Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-421/2023 16.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, tərəflərin iştirakları olmadan, iddiaçılar İddiaçı1 və Bədəlova (Gülməmmədova) Qızyetər Qaybalı qızının cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların xəbərdarlıq edilmədən sökülməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi və əmlakın dəyərinin cavabdehdən onların xeyrinə tutulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və Bədəlova (Gülməmmədova) Qızyetər Qaybalı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların xəbərdarlıq edilmədən sökülməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi və əmlakın dəyərinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onların xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, Qoçüstü məhəlləsində yerləşən 336 m2 torpaq sahəsinə malik “Aynur-92” kiçik müəssisəsi Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 144 nömrəli, 1 aprel 1994-cü il tarixli və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 330 nömrəli, 26 iyun 1997-ci il tarixli sərəncamlarına əsasən Naxçıvan şəhəri “Aynur-92” kiçik müəssisəsinin direktoru İddiaçı1 məxsusdur. Belə ki, Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 1 aprel 1994-cü il tarixli sərəncamı ilə şəhərin Qoçüstü məhəlləsində fəaliyyət göstərən “Avtomobil sexi”nin ətrafındaki istifadəsiz qalmış 150 m2 torpaq sahəsi yüngül maşınların dayanması və alqı-satqısı işinin təşkil edilməsi üçün “Aynur-92” kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 26 iyun 1997-ci il tarixli sərəncamına əsasən isə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində, 57ci məhəllədə yerləşən 186 m2 torpaq sahəsi tikinti aparmaq üçün “Aynur-92” kiçik müəssisəsinə verilmişdir. Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 yanvar 1999-cu il tarixli sərəncamına əsasən “Aynur-92” kiçik müəssisəsinin istifadəsində olan avtotəmir sexində yenidənqurma işləri aparmaqla X3 tərəfindən mağaza kimi istifadəsinə icazə verilmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2022- ci il tarixli arxiv arayışında da İqtisadi İnkişaf Nazirliyinin Naxçıvan şəhəri üzrə sertifikatların qeydiyyatı kitabında həmin mağazalara xx.xx.2000-ci il tarixdə t-0008893 nömrəli sertifikatların verildiyi qeyd edilmişdir. İddiaçının razılığı ilə ümumilikdə 336 m2 olan mağaza binasının 15 m2-i Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 yanvar 2001-ci il tarixli sərəncamı ilə X4, 15 m2-i isə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 15 fevral 2001-ci il tarixli sərəncamı ilə X6 adına sənədləşdirilmişdir. 336 m2 olan mağaza binasının qalan 306 m2 sahəsi 2003-cü ildə xəbərdarlıq edilmədən sökülmüşdür. Təqsirli hərəkətlər (hərəkətsizlik) nəticəsində əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələb olunur. İddiaçılar Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların xəbərdarlıq edilmədən sökülməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi və əmlakın dəyərinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onların xeyrinə tutulması barədə qərar qəbul edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 16 may 2023-cü il tarixə təyin edilmiş, iddiaçılar İddiaçı1 və Bədəlova (Gülməmmədova) Qızyetər Qaybalı qızına yardım məktubu ünvanlanaraq, məhkəməyə ünvanlanmış iddia ərizəsinin məzmununda Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların onların mülkiyyətlərində olduğunu iddia etsələr də, bu halı təsdiq edən sübutları iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında öz əksini tapmamışdır. Bununla da iddiaçıların hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmaları mübahisəli olaraq qalmışdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçılara Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların onların mülkiyyətlərində olmasını və hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmalarını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün onlara 16 may 2023-cü il tarixədək müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçıların məhkəmənin yardım məktubunu 20 aprel 2023-cü il tarixdə almalarına baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərə hər hansı bir münasibət bildirilməmiş və 16 may 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməmişdirlər Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin İddiaçı1 və Bədəlova (Gülməmmədova) Qızyetər Qaybalı qızına ünvanladığı 13 fevral 2023-cü il tarixli, 5-5/-kol-14/2023 nömrəli məktubundan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış “Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların xəbərdarlıq edilmədən sökülməsinə, əvəzinin ödənilməməsinə dair” ərizələri Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılmışdır. Araşdırma zaman təqdim edilmiş sənədlərdə qeyd edilən Ə.Əliyev küçəsində 306 m2 sahədə yerləşən mağazaların 2003-cü İldə sökülməsi də dair heç bir qərar yaxud inzibati akt aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 30 dekabr 2022-ci il tarixli, 13/1739 arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan İqtisadi İnkişaf Nazirliyinin Naxçıvan şəhəri üzrə sertifikatların qeydiyyatı kitabında X2 adına Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Bazar yarmarkasının girişində sahəsi 16 m2, ticarət zalı 6 m2 olan ərzaq malları mağazasına xx.xx.2000-ci ildə t-0007816 №-li sertifikatın verilməsi, Ə.Əliyev küçəsində sahəsi 30 m2, ticarət zalı 30 m2 olan ərzaq malları mağazasına xx.xx.2000-ci ildə t-0008589 №-li sertifikatın verilməsi, Ə.Əliyev küçəsində sahəsi 50 m2, ticarət zalı 30 m2 olan ərzaq malları mağazasına xx.xx.2000-ci ildə t-0008893 №-İİ sertifikatların verilməsi sənədlərdə qeyd edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 26 iyun 1997-ci il tarixli, 330 nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhər “Aynur-92” kiçik müəssisəsinin direktoru İddiaçı1 İcra hakimiyyətinə yazdığı 12 iyun 1997-ci il tarixli ərizəsində bildirir ki, 05 may 1993-cü il və 01 aprel 1994-cü il tarixdə XDM İcraiyyə Komitəsi 144 və 287 №-li sərəncamları ilə şəhərin Ə.Əliyev küçəsində 57-ci məhəllədə 186 kv.m torpaq sahəsinin tikinti aparmaq üçün “Aynur-92” kiçik müəssisəsinə verilmişdir. Tikinti aparılmış sahənin qarşısında 90 kv.m sahədə “Aynur-92” kiçik müəssisəsi abadlıq işi aparmışdır. Abadlaşdırılmış 90 kv.m yaşıllıq sahəsinə qulluq edilməsi “Aynur-92” kiçik müəssisəsinə tapşırılmış və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Sənaye, nəqliyyat, rabitə və tikinti şöbəsinə ayrılmış sahənin yerləşmə sxeminin hazırlanması tapşırılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 06 yanvar 1999-cu il tarixli sərəncamından görünür ki, Naxçıvan şəhər “Aynur-92” kiçik müəssisəsinin direktoru İddiaçı1 razılıq ərizəsinə və Şahtaxtı küçəsi ev 23-də yaşayan X1 ərizəsi nəzərə alınaraq şəhərin Qoçüstü məhəlləsində “Aynur-92” kiçik müəssisəsinin istifadəsində olan Avtotəmir sexində yenidənqurma işləri aparılmaqla vətəndaş X3 tərəfindən mağaza kimi istifadə edilməsinə icazə verilmiş və Sənaye, nəqliyyat, rabitə və tikinti şöbəsinə həmin mağazanın yerləşmə sxeminin hazırlanması tapşırılmışdır. - Naxçıvan Şəhər XDM icraiyyə komitəsinin 01 aprel 1994-cü il tarixli, 144 №-li sərəncamında görünür ki, Naxçıvan şəhər “Aynur-92” kiçik müəssisəsinin 15 nömrəli, 09 mar 1994-cü il tarixli məktubunu nəzərə alıb şəhər XDM İK-nin sərəncamı ilə həmin müəssisənin 1992-ci ildən fəaliyyət göstərən avtotəmir sexinin ətrafındakı istifadəsiz qalmış 150 kv.m torpaq sahəsi yüngül maşınların dayanması və alqı-satqı işini təşkil etmək üçün “Aynur-92” kiçik müəssisəsinin istifadəsinə verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 yanvar 2001-ci il tarixli, 1 №-li sərəncamından görünür ki, Naxçıvan şəhər sakini X4 ərizəsini, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, ev 23-də yaşayan X1 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini nəzər alıb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli , İH/7 saylı sərəncamı ilə vətəndaş X1 adına sənədləşdirilmiş Əziz Əliyev küçəsində yerləşən 336 kv.m olan mağaza binasının 15 kv.m-i onun razılığı ilə X4 adın sənədləşdirilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 yanvar 2001-ci il tarixli, 2 №-li sərəncamından görünür ki, Naxçıvan şəhər sakini X7 ərizəsini, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, ev 23-də yaşayan X1 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini nəzər alıb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, İH/7 saylı sərəncamı ilə vətəndaş X1 adına sənədləşdirilmiş Əziz Əliyev küçəsində yerləşən 336 kv.m olan mağaza binasının 15 kv.m-i onun razılığı ilə X7 adın sənədləşdirilmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçılar Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların xəbərdarlıq edilmədən sökülməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi və əmlakın dəyərinin cavabdehdən onların xeyrinə tutulmasını tələb edir. İddiaçılar tərəfindən iş materiallarına cavabdehin imtina məktubu, arxiv arayışı, icra hakimiyyətinin sərəncamları, ərizələr, “Aynur-92” kiçik müəssisəsinə verilmiş torpaq sahəsinin yerləşmə sxemi əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar iddiaçıların Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən və mülkiyyətlərində olduğunu iddia etdiyi mağazaların onların mülkiyyət hüquqlarını təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçıların həmin daşınmaz əmlaklar üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyi kimi iddiaçılar da əlavə hər hansı sübutunun və sənədinin olmadığını bildirməmişlər. Bununla da, iddiaçıların hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçıların mülkiyyət hüququna malik olmaması onların həmin əmlaklar barəsində müvafiq sərəncam və tələb etmək hüquqlarının da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçılar İddiaçı1 və Bədəlova (Gülməmmədova) Qızyetər Qaybalı qızına yardım məktubu ünvanlanmış və məhkəmə iclasında yardım edilməsinə baxmayaraq, iddiaçılar mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sübut təqdim etməmişdirlər Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və Bədəlova (Gülməmmədova) Qızyetər Qaybalı qızının cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların xəbərdarlıq edilmədən sökülməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi və əmlakın dəyərinin cavabdehdən onların xeyrinə tutulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı1 və Bədəlova (Gülməmmədova) Qızyetər Qaybalı qızının cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində 306 m2 torpaq sahəsində yerləşən mağazaların xəbərdarlıq edilmədən sökülməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi və əmlakın dəyərinin cavabdehdən onların xeyrinə tutulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-421/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-421/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver