Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-433/2024 22.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı "Kəngərli rayon İcra hakiminin müavini X2 rayon Qarabağlar bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020- ci il tarixli 03 nömrəli qərəzli qərar qəbul olunan zaman keçirilən iclasda onun barəsində səsləndirdiyi həmin məlumatın yalan məlumat kimi tanınması, X1 Bələdiyyəsinə və onun yaşadığı ünvana təkzib məktubu göndərməklə ondan yazılı qaydada üzr istəməsi, şərəfi, ləyaqəti və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi Hacrəddin Mehbalıyevdən 30.000 (otuz min) manatın onun xeyrinə tutulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəngərli rayon İcra hakiminin müavini X2 rayon Qarabağlar bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020- ci il tarixli 03 nömrəli qərəzli qərar qəbul olunan zaman keçirilən iclasda onun barəsində səsləndirdiyi həmin məlumatın yalan məlumat kimi tanınması, X1 Bələdiyyəsinə və onun yaşadığı ünvana təkzib məktubu göndərməklə ondan yazılı qaydada üzr istəməsi, şərəfi, ləyaqəti və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi Hacrəddin Mehbalıyevdən 30.000 (otuz min) manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəngərli rayon Qarabağlar bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020-ci il tarixli 03 nömrəli qərəzli qərar qəbul olunan zaman keçirilən iclasa qanunsuz dəvət olunmuş Kəngərli rayon icra hakiminin müavini Hacırəddin Mehbalıyevin səsləndirdiyi fikirlər tamam əsassızdır və sifariş xarakterli fikirlərdir. Onun iddiaçı barəsində dediyi məlumat kollektiv və yaxud ayrıayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından, iddiaçı həmin məlumatları şərəf və ləyaqəti ləkələyən məlumat hesab edir və həmin məlumatın yalan olduğunu qeyd edir. İddiaçının bu barədə Hacırəddin Mehbalıyevə göndərdiyi 18 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciətinə 10 oktyabr 2023-cü il tarixli, 5-24/ 2-751/2023 nömrəli məktubla cavab verilməsinə baxmayaraq, ərizədə verilən suallara cavab verilməmiş, qısa məzmunlu cavabla özünün vəzifəsini bitmiş saymışdır. İddiaçı qeyd edir ki, Hacırəddin Mehbalıyev tərəfindən ona dəymiş mənəvi zərərin dəyəri qiymətsiz olsa da, o həmin zərəri 30.000 (otuz min) manat dəyərində qiymətləndirir, çünki Hacırəddin Mehbalıyevin yalan məlumatları əsasında Qarabağlar Bələdiyyəsi tərəfindən onun barəsində həqiqətə uyğun olmayan qərar qəbul olunmuşdur və həmin qərəzli qəbul olunmuş qərarın maddi və mənəvi zərbələri altında o, 3 ildən artıq bir dövrdə yaşamaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 22 yanvar 2024cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı 14 noyabr və 15 dekabr 2023-cü il tarixli yardım məktubları ünvanlanaraq, iddia tələbinin aydın və dəqiq ifadə olunmadığı və bununla da məhkəmə tərəfindən hüquqlarının hansı formada pozulduğunu müyyənləşdirilməyin mümkün olmadığı bildirilmiş və iddia tələbinin dəqiqləşdirilməsi üçün 10 (on) gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmənin yardım məktublarını almasına baxmayaraq, həmin məktublarda qeyd olunan məsələlərə hər hansı bir münasibət bildirməmişdir. İş üzrə 15 dekabr 2023-cü il tarixli, mümkünlüyün yoxlanılması ilə bağlı keçirilən məhkəmə iclasında İddiaçı iştirak etmiş, yardım məktubunu aldığını, lakin vaxt etibarı ilə çatdıra bilmədiyini, özündə yetəri qədər sübut olduğunu, həmin sübutları məhkəməyə təqdim etməyi və iddia tələbini dəqiqləşdirməyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan sonra növbəti iclas 22 yanvar 2024-cü il tarixə təyin olunaraq, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər və iddiaçı iddia tələbinin dəqiqləşdirməmiş, həmçinin, yardım məktublarında qeyd olunan məsələlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi üç hissədən ibarətdir. İddia tələbinin birinci hissəsi Kəngərli rayon İcra hakiminin müavini X2 rayon Qarabağlar bələdiyyəsinin iddiaçının barəsində qəbul etdiyi 19 mart 2020- ci il tarixli 03 nömrəli qərəzli qərar qəbul olunan zaman keçirilən iclasda onun barəsində səsləndirdiyi həmin məlumatın yalan məlumat kimi tanınmasından ibarətdir. İddia tələbinin ikinci və üçüncü hissəsini isə X1 Bələdiyyəsinə və onun yaşadığı ünvana təkzib məktubu göndərməklə ondan yazılı qaydada üzr istəməsi, şərəfi, ləyaqəti və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi Hacrəddin Mehbalıyevdən 30.000 (otuz min) manatın onun xeyrinə tutulması təşkil etmişdir. Məhkəməyə daxil olmuş ərizəyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddia tələbi dəqiq və aydın ifadə olunmamışdır. Belə olan halda məhkəmə tərəfindən iddianın növünü, iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Həmçinin hazırki iddia tələbi üzrə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində Kəngərli Rayon İcra Hakimiyyətini göstərilsə də, iddia tələbi mahiyyətcə fiziki şəxs, Kəngərli rayon İcra hakiminin müavini Hacırəddin Mehbalıyeva yönəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı inzibati orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər inzibati orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə inzibati orqanın ümumi (publik) hüquq sahəsində həyata keçirdiyi ictimai idarəetmə fəaliyyətindən irəli gəlməməklə, hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmur. Yuxarıda şərh edilən hallara əsaslanaraq, iddiaçının müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə,məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı "Kəngərli rayon İcra hakiminin müavini X2 rayon Qarabağlar bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020- ci il tarixli 03 nömrəli qərəzli qərar qəbul olunan zaman keçirilən iclasda onun barəsində səsləndirdiyi həmin məlumatın yalan məlumat kimi tanınması, X1 Bələdiyyəsinə və onun yaşadığı ünvana təkzib məktubu göndərməklə ondan yazılı qaydada üzr istəməsi, şərəfi, ləyaqəti və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi Hacrəddin Mehbalıyevdən 30.000 (otuz min) manatın onun xeyrinə tutulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı "Kəngərli rayon İcra hakiminin müavini X2 rayon Qarabağlar bələdiyyəsinin onun barəsində qəbul etdiyi 19 mart 2020- ci il tarixli 03 nömrəli qərəzli qərar qəbul olunan zaman keçirilən iclasda onun barəsində səsləndirdiyi həmin məlumatın yalan məlumat kimi tanınması, X1 Bələdiyyəsinə və onun yaşadığı ünvana təkzib məktubu göndərməklə ondan yazılı qaydada üzr istəməsi, şərəfi, ləyaqəti və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi Hacrəddin Mehbalıyevdən 30.000 (otuz min) manatın onun xeyrinə tutulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-433/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-433/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver