Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-424/2025 17.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X3 Heydər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "”müharibə veteranı" adının və vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildən 1992-ci ilin sentyabr ayının 23-dək Sədərək rayon Könüllülər dəstəsinin komandiri olmuşdur. 1991-1992-ci illərdə X2 Komitəsinin əmrləri və təminatı altında olmuş, 1992-ci ilin sentyabr ayının 23-də Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə Naxçıvana daxil olmuş N nömrəli hərbi hissəni Sədərəyə təhvil vermişdir. Həmin gün N nömrəli hərbi hissəyə aktla çox sayda silah sursat təhvil vermiş, 1992-ci ilin sentyabr ayının 23-də Sədərək rayon könüllü batolyanonun yığıncağını çağırıb Sədərək könüllər batalyonunu fəaliyyətini dayandırmışdır. İllər keçməsinə baxmayaraq aidiyyəti qurumlara müraciət etsə də, o və döyüşçülərinə müharibə veteranı adı verilmir. Orduyla bağlı sənədlər olmasına baxmayaraq N saylı hərbi hissənin N yanvar 2020-ci il tarixli məktubuna əsasən X2 Komitəsinin “Nizami hissə üzrə əmrlər kitabında” bu haqda məlumat olmadığı qeyd edilmişdir. Həmçinin N saylı hərbi hissənin kapitanı A.Nəbiyevə silah sursatların təhvil verilməsini təsdiqləyən sənəd də mövcuddur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim edilən sənədlərdə imza və möhür olmadığını bildirirərək ona “müharibə veteran”ı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını qeyd etmişdir. İddiaçı qeyd olunanlara əsasən ona veteran adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 30 may 2025-ci il tarixli, 2-1(122)-424/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh qismində qeyd etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 iyul 2025-ci il tarixli, 2-1(122)-424/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 02 avqust 2025-ci il tarixli iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərarının 2-ci hissəsində qeyd edilmişdir ki, bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əlavə 1 - "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər. Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyəti ümumiyyətlə "Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları"nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən edilmiş sorğulara cavab olaraq Sədərək Rayon İcra Hakimiyyətində və Dövlət Arxivində heç bir sənədin olmadığı bildirilmişdir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Məhkəmənin 23 oktyabr 2025-ci il tarixli, 2-1(122)-424/2025 nömrəli qərardadı ilə İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Məhkəmənin 23 oktyabr 2025-ci il tarixli, 2-1(122)-424/2025 nömrəli qərardadına əsasən aparılmış inzibati icraat nəticəsində toplanılmış sənədlərə Xidmətin “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 15 yanvar 2026-cı il tarixli iclasında baxılaraq, İddiaçı müharibə veteranı adının verilməsindən imtina edilməsi barədə 15 yanvar 2026-cı il tarixli 1/2/2026 nömrəli qərar qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 17 fevral 2026-cı il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə prosesində iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Sədərək rayonu, Sədərək kənd sakini İddiaçı ünvanlanmış 18 iyul 2024-cü il tarixli, 3-43-90/2-O-8xx/xx/2024 nömrəli məktubdan məlum olur ki, təqdim edilən sənədlərin hüquqi qüvvəsi olan hansı arxiv sənədləri əsasında tərtib olunması, həmçinin imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti mövcud deyil. Vətəndaşa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikasi üzrə Baş İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikasi üzrə Baş İdarəsi tərəfindən Sədərək rayonu, Sədərək kənd sakini, 1953-cü il təvəllüdlü İddiaçı ünvanlanmış 21 avqust 2024-cü il tarixli, 3-43-75/2-O-1146-797/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı Sədərək rayon ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünü müdafiə dəstələrində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə sorğu edilmiş və alınan xx.xx.2024-cü il tarixli 5-26/2-408/2024 nömrəli cavab məktubunda Sədərək Rayon İcra Hakimiyyətində və rayon Dövlət Arxivində heç bir sənədin olmadığı bildirilmişdir. Həmçinin döyüşlərdə iştirakı barədə xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissəyə sorğu edilmiş və alınan xx.xx.2020-ci il tarixli 157 nömrəli cavab məktubunda İddiaçı barəsində Arxivdə saxlanılan X2 Komitəsinin “Nizami hissə üzrə əmrlər kitabı”nda məlumatın olmadığı bildirilmişdir. Vətəndaş tərəfindən döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq edilmiş surəti) təqdim edələcəyi təqdirdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla biləcəyi izah edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28 iyun 2012-ci il tarixli, 1/0-2240-O-3245 nömrəli məktubdan məlum olur ki, müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı» adı verilməsi «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatın 1.5 bəndində göstərilir ki, 1988-ci il fevralın 1-dən 1991 -ci il oktyabrın 9-dək erməni millətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi bölgələrində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl. Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofıılu, Barxudarh. Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində Azərbaycan Respublikasının orazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər (şəxsi işlər; orden və medallaria təltif olunmaq haqqında vəsiqələr; döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar; hərbi biletlər; Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanlari tərəfindən verilmiş arayışlar) əsasında verilir. - H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində İddiaçı Sədərəyin müdafiəsi zamanı döyüşlərdə iştirak etməsi barədə qeyd aparılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 100 nömrəli Hərbi Hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 noyabr 2024-cü il tarixli, 3832 nömrəli məktubdan məlum olur ki, X2 Komitəsinin Arxivdə saxlanılan 1992-ci ilin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 noyabr 2024-cü il tarixli, 02/1101 nömrəli məktubdan məlum olur ki, İddiaçı özəlləşdirmə çekinin verilməsi barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 noyabr 2024-cü il tarixli, 02/1102 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mövcud olmadığından İddiaçı 1992-ci ildə Sədərək döyüşlərində iştirak etməsi barəsində məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 noyabr 2024-cü il tarixli, 3-13-43/2-17183/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə Naxçıvan MR DİN-də heç bir məlumat yoxdur. - Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 noyabr 2024-cü il tarixli, 5-26/2-688/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1992-ci ildə Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış 11 fevral 2025-ci il tarixli, 3-48-NDA/2-O-1xx-xx/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1992-ci il tarixli qərar kitablarına baxdıqda Naxçıvan MR Nazirlər Kabineti tərəfindən Sədərək könüllü batalyonu üzvlərinə döyüş fəaliyyətlərinə görə özəlləşmə yolu ilə hər bir döyüşçüyə bir baş mal hədiyyə olunması haqqında hər hansı bir məlumata rast gəlinmədi. - Sədərək rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 fevral 2025-ci il tarixli, 5-26-6/2-27-9/2025 nömrəli məktubdan məlum olur ki, Sədərək Rayon Dövlət Arxivində mühafizə olunan Sədərək üzümçülük sovxozunun əmrlər kitabına əsasən 01 dekabr 1992-ci il tarixli 41 №-li əmrlə sovxozun mal-qarasının özəlləşdirilməsi və kənd sakinlərinə döyüşlərdə iştirak edənlərə verilməsi haqqında komissiya yaradılmışdır. Lakin mal-qara verilənlərin adlı siyahısı Sədərək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-337/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1992-1993-cü illərə aid Qərar və Sərəncamlarında İddiaçı könüllü dəstənin tərkibində döyüşdüyü üçün üzümçülük sovxozunun balansından mal-qara verilməsi ilə bağlı heç bir məlumata rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1305/2025 nömrəli məktubdan məlum olur ki, Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon Hərbi Komissarlığının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından İddiaçı Sədərək döyüşlərində iştirak etməsi barədə məlumat mövcud deyil. - Sədərək rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 avqust 2025-ci il tarixli, 5-26-6/2-88/2025 nömrəli məktubdan məlum olur ki, Sədərək Rayon Dövlət Arxivində mühafizə olun Sədərək Rayon İcra Hakimiyyətinin sənədlərinə əsasən İddiaçı 1988-1992 ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə təcavüzü zamanı Sədərək özünümüdafiə dəstələrinin tərkibində “cintəndiri postunda” döyüşlərdə iştirak etməsi faktı arxiv sənədləri ilə təsdiq edilir və döyüşlərdə iştirak etdiyi adlı siyahının təsdiq edilmiş surəti iş materiallarına əlavə edilir. Qeyd: İddiaçı 1988-1992-ci illərdə Sədərək döyüşlərində iştirakına dair adlı siyahıdan başqa sənəd Sədərək Rayon Dövlət Arxivində mühafizə olunmur. - Sədərək rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 oktyabr 2025-ci il tarixli, 5-26-6/2-83/2025 nömrəli məktubdan məlum olur ki, Sədərək Rayon Dövlət Arxivində mühafizə olun Sədərək Rayon İcra Hakimiyyətinin sənədlərində 1992-ci il 23 sentyabr tarixli Sədərək özünümüdafiə dəstələrinin silah təchizatlarının təhvil-təslim aktlarının təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikasi üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 oktyabr 2025-ci il tarixli, 3-43-75/2-23839/2025 nömrəli məktubdan məlum olur ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı könüllü döyüşçü kimi Sədərək uğrunda gedən döyüşlərə cəlb edilməsi barədə 18 iyun 1992-ci il tarixli çağırış vərəqəsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 9-cu abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 2-ci abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7. Msübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 17.1. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının əsas hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. İddiaçı tələbinin əsası kimi Sədərək döyüşlərində iştirak edən şəxslərin adlı siyahısında adının olmasına, ona məxsus olan hərbi biletində aparılmış qeydə istinad etsə də, həmin sənədlərdən onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparan hansı birləşmələrinin tərkibində döyüşməsi müəyyən olunmur. Halbuki yuxarıda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə müharibə veteranı adı o şəxslərə verilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), ... ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayışlar, hərbi biletlər (... arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar və ya hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında sübuta yetirilsin. Göründüyü kimi veteran statusu sosial təminat və imtiyazlar doğurduğuna görə, bu statusun verilməsi üçün qanunverici ciddi sübut standartları müəyyən edib. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. İstinad olunan Əsasnamədə “özünümüdafiə dəstələrinin tərkibində iştirak etmiş şəxslər” ifadəsinin hər hansı təşkilati üzvlük yox, real döyüş fəaliyyəti mənasını daşıyır. Müharibə veteranı adının verilməsi üçün şəxs göstərilən ərazilərdə, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində, döyüş əməliyyatlarında iştirak etmiş olmalı və bu iştirak Müdafiə və ya digər hərbi orqanların arayışı, hərbi bilet (arxiv arayışı ilə birlikdə olmaq şərtilə) orden və ya medal sənədi, yaralanma barədə müvafiq sənəd, Yerli icra hakimiyyətinin təsdiq etdiyi siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birlikdə), əmrdən çıxarışlar və başqa sübutedici sənədlərlə təsdiq olunmalıdır. Əgər hər hansı siyahı müharibə veteranı statusunun verilməsi üçün kifayət etsəydi normada “birgə təqdim edilmə” şərti qoyulmazdı. Hər hansı adlı siyahı konkret döyüş tarixini, tapşırığını, hərbi əmri, eləcə də silahlı toqquşmada iştirakı istisnasız təsdiq edən sənəd hesab edilə bilməz. İşdə olan sənədlərdən və məhkəməyə verdiyi izahatlardan iddiaçının özünümüdafiə dəstəsinin struktur üzvü kimi döyüş əməliyyatının tərkib hissəsində bilavasitə iştirakı təsdiq edilmir. Təkcə özünümüdafiə dəstəsinin tərkibində olmaq isə hələ döyüş əməliyyatının icrası demək deyil. Paltar paylanması, qida təminatı, maddi-texniki təchizat döyüş zonasından kənar fəaliyyət olmaqla birbaşa döyüş əməliyyatı hesab edilmir. Könüllü dəstəyə rəhbərlik, döyüş mövqelərini formalaşdırma, silahların təhvil-təslim prosesində iştirak, döyüş postlarının idarə edilməsi isə hərbi funksiya olmaqla, özlüyündə iddiaçının silahlı qarşıdurmada bilavasitə iştirak faktını təsdiq etmir. Sonradan məhkəmə icraatı gedişində Sədərək Rayon Dövlət Arxivi tərəfindən iddiaçının “döyüşlərdə iştirak etməsi faktı arxiv sənədləri ilə təsdiq edilir” qeydi aparılmış arxiv arayışlarının verilməsinə əsas olmuş sənədlər müstəqil mənbəyə əsaslanmayan, iddiaçının özünün arxivə təhvil verdiyi və bunadək iş materiallarında mövcud olan qaimə və əl yazılı arayışlar əsasında verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, rəsmi qaydada verilsə də, həmin arxiv arayışları iddiaçının özünün təqdim etdiyi sənədlərə əsaslandığından müstəqil sübut xarakteri daşımamaqla, mənşəyinə görə hazırkı iş üzrə sübut əhəmiyyəti də yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletdəki qeyd, silahların təhviltəslim aktları və fərdi qaydada tərtib olunmuş siyahılar mahiyyəti etibarilə dolayı sübutlar kateqoriyasına aid olmaqla, şəxsin münaqişə zonasında müəyyən inzibati-təşkilati funksiyalar icra etdiyinə dair yalnız ehtimallar formalaşdırır. Lakin inzibati qanunvericiliyin, xüsusilə yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmiş imperativ tələblər kontekstində qiymətləndirildikdə sözügedən sənədlər şəxsin bilavasitə döyüş əməliyyatlarında iştirak faktına dəlalət etmir. Hərbi biletdə aparılmış qeydə münasibətdə məhkəmə qeyd edir ki, biletdəki qeyd arxiv sənədləri ilə təsdiqlənmədiyindən təkbaşına sübut hesab edilə bilməz. Yenə də, yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə Hərbi bilet arxiv arayışları ilə birlikdə təqdim edildiyi halda döyüşlərdə iştirakı sübut edən sənəd kimi qəbul edilə bilər. Başqa sözlə, ümumi xarakterli döyüşdə iştirak edilməsi barədə qeyd arxiv sənədi ilə təsdiqləndiyi halda mötəbər sübut kimi qəbul edilə bilər. Həmçinin iddiaçıya məxsus hərbi biletdə döyüşlərdə iştirak etməsi barədə aparılmış qeyddə onun hansı vəzifədə, hansı tarix aralığında döyüşlərdə iştirak etməsi, hansı hərbi birləşmənin və ya özünümüdafiə dəstəsinin tərkibində olması barədə vacib qeydlər də aparılmamışdır. Məhkəmə qeyd edir ki, qanunverici sübutların qiymətləndirilməsini məhkəmənin daxili inamına əsaslanan müstəsna prosessual səlahiyyət kimi təsbit etmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci və 68.1ci maddələrinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati məhkəmə icraatında hüquqi nəticə doğuran faktlar ehtimal və fərziyyə əsasında deyil, kifayət qədər inandırıcı və obyektiv sübutlarla təsdiq edilməlidir. Məhkəmə sübutları toplamaq, araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olsa da, bu vəzifə və səlahiyyətlər iddiaçını sübutetmə vəzifəsindən azad etmir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, məcburetmə haqqında iddialarda aktın qəbulunu zəruri edən şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə toplanılmış sübutlardan iddiaçının döyüşən hərbi hissənin (birləşmənin) tərkibində iştirak etməsi müəyyən edilmir. İddiaçının təqdim etdiyi sübutlar isə ehtimal xarakterli olub, hüquqi nəticə doğuran faktın mövcudluğunu inandırıcı və obyektiv şəkildə təsdiq etməyə inkan vermir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar iddiaçının “müharibə veteranı” statusunu əldə etməsinə mane olur. Qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığına görə də cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "müharibə veteranı" adının və vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "müharibə veteranı" adının və vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-424/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-424/2025
17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver