Məhkəmə qərarları › İş №2-1(122)-432/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-432/2025

09.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-432/2025 09.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X10 Heydər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2024-cü il tarixli əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi haqqında qərarının ləğv olunması, 2010-2014-cü illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü il tarixdən etibarən 60 (altmış) manat əmək pensiyası almış, növbəti illərdə pensiyası 100 ( yüz) manata qədər qaldırılmışdır. Lakin 2021-ci ilin iyul ayından etibarən ona verilən pensiya dayandırılmışdır. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, pensiyası bərpa olunmamışdır. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2024-cü il tarixli əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi haqqında qərarının ləğv olunması, 2010-2014-cü illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 20 oktyabr 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1970-ci il tarixdə anadan olmuş İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 avqust 2014-cü il tarixli, 91 nömrəli qərarı ilə üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 45 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (1 il 9 ay 18 gün) həqiqi hərbi xidmətdə olmuşdur. Sədərək Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 yanvar 2014-cü il tarixli, 13 nömrəli arayışından görünür ki, Dünyamalıyev X1 xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (5 il) şputer sexində işləmiş və 1991-ci il tarixdə 6 ay, 1992-ci il tarixdə 7 ay, 1993-cü il tarixdə 7 ay, 1994-cü il tarixdə 8 ay, 1995-ci il tarixdə 8 ay olmaqla ümumilikdə 36 ay əmək haqqı almışdır. Beləliklə, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla ümumi iş stayı 6 il 9 ay 18 gün təşkil edir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon şöbəsi tərəfindən təqdim edilmiş Sosial Sığorta Ayırması haqqında arayışından görünür ki, İddiaçı 2010-ci ilin yanvar ayından 2012-ci il dekabr ayınadək olan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna 2010-cu il tarixdə 10,0 manat, 2011-ci il tarixdə 12,0 manat və 2012-ci il tarixdə 13,0 manat olmaqla, ümumilikdə 35,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin arayışda pul vəsaitlərinin hansı təyinatı üzrə ödənilməsi barədə məlumat qeyd edilməmişdir. İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə qəbzlər Fonda təqdim edilməmişdir. Vətəndaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sədərək Rayon 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 11 iyul 2014-cü il tarixli qərarı ilə əlillik səbəbi “Ümumi xəstəlik”lə əlaqədar olmaqla 01 avqust 2015-ci il tarixədək (bir il müddətinə) üçüncü dərəcəli əlillik müəyyən edilmiş və o, əlil statusu qazanmışdır. Lakin iddiaçının pensiya işi araşdırılarkən məlum olmuşdur ki, ona 2014-cü il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdə isə iddiaçının 44 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (44 yaş -15 yaş = 29 yaş x 4 ay = 116 ay : 12 ay = 9 il 7 ay) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 9 il 7 ay sığorta stajı tələb olunur. İddiaçının isə 6 il 9 ay iş stajı olduğu müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sədərək Filialının 21 iyun 2013-cü il tarixli, 67 nömrəli qəbzinə əsasən, İddiaçı öz adına 13,0 manat, 27 fevral 2014-cü il tarixli, 10 nömrəli qəbzinə əsasən isə 12,60 manat olmaqla cəmi 25,60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MEİS) öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə iddiaya dair 20 oktyabr 2024-cü il tarixli etirazına 31 iyul 2025-ci il tarixli dəqiqləşmə ərizəsi göndərərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək əlilliyə görə əmək pensiyası almış və xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyası dayandırılmışdır. X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı orqanizim funksiyasının 60% pozulması ilə müddətsiz olaraq əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə müraciət edərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Bununla əlaqədar, iddiaçının pensiya işi araşdırılmış və məlum olmuşdur ki, iddiaçıya 2014-cü il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdə isə iddiaçının 44 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (44 yaş - 15 yaş = 29 yaş x 4 ay = 116 ay: 12 ay = 9 il 8 ay) əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 9 il 8 ay sığorta stajı tələb olunur. 20 oktyabr 2024-cü il tarixli etirazın 4-cü abzasında əmək haqqı aldığı aylar və onların cəmi (36 ay) qeyd edilmişdir. İddiaçının hərbi xidmət dövrü (1 il 9 ay 18 gün) və arxiv arayışlarına əsasən əmək haqqı aldığı ayların sayı (36 ay) toplanarkən texniki yanlışlıqla 6 il 9 ay 18 gün stajının olması qeyd edilmişdir. İddiaçının əmək kitabçası olmadığından onun sosial sığorta stajı təqdim edilmiş arayışlara müvafiq olaraq araşdırılmışdır. Belə ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (1 il 9 ay 18 gün) həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı iş stajı xx.xx.2024-cü il tarixdə Sədərək rayon X9 əməkdaşları tərəfindən yerində yoxlanmış və 1991-ci il tarixdə 6 ay, 1992-ci il tarixdə 8 ay, 1993-cü il tarixdə 7 ay, 1994-cü il tarixdə 8 ay, 1995-ci il tarixdə 8 ay olmaqla ümumilikdə 37 ay əmək haqqı alması müəyyən edilmişdir. Qeyd edilən hal Sədərək rayon Dövlət arxivi tərəfindən təqdim edilmiş müxtəlif tarixli arayışlarla da öz təsdiqini tapır. Beləliklə iddiaçının hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla 4 il 10 ay sığorta stajı müəyyən edilmişdir. Göründüyü kimi bu da qanunvericiliyə müvafiq olaraq tələb olunan 9 il 8 ay sığorta stajindan azdır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon şöbəsi tərəfindən təqdim edilmiş Sosial Sığorta Ayırması haqqında arayışda İddiaçı 2010-ci ilin yanvar ayından 2012-ci il dekabr ayınadək olan dövrlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna 2010-cu il tarixdə 10,0 manat, 2011-ci il tarixdə 12,0 manat və 2012-ci il tarixdə 13,0 manat olmaqla, ümumilikdə 35,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilməsi qeyd edilmişdir. 09 yanvar 2026-cı il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sədərək rayon Heydərabad qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış 28 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-D- 5919/2025 nömrəli məktubdan məlum olur ki, vətəndaşın 013316 nömrəli pensiya işi araşdırılmış və ümumilikdə sığorta stajı 2 il 5 ay 18 gün qanunvericiliklə yaşına müvafiq tələb olunan 9 il 8 ay sığorta stajından az olduğundan onun əlilliyə görə əmək pensiyasının bərpası mümkün olmamışdır. Vətəndaşa 2024-cü il 26 fevral tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə (əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda) əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 150 manat sosial müavinət təyin olunduğu qeyd olunmuşdur. - Sədərək rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 30 sentyabr 2024-cü il tarixli, 5-26-6/2-56/2024 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1991-ci il tarixdə Sədərək üzümçülük sovxozuna fəhlə işləməsi Sədərək Rayon Dövlət Arxivində mühafizə olunmur və işdən azad edilməsi özəlləşdirmə ilə əlaqədar olaraq sovxozda olan bütün fəhlə və qulluqçuların 01 oktyabr 1999-cu il tarixli, 3 №-li əmrlə 03 yanvar 1998-ci il tarixdən azad olunmaları Sədərək üzümçülük sovxozunun əmrlər kitabında göstərilmişdir. - Sədərək rayon Dövlət Arxivinin 07 yanvar 2014-cü il tarixli, 13 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1991-1995-ci illərdə Sədərək kənd şputer sexində işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna Sosial Sığorta Ayırması haqqında arayışından məlum olur ki, İddiaçı 2010-ci ilin yanvar ayından 2012-ci il dekabr ayınadək olan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna 2010-cu il tarixdə 10,0 manat, 2011 -ci il tarixdə 12,0 manat və 2012-ci il tarixdə 13,0 manat olmaqla, ümumilikdə 35,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - "xxxx" ASC Sədərək filialı tərəfindən verilmiş 21 iyun 2013-cü il tarixli, 67 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 13 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - "xxxx" ASC Sədərək filialı tərəfindən verilmiş 27 fevral 2014-cü il tarixli, 10 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 12 manat 60 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 16 oktyabr 2024-cü il tarixli, 3-27-9-1/2-10612/2024 nömrəli məktubla İddiaçı 013316 nömrəli pensiya işinin surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 noyabr 2024-cü il tarixli, 3-27-9-4/2-1895/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 2014-cü il 14 iyul tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası (bundan sonra - Komissiya) tərəfindən “Bel fəqərələrinin yayılmış osteoxandrozu, diskogen bel-oma radikuliti” diaqnozu ilə ümumi xəstəliklə əlaqədar bir il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin olunmuşdur. Növbəti dəfə vətəndaşa 2015-ci il 23 iyul tarixində Komissiya tərəfindən “L lll-İV fəqərələrarası diskin yırtığı, sağ pəncənin parezi” diaqnozu ilə ümumi xəstəliklə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə əsasən 2016-cı ildə vətəndaşın əlillik müddəti beş il uzadılmışdır. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Şərur rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş C00171163EDY nömrəli göndəriş əsasında Komissiya tərəfindən qiymətləndirilmiş və 2024-cü il 26 fevral tarixində “İkitərəfli eşitmə sinirinin nevriti” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60% pozulması ilə əlaqədar əlillik təyin olunmuşdur. - JN-2213, KOD 10100001 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından məlum olur ki, həmin dövlət aktı ilə Sədərək Rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 2000-ci il tarixli, 01 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.42 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 noyabr 2024-cü il tarixli, 02/1103 nömrəli məktubdan məlum olur ki, Sədərək üzümçülük sovxozunun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından İddiaçı işləməsi haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-350/2025 nömrəli məktubla göndərilmiş Sədərək Rayon Dövlət Arxivinin 28 fevral 2025-ci il tarixli, 5-26-6/2xx-xx/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1991-1995-ci illərdə Sədərək üzümçülük soxvozunda işləmiş və müvafiq aylarda əməkhaqqı almışdır. Sədərək üzümçülük Sovxozunun 1991-1999-cu illərin əmrlər kitabında adına rast gəlinməmişdir. Sədərək üzümçülük soxvozunun 01 oktyabr 1999-cu il tarixli əmrinin surətindən məlum olur ki, soxzovda olan fəhlə və qulluqçular 03 yanvar 1998-ci il tarixdən işdən azad olunmuş hesab olunmuşdurlar. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 mart 2025-ci il tarixli, 3-17-9-1/2-2948/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Fonda müraciət etmədiyi üçün sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilməmiş, fərdi şəxsi hesab açılmamış və məcburi dövlət sosial sığorta haqları hesabına kapitalı formalaşmamışdır. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyicisi olmasına dair Fondun arxivində heç bir mədaxil qəbzinə rast gəlinmədi. 01 yanvar 2019-cu il tarixədək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə - 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilirdi. İddiaçı Torpaq mülkiyyət hüququna dair JN-2213 nömrəli Dövlət aktına əsasən, arayışda qeyd olunan illər üzrə 1 il staj üçün məcburi dövlət sosial sığorta haqları aşağıdakı kimi ödənilməli idi: 2010-cu il üzrə - 15 manat 79 qəpik; 2011-ci il üzrə - 17 manat 28 qəpik; 2012-ci il üzrə - 18 manat 85 qəpik; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-4816/2025 nömrəli məktubdan məlum olur ki, 1 yanvar 2019-cu il tarixinədək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə - 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilirdi. İddiaçı torpaq mülkiyyət hüququna dair JN-2213 nömrəli Dövlət aktına əsasən, məktubda qeyd olunan illər üzrə 1 il staj üçün məcburi dövlət sosial sığorta haqları aşağıdakı kimi ödənilməli idi: 2010-cu il üzrə - 15 manat 79 qəpik 2011-ci il üzrə - 17 manat 28 qəpik 2012-ci il üzrə - 18 manat 85 qəpik 2013-cü il üzrə - 19 manat 61 qəpik 2014-cü il üzrə - 21 manat 16 qəpik. İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı iş stajı olaraq aşağıdakı kimi hesablanır: 2010-cu il üzrə ödənilmiş 10 manat - 7 ay 15 gün sosial sığorta stajı; 2011-ci il üzrə ödənilmiş 12 manat - 8 ay 10 gün sosial sığorta stajı; 2012-ci il üzrə ödənilmiş 13 manat - 8 ay 9 gün sosial sığorta stajı; 2013-cü il üzrə ödənilmiş 13 manat - 8 ay sosial sığorta stajı; 2014-cü il üzrə ödənilmiş 12 manat 60 qəpik isə, 6 ay 24 gün sosial sığorta stajı kimi nəzərə alınır. - Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “NaxçıvanPoçt” PHŞ tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 may 2025-ci il tarixli, 3-27-100-11/2-334/2025 nömrəli məktubdan məlum olur ki, Sədərək rayon Heydərabad kənd sakini İddiaçı adına 2018-ci il tarixədək “Torpağın məcburi sosial siğorta haqqı” üzrə hər hansı bir ödəniş edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 07 oktyabr 2025ci il tarixli, 3-17-9-1/2-D-12691/2025 nömrəli məktubdan məlum olur ki, vətəndaşa 10 avqust 2014-cü il tarixində 11 iyul 2014-cü il tarixindən etibarən İİİ dərəcə əlilliyə görə həmin dövr qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə (əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta staji olduqda təyin edilir) müvafiq olaraq əmək pensiyası təyin edilmişdir. Həmçinin, onun əlillik müddəti 1 iyul 2021-ci il tarixində bitdiyi üçün əlilliyə görə əmək pensiyası ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra onun Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 26 fevral 2024-cü il tarixində orqanizmin funksiyalarının 31-60 faiz pozulması ilə əlaqədar "müddətsiz" əlilliyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq 29 mart 2024-cü il tarixində Fonda daxil olmuş əlilliyə görə əmək pensiyasının bərpa olunması ilə bağlı müraciətinin icrası ilə əlaqədar olaraq sığorta stajları araşdırılmış və ona pensiya təyin olunan zaman tələb olunan 9 il 8 ay sığorta stajı olmadığı üçün pensiyasının bərpa olunması qanunvericiliyə əsasən mümkün olmamışdır. Müvafiq arayışlara və tərtib olunmuş 22 iyul 2024-cü il tarixli yoxlama aktına əsasən onun ümumilikdə 4 il 10 ay 18 gün sığorta stajı mövcuddur. Vətəndaşa 26 fevral 2024-cü il tarixindən etibarən "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə (əlilliyə görə müavinət əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir) əsasən hazırda məbləği 180 manat olan əlilliyə görə müavinət təyin olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 oktyabr 2025-ci il tarixli, 3-17-9-1/2-13047/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı 2012-ci ilin dekabr ayında “Sosial Sığorta Ayırması” haqqında arayışın hansı əsasla verilməsi barədə Fondun Sosial və dövlət icbari şəxsi sığorta departamentində hər hansı məlumata rast gəlinməmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki İddiaçı xx xxxx 1970-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 33.1. Ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5. sosial sığorta hadisəsi – sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallar; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 11. Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(102)-1116/2024 nömrəli Qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk olaraq qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2024-cü il tarixli əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi haqqında qərarının ləğv olunması və 2010-2014-cü illərin onun sosial sığorta stajına daxil edilməsinə nail olmaqla, əmək pensiyasının yenidən bərpa edilməsinə yönəlmişdir. Cavabdeh isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir. İddiaçıya məxsus əmək kitabçası mövcud olmadığından məhkəmə araşdırması arxiv arayışları və digər sənədlər əsasında aparılmışdır. Hazırkı işin mübahisəli halı tələb olunan ümumi əmək stajının iddiaçı tərəfindən toplanılıb-toplanılmaması ilə bağlıdır. İşin hallarından məlum olur ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (1 il 9 ay 18 gün) həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (5 il) şputer sexində işləmiş və 1991-ci il tarixdə 6 ay, 1992-ci il tarixdə 7 ay, 1993-cü il tarixdə 7 ay, 1994-cü il tarixdə 8 ay, 1995-ci il tarixdə 8 ay olmaqla ümumilikdə 36 ay əmək haqqı almışdır (bax: Sədərək Rayon Dövlət Arxivinin 07 yanvar 2014-cü il tarixli, 13 nömrəli arayışı). Bundan əlavə iddiaçı 2010-ci ilin yanvar ayından 2012-ci il dekabr ayınadək olan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna 2010-cu il tarixdə 10,0 manat, 2011-ci il tarixdə 12,0 manat və 2012-ci il tarixdə 13,0 manat olmaqla, ümumilikdə 35,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə arayış təqdim etmişdir (bax: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta Ayırması haqqında arayışı). 14 iyul 2014-cü il tarixdə iddiaçıya Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Bel fəqərələrinin yayılmış osteoxandrozu, diskogen bel-omba radikuliti” diaqnozu ilə ümumi xəstəliklə əlaqədar bir il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin olunmuşdur. Növbəti dəfə 2015-ci il 23 iyul tarixində Komissiya tərəfindən “L lll-İV fəqərələrarası diskin yırtığı, sağ pəncənin parezi” diaqnozu ilə ümumi xəstəliklə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur. İddiaçıya təyin olunmuş əmək pensiyası xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Sonuncu dəfə iddiaçıya 26 fevral 2024-cü il tarixdə “İkitərəfli eşitmə sinirinin nevriti” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60% pozulması ilə əlaqədar əlillik təyin olunmuşdur. İddiaçı əmək pensiyasının bərpa olunması ilə bağlı Fonda yenidən müraciət etsə də, onun ümumilikdə 4 il 10 ay sığorta stajı olması əsası ilə cavabdeh tərəfindən iddiaçının tələbinin icrasından imtina edilmişdir. Cavabdeh təşkilat iddiaçıya ilkin əmək pensiyası təyin edərkən həmçinin 1991-1998ci illər üzrə sadə yazılı əmrdən çıxarışa və özünün verdiyi arayışa istinad etmişdir. Lakin məhkəmə tərəfindən əldə edilmiş Arxiv arayışlarından müəyyən edilmişdir ki, iddiaçı Sədərək üzümçülük soxvozunda ən son 1995-ci ilin oktyabr ayında əməkhaqqı almışdır. Bundan başqa, məhkəmə Sədərək üzümçülük soxvozunun 1999-cu ilin 01 oktyabr tarixində verilmiş sayca №3 olan əmrinə münasibətdə qeyd edir ki, 1999-cu ilin oktyabr ayında 1998-ci ilin yanvar ayına dair fəhlə və qulluqçular barədə sayca 3-cü olan əmr verilməsi ağlabatan sayıla bilməz və bu hal sözügedən əmrin mötəbərliyinə əsaslı şübhə doğurur. Həmçinin işdə olan xx.xx.2024-cü il tarixli Arxiv arayışında Sədərək üzümçülük sovxozunun sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Digər yandan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon Şöbəsinin iddiaçının 2010-ci ilin yanvar ayından 2012-ci il dekabr ayınadək olan dövrlərdə 10,0, 12,0 və 13,0 manat olmaqla, ümumilikdə 35,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə tərtib etdiyi Arayış natamam doldurulmaqla, yəni dəqiqlik və doğruluq meyarlarına cavab verməyən, verildiyi tarix və mənbəyi bilinməyən məbləğlər göstərilməklə, çatışmayan əmək stajının tamamlanması məqsədilə verilmiş kimi qiymətləndirilərək, mötəbər hesab edilə bilməz. Məhkəmə 2013-2014-cü illərin sosial sığorta stajına daxil edilməsi tələbi barədə qeyd edir ki, iddiaçı tərəfindən sosial sığorta hadisəsi kimi 2013-cü ilin iyun ayında 13 manat, 2014-cü ilin fevral ayında 12.60 manat məbləğlərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Diqqətə alınmalıdır ki, bir qəbz üzrə cüzi məbləğdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı bir tam il əmək stajı kimi sosial sığorta stajına daxil edilə bilməz. Belə ki, Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının dərəcələri üzrə hesablanması qaydaları müəyyən edilmişdir. Adıçəkilən qəbzlərdə isə ödənişin təyinatı göstərilməmişdir. Həmçinin Məhkəmə iddiaçıya münasibətdə tələb edilən ümumi staja dair “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin mexaniki tətbiqi baxımından qiymətləndirmə apararaq qeyd edir ki, cavabdeh tərəfindən tətbiq edilmiş hesablama metodu (44-15(Əmək qabiliyyətli yaş dövrü) =29 il; 29 yaş × 4 ay (qanunla tələb olunan(12.1)) = 116 ay; 116 ay : 12 ay = 9 il 07 ay tələb olunan minimum əmək stajı) qanuni olmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının faktiki stajı qanunla tələb olunan 9 il 7 ay sığorta stajından azdır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1116/2024 nömrəli Qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır. İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq və ya bərpa etmək öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizəsinin icrasından cavabdehin imtinası qanunazidd hesab edilə və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2024-cü il tarixli əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi haqqında qərarının ləğv olunması, 2010-2014-cü illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2024-cü il tarixli əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi haqqında qərarının ləğv olunması, 2010-2014-cü illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar