Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-440/2025 07.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabddehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 noyabr 1974-cü il tarixindən etibarən əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1974-cü ildən 1997-ci ilədək əmək kitabçasına müvafiq olaraq sovxozda traktorist, Dövlət Dəmiryolu xidmətində çilingər, Qaz idarəsində çilingər vəzifələrində xidmət etmiş, daha sonrakı dövrlərdə isə müxtəlif yerlərdə muzdlu fəhlə kimi işləmişdir. 1997-ci il tarixindən etibarən isə öz şəxsi təsərrüfatında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2021-ci il tarixindən pensiya yaşı olan 63 yaşının tamam olması əsası ilə ona aylıq sosial müavinət ayrılmışdır. Hal-hazırda aylıq 220 manat olmaqla, ona ayrılmış sosial müavinətini almaqdadır. Lakin o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ona yaşa görə sosial müavinət deyil, əmək pensiyası təyin edilməsini istəyir. Ona əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon bölməsinə müraciət etdiyi zaman ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Daha sonra DSMF Culfa rayon bölməsinin yönləndirməsi nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna edilmiş 06 avqust 2024-cü il tarixli, yazılı müraciətinə sözügedən qurum tərəfindən 09 avqust 2024-cü il tarixində "aparılan araşdırma zamanı məlum olmuşdur ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "X2 Sistemi" tərəfindən 2019-22020-ci illərdə onun adına ödənilmiş MDSS haqları ilə bağlı heç bir məlumat AR ƏƏSMN-nin "X1 Sisteminə ötürülmədiyi şəklində yazılı cavab verilmişdir. O, rüblük siğorta ödənişlərini, bir qayda olaraq, ödəmiş və bu barədə ödəniş qəbzləri mövcuddur. İddiaçı göstərilənlərə əsasən ona əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 14 noyabr 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “ona bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. 14 noyabr 2024-cü il tarixli, 2-1(122)-1415/2024 nömrəli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun iddiaya dair məhkəməyə ünvanlanan 20 noyabr 2024-cü il tarixli yazılı münasibəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1973-cü il tarixli, 437 nömrəli Attestatın surətinə əsasən o, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (2 il 19 gün) Sumqayıt şəhər Texniki Peşə məktəbində dülgər peşəsi üzrə təhsil almışdır. 22 iyul 1974-cü il tarixli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (11 ay) Culfa Lokomativ deposunda işləmiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (1il 11 ay 27 gün) hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1991 -ci il tarixədək (12 il 11 ay 12 gün) sovxozda fəhlə vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (05 il 11 ay 18 gün) Culfa Qaz İdarəsində çilingər vəzifələrində işləmişdir, iddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla əmək kitabçası üzrə onun 23 il 16 gün ümumi iş stajı vardır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, 13/1002 nömrəli arayışda İddiaçı xx.xx.1974-cü il tarixli, 913 nömrəli əmrlə “Naxçıvan Dəmiryolları MMC” də işə qəbul edilməsi, xx.xx.1975-ci il tarixli, əmrlə işdən azad olunmasına əmr kitablarında rast gəlindiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, 13/1002 nömrəli digər arayışda İddiaçı Culfa rayon Qaz İstismar İdarəsində işlədiyi, 1991-ci il üzrə 10 ay, 1992-ci il üzrə 1 ay, 1994-cü il üzrə 12 ay və 1996-ci il üzrə 12 ay əmək haqqı aldığı qeyd edilmişdir. Həmçinin arayışda 1992, 1993 və 1995-ci illərə aid əməkhaqqı cədvəlləridə İddiaçı adına rast gəlinmədiyi göstərilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilmiş “Sovxozda fəhlə vəzifəsində” işlədiyi dövrlər (xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək), həmçinin Culfa Qaz idarəsində işlədiyi 1992,1993,1994 və 1997-ci illərdə əmək haqqı alması barədə məlumatlar arxiv arayışları ilə təsdiq olunmamışdır. Göründüyü kimi, iddiaçının tələb olunan 25 il sığorta stajı və ya 40.320 manat pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən o, ümumillikdə öz adına 22,0 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin İddiaçı tərəfindən Torpağın Mülkiyyət Hüququna dair X11 təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı “ona əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 07 mart 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etirazda yazılanlara uyğun olaraq izahat verərək müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayonu Bənəniyar kəndində qeydiyyatda olan İddiaçı ünvanlanmış 09 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-Ə-7498/2024 nömrəli məktubdan məlum olur ki, o, (FİN: xxxxxxx) xx.xx.2016-cı il tarixindən “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” (özü-özünü sığortaedən) kimi qeydiyyata alınmışdır. Lakin qeydiyyata alındıqdan sonra MDSS haqlarının ödənilməsi ilə bağlı onun tərəfindən heç bir il rüblük Forma B2 və illik Forma B3 hesabatları təqdim edilməmişdir. Nəticədə müraciətdə qeyd olunan ödənişlər fərdi şəxsi hesabında öz əksini tapmamışdır. - 25 dekabr 1973-cü il tarixli, 437 nömrəli Attestatın təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Sumqayıt şəhər Texniki Peşə məktəbində dülgər peşəsi üzrə təhsil almışdır. - 07 noyabr 1975-ci il tarixli, ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, İddiaçı 09 dekabr 1975-ci il tarixdən 06 dekabr 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 19 iyul 2022ci il tarixli, 13/1002 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan “Naxçıvan Dəmiryolları MMC”-nin sənədlərinə əsasən İddiaçı xx.xx.1974-cü il tarixli, 913 №-li əmri ilə işə qəbul edilməsi, xx.xx.1975-ci il tarixli 343 №-li əmri ilə işdən azad olunmasına əmr kitablarında rast gəlinmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, 13/1002 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1991-1996-cı illərdə Culfa Rayon Qaz İstismar İdarəsində işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. 1992, 1993, 1995-ci illərə aid əməkhaqqı cədvəlləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaşın adına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2- 12697/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı (FİN: xxxxxxx) Fondun Culfa rayon şöbəsinin sifarişi əsasında 23 avqust 2006-cı il tarixdə **********496 nömrəli sosial sığorta nömrəsi ilə təmin edilmişdir. 01 yanvar 2006-cı il tarixindən 01 yanvar 2019-cu il tarixinədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan fərdi sahibkarların sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sənədlər Fondun yerli qurumları tərəfindən qəbul edilib mərkəzə göndərilib. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş JN-729, KOD 10600028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş məlum olur ki, həmin dövlət aktı ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.33 hektar torpaq sahəsi verilmişdir. - xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 4 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 06 mart 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-2649/2025 nömrəli qərarından məlum olur ki, İddiaçı tələb olunan 25 il sığorta stajının və tələb olunan 34560 manat pensiya kapitalının olmaması səbəbi ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Asan-Naxçıvan tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçı Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatdadır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. - 3.0 və 3.0.1- ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. - 4.1- ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: -2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. -2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. 07 yanvar 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının Fonda pensiya təyin edilməsi ilə bağlı deyil, 2016-2020-ci illərdə ödədiyi MDSS haqqlarının "X1 Sistemi"nə işlənilməsi ilə əlaqədar müraciət etdiyini, iddiaçıya pensiya təyin edilməsindən imtina barədə Fond tərəfindən hər hansı qərar qəbul edilmədiyini, iddiaçının ona pensiya təyin olunması ilə bağlı Fonda müraciət etməli olduğunu bildirmişdir. İddiaçı Fonda etdiyi müraciət əsasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsi tərəfindən Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 06 mart 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-2649/2025 nömrəli qərar qəbul edilmişdir. İş üzrə əsas mübahisəli məsələlər iddiaçının ümumi siğorta stajının qanunla nəzərdə tutulan müddətdən az olması və onun mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabında (X5 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan qeyd edilən arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya dair etiraz edərkən “Sosial Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 14.5.1-1.9-cu maddələrini şərh edərək, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən, 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması əsası ilə çıxış etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh etirazında 2015-2017-ci illər üzrə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə öz adına ümumilikdə 22 manat məbləğində məcburi dövlət sosial sığorta haqqını iddiaçıdan qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı həmin pul məbləğlərini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir ki, bu hal özü-özlüyündə cavabdehin dəlillərinin əsassızlığını sübut edir. İddiaçının X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmaması yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmamalıdır və bu hal da iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən pensiya hüququnun pozulmasına səbəb olmamaqla onun əleyhinə şərh edilməməlidir. İddiaçı paylı mülkiyyətçisi olduğu kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutu məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması da iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələrini doğurmamalıdır. İddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota durmasa da, yuxarıda qeyd olunan pul vəsaitini təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və yuxarıda qeyd olunan hüquq normalarının tətbiqi baxımından vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu qərarda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla, onun hüquqlarını pozmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabddehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-440/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-440/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver