Məhkəmə qərarları › İş №2-1(122)-44/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-44/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-44/2022 11.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Şərur Rayon Nikah Evinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış doğum akt qeydində adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarında adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınmasının cavabdeh Şərur Rayon Nikah Evinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1982-ci il tarixdə Şərur rayon Ərəbyengicə kəndində doğulmuşdur. Həmin vaxt valideynləri tərəfindən Ərəbyengicə kəndi ilə İbadulla kəndi bir icra nümayəndəliyi olduğundan ona Şərur rayon İbadulla Kənd İcra Nümayəndəliyindən 12 iyul 1982-ci il tarixdə 87 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə alınmışdır. Ona valideynləri tərəfindən Samir adı verilsə də, doğum haqqında şəhadətnamə yazılarkən adı səhvən Samur kimi yazılmışdır. Lakin buna baxmayaraq, istər yaxınları tərəfindən, istərsə də yaşadığı kənd sakinləri arasında Samir kimi tanınmışdır. O, 9 yaşında olanda isə valideynləri ilə birlikdə Rusiya Federasiyasının İrkutsk şəhərinə köçmüş, 30 il orada yaşadıqdan sonra ailə qurmaq üçün Naxçıvana qayıtmışdır. Lakin o, Rusiyada yaşadığı müddətdə hamı onu Samir kimi tanıdığına görə bütün sənədlərində adı Samir kimi yazılmışdır. Buna görə də o, Naxçıvana qayıtdıqdan sonra Şərur Rayon Nikah Evinə müraciət edərək 12 iyul 1982-ci il tarixli, 87 nömrəli ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə adının dəyişdirilərək Samir kimi yazılmasını xahiş etsə də, bundan imtina edilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən 12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarında adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınmasının cavabdeh Şərur Rayon Nikah Evinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Şərur Rayon Nikah Evinə göndərilmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 24 yanvar 2022-ci il tarixli, 05/13-25/76 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı il təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar "a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənin yaşadıqları ərazidə nikah evi tərəfindən icra edilir. Doğum haqqında akt qeydində adı Samur yazıldığından düzəliş etmək mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində həyata keçirilir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-44/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 mart 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin məhkəməyə 23 fevral 2022-ci il tarixli, 05/13-71/76 nömrəli məktub göndərərək 11 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərini bildirib onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdeh Şərur Rayon Nikah Evinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı rus dilli olduğuna görə iddia tələbində texniki səhvlik edərək “doğum akt qeydi” əvəzinə “vətəndaşlıq vəziyyəti aktları” yazdığını bildirib iddia tələbinin “12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış doğum akt qeydində adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi oxunmasını məhkəmədən xahiş etməklə bu barədə yazdığı 11 mart 2022-ci il tarixli ərizəni məhkəməyə təqdim etdi. Məhkəmənin protokol qərarı ilə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı iddia tələbinin 12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış doğum akt qeydində adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi kimi oxunması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək xx xxxx 1982-ci il tarixdə Şərur rayon Ərəbyengicə kəndində doğulduğunu, ona valideynləri tərəfindən Samir adı verilsə də, doğum haqqında şəhadətnamə yazılarkən adının səhvən Samur kimi yazıldığını, hamının onu Samir kimi tanıdığını, Rusiyada yaşadığı dövrdə də Samir kimi tanındığını, Rusiya Federasiyası tərəfindən verilmiş sənədlərdə adının Samir kimi göstərildiyini, Naxçıvana qayıtdıqdan sonra adının doğum akt qeydində Samur kimi qeyd edildiyinin ona məlum olduğunu, sonra Şərur Rayon Nikah Evinə müraciət etdiyini, lakin cavabdeh orqan tərəfindən tələbinin icrasından imtina olunduğunu bildirib iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayon Ərəbyengicə kəndində yaşayan İddiaçı ünvanlanmış 17 dekabr 2021-ci il tarixli, 05/Q-499/15 nömrəli məktubdan məlum olur ki, İddiaçı doğum akt qeydinin düzəliş edilməsi haqqında Şərur Rayon Nikah Evinə daxil olmuş ərizəsinə baxılmışdır. Doğum akt qeydinin düzəliş edilməsi üçün kifayət qədər əsaslar olduqda yaşadıqları ərazi üzrə Nikah Evi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı il təsdiq edilmiş " Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında akt qeydində adı Samur yazıldığından düzəliş etmək mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına düzəliş edilməsi inzibati məhkəmə qaydasında müəyyən edilir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli doğum haqqında akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə Şərur rayon Ərəbyengicə kəndində doğulmuşdur. Bu barədə İbadulla Kənd İcra Nümayəndəliyi tərəfindən 12 iyul 1982-ci il tarixdə doğum haqqında akt qeydləri kitabının 87-ci səhifəsində qeydiyyat aparılmışdır. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən təkrar verilmiş 05 avqust 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 307254 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1982-ci ildə Şərur rayon Ərəbyengicə kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydlər kitabında 12 iyul 1982-ci ildə 87 nömrə ilə qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1982-ci ildə doğulmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Ərəbyengicə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli,12/253 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şərur rayon Ərəbyengicə kəndində yaşayır və qeydiyyatda durur. - 10 avqust 2021-ci il tarixində verilmiş ******* nömrəli Rusiya Federasiyası pasportunun tərcümə olunmuş surətindən məlum olur ki, Rusiya Federasiyası vətəndaşı X3 xx xxxx 1982-ci ildə Naxçıvan vilayəti/MSSR-də doğulmuşdur. - 31 avqust 2019-cu il tarixli, İ-AЯ seriyalı, 611172 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən aydın olur ki, Rusiya Federasiyası vətəndaşı X4 ilə Azərbaycan Respublikası vətəndaşı X1 nikahları 31 avqust 2019-cu il tarixdə nikahın bağlanması haqqında qeyd kitabında ********************0 nömrə ilə qeyd edilmişdir. - 04 fevral 2014-cü il tarixli, İİİ-CT seriyalı, 554098 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən məlum olur ki, X2 03 sentyabr 2013-cü il tarixdə Rusiya, İrktutsk vilayəti, Anqarsk şəhərində anadan olmuşdur. Bu barədə 04 oktyabr 2013-cü ildə doğum haqqında akt qeydiyyatı kitabında 1488 nömrə ilə qeyd aparılmışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 fevral 2022-ci il tarixli, 2/414 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində xx xxxx 1982-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 fevral 2022-ci il tarixli, 06-01/522 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 avqust 2021-ci il tarixli, ******* nömrəli qərarı ilə xx xxxx 1982-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Hazırki iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış doğum akt qeydində adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınması öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, 12 iyul 1982-ci il tarixdə 87 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Samir” əvəzinə “Samur” yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 və 1.7-ci bəndlərinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: - 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilmir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçının adında dəyişiklik edilməsinə qanuni heç bir maneə yoxdur. Belə ki, inzibati orqan iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı isə iddiaçı barəsində qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudlaşdırıcı halların olması müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şərur Rayon Nikah Evi tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas arqument vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı doğum akt qeydindəki yanlışlıq aradan qaldırılmalı və 12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış doğum akt qeydində yanlışlıq düzəldilməli və "Samur" adı "Samir" kimi qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış doğum akt qeydində adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 12 iyul 1982-ci il tarixdə, 87 nömrə ilə qeydə alınmış doğum akt qeydində adının Samurdan dəyişdirilərək Samir kimi qeydə alınması öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinə həvalə olunsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar