Məhkəmə qərarları › İş №2-1(122)-42/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-42/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-42/2023 26.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “ona 57 yaşının tamam olduğu 01 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 avqust 1962-ci ildə Babək rayonu Cəhri kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə 05 iyun 1979-cu il tarixdən başlamışdır. Belə ki, 05 iyun 1979-cu il tarixdən 5 nömrəli Trestin 101 saylı X1 X7 tikintisində 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, 16 fevral 1980-ci il tarixdə 3-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi almışdır. 31 oktyabr 1980-ci il tarixdə həqiqi hərbi xidmətə gedəcəyi üçün öz ərizəsi əsasında işdən azad olunmuşdur (01 il, 4 ay, 25 gün). 23 noyabr 1980-ci il tarixdən 08 noyabr 1982-ci il tarixədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 01 aprel 1983-cü il tarixdən 1 nömrəli Tikinti- Montaj idarəsində 3 dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmişdir. 01 sentyabr 1984-cü il tarixdə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi almışdır. 01 avqust 1986-cı il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur (03 il, 4 ay). 09 mart 1992-ci il tarixdən Baş Tikinti Trestin 3 nömrəli Tikinti-Montaj idarəsində 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olmuş və 25 dekabr 1995-ci il tarixdə işdən azad olumuşdur (03 il 9 ay, 16 gün). 10 yanvar 1996-cı il tarixdən Təmir-Tikinti Quraşdırma idarəsində 4 dərəcəli qaynaqçısı kimi işə qəbul olunmuşdur. Çalışdığı idarədə 19 may 1997-ci il tarixdə 5 dərəcəli elektrik qaynaqçısı dərəcəsi almışdır. 20 oktyabr 1998-ci il tarixdən öz ərizəsi əsasında işdən azad olunmuşdur. (02 il 9 ay 10 gün). 02 noyabr 1998-ci il tarixdən 1 nömrəli İxtisaslaşdırılmış Podrad Təmir-Tikinti İdarəsində 6-cı dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olunmuşdur. 25 noyabr 2005-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur (07 il, 23 gün). 01 avqust 2019-cu il tarixdə 57 yaşı tamam olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından aidiyyəti üzrə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsinə qanunvericiliyə uyğun pensiya təyin olunması məqsədilə mücaciət etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən müraciəti araşdırılmış və komissiyanın 22 noyabr 2019-cu il tarixli, 227 nömrəli qərarına əsasən həmin tarixdən etibarən ona yaşa görə güzəştli şərtlərlə 176 manat 35 qəpik əmək pensiyası təyin edilmişdir. 2021-ci ilin noyabr ayı ərzində "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən ona şifahi olaraq əmək pensiyası təyin edən komissiyasının 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarına əsasən yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi bildirilmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədilə 17 mart 2022-ci il tarixdə ərizə ilə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciət etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən ərizəsinə cavab olaraq ünvanlanmış məktubda onun 57 yaşının tamam olduğu tarixə olan əmək stajı qanunvericilikdə müəyyən edilmiş ümumi (25 il) və xüsusi (12 il 6 ay) olmadığı, 1 nömrəli İxtisaslaşdirilmiş Podrad Təmir-Tikinti İdarəsində 6-cı dərəcəli elektrik qaynaqçısı kimi işləməsi faktı arxiv arayışına əsasən tam təsdiqini tapmadığı üçün ümumi əmək stajı 25 il 11 ay 20 gündən 18 il 10 ay 27 günə endirildiyindən və ona pensiya 55 yaşdan təyin olunduğundan ləğv edildiyi bildirilmişdir. O, əmək fəaliyyətinə başladığı gündən hərbi xidmət müddəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan çox olmuşdur. İddiaçı bildirir ki, ümumi iş stajı 27 il 11 ay 9 gündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 16 sentyabr 2022-ci il tarixdə ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01 avqust 2019-cu il tarixdən, yəni 57 yaşdan 1 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən pensiya təyin edilməsinin və 16 sentyabr 2022-ci il tarixdən, yəni ərizə ilə müraciət etdiyi gündən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin ödənilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən onun əmək kitabçasına əsasən müxtəlif idarələrdə işlədiyi faktların arxiv arayışında öz əksini tapmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmamışdır. Yuxarıda qeyd olunanlardan məlum olur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən pensiya işi dəqiq araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri pozularaq pensiya işi ləğv edilmişdir. İddiaçı yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-46-ci maddələrinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 14 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 13 dekabr 2022-ci il tarixli, 03/812 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 01 avqust 1962-ci il tarixdə anadan olmuş, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 22 noyabr 2019-cu il tarixli, 227 nömrəli qərarına əsasən 55 yaşının tamam olduğu O1 avqust 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 176,35 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək (1 il 4 ay 25 gün) 5 nömrəli Trestin 101 saylı X3 X7 təmir tikinti trestində 2-ci dərəcəli qaynaqçı işləmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinin xx.xx.2019-cu il tarixli, 790 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ( 2 il 9 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (3 il 4 ay) 1 nömrəli Montaj idarəsində qaynaqçı, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək (5 il 6 ay 25 gün) Naxçıvan Baş Tikinti Trestin 3 nömrəli Tikinti Montaj İdarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 9 ay 16 gün) Zakavkaz Tikinti-Montaj idarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1996-cı il tarixdən 20. 10.1998-cı il tarixədək (2 il 9 ay 10 gün) Təmir Tikinti quraşdırma idarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1998-ci it tarixdən xx.xx.2005-ci il tarixədək (7 il 23 gün) Bakı şəhəri, 1 nömrəli İxtisaslaşdırılmış podrad Təmir Tikinti İdarəsində 6-cı dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçı əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, xx.xx.2016-cı il tarixdən "xxxx" MMC ləğv edildikdən sonra isə həmin tarixdən xx.xx.2020ci il tarixədək (3 il 11 ay 5 gün) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə qaynaqçı vəzifəsində işləmişdir. Beləliklə, İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 25 il 11 ay 19 gün, 10 may 2016-cı il tarixdən 14 aprel 2020-ci il tarixədək isə 3 il 11 ay 5 gün olmaqla, cəmi 29 il 10 ay 23 gün ümumi iş stajı vardır. İddiaçının 2006-cı il yanvar ayının 1-dək 25 il 11 ay 19 gün ümumi, 23 il 11 ay 10 gün xüsusi iş stajı vardır. Bildirilir ki, X8 şöbəsi tərəfindən iddiaçının əmək kitabçası araşdırılarkən bəzi pozuntutar aşkarlanmışdır. Belə ki, iddiaçı xx.xx.1996-cı il tarixdə Təmir Tikinti quraşdırma idarəsində 4-cü dərəcəli və xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, 1 nömrəti İxtisastaşdırıtmış podrad Təmir Tikinti İdarəsində 6-cı dərəcəli qaynaqçı vəzifəsində işə daxil olarkən əmək kitabçasında iddiaçının işə qəbul edilməsi barədə qeydlərin müəssisə rəhbəri tərəfindən təsdiq edilmədiyi göstərilmiş, həmçinin həmin İdarələrin arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının adıçəkilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq editmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxstər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkitatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tətəblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul editməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Qeyd edək ki, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. X8 şöbəsi tərəfindən Babək rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı 22 noyabr 2019-cu il tarixdə 55 yaşının tamam olduğu 01 avqust 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 2 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin Azərbaycan Respublikası X9 tərəfindən verilmiş 1017 nömrəli arayışda iddiaçının 02 noyabr 1998-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək (7 il 23 gün) Bakı şəhəri 1 №-li İxtisaslaşdırılmış podrad Təmir Tikinti İdarəsində işlədiyi dövrə aid iş stajı arxiv arayışına əsasən öz təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı 01 avqust 1997-ci il tarixədək ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı olmadığından ona 55 yaşının tamam olduğu 01 avqust 2017-ci il tarixdən təyin edilmiş əmək pensiyası qanun xaricindədir. Nəticədə, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il sosial sığorta stajı tamamlanmadığı üçün onun pensiya işi "Naxçıvan Muxtar Respublikası Dövtət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı "ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2- 1(122)-42/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən ona 57 yaşının tamam olduğunu nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmiş və cavabdehin ünvanına yenidən sərəncam göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yeni iddia tələbinə qarşı əvvəlki yazılı münasibət ilə eyni məzmunlu yazılı münasibəti 30 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 17 mart 2023-cü il tarixli, 2-1(122)-42/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 26 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq ona öncədən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn təyin edildiyini, sonradan araşdırma nəticəsində pensiya təyinatının qanunvericiliyə uyğun aparılmadığının aşkarlandığını, Fondun Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə pensiyasının ləğv edildiyini, həmin qərarı mübahisələndirmədiyini, ona yenidən 57 yaşının tamam olduğu 01 avqust 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istədiyini, iddia tələbində bir qədər aydın ifadə olunmadığını, buna görə də iddia tələbinin “ona 57 yaşının tamam olduğu 01 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” kimi oxunmasını və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 aprel 2023-cü il tarixli protokol qərarına əsasən iddiaçının vəsatəti təmin edilmiş və iddia tələbinin yuxarıda qeyd olunan formada oxunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, əmək kitabçasının təsdiq olunmuş surətini, yaşayış yerindən arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin Babək rayonu, Cəhri qəsəbə sakini İddiaçı ünvanladığı 04 oktyabr 2022-ci il tarixli, 03/707 nömrəli məktubdan görünür ki, ''Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 22 noyabr 2019-cu il tarixdə 55 yaşının tamam olduğu 01 avqust 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 2 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə qanuna uyğunsuz olaraq 176 manat 35 qəpik yaşa görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997ci il tarixdən başlayaraq, 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılmış və 01 avqust 2000-ci il tarixdən 57 yaş müəyyən olunmuşdur. Eyni zamanda, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılır. Qeyd edilmişdir ki, güzəştli şərtlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qeyd edilmişdir ki, əmək kitabçasına əsasən müxtəlif idarələrdə işləməsi faktı arxiv arayışına əsasən tam olaraq öz əksini tapmadığından, ümumi əmək stajı 25 il 11 ay 20 gündən, 12 il 4 aya enmişdir. Nəticə etibarı ilə ümumi 25 il əmək stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğundan ona həmin tarixdə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. - ИТ-İ seriyalı, ******* nömrəli, 22 fevral 1983-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək (1 il 4 ay 25 gün) 5 nömrəli Trestin 101 saylı X3 X7 təmir tikinti trestində 2-ci dərəcəli qaynaqçıxx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ( 2 il 9 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (3 il 4 ay) 1 nömrəli Montaj idarəsində qaynaqçı, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək (5 il 6 ay 25 gün) Naxçıvan Baş Tikinti Trestin 3 nömrəli Tikinti Montaj İdarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 9 ay 16 gün) Zakavkaz Tikinti-Montaj idarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1996-cı il tarixdən 20. 10.1998-cı il tarixədək (2 il 9 ay 10 gün) Təmir Tikinti quraşdırma idarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1998-ci it tarixdən xx.xx.2005-ci il tarixədək (7 il 23 gün) Bakı şəhəri, 1 nömrəli İxtisaslaşdırılmış podrad Təmir Tikinti İdarəsində 6-cı dərəcəli qaynaqçı vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək “Kənan İnşaat" MMC ləğv edildikdən sonra isə həmin tarixdən xx.xx.2020-ci il tarixədək (3 il 11 ay 5 gün) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə qaynaqçı vəzifəsində işləmişdir. Beləliklə, İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 25 il 11 ay 19 gün, 10 may 2016-cı il tarixdən 14 aprel 2020-ci il tarixədək isə 3 il 11 ay 5 gün olmaqla, cəmi 29 il 10 ay 23 gün ümumi iş stajı vardır. - Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 2621 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonunun Cəhri qəsəbəsində yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 avqust 1962-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuş və Babək rayonu, Cəhri kəndində yaşayır. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 02 fevral 2023-cü il tarixli, **********315500 nömrəli məktubdan görünür ki, dövlət reyestrində Təsərrüfatlararası Dövlət Layihə-Mənzil-Tikinti Birliyinin 1 saylı İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsinin (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə 386 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin İdarənin fəaliyyətinin xx.xx.2019-cu il tarixdən hazırki dövrədək dayandırılması barədə qeyd aparılmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin məhkəməyə elektron qaydada ünvanladığı 25 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təmir Tikinti Quraşdırma idarəsi adlı hüquqi şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən ona pensiya təyin edilməməsində ifadə olunan hərəkətsizliyini mübahisələndirərək, həmin imtinanın əsası kimi göstərilən 25 il sığorta stajına malik olmaması faktını əsassız hesab edərək, işlədiyi illərin əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsinin onun günahı olmadığını bildirərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, xx.xx.1996-cı il tarixdə Təmir Tikinti quraşdırma idarəsində 4-cü dərəcəli və xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, 1 nömrəti İxtisastaşdırıtmış podrad Təmir Tikinti İdarəsində 6-cı dərəcəli qaynaqçı vəzifəsində işə daxil olarkən əmək kitabçasında iddiaçının işə qəbul edilməsi barədə qeydlərin müəssisə rəhbəri tərəfindən təsdiq edilmədiyi göstərilmədiyindən, həmçinin həmin İdarələrin arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyindən, iddiaçının adıçəkilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansı sənəd aşkar edilməmişdir. Buna görə də ümumi iş stajı aşağı düşmüş və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan iş stajı tamam olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı 01 avqust 1962-ci ildə anadan olmuş, ilk əmək fəaliyyətinə 05 iyun 1979-cu il tarixdən başlamış, 23 noyabr 1980-ci il tarixdən 08 noyabr 1982-ci il tarixədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 01 aprel 1983-cü il tarixdən başlayaraq əmək fəaliyyətini davam etdirmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbinin birinci hissəsi ona 57 yaşının tamam olduğu 01 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlıdır. İddiaçı əvvəllər ona 55 yaşdan təyin edilmiş və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə ləğv edilmiş pensiyanı mübahisələndirməyərək, ona yenidən qanunvericiliyin tələbləri gözlənilməklə pensiya təyin edilməsini tələb edir. İddiaçı ona 57 yaşının tamam olduğu 01 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icra edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan öz imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasına əsasən müxtəlif idarələrdə işləməsi faktı arxiv arayışına əsasən tam olaraq öz əksini tapmadığından, ümumi əmək stajı 25 il 11 ay 20 gündən, 12 il 4 aya enmişdir. Nəticə etibarı ilə ümumi 25 il əmək stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iki hal mübahisələndirilir: 1. iddiaçının ümumi 25 il əmək stajı olmaması; 2. fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı tələb olunan pensiya kapitalından az olması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən də iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının xx.xx.1996-cı il tarixdə Təmir Tikinti quraşdırma idarəsində 4-cü dərəcəli və xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, 1 nömrəti İxtisaslaşdırıtmış podrad Təmir Tikinti İdarəsində 6-cı dərəcəli qaynaqçı vəzifəsində işə daxil olarkən əmək kitabçasında iddiaçının işə qəbul edilməsi barədə qeydlərin müəssisə rəhbəri tərəfindən təsdiq edilməməsi, həmçinin həmin İdarələrin arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının adıçəkilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansı sənəd aşkar edilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini öz-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Bu da öz-özlüyündə mübahisələndirilən illərin sığorta stajı kimi qəbul edilməsinə əsas verir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il sığorta stajının olmaması ilə bağlı cavabdehin arqumenti əsassızdır və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən müddət sığorta stajı kimi nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi staja malikdir. İddiaçının xüsusi iş stajı ilə bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən məhkəmə bu hala hüquqi qiymət verilməsini zəruri hesab etmir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ikinci məsələyə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda istinad olunan normalara görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməklə onun pensiyasının ona pensiya təyin edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilənədək müvafiq pensiya ödənişi aldığından ona yenidən 57 yaşının tamam olduğu 01 avqust 2019-cu il tarixdən təyin edilmiş pensiya məbləği ona 01 noyabr 2021-ci il tarixdən başlanaraq ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbinin ikinci hissəsi müvafiq qərarın icrası ilə bağlı olduğundan onun icrası Fondun Babək rayon şöbəsinin üzərinə öhdəlik kimi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı 57 yaşının tamam olduğu 01 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən pensiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 57 yaşının tamam olduğu 01 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən pensiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar