Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-431/2025 08.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ona ünvan 1də verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 0.002 ha torpaq sahəsi üzərində inşa olunmuş firma mağazasının və texniki xidmət məntəqəsinin qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvan 1də verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 0.002 ha torpaq sahəsi üzərində inşa olunmuş firma mağazasının və texniki xidmət məntəqəsinin qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 08 yanvar 2025-ci il tarixə təyin edilmişdir və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəməyə 28 dekabr 2024-cü il tarixli ərizə göndərərək, hazırki vəziyyətdə təyin edilmiş vaxtda məhkəmə iclasında şəxsən iştirak etməyinin mümkün olmadığını bildirərək, məhkəmə iclasının qeyri-müəyyən vaxta təxirə salınmasını, bu mümkün olmadıqda isə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin gələcəkdə yenidən iddia qaldırılması məqsədilə ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 məhkəməyə 08 yanvar 2025-ci il tarixli, 5-5/2-1402/2025 nömrəli məktublar göndərərək, məhkəmə prosesində iş həcminin çox olması və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində prosesin olması səbəbindən iştirak edə bilməməyinin üzrlü hesab edilməsi və işə iştirakı olmadan baxılmasını, iddianı təsdiq edən dəlil və sübutların olmadığını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı 04 oktyabr və 28 noyabr 2024-cü il tarixli yardım məktubları ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununda ünvan 1də verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 0.002 ha torpaq sahəsi üzərində inşa olunmuş firma mağazasının və texniki xidmət məntəqəsinin qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin geri qaytarılmasını tələb etsə də, həmin firma mağazasının və texniki xidmət məntəqəsinin nə onun, nə də "Yurd" kooperativinin mülkiyyətində olmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bununla da hazırki iş üzrə müvafiq tələb hüququna, həmçinin subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. Həmçinin iddia ərizəsinə sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri əlavə edilməli olduğu halda, surətlərin əlavə edildiyi iddiaçının nəzərinə çatdırılmışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbində qeyd edilmiş firma mağazasına və texniki xidmət məntəqəsinə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin, həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin və ya notarial qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün təkrarən 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmənin yardım məktublarını almasına baxmayaraq, yardım məktublarında qeyd olunan məsələlərin aradan qaldırılması istiqamətində hər hansı bir tədbir görülməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ünvan 1də verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olduğunu iddia etdiyi 0.002 ha torpaq sahəsi üzərində inşa olunmuş firma mağazasının və texniki xidmət məntəqəsinin qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılmasını tələb edir. İddiaçı tərəfindən iş materiallarına cavabdehin imtina məktubu, protokol, bildiriş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə, arayış, Babək Rayon XDM İcraiyyə Komitəsinin müvafiq sərəncamı, layihə, smeta və s. əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq etmir. Belə ki, Babək Rayon XDM İcraiyyə Komitəsinin 16 mart 1993-cü il tarixli, 56 nömrəli sərəncamında “Yurd” kooperativi tərəfindən istehsal edilmiş məhsulların satışını təmin etmək məqsədilə kəndin ərazidində yerləşən kənd XDM İK inzibati binasının şimalişərqində qalmış istifadəsiz boş torpaq sahəsində 0.02 hektar ayrılaraq firma mağazası və texniki xidmət məntəqəsinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən müvafiq tələb irəli sürülsə də, Babək Rayon XDM İcraiyyə Komitəsinin 16 mart 1993-cü il tarixli, 56 nömrəli sərəncamı ilə “Yurd” kooperativinə müəyyən işlər görülməsi üçün icazə verilmişdir. İddiaçıya bu barədə yardım edilərək, iddianın müvafiq kooperativin adından qaldırılmalı olması və mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin iş materiallarına iddiaçının və "Yurd” kooperativinin müvafiq tələb hüququna malik olmasını təsdiq edən sənədlər əlavə edilmədiyindən iddiaçının müvafiq tələb və subyektiv hüquqa malik olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə etmədiyi üçün yardım məktubunda bununla bağlı qeyd olunan məsələyə münasibət bildirilməsi tələb edildiyi halda, iddiaçı tərəfindən hər hansı münasibət bildirilmədiyi üçün iddiaçının və “Yurd” kooperativinin hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı məhkəmə tərəfindən dəfələrlə yardımlar edilmiş, iddia ərizəsində qeyd edilmiş qeyri-yaşayış sahəsinin iddiaçının və ya “Yurd” kooperativinin mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin buna baxmayaraq, iddiaçı tərəf mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ona ünvan 1də verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 0.002 ha torpaq sahəsi üzərində inşa olunmuş firma mağazasının və texniki xidmət məntəqəsinin qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ona ünvan 1də verilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan 0.002 ha torpaq sahəsi üzərində inşa olunmuş firma mağazasının və texniki xidmət məntəqəsinin qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-431/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-431/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver