Məhkəmə qərarları › İş №2-1(122)-418/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-418/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-418/2023 12.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X8 və X13 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 28 fevral 2023-cü il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödənişləri müddətinin əmək stajına hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə, yaş həddi 5 il azaldılmaqla bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdcarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixində Babək rayonunun Zeynəddin kəndində anadan olmuşdur və hazırda həmin kənddə yaşayır. 1985- 1990-ci il tarixlərində Naxçıvan sovxozunda, 1991-1995-ci illərdə isə Babək rayonu Zeynəddin kolxozunda işləmişdir. Eyni zamanda sağlamlıq imkanı məhdud övladına qulluq etmişdir. 2010-cu il tarixindən isə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin hesabına məcburi dövlət sosial siğorta haqqı ödəmişdir. Bu barədə ödəniş qəbzləri və arayış mövcuddur. Bununla bağlı, yəni ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinə müraciət etmişdir. Həmin qurumun ona yazılı surətdə ünvanladığı xx.xx.2022-ci il tarixli, 03 nömrəli qərarı ilə iddiaçının 25 il siğorta stajı olmadığından onun tələbindən imtina edilmişdir. İddiaçı yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 8.1-ci, 8.2-ci, 21.1-ci, 21.2-ci, 21.2.10-cu maddələrinə istinad edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən ona "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödənişləri müddətinin əmək stajına hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə, yaş həddi 5 il azaldılmaqla bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 05 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 05 aprel 2023-cü il tarixli, 03 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1965-ci il tarixdə anadan olmuş, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 13 fevral 2023-cü il tarixdə ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Babək Rayon İdarəsinin pensiya təyin edən komissiyasının 28 fevral 2023-cü il 03 nömrəli qərarında iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş 2016-cı il 07 may tarixli,7/44 saylı arayışdan görünür ki, X2 işləmiş və 1985-ci ildə 9 ay, 1986-cı ildə 4 ay, 1989-cu ildə 10 ay və 1990-cı ildə 11 ay əmək haqqı almışdır. Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş 2016-cı il 17 may tarixli,7/44 saylı arayışdan görünür ki, X1 işləmiş və 1991-ci ildə 10 ay, 1992-ci ildə 11 ay, 1993-cü ildə 11 ay, 1994-cı ildə 11 ay və 1995-ci ildə 1 ay əmək haqqı almışdır. Ümumilikdə iddiaçı X7 və Zeynəddin sovxozunda işlədiyi müddətdə 78 ay (6 il 6 ay) əmək haqqı almışdır. İddiaçı tərəfindən təqdim edilmiş İİİ-TKX seriyalı, 364708 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, o, Nümayəndə ilə 1984-cü ildə nikah bağlamaqla ailə həyatı qurmuş və həmin tarixdən də onun soyadı “Əliyeva” olaraq qeydiyyata alınmışdır. İddiaçı tələbində 2010-cu il tarixdən kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Babək Rayon şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin əmək stajına illər kimi daxil edilməsini bildirmişdir. İdiaçı tərəfindən təqdim olunmuş kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödənilmiş qəbzlərinin sürətindən görünür ki, o, 2010-cu ildə 2 ay (iyul və avqust), 2011-ci ildə isə 5 ay (yanvar, may, iyun, sentyabr, oktyabr) 7 manat olmaqla cəmi 49,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İddiaçı təqdim etdiyi JN-0060 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından aydın olur ki, Babək rayon Aqrar İslahat Komissiyasının 1998-ci il, 26 iyun tarixli 04_E saylı qərarı ilə 1.37 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi iddiaçının həyat yoldaşı Nümayəndə məxsusdur. Əlavə olaraq, iddiaçının sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi müddət 6 il 10 ay 24 gün təşkil etmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, 01 iyul 2017-ci ildən 01 iyul 2022-ci ilə qədər qadınlar üzrə pensiya yaşı 63 yaş olmuşdur. Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, iddiaçı üçün yaş 5 il azaldıldığından 58 yaş tələb olunur ki, iddiaçı bu şərtə cavab verir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya pensiya təyinatı aparılması üçün azı 25 il sığorta stajı tələb olunduğu halda, onun 13 il 4 ay 24 gün sığorta stajı olduğu müəyyən edilmişdir. İddiaçının müvafiq sığorta stajı olmadığından, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 25 iyun 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək, "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödənişləri müddətinin əmək stajına hesablanmaqla 25 ildən artıq olan iş stajını tətbiq etməklə, yaş həddi 5 il azaldılmaqla bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinin üzərinə qoyulması tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 28 fevral 2023-cü il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmiş və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 25 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı iddia tələbi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 28 fevral 2023-cü il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantında icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 14 avqust 2023-cü il tarixli, 2-1(122)-418/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 12 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X11 və X23 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına 28 fevral 2023-cü il tarixli, 03 nömrəli qərarını, Naxçıvan Muxtar Respublikası “Naxçıvanpoçt” PHŞ Babək rayon filialının arayışını, arxiv arayışlarını, JN-0060 KOD 10308038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətin,yaşayış yerindən arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, qəbzləri və ərizəni əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 28 fevral 2023-ci il tarixli, 03 nömrəli qərarından görünür ki, İddiaçı qızna tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il siğorta stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -Naxçıvan Muxtar Respublikası “NAXÇİVANPOÇT” PHŞ X27 26 yanvar 2023-cü il tarixli, 05 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək 50 manat məbləğ, 0,20 manat xidmət haqqı tutulmaq şərtilə Dövlət Sosial Müdafiə fonduna poçt vasitəsilə ödəniş etmişdir. - Naxçıvan Muxtar Respublikası Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 may 2016-ci il tarixli, 1/44 nömrəli arxiv arayışından görünür ki, İddiaçı soxvozda işləmiş 1985-1990-ci illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 may 2016-ci il tarixli, 1/44 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Zeynəddin kolxozunda işləmiş 1991-1995-ci illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2023-ci il tarixli, 1698 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonunun Zeynəddin kəndində yaşayır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Babək rayonunun Zeynəddin kəndində doğulmuşdur. - 20 iyun 2010-cı il tarixli 021528 nömrəli, 26 iyul 2010-cu il tarixli 919010 nömrəli, 25 avqust 2010-cı il tarixli 919035 nömrəli, 26 yanvar 2011-ci il tarixli 011710 nömrəli, 23 may 2011-ci il tarixli, 021505 nömrəli, 28 sentyabr 2011-ci il tarixli 021590 nömrəli, 27 oktyabr 2011-ci il tarixli 021571 nömrəli ödəniş qəbzlərindən görünür ki, İddiaçı qeyd olunan tarixlərdə 7 manat, 27 oktyabr 2015-ci il tarixli, ******* nömrəli ödəniş qəbzində isə qeyd olunmuşdur ki, o, həmin tarixdə 50 manat sosial sığorta haqqı ödəmişdir. - X21 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 13 mart 2023-cü il tarixli, 03/525 nömrəli arayışından görünür ki, Babək rayon Zeynəddin kənd sakni 10 yanvar 1995-ci il təvəllüdlü X24 xx.xx.2006 tarixindən xx.xx.2013 tarixədək Mərkəzdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi qeydiyyatda olub. İş materiallarına əlavə olunmuş: - Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 2102 nömrəli arayışdan görünür ki, İddiaçı X9 doğmuş və 8 (səkkiz) yaşına qədər tərbiyəsi ilə məşğul olmuşdur. - JN-0060 KOD 10308038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Nümayəndə, İddiaçı, X19, X14, X15 və X16 mülkiyyətinə Babək Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-cü il tarixli, 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.37 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı aidiyyəti üzrə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmaması səbəbindən tələbinin icrasından imtina edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi məktubdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmamasıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, o, 25 il sığorta stajına malik deyil və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək X3 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalı mövcud deyil. Cavabdeh inzibati orqan tərəfindən 28 fevral 2023-cü il tarixdə 03 nömrəli qərar qəbul edilərək eyni səbəblər əsas gətirilməklə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər üçün müəyyən edilmiş yaş həddinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsinin tətbiqi mümkün olmamışdır. Belə ki, iş materiallarına əsasən iddiaçının 25 il sığorta stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi öz təsdiqini tapmamışdır. Belə olan halda həmin Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı tətbiq edilməlidir. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon İdarəsinin 28 fevral 2023-cü il tarixli 03 nömrəli qərarında göstərilmişdir ki, İddiaçı tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtləri daxilində tələb oluan 25 il siğorta stajı yoxdur. Beləliklə, cavabdeh inzibati orqan bu arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə mübahisələndirilən məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçıya əmək pensiyası hesablanarkən 1985-1990-cı il tarixlərində Naxçıvan sovxozunda,1991-1995-ci illərdə isə Babək rayon, Zeynəddin kolxozunda işlədiyi, sağlamlıq imkanı məhdud övladına qulluq etdiyi və X29 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinin hesabına məcburi dövlət sosial siğorta haqqı ödənişləri əmək stajına illər kimi daxil edilib, ona əmək pensiyası təyin olunmalı idi. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Hətta iddiaçıya dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir. Odur ki, məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində 2010cuildən qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən cavabdehin imtinası əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 28 fevral 2023-cü il tarixli, 03 nömrəli qərarının ləğv edilməli və İddiaçı əmək pensiyası təyin edilməsi öhdəliyi X26 Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. "X26 Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 28 fevral 2023-cü il tarixli, 03 nömrəli qərarı ləğv edilir. İddiaçı əmək pensiyası təyin edilməsi öhdəliyi "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar