Məhkəmə qərarları › İş №2-1(122)-444/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-444/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-444/2025 04.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X26 Heydər oğlunun sədrliyi, X27 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə mərhum anası X2 adına verilmiş 0.13 hektar torpaq sahəsinin JN-018A,10707078 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiış koordinatlara əsasən, faktiki vəziyyətə uyğun mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirərək yeni çıxarış və texniki sənədlər tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X5 21 may 2016-cı il tarixdə vəfat etmişdir. Ordubad rayonu, Qoruqlar kəndində X2 adına 0.13 hektar həyətyanı torpaq sahəsi qeydə alınmış və Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarına əsasən JN-018A nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin JN-018A nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan ölçüləri ilə, faktiki naturada olan ölçülər arasında uyğunsuzluq var. Uyğunsuzluğun aradan qaldırılması ilə bağlı o, 13 avqust 2024-cü il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 11 sentyabr 2024-cü il tarixli cavab məktubu ilə ona imtina cavabı verilmişdir. O da məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən mərhum anası X3 məxsus Ordubad rayonu, Qoruqlar kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinin sərhəd nöqtələri müəyyən edilib qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 16 noyabr 2024-cü il tarixli, 04/1190 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Ordubad rayonu, Qoruqlar kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında X2 adına 0,12 ha torpaq sahəsi qeyd edilmiş, Ordubad Rayon Aqrar İslahat Komissiyasını 14 dekabr 1999-cu il tarixli 172 nömrəli qərarına əsasən JN-18A nömrəli “Torpağı mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1266,4 m2 JN-18B nömrəli “Torpağı mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 386,7 m2 həyətyanı torpaq sahələri onu mülkiyyətinə verilmişdir. Vərəsə İddiaçı müraciəti ilə əlaqədar 29 avqust 2024-cü il tarixdə Xidmətin mütəxəssislərinin, Ordubad Rayon İcra Hakimiyyəti başçısının Vələver kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Vələver bələdiyyəsinin sədrinin və İddiaçı iştirakı ilə həyətyanı torpaq sahəsinə yerində baxış keçirilmişdir. Kəndin yerquruluşu planına və mülkiyyət sənədlərinə uyğun olaraq həyətyanı torpaq sahəsinin mərz nişanları naturada ona göstərilmiş və akt tərtib edilmişdir. Lakin o, ölçülərlə razılaşmayaraq aktı imzalamaqdan imtina etmişdir. İddiaçı məhkəməyə 03 aprel 2025-ci il tarixli ərizə göndərərək, mərhum anası X3 məxsus Ordubad rayonu, Qoruqlar kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinin sərhəd nöqtələri müəyyən edilib qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirərək, iddia tələbinə “Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə mərhum anası X2 adına verilmiş 0.13 hektar torpaq sahəsinin JN-018A, 10707078 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş koordinatlarına uyğun mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirərək yeni çıxarış və texniki sənədlər tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 04 aprel 2025-ci il tarixli, 2-1(122)-444/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 16 may 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinə “Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə mərhum anası X2 adına verilmiş 0.13 hektar torpaq sahəsinin JN- 018A,10707078 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiış koordinatlara əsasən, faktiki vəziyyətə uyğun mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirərək yeni çıxarış və texniki sənədlər tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmununda baxılmasını xahiş etmişdir. Məhkəmənin 16 may 2025-ci il tarixli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 04 iyul 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında elan olunmuş məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ordubad rayon Qoruqlar kənd sakini İddiaçı ünvanlanan 11 sentyabr 2024-cü il tarixli, 06/7-Q-112/1-6/2024 nömrəli məktubdan məlum olur ki, Ordubad rayon Qoruqlar kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında X2 adına 0,12 hektar hüquqi torpaq sahəsi qeyd edilmiş, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999cu il tarixli 172 nömrəli qərarına əsasən JN-18A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1266,4 m2, JN-18B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 386,7 m2 həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. İddiaçının müraciəti ilə əlaqədar 29 avqust 2024-cü il tarixdə Xidmətin mütəxəssislərinin, Ordubad Rayon İcra Hakimiyyəti başçısının Vələver kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Vələver bələdiyyəsinin sədrinin və iddiaçının iştirakı ilə hətyətyanı torpaq sahəsinə yerində baxış keçirilmişdir. Kəndin yerquruluşu planına və mülkiyyət sənədlərinə uyğun olaraq həyətyanı torpaq sahəsinin mərz nişanları naturada göstərilmiş və akt tərtib olunmuşdur. Lakin İddiaçı ölçülərlə razılaşmayaraq aktı imzalamaqdan imtina etmişdir. - JN- 018A KOD 10707078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən məlum olur ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə X3 0.13 ha torpaq sahəsi verilmişdir. - 20 iyul 2016-cı il tarixli, AZ-İ seriyalı, 597271 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 21 may 2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin iyul ayının 20 günündə 04 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05 dekabr 2024-cü il tarixli, 04/1301 nömrəli məktubla göndərilmiş JN- 018B KOD 10707078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə X3 0.04 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 aprel 2025-ci il tarixli, 04/577 nömrəli məktubdan məlum olur ki, Ordubad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 172 nömrəli qərarına əsasən JN-018A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə Qoruqlar kənd sakini X2 mülkiyyətinə verilmiş 0,13 hektar torpaq sahəsinin faktiki yerləşdiyi ərazi üçüncü şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmur. Bəhs edilən torpaq sahəsinin hüquqi sənədlərdə göstərilən ölçüləri qonşu torpaq sahələri ilə üst-üstə düşmür. - Ordubad Rayon İcra Hakimiyyəti Vələver kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, 137 nömrəli arayışdan məlum olur ki, Qədimov X15 rayon Qoruqlar kəndində təsərrüfat kitabında 260 nömrəli təsərrüfatda olan anası mərhumə X3 aid olan 140 kv.metr sahədə yerləşən yaşayış evində yaşayır və qeydiyyatdadır. - Ordubad Rayon İcra Hakimiyyəti Vələver kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, 138 nömrəli arayışdan məlum olur ki, mərhum X1 rayon Qoruqlar kəndində yaşayıb və 21 may 2016-cı ildə Qoruqlar kəndində vəfat edib. Mərhumun vərəsələri- Həyat yoldaşı: X7 -vəfat edib, oğlu: X21, qızı: X12, qızı: X13, qızı: X14, oğlu: X8, oğlu: X9, oğlu: İddiaçı ibarətdir. - Ordubad Rayon İcra Hakimiyyəti Vələver kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli, 5-25-12/2-019/2025 nömrəli arayışdan məlum olur ki, Ordubad rayon Qoruqlar kənd sakini İddiaçı xx.xx.1970-ci ildə Qoruqlar kəndində doğulmuş və həmin vaxtdan da bu ünvanda yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1970-ci ildə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1 və139-1.1.8-ci maddələrinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0 və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0 və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə mərhum anası X2 adına verilmiş 0.13 hektar torpaq sahəsinin JN-018A,10707078 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiış koordinatlara əsasən, faktiki vəziyyətə uyğun mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirərək yeni çıxarış və texniki sənədlər tərtib edilməsinə nail olmaqdan ibarətdir. İş materiallarında olan JN-018A və JN-018B KOD 10707078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə X3 müvafiq olaraq 0.13 ha və 0.04 ha torpaq sahələri verilmişdir. Nəzərə alınmalıdır ki, şəhadətnamədə qeyd olunan Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ləğv edilməmiş mübahisələndirilməmiş, dəyişdirilməmişdir və hazırda qüvvədədir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin faktiki yerləşdiyi ərazi üçüncü şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmur, və hüquqi sənədlərdə göstərilən ölçüləri qonşu torpaq sahələri ilə üst-üstə düşmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və həmin sənədin məzmununa uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Bərabərlik prinsipi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 12-ci maddəsində də öz əksini tapmışdır. Həmin normaya görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Fiziki və hüquqi şəxslərə bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etmək inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin əsas şərti kimi çıxış edir. Lakin bu diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. .... - Konstitusiyanın 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 10 dekabr 2024-cü il tarixli Qərardadı) Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı). Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının hazırkı iddia tələbinə dair iddiası qanuni və əsaslı hesab edilməlidir. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə mərhum anası X2 adına verilmiş 0.13 hektar torpaq sahəsinin JN-018A,10707078 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiış koordinatlara əsasən, faktiki vəziyyətə uyğun mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirərək yeni çıxarış və texniki sənədlər tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Ordubad rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarı ilə mərhum X2 adına verilmiş 0.13 hektar torpaq sahəsinin JN-018A,10707078 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiış koordinatlara əsasən, faktiki vəziyyətə uyğun mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirərək yeni çıxarış və texniki sənədlər tərtib edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar