şəhər XDM İcraiyyə Komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarının təsdiq edilmiş surətindən aydın olur ki, şəhərin Z.Nəqqaş küçəsində yaşayan İddiaçı fərdi mənzil tikintisi üçün 0.06 hektar torpaq sahəsinin verilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən inzibati akt ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamış, eyni zamanda məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. İnzibati aktın dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən həmin inzibati akt iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1-ci maddəsində də nəzərdə tutulmuşdur. Hazırkı işin halları üzrə iddiaçıya məxsus, yəni qanuni istifadəçi kimi ona verilmiş 0.06 ha torpaq sahəsindən ibarət torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Daşınmaz əmlakın vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və sözügedən torpaq sahəsinin arxa tərəfində iddiaçının qardaşı X2 aid torpaq sahəsinin yerləşdiyi, iddia olunan ərazidə tikili və ya hasarın mövcud olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarı ilə ona ayrılan 0.06 hektar torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Ordubad Şəhər XDM İcraiyyə komitəsinin 15 dekabr 1992-ci il tarixli, 225 nömrəli qərarı ilə İddiaçı ayrılan 0.06 hektar torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar