Məhkəmə qərarları › İş №2-1(122)-422/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-422/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-422/2025 07.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 24 oktyabr 2024-cü il tarixli, 46 nömrəli Qərarının ləğv edilməsi və xx.xx.2007-ci il təvəllüdlü X1 adının “Narin” adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 noyabr 2007-ci il təvəllüdlü övladları X1 atasının nənəsi tərəfindən verilən anasının adı olan Göyərçin qoyulmuşdur. Göyərçin adı heyvanat aləminə aid olan və xoşagəlməz səsləndiyi üçün həmyaşıdları tərəfindən məsğərəyə qoyulur və nəticədə uşaq utancla yaşayır. Bu, həm də onun həmyaşıdlarından ayrı düşməsinə, davranışlarında geriliyə və psixoloji cəhətdən sarsılmasına gətirib çıxarır. Eyni zamanda həvəsində olduğu dərsdən kənar dərnəklərə belə getməkdən boyun qaçırır. Qızları da adının pis səslənməsindən narahat olduğunu dilə gətirərək məktəbə və hazırlıq qruplarına getməkdən imtina edir və adının qısa zamanda dəyişdirilməsini tələb edir. Onlar adın dəyişilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına müraciət edərək tələb olunan sənədləri təqdim etmişdir. 2 ay müddətinə ona bir neçə bəhanə deyilmiş və sonda uşağın adının dəyişilməsi ilə bağlı hər hansı əsas aşkar edilmədiyindən müvafiq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İddiaçılar göstərilənlərə əsasən məhkəmədən 01 noyabr 2007-ci il təvəllüdlü övladları X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən adının dəyişdirilərək Narin adı yazılması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası iddiaya dair məhkəməyə ünvanlanan 15 oktyabr 2024-cü il tarixli, 5-5/2- 1243/2024 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanladığı 19 avqust 2024-cü il tarixli, 5-5/1-Kol-50-6/2024 №-li müraciətində 1 noyabr 2007-cı il təvəllüdlü övladları X1 adının dəyişdirilərək "Narin" adı kimi yazılmasına köməklik göstərilməsini xahiş etmişlər. Müraciət Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyanın icraatına daxil olduqdan sonra uşağın adının dəyişdirilməsi ilə bağlı hər hansısa əsas aşkar edilmədiyindən ərizəçilərə müvafiq məhkəməyə müraciət etməli olduqları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi, 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququnun olması və valideynlər tərəfindən uşağa qoyulacaq “Narin” adının fars mənşəli olması, habelə “Göyərçin” adının cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmaması nəzərə alınaraq, adın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 24 oktyabr 2024-cü il tarixli, 46 nömrəli “uşağın adının dəyişdirilməsi haqqında” qərarı ilə də yetkinlik yaşına çatmayan 1 noyabr 2007-ci il təvəllüdlü X1 adı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli iclasında iddiaçılar məhkəməyə ərizə təqdim edərək Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”na qarşı 01 noyabr 2007-ci il təvəllüdlü övladları X1 adının dəyişdirilərək Narin adı yazılması tələbinə dair iddia qaldırdıqlarını, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsil cavabdehlə əvəz olunması zərurəti yarandığından, iddia tələbinin “Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 24 oktyabr 2024-cü il tarixli, 46 nömrəli Qərarının ləğv edilməsi və xx.xx.2007-ci il təvəllüdlü X1 adının “Narin” adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli, 2-1(122)-422/2024 nömrəli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 07 fevral 2024-cü il tarixə təyin edilmişdir. 28 yanvar 2025-ci il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən dinlənilmiş X4 adının “Narin” olaraq dəyişdirilməsinə razılığının olduğunu, bunu valideynlərindən özünün tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri İddiaçı1 və İddiaçı2 ünvanlanmış 03 sentyabr 2024-cü il tarixli, 5-5/2-Kol-50- 6/2024 nömrəli məktubdan məlum olur ki, onların 1 noyabr 2007-ci il təvəllüdlü övladı X1 adının dəyişdirilməsi ilə bağlı hər hansısa əsas aşkar edilmədiyindən müvafiq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli, 3-16-33-1/2-S-533-6/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Yalnız həmin icazə alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.6-cı bəndinə əsasən adın dəyişdirilməsi haqqında ərizə ilə seçilən yer üzrə qeydiyyat şöbəsinə müraciət edilə bilər. Adın dəyişdirilməsindən imtina edilməsi barədə inzibati orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 yanvar 2025-ci il tarixli, 3-16-33-1/2-71/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya əsasən son beş il ərzində 1482 uşağa “Narin” adı verilmişdir. - Azərbaycan Milli Elmlər X3 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 fevral 2025-ci il tarixli, 8-1-23/2-19/2025 nömrəli məktubdan məlum olur ki, qeyd olunan ad Azərbaycan ədəbi dilin normalarına görə Narin yox, Narın ola bilər. -AA5536288 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 01 noyabr 2007-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3-cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. - 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. - 54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. - 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qeyd edir ki, uşağın (maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar) ad və soyadla bağlı hüquqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin yuxarıda qeyd olunan müddəalarından aydın olur ki, qanunverici uşağın adının 18 yaşına çatana qədər dəyişdirilməsinə icazə verilməsi üçün iki əsas meyar müəyyən etmişdir: 1.valideynlərin birgə xahişi; 2.uşağın mənafeyinin nəzərə alınması. Hazırkı iş üzrə uşağın adının dəyişdirilməsi üçün valideynlərin birgə razılığının olması işin mübahisəsiz halıdır. Uşağın mənafeyinə gəldikdə, məhkəmə qeyd edir ki, Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Belə ki, Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Həmçinin ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X5rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmə onu da qeyd edir ki, inzibati orqan uşağın adının dəyişdirilməsi barədə ərizəyə baxarkən də yeni adın onun mənafeyinə uyğun olub olmamasını qiymətləndirməli, bu zaman şəxsin hüquqlarına müdaxiləni yuxarıda qeyd olunan aspekdə, yəni çəkişən maraqların mütənasibliyi baxımından dəyərləndirməlidir. Hazırki işdən görünür ki, cavabdeh imtina cavabı verərkən adının dəyişdirilməsinin və verilən yeni adın onun mənafeyinə zərər yetirib yetirməməsini qiymətləndirməmiş, nəticədə valideynlərin bu hüququnun məhdudlaşdırılmasına gətirib çıxaran qərar qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, dəyişdirilməsi xahiş edilən “Narin” adı uşağın mənafeyinə xələl gətirə biləcək ad deyil və onun cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Naxçıvan MR Ədliyyə Nazirliyinin arayışından müəyyən edilir ki, son beş il ərzində 1482 uşağa “Narin” adı verilmişdir. Belə olan halda da, həmin adla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə nəzərdə tutulan məhdudiyyətlər hazırkı işdə mövcud deyil. Həmçinin həmin adın digər əsaslara görə uşağın mənafeyinə uyğun olmaması, həmin adın verilməsi ilə cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarına müdaxilə edilməsi işin halları ilə müəyyən edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmaqla, iddiaçıların hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 24 oktyabr 2024-cü il tarixli, 46 nömrəli Qərarının ləğv edilməsi və xx.xx.2007-ci il təvəllüdlü X1 adının “Narin” adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 24 oktyabr 2024-cü il tarixli, 46 nömrəli Qərarı ləğv edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 adının “Narin” adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar